Azərbaycan BMT Təhlükəsizlik
Şurasına sədrliyi dövründə dünyadakı
hadisələrlə bağlı qərar
qəbuletmə prosesinin fəal iştirakçısına
çevrildi
Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra sivil dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rolu olan Birləşmiş Millətlər Təşkilatı ilə (BMT) uğurlu əməkdaşlıq edir. 1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycanın təşkilata üzv qəbul olunması haqqında qətnamə qəbul edilmişdir. NyuYorkda - BMT-nin iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın bayrağı qaldırılmışdır. Mayın 6-da isə təşkilatda Azərbaycan nümayəndəliyi fəaliyyətə başlamışdır. Ötən müddətdə qurumla əməkdaşlıq Azərbaycanın dünya birliyinə sıx inteqrasiyasına nail olmaq və ölkəmizin beynəlxalq mövqeyini möhkəmləndirməklə yanaşı, həm də Ermənistanın təcavüzkar siyasətini ifşa etməyə geniş imkan yaratmışdır.
24 oktyabr 2011-ci tarixində Azərbaycan ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının iki illiyə (2012-2013) qeyri-daim üzvü seçilib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bütövlükdə müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biridir. Bu tarixi hadisə ilk növbədə rəsmi Bakının son dərəcə sabit və uğurlu, eyni zamanda tarazlı xarici siyasət yürütdüyünü bir daha təsdiqləməklə yanaşı, müstəqil Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun parlaq təcəssümü kimi dəyərləndirilə bilər.
Azərbaycanın dünya siyasətində aparıcı ölkələrlə əlaqələrini son illərdə daha da inkişaf etdirməyə nail olması, regionda sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi fonunda BMT-dəki tarixi qələbəmiz tamamilə məntiqə uyğundur. Erməni lobbisinin, təcavüzkar Ermənistanın Azərbaycana qarşı apardığı məkrli informasiya siyasəti şəraitində 193 BMT üzvündən 155-nin birbaşa dəstəyinə nail olmaq respublikamızın xarici siyasətinin ümumi mahiyyəti barədə tamamilə dolğun təsəvvür yaradır.
Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Təhlükəsizlik Şurasında təmsil edən yeni qeyri-daimi üzv seçilməsi böyük hadisə kimi yaddaşlarda qalacaq. BMT Nizamnaməsinin 23-cü maddəsinə əsasən Təhlükəsizlik Şurası 5 daimi (Çin, Rusiya, ABŞ, Fransa və Böyük Britaniya), 10 qeyri-daimi üzvdən ibarətdir. Qeyri-daimi üzvlərin seçimində seçkiyə qoşulan ölkələrin beynəlxalq sülhün, təhlükəsizliyin qorunmasına, habelə BMT-nin digər məqsədlərinə nail olunmasına dəstəyi əsas götürülür. Eyni zamanda dövlətlərin beynəlxalq münasibətələr sistemində yeri və rolu, sülhün və təhlükəsizliyin qorunmasına töhfələri həlledici amillər kimi nəzərə alınır. Xatırladaq ki, işğalçı Ermənistan ilkin mərhələdə sözügedən təşkilatın Təhlükəsizlik Şurası üzvlüyünə namizədliyini irəli sürsə də, sonradan diplomatik mübarizədə Azərbaycana uduzacağını anlayaraq namizədliyini geri götürmüşdür. Bununla yanaşı, çoxsaylı seçim prosedurunda Macarıstan və Slovenya kimi Avropa dövlətləri də Azərbaycanla rəqabət imkanında olmadıqlarının açıq etirafı kimi öz namizədliklərini geri götürmüşlər.
BMT Təhlükəsizlik Şurası bu və ya digər münaqişələrin, mübahisələrin nizamlanması üçün müvafiq səlahiyyətlərə, təsir imkanlarına malik orqandır. Təşkilatın Nizamnaməsinin 27-ci maddəsində göstərilir ki, Təhlükəsizlik Şurasının 9 üzvü səs verdikdə qərarlar qəbul olunur. Nəticə etibarilə Təhlükəsizlik Şurasına üzv olan hər bir ölkənin mövqeyi mühüm məsələlərin nizama salınmasında (məsələn, hər hansı bir ölkəyə sanksiyaların tətbiq edilməsi, hansısa münaqişənin həlli ilə bağlı qərarın qəbulu və s.) həlledici ola bilər. Bu isə BMT Təhlükəsizlik Şurasına üzv olan hər bir ölkənin dünya miqyasında mühüm problemlərin həllində böyük rol oynadığını göstərir.
BMT Nizamnaməsinin 33, 34 və 36-cı maddələrinə görə Təhlükəsizlik Şurası dünyada mövcud olan hər hansı problemi araşdırmaq, ona qiymət vermək, münaqişə və mübahisə tərəflərindən tələb etmək, müvafiq həll prosedurunu, metodunu təklif kimi irəli sürmək səlahiyyətinə malikdir. Beləliklə, Təhlükəsizlik Şurasına üzv ölkə beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edən istənilən problemin həllində fəal iştirak etmək və təklif irəli sürmək imkanı qazanır.
