Ədəbiyyatımızın canlı salnaməsi

 

İmamverdi Əbilov haqqında ayrı-ayrı qəzet və jurnallarda, kitablarda çox oxumuşuq, müxtəlif tədbirlərdə, məclislərdə dərin məna kəsb edən, ürəyindən, beynindən axıb gələn nitqlərini, çıxışlarını dinləmişik. Hər bir sözü, cümləsi qəlbimizdə xoş hisslər, duyğular oyadıb. Onu dinləyərkən belə düşünmüşük: "Bu, Allah vergisidir".

İmamverdi müəllimi oxumaq, dinləmək nə qədər xoşdursa, bu böyük alimlə, fitri istedad sahibi ilə təmasda olmaq, üzbəüz oturub söhbət aparmaq, keçmiş illərə qayıtmaq, zəngin kitabxanasını nəzərdən keçirmək, ədəbiyyatımızın, mədəniyyətimizin adlı-sanlı nümayəndələri ilə çəkdirdiyi fotoşəkillərə baxmaq da bir o qədər maraqlıdır. Kimlər olmayıb parlaq zəka, geniş ürək sahibinin Neftçala şəhərində qapısı dost üzünə həmişə taybatay açıq olan evində?! Ömrünün ixtiyar yaşını, 86-cı payızını yaşayan müəllim, ədəbiyyatşünas alim, xatirələrini bir-bir oyatdıqca kövrəlir, gözləri yol çəkir, yaddaşı illərdən-illərə körpü salır.

O, 1927-ci ildə Neftçala rayonunun Qoltuq kəndində doğulub boya-başa çatmışdır. Atası Xankişi hələ o, uşaq ikən vəfat etmiş, İmamverdi əmisi Əbil kişinin himayəsində böyümüşdür. Müharibə hamı kimi onun da uşaqlıq illərinin ağrılı, acılı keçməsinə səbəb olmuşdur. Qoltuq kənd yeddiillik məktəbini bitirdikdən sonra ailəni dolandırmaq üçün 16 yaşlı İmamverdi 1943-cü ildə balıq vətəgəsində işləməyə başlamışdır. Lakin qabiliyyəti, yaşına xas olmayan təmkini ədəbiyyata, elmə marağı, mərifəti ilə yoldaşları və müəllimləri arasında böyük hörmət qazanmış bu gəncin qəlbi daim yazmaq, yaratmaq, xalqına, millətinə xidmət etmək eşqi ilə alovlanırdı. Beləcə, 1946-cı ildə Buzovna Pedaqoji Texnikumunu bitirərək müəllimliklə məşğul olmuş, bütün bilik və bacarığını gənc nəslə çatdırmaqla onların savadlanması, maariflənməsi yolunda əlindən gələni əsirgəməmişdir.

İ.Əbilov 1955-ci ilə qədər pedaqoji fəaliyyətlə yanaşı, yaşadığı Neftçala rayonunun ictimai-siyasi həyatında da yaxından iştirak etmişdir. Gənc olmasına baxmayaraq, yüksək mədəniyyəti, savadı, təmkini, tükənməz enerjisi ilə ictimaiyyət arasında hörmət qazanan İmamverdi müəllim rayon komsomol komitəsinin katibi, Neftçala Rayon Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri, ikinci katibