Mədəniyyətin himayədarı

 

Azərbaycanı sevən bütün vətəndaşlarımız öz layiqli namizədini - ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevi yenidən ölkə Prezidenti seçdi.

Hərbçi ailəsində böyümüşəm. Çətin dövrün, muharibənin, blokada şəraitinin nə olduğunu bilirəm və bunu yalnız mən deyil, bütün Naxçıvanda o dövrü yaşayanlar bilir. Özbaşınalıq dövründə insanlar bir ümid yeri, bir işıq axtarırdılar və bu işıq məhz ulu öndər Heydər Əliyev oldu. Ulu öndər 1993-cü ildə yenidən hakimiyyətə qayıdandan sonra xalqın  gələcəyə inamı qabarıq şəkildə hiss olunurdu. Bizim ailədə də hər zaman Heydər Əliyev siyasəti dəstəklənirdi.

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə daim mədəniyyət və incəsənətimizin yüksəlişinə, tərəqqisinə xüsusi qayğı göstərib. Bu dövrdə həmçinin təsviri və xalq dekorativ-tətbiqi sənətinə göstərilən diqqət və qayğının nəticəsində müntəzəm olaraq müxtəlif tədbirlər, həmçinin sərgilər keçirilirdi. Xalqımızın təsviri və dekorativ-tətbiqi sənətinə yönələn belə bir diqqət və qayğı həvəskarlıqdan peşəkarlığa meyili artırdı, adlı-sanlı sənətkarların yetişməsinə gətirib çıxardı.

Mədəniyyət və incəsənətimizin inkişafına yüksək dövlət qayğısı Prezident İlham Əliyevin rəhbərliyi dövründə daha da artdı. Ölkə Prezidentinin bu sahə ilə bağlı imzaladığı sərəncamlar, bilavasitə mədəniyyətin, o cümlədən təsviri incəsənət və dekorativ-tətbiqi sənətin inkişafına göstərdiyi diqqət Azərbaycan xalqının milli-mədəni irsinin və mənəvi dəyərlərinin dünya miqyasında təsdiq edilməsinə yönəlmişdir.

Cənab Prezident mədəniyyətin bütün sahələrinə olduğu kimi, rəssamlığa da böyük önəm verir. Möhtərəm dövlət başçısı sərgilərdə iştirak etmiş, rəssamlarımıza fəxri adlar, Prezident təqaüdləri verilməsi ilə bağlı sərəncamlar imzalamışdır. Rəssamlarımızdan çoxunun yaradıcılıq emalatxanası var. Onların əsərlərinin tez-tez sərgiləri təşkil olunur. Bütün bunlar ölkəmizdə rəssamlıq sənətinin inkişaf etməsinə güclü stimul yaradır. İndi Azərbaycan rəssamlarının əsərləri xarici ölkələrin böyük muzeylərinin eksponatına çevrilmiş, müxtəlif ölkələrdə keçirilən beynəlxalq sərgilərdə nümayiş etdirilir.

Cənab Prezident demişdir: "Azərbaycanı dünyada tanıdan bizim ziyalılarımızdır - alimlərimiz, rəssamlarımız şairlərimiz, yazıçılarımız, bəstəkarlarımızdır. Azərbaycanı bu insanlar tanıdırlar. Bu insanlar cəmiyyətin aparıcı təbəqələridir, cəmiyyətin elitasıdır".

Azərbaycanın mədəniyyət və incəsənət xadimləri Prezidentin siyasi fəaliyyətini bir daha dəstəkləyərək ölkəmizin uğurlu gələcəyi, mədəniyyətimizin inkişafı üçün İlham Əliyevi yenidən Prezident seçməklə öz işıqlı sabahını seçmiş oldu.

Hər bir azərbaycanlının Prezidenti İlham Əliyevlə Azərbaycan bundan sonra da yeni-yeni uğurlara imza atacaqdır.

 

 

Ülviyyə HƏMZƏYEVA,

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri,

 Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı

Azərbaycan.-2013.- 24 oktyabr.- S.3.