Dinamik inkişafa
doğru
Son illər bütün sahələrdə qazandığımız uğurlar bizi nə qədər sevindirsə də, yaxın keçmişimizi də unutmuruq. Düz 20 il əvvəl müəssisəmiz ciddi iqtisadi problemlərlə üz-üzə qalmışdı. Sexlərin çoxunda işin ahəngi tamamilə pozulmuş, avadanlıqların çoxu sıradan çıxmışdı. Zavodun kadr potensialı da xeyli zəifləmiş, adamların çoxu iş yerlərini tərk etmək məcburiyyətində qalmışdı.
Belə bir məqamda ulu öndər Heydər Əliyevin xalqın tələb və təklifi ilə hakimiyyətə qayıdışı dirçəlişə və gələcək inkişafa yeni imkanlar yaratdı. Yeni neft strategiyasını həyata keçirmək üçün qlobal layihələr hazırlandı, müqavilələr bağlandı, dəyərli təşəbbüslər irəli sürüldü. Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində dediyi kimi: "Enerji siyasətimizdə son on il ərzində tarixi hadisələr baş vermişdi. Ulu öndər Heydər Əliyevin neft strategiyası bu gün tam şəkildə reallaşmışdır. Bu gün Azərbaycan qlobal enerji bazarında çox etibarlı, ciddi ölkə kimi tanınır. Bizim qərarlarımız, Bakıda verdiyimiz qərarlar enerji təhlükəsizliyi məsələlərində həlledici rol oynayır".
Əlbəttə, bütün bu yüksəlişin arxasında uğurlu siyasət, ciddi diplomatik səylər dayanır. Təkcə son on il ərzində ölkə iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyulmuşdur. İftixarla deyə bilərəm ki, bu ayırmaların bir hissəsi də bizim neft emalı müəssisəsinin tam gücü ilə işləməsinə sərf olunmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəssisəmizə gəlişini, əməkçilərlə iş üstündə görüşünü yaxşı xatırlayırıq. Onda bizim irili-xırdalı təkliflərimiz nəzərə alındı, müəssisəmizin istehsal imkanlarında yeni mərhələ başladı. Biz bu gün dünyanın eyni təmayüllü müəssisələri ilə sıx əlaqə saxlayır, sınaqdan çıxmış səmərəli təcrübənin geniş yayılmasına üstünlük veririk. İnamla deyə bilərəm ki, ölkəmizdə iqtisadi və sosial siyasət bir-birini tamamlayır. Hətta dünya iqtisadiyyatı ciddi böhran burulğanı ilə üzləşəndə Azərbaycanda uğurlu inkişaf ardıcıllıqla davam etmişdir. Heç də təsadüfi deyil ki, beynəlxalq araşdırıcı qurumlar iqtisadi inkişafla bağlı Azərbaycanı nümunəvi ölkə kimi dəyərləndirir, reytinq cədvəlində yüksək yerlərdən birinə layiq görürlər. Bütün bunlar düşünülmüş siyasətin, həyata keçirilən məqsədyönlü islahatların məntiqi nəticəsidir. Əldə olunan uğurları əsas götürərək xalq növbəti beş il üçün yenə də dəyərli və müdrik seçim etdi. Xalqımız İlham Əliyevə etimad göstərməklə dayanıqlı və etibarlı inkişaf yolunu seçdi. Hər bir seçici tam inanır ki, Azərbaycanda Heydər Əliyev siyasətinə sadiqlik ənənəsi uğurlu davam etdirilir. Ölkədə sabitliyin bərpası üçün etibarlı təminat yaradılıb.
Bu dəfə də xalqımız azad, şəffaf, demokratik keçən prezident seçkilərində ən layiqli namizədə səs verdi. Cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi ötən on ildə dövlətçilik prinsiplərinə sədaqətini gördüyü fundamental işlərlə sübut edib. Sübut etdi ki, ötən on ildə bu xalq öz seçimində zərrə qədər də yanılmayıb. Həqiqətə, reallığa güvənən seçici dirçəlişi və inkişafı öz güzəranında, gündəlik dolanışığında hiss edir. Hiss edir ki, onu yüksəlişə aparan, dünya sivilizasiyasına qovuşduran dayanıqlı siyasət var. Bütün bunları düzgün dəyərləndirən bugünün seçicisi qətiyyət və əzmkarlıq göstərərək siyasi lider kimi İlham Əliyevə səs verdi. Bu o deməkdir ki, müstəqilliyimizin əbədi qorunması hər kəs üçün başlıca amil və əsas şərtdir. Belə milli maraqları hər şeydən üstün tutan seçici yaxşı bilir ki, xalq üçün taleyüklü məsələlərdə səhv etmək olmaz. Müşahidələrimizə əsasən deyə bilərəm ki, bu uğurlu seçim bizim müəssisəmizdə də bayram təntənəsi yaratmışdır. Neftçilər tam inanır ki, yeni neft strategiyası Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha ciddi mərhələyə qədəm qoyacaq. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələrinin reallaşması bir daha sübut edir ki, ulu öndərin başladığı uğurlu dövlətçilik ənənəsi ləyaqətlə davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində dediyi kimi: "On il əvvəl birinci dəfə prezident vəzifəsinə seçiləndə söz vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam. Şadam ki, on il ərzində qarşıda duran bütün vəzifələr uğurlu icra edildi. Azərbaycan xalqı görülmüş işlərə öz qiymətini, öz səsini verdi. Eyni zamanda bu səsvermədə gələcəklə bağlı öz fikirlərini, arzularını ifadə etdi".
Bu gün
Azərbaycan xalqı uğurlu inkişaf yolundadır. Son on ildə
aparılan ciddi iqtisadi islahatlar öz bəhrəsini verməkdədir. Elə təkcə bizim müəssisəmizdə son beş ildə bir-birinin ardınca yeni qlobal layihələr
reallaşdırılır. İqtisadiyyatda çevik dəyişikliklər
təkcə kəmiyyətdə
yox, keyfiyyət göstəricilərində də
açıq-aydın görünür.
Bizim məhsullar keyfiyyət sertifikatları ilə seçilir, onlara tələbat ildən-ilə
artır. Bunun nəticəsidir
ki, bizim məhsulların beynəlxalq
bazarda alıcıları
xeyli çoxalıb.
Dediyim kimi, bir vaxtlar
iqtisadiyyat burulğanında
tərəddüd edən
müəssisə bu gün ciddi tərəfdaşlarla rəqabət
aparır, iqtisadiyyatımızın
daha da dirçəldilməsi
üçün yeni yollar arayırıq.
Biz inanırıq ki, qarşıdakı beş il də bizim üçün
həm siyasətdə,
həm də iqtisadiyyatda yüksəlişlə,
dinamik inkişafla yadda qalacaq. Bunun üçün həm sosial baza var,
həm də etibarlı iqtisadi dayaqlar.
Elman İSMAYILOV,
Heydər Əliyev adına Bakı
Neft Emalı Zavodunun direktoru
Azərbaycan.-2013.- 24 oktyabr.- S.3.