İnformasiya-kommunikasiya
texnologiyalarının tətbiqi üzrə
VII Beynəlxalq konfrans öz işinə
başlamışdır
Oktyabrın 23-də Bakıda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə VII Beynəlxalq konfrans (AICT-2013) öz işinə başlamışdır.
Konfrans Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti (BDU), Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu, Texniki Universitet ilə birgə təşkil olunmuşdur.
Konfransı açan BDU-nun rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmov demişdir ki, Azərbaycan hökumətinin ardıcıl siyasəti nəticəsində ölkəmizdə telekommunikasiya, teleradio yayımı, internet-infrastruktur və ümumilikdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı sahəsində böyük uğurlar əldə olunmuşdur. Hələ 1990-cı illərdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə İKT sektorunu tənzimləyən ilk qanunlar qəbul edilmiş, mobil rabitənin təşəkkül tapması üçün əlverişli şərait yaradılmış, ilkin internet-infrastruktur formalaşdırılmışdır. Təsadüfi deyildir ki, 2013-cü il Prezident İlham Əliyev tərəfindən "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunmuşdur. Azərbaycanda bu sahədə bir çox vacib addımlar atılmış və əhəmiyyətli qərarlar verilmişdir. Ölkəmizin süni peykinin orbitə çıxarılması bu sırada müstəsna yer tutan xüsusi əlamətdar hadisədir və son illərdə Azərbaycanın müasir, inkişaf etmiş, ən yeni və qabaqcıl texnologiyalara yiyələnən ölkə kimi imicinin daha da möhkəmlənməsində bu peykin müstəsna rolu vardır.
Akademik Abel Məhərrəmov qeyd etmişdir ki, Azərbaycanın İKT sektorunda dinamik inkişafı müşahidə edilir. Yaxın gələcəkdə bu sahə energetika ilə yanaşı ölkə iqtisadiyyatının əsas istiqamətlərindən biri ola bilər. Ölkəmiz Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid strategiyasını qəbul etmiş birinci və yeganə dövlətdir.
Abel
Məhərrəmov vurğulamışdır ki, internet
istifadəçilərinin say göstəricilərinə
görə Azərbaycan MDB ölkələri arasında
liderdir və ümumdünya orta göstəricisini 2 dəfə
üstələyir.
Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç bildirmişdir ki, "AICT-2013" İKT-nin təhsildə və təlimdə, elm və tədqiqatlarda, idarəetmədə, təhlükəsizlikdə, səhiyyə sistemində, dövlət strukturlarında, kommunikasiya və rabitə sahələrində yeni və keyfiyyətli tədqiqatlar aparan elm adamlarını bir araya gətirəcəkdir. Bu konfrans adı çəkilən sahələrdə çalışan və ya təhsil alan insanlara öz elmi işlərini geniş auditoriyada tətbiq etmək, geniş dairəli məsələlərin optimal həllərini tapmaq imkanı verən ən məşhur elmi konfranslardan biri olacaqdır.
Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov "AICT-2013" konfransının Azərbaycan elminin inkişafına müsbət təsirindən bəhs etmişdir.
Tədbirdə təhsil nazirliyinin nümayəndəsi Samir Məmmədov, RİTN-in şöbə müdiri İsfəndiyar Əliyev və digər çıxış edənlər Azərbaycanda informasiya texnologiyalarının tətbiqində müasir nailiyyətlərdən danışmış, İKT-nin elmin inkişafındakı rolunu qeyd etmişlər.
Oktyabrın 25-dək davam edəcək konfransda "Böyük vergilərin idarəsi və tətbiqi", "Verilənlərin emalı və verilənlər mühəndisliyi", "Kibertəhlükəsizlik problemləri", "Kommunikasiya, şəbəkə və avadanlıq", "Biznes, idarəetmə və iqtisadiyyatda İKT", "Dövlət xidmətlərində İKT", "Tibb və səhiyyədə İKT" və digər mövzular müzakirə olunacaqdır.
Beynəlxalq
tədbirdə ümumilikdə 26 ölkədən dəvət
edilmiş nümayəndənin 105 məruzəsi, o cümlədən
Azərbaycanın müvafiq elm və təhsil müəssisələrinin
təmsilçiləri tərəfindən təqdim
edilmiş məruzələr dinləniləcək.
Azərbaycan.-2013.- 24 oktyabr.- S.5.