Nizamnamənin 7-ci bəndinə əsasən Təhlükəsizlik Şurası sülhə təhlükə, sülhün pozulması və təcavüz halları ilə bağlı tövsiyələr irəli sürür, tərəflərdən müvəqqəti tədbirlərin yerinə yetirilməsini tələb edir. Eyni zamanda tam və ya qismən iqtisadi sanksiyaların tətbiqi, bütün növ əlaqələrin dayandırılması, diplomatik münasibətlərin kəsilməsi ilə bağlı üzv dövlətlər qarşısında məsələ qaldırır. 42-ci maddəyə əsasən tətbiq edilmiş sanksiyalar istənilən nəticəni vermədikdə Təhlükəsizlik Şurasının qərarı ilə güc tətbiq edilə bilər. 45-ci maddəyə əsasən regional razılaşmaların yerinə yetirilməsi üçün Təhlükəsizlik Şurasına məcburetmə imkanları verilir.
BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ölkəmiz təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərarların icrası istiqamətində fəal iş aparmaq, təcavüzkara qarşı daha təsirli tədbirlər görmək imkanları əldə etmişdir. Məhz bu məqam Azərbaycanın əldə etdiyi uğurun miqyası və mahiyyəti barədə daha dolğun və aydın təsəvvür formalaşdırır.
Azərbaycan 2012-ci ilin mayında Təhlükəsizlik Şurasına sədrliyi müddətində beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması məsələsində uğurlu fəaliyyət göstərmişdir. Həmin vaxt NyuYorkda Prezident İlham Əliyevin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilmişdir. İclasda Azərbaycanın təşəbbüsü ilə "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda müzakirələr aparılmışdır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi müddətində qurumun 13 açıq və 16 qapalı iclası keçirilib. Açıq iclaslara BMT-nin Kosovodakı Müvəqqəti İdarəetmə Missiyası, Bosniya və Herseqovina, Qvineya-Bisau, Liviya, Somali, Yaxın Şərq, Yəmən, BMT Təhlükəsizlik Şurasının terrorçuluqla mübarizə üzrə üç yardımçı komitəsinin məruzələri və TŞ üzvlərinin Qərbi Afrikaya səfəri ilə bağlı görüşləri daxil olub.
Qapalı iclaslar isə şuranın gündəliyinin qəbul edilməsi, Qvineya-Bisau, BMT-nin Suriyada Nəzarət Missiyası, Livan, Liviya, BMT-nin Qərbi Afrika üzrə ofisi, Somali, Sudan və Cənubi Sudan, TŞ-nin 1718 saylı qətnaməsi əsasında təsis edilmiş komitənin hesabatı, Əfqanıstanda humanitar vəziyyət, şura üzvlərinin Qərbi Afrikaya səfəri, Yaxın Şərq və Yəmənlə bağlı məsələlər olub.
Azərbaycanın TŞ-yə sədrliyi dövründə üç qətnamə qəbul olunub. Bunlar Sudan və Cənubi Sudanla bağlı 2046 saylı, BMT-nin Abyeydəki Müvəqqəti Təhlükəsizlik Qüvvələrinin mandatının uzadılmasına dair 2047 saylı və Qvineya-Bisauda hərbi çevrilişlə əlaqədar 2048 saylı qətnamələrdir. Ötən müddət ərzində qurumda dünyanın bir sıra ölkələrində beynəlxalq sülhə və təhlükəsizliyə qarşı yaranmış təhdidlərlə bağlı yeddi bəyanat qəbul edilib.
Azərbaycanın sədrliyi zamanı BMT TŞ-nin "Yaxın Şərq və Şimali Afrika: yeni siyasi reallıqlar" mövzusunda İstanbulda keçirilmiş üçüncü ənənəvi illik səfər-görüşünü də qeyd etmək lazımdır. Ölkəmizin quruma sədrliyinin sonunda isə "Mübahisələrin dinc yolla həlli, münaqişələrin qarşısının alınması və həlli: vasitəçilik, hüquqi həll və ədalət" mövzusunda qeyri-rəsmi müzakirələr təşkil edilib. Müzakirələrdə münaqişə nəticəsində ölkəmizin üzləşdiyi problemlərə də geniş yer ayrılıb.
Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə bu qurumun fəaliyyət gündəliyini müəyyən etməklə dünyadakı hadisələrlə bağlı qərar qəbuletmə prosesinin fəal iştirakçısına çevrildi. Aparılan uğurlu siyasət deməyə əsas verir ki, Azərbaycan ərazi bütövlüyünün və suverenliyinin bərpasında, təcavüzkarın yerində oturdulmasında BMT-nin geniş imkanlarını hərəkətə gətirə biləcək.
Elnur HACALIYEV,
Azərbaycan.-2013.- 24 oktyabr.- S.5.