Azərbaycanı inkişafdemokratiya yolundan döndərmək mümkün deyil

 

Respublikamızda səsvermə hüququ olan gənclərin əksəriyyətini 1988-1995-ci illərdə doğulanlar təşkil edir. Hazırda 18-25 yaşlarında olan bu insanlar həyatlarının olduqca aktivenerjili dövrünü yaşayırlar. Eyni zamanda bu yaşda olan insanlar psixologiyalarına görə tez təsir altına düşən, tez inanan, fədailik edən, qəhrəmanlıq, şücaət göstərməyə həvəsli olurlar.

Amma bir məsələni də xüsusi qeyd etmək istəyirəm ki, indiki gənc nəsil nə sovet dövrünü, nə "cəbhəçilərin" hakimiyyəti dövründəki özbaşınalığı, xaosu, anarxiyanı, yoxsulluq dərəcəsində əziyyət çəkən millətin acınacaqlı vəziyyətini, nə də 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələrini görüblər. Və ya həmin vaxt kiçik yaşlarında olublar. Ona görə bugünkü gənc nəsil ulu öndər Heydər Əliyevin ölkəni, xalqımızı acınacaqlı vəziyyətdən, siyasi burulğandan və məhv olmaqdan necə qurtarmasını daha yaxından öyrənməli, seçki marafonunda min hoqqadan çıxan siyasi avantüristlərin kimə və nəyə xidmət etdiklərini, onları xalq, vətən deyil, yalnız vəzifə və pul maraqlandırdığını bilməlidir. Çünki şəxsi mənafelərini ümumxalq mənafeyindən üstün tutan, müxalifət adı altında cəmləşən bu antimilli ünsürlər düşmən qüvvələrin əlində alətə dönərək dövlətə, vətənə, xalqa xəyanət yolunu seçiblər.

Həqiqətlərimizi yalana çevirən, əsil dəyərlərimizi saxta həqiqətlər kimi qələmə verən qüvvələrin insanların qəlbinə yol açmasına imkan verməmək üçün 1988-1993-cü illərdəki acınacaqlı vəziyyət, ölkəmizdə gedən ictimai-siyasi proseslərin faciəli nəticələri mütəmadi izah edilərək yaddaşlarda təzələnməlidir. Yoxsa ölkəmizin sürətli iqtisadi inkişafını, bütün şəhər və kəndlərimizin gündən-günə gözəlləşmisini görən gənc nəsil elə bilər ki, hər şey əvvəldən belə rahat olub! Bu mənada abadlaşan, inkişaf edən şəhər və kəndləri, tikilən yeni binaları, yenidən qurulan küçə və prospektləri, parkları, bir sözlə, reallaşan hər bir layihəni necə deyərlər, "dünən elə idi - bu gün belədir" müqayisəsi ilə təbliğ etmək son dərəcə vacibdir.

1993-cü ildə - dünyada gedən ictimai-siyasi proseslərin əleyhimizə işlədiyi çətin bir dövrdə,  vətəndaş müharibəsi şəraitində son nəfəsini dərən Azərbaycan xalqı ulu öndər Heydər Əliyevi təkidlə hakimiyyətə səslədi. Nəticə etibarı ilə bugünkü sabitliyə və inkişafa nail olundu. Azərbaycan dövlətini müstəqilliyə və inkişafa aparan Heydər Əliyev siyasəti 10 ildir Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir və zənginləşdirilir. Bu gün xalqla Prezident arasında möhkəm birlik var. Bu birlik Prezident İlham Əliyevin son seçkilərdə hamı tərəfindən etiraf edilən möhtəşəm qələbəsi ilə növbəti dəfə təsdiqini tapdı. Son prezident seçkiləri ilə bağlı bəzi faktlara diqqət yetirək.

Seçkiləri 52 mindən çox yerli və 1300-ə qədər beynəlxalq müşahidəçilər, o cümlədən Avropa Parlamenti, AŞ PA, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, GÜAM, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatların nümayəndələri izlədilər. Onların hamısı, habelə 100 ölkənin seçki müşahidə missiyası seçkilərin azad, şəffaf və ədalətli keçirildiyini bəyan etdi. Azərbaycan, ABŞ və Fransadan olan 5 müstəqil təşkilatın keçirdiyi "exit-poll" sorğularının nəticələri ölkə Prezidenti İlham Əliyevin hələ seçkilərin rəsmi nəticələrindən qabaq 80 faizdən çox səs topladığını və mübahisəsiz tam qələbəsini təsdiqlədi.

Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin 10 oktyabr 2013-cü il tarixli bəyanatlarında Azərbaycanda prezident seçkilərinin azad, şəffaf və ədalətli keçdiyi xüsusi vurğulandı.

Həmişə Azərbaycana qarşı tənqidi mövqeyi ilə seçilən AŞ PA-nın müşahidəçiləri və Azərbaycana qarşı son illərdə ədalətsiz qətnamələr qəbul etmiş Avropa Parlamentinin nümayəndələri prezident seçkilərinin azad, şəffaf və ədalətli keçirilməsi münasibəti ilə xalqımızı təbirk etdilər.

Həmçinin ATƏT-in sədri Leonid Kojara xalqımızı təbrik edərək Azərbaycanda seçkilərin bu cür şəffaf və ədalətli keçirilməsini demokratiyanın inkişafında tərəqqi kimi qiymətləndirdi və alqışladı.

Və nəhayət, Avropa İttifaqının genişlənmə, Avropa Qonşuluq Xidməti üzrə komissarı Ştefan FüleAİ-nin xarici və təhlükəsizlik məslələri üzrə xüsusi nümayəndəsi Ketrin Eşton Azərbaycanın demokratik prosesə sadiq olduğunu qeyd etdilər.

Nəticə etibarı ilə də Azərbaycanda azad, şəffaf və ədalətli keçirilən prezident seçkilərində xalqın sevimli Prezidenti İlham Heydər oğlu Əliyev 84,54 faiz səs toplayaraq möhtəşəm qələbə qazandı.

Lakin təəssüflər olsun ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun hesabatında Azərbaycanda keçirilən prezident seçkilərinin beynəlxalq standartlara cavab vermədiyi iddia edildi. ATƏT DTİHB-nun həqiqətə söykənməyən bu qərəzli mövqeyi başa düşülən deyil. Ona görə də bu mövqe azad, şəffaf və ədalətli keçirilən seçkilərə kölgə salmaq cəhdi olaraq ədalətli hesab edilə bilməz! Eyni zamanda ATƏT DTİHB-nun bu cür davranışı siyasi riyakarlıqdan, demokratik prinsiplərin pozulmasından başqa bir şey deyildir. Necə olur ki, bundan əvvəl Ermənistanda keçirilən prezident seçkilərində azad seçki tələb edən vətəndaşların qanı tökülür, prezidentliyə namizədi güllələməklə cinayət törədilir, seçkilər zorakılıqla saxtalaşdırılır, amma bu gün Azərbaycanı tənqid edənlər həmin seçkinin nəticələrini hamıdan qabaq tanıyır?!

Bunun bir səbəbi var. Bu da ondan ibarətdir ki, Azərbaycan inkişafda olan bir müsəlman ölkəsidir! Bəli, Ermənistanda və başqa bu kimi ölkələrdə olan haqsızlıqların, saxtakarlıqların mində biri Azərbaycanda olsaydı bizi çoxdan dünya birliyindən təcrid etmişdilər!

Lakin BMT-nin Dağlıq Qarabağla əlaqədar çıxardığı 4 qətnamənin tələbləri 20 ildir ki, Ermənistan tərəfindən yetinə yetirilmir. Dünya birliyi isə bu ədalətsizliyə hələ də göz yumur, susur!.. Aydın olmayan odur ki, bu kimi qüvvələri özlərinə havadar, ağa seçən, onlara bu şaraiti yaradan içimizdə sapı özümüzdən olan baltalar hansı vicdanla özlərini müxalifət adlandırırlar? Niyə bunlar Azərbaycanda iqtisadi inkişaf dinamikasından vahiməyə düşən anitazərbaycançı dairələrin dəyirmanına su tökmək yarışına giriblər? Niyə gözümüzün qabağında baş verən, onilliklərə bərabər olan bu inkişafı görə-görə danırlar, özlərini görməzliyə vururlar?

Görünən budur ki, onlar məlum düşmənlərdən təlimat alırlar. Elə deyilsə, necə olur ki, özlərini müxalifət adlandıran bu vəzifə hərislərinin hərəkətləri, mövqeləri, Çin sərkərdəsi və filosofu Sun Tzının hələ 2500 il əvvəl yazdığı təlimatı ilə və bu təlimatdan istifadə edən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin təsisçisi və ilk direktoru Alen Dallesin təlimatından start götürən düşmən qüvvələrin mövqeləri ilə üst-stə düşür?  Bütün bunlara aydınlıq gətirmək üçün daxilimizdə olan, sapı özümüzdən olan baltaların mətbuatdakı və teledebatlardakı çıxışlarını qeyd etdiyim təlimatların tezisləri ilə müqayisə etmək kifayətdir. Onda görərik ki, bu təlimatda tələb olunanları onlar necə canla-başla, bir-bir yerinə yetirirlər!

Məşhur Çin sərkərdəsi və filosofu Sun Tzı 2500 il əvvəl öz təlimatında yazırdı: "Sizə düşmən olan ölkədə yaxşı nə varsa, hamısını məhv edin! Düşməninizin görkəmli nümayəndələrini cinayət aləminə cəlb edin. Onları hörmətdən, nüfuzdan salın! Lazım olan məqamda ictimaiyyət qarşısında rüsvay edin! Bu işdə məhz ən alçaqmurdar insanların əməkdaşlığından istifadə edin! Düşmən ölkənin vətəndaşları arasında mübahisə və toqquşmaları qızışdırın. Gəncləri qocaların əleyhinə qaldırın! Hökümətin fəaliyyətinə bütün vasitələrlə mane olun... Sizlə əlbir olanların və məlumatların satın alınması üçün sizə edilən təkliflərə və bu yolda çəkəcəyiniz xərclərə və verəcəyiniz hədiyyələrə əliaçıq olun. Ümumiyyətlə, bu yoldapula, nə də verəcəyiniz vədlərə qənaət etməyin! Belə ki, bunlardan böyük gəlir götürəcəksiniz".

Son zamanlar Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi işləmiş Cu Vulsi Çin sərkərdəsinin qədim təlimatlarını nəinki gözəl mənimsəmişdi, hətta MKİ-nin təsisçisi və 1-ci direktoru Alen Dallesin öz zabitlərinin beyninə yeritdiyi aşağıdakı təlimatları da ona əlavə edərək bir proqram kimi yerinə yetirirdi. Alen Dallesin təlimatından: "Orada (düşmən dövlətdə) xaos yaratmaqla biz hiss olunmadan onların həqiqi dəyərlərini saxta dəyərlər kimi qələmə verərik və onları bu saxta dəyərlərə inanmağa məcbur edərik. Necə? - Biz öz həmfikirlərimizi taparıq... Düşmən dövlətin özündə müttəfiqlərimizi və köməkçilərimizi taparıq, onların köməyi ilə o xalqı manqurtlaşdırarıq! Bu proses get-gedə xalqın özünü dərk etməsinin qarşısını alar, geridönməz olaraq birdəfəlik sönməsinə və çox böyük miqyasda ölüm faciəsinə gətirib çıxaracaqdır... Biz bir sözlə zorakılığa, sadizmə, satqınlığa pərəstiş edənləri, hər hansı mənəviyyatsızlıq toxumu səpməyə hazır olanları hərtərəfli dəstəkləyəcəyik. Dövlətin idarə olunmasında biz xaos və qarışıqlıq yaradacağıq... Biz, məmurların axmaqlığına, rüşvətxorluğuna, prinsipsizliyinə hiss olunmadan, lakin aktiv surətdə kömək edəcəyik! Bürokratizm və süründürməçilik yaxşı işə dönəcək!!! Saflıq və düzgünlük keçmişin qalıqlarına dönərək gülüş doğuracaq, lağa qoyulacaq... Həyasızlıq və sırtıqlıq, yalanaldatma, sərxoşluq və narkomanlıq, bir-biri qarşısında heyvani qorxu hissi və abırsızlıq, satqınlıq, millətçilik və xalqlar arasında düşmənçiliyi biz cəldliklə və hiss olunmadan yetişdirəcəyik! Bütün bunlar nəticə etibarı ilə məxməri rəngdə çiçək açacaqdır..."

Bəli, özlərini müxalifət adlandıran cəmil həsənlilər, isa qəmbərlər, əli kərimovlar və onlara qoşulanların indiyə qədərki mətbuatda yazdıqlarını və teledebatlardakı çıxışlarını xatırlayanda görürsən ki, hamısı bu təlimatlardakı tezislərə söykənir. Maraqlı burasındadır ki, bu təlimatların məqsəd və məramını bilə-bilə, onların icrasını tələb edən düşmənlərlə əlbir olub hakimiyyəti ələ keçirmək naminə vətənini və xalqını düşmən ayağına vermək hansı mənəviyyatdan, vətənpərvərlikdən xəbər verir? Buna müxalifətçilik demək olarmı? Xeyir, bu düşmənçilikdir! Vətənə və xalqa xəyanətdir!

Siyasətçi Ramazan Abdulatipov vaxtilə "xalq cəbhəsi"nin "liderləri" ilə söhbəti zamanı onlara öz iradını bildirərək demişdi ki, Heydər Əliyev olan yerdə nə Prezident axtarışına düşmüsünüz? Adını müxalifətçi qoyanlar unutmasınlar ki, hələ ulu öndər hakimiyyətə gələndə ermənilərin kürkünə od düşmüşdü. Onların prezidenti L.Ter-Petrosyan o vaxt demişdi ki, Dağlıq Qarabağla əlaqədar Ermənisanın apardığı siyasət heç bir nəticə verməyəcək, çünki Azərbaycanda artıq Heydər Əliyev hakimiyyətə gəlmişdir. Ulu öndər Heydər Əliyevin məqsədyönlü və müdrik siyasəti nəticəsində Dağlıq Qarabağ probleminin həllində Ter-Petrosyana bir çıxış yolu qalmışdı: - yalnız "hə" deməli idi. Bu vəziyyəti görən dairələr dərhal Ter-Petrosyanı istefaya göndərdilər.

Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulanPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müdrik siyasət nəticəsində Azərbaycan dövləti müstəqildir! Prezidenti İlham Əliyev olan Azərbaycan xalqı xoşbəxtdir!

Bütün ölkələri cənginə alan maliyyə və iqtisadi böhran burulğanından yan keçən Azərbaycanın iqtisadi inkişaf dinamikası bu gün beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bunun sirri - güclü siyasətçi və güclü iqtisadçı vəhdətini özündə ehtiva edən müdrik dövlət xadimi, Prezident İlham Əliyevin özündədir! Bu, fitri istedad olaraq onun genindədir, Heydər Əliyev siyasi kursunun mahiyyətindədir! Cənab Prezidentin "Müstəqil iqtisadiyyat olmadan müstəqil siyasətdən söhbət gedə bilməz" kəlamı dövrümüzün devizidir!

Bütün bunlar Azərbaycanın inkişafını gözü götürməyən bəzi xarici dairələri daim narahat edir. Odur ki, onlar müəllifi Prezident İlham Əliyev olan bu iqtisadi inkişaf maşınının sürət mexanizmini söndürmək üçün bütün səylərini səfərbər ediblər. Bu antiazərbaycançı dairələr beynəlxalq ictimaiyyətin gözü qarşısında azad, şəffaf və ədalətli keçirilən prezident seçkilərində möhtəşəm qələbə qazanan cənab İlham Əliyevi təbrik etmək əvəzinə şər və böhtanlara əl atırlar. Bu da hər şeydən əvvəl insana və insanlığa, haqqa və ədalətə, beynəlxalq müşahidəçilərə, Prezident İlham Əliyevi təbrik edən siyasətçilərə - dövlət başçılarına, konqresmenlərə, senatorlara, "exit-poll" keçirən təşkilatlara və onları dinləyən dünya ictimaiyyətinə hörmətsizlikdir!.. Azərbaycan Respublikasının dünyanı bürüyən iqtisadi böhrandan yan keçərək hərtərəfli inkişaf etməsini və xalqının əmin-amanlıq içində yaşamasını həzm edə bilməyən qüvvələr, bütün imkanlarını işə salsalar da xalqımızı heç vaxt inkişafdemokratiya yolundan döndərə bilməyəcəklər!

 

 

Həsən ŞİRİNOV

Azərbaycan.-2013.- 24 oktyabr.- S.3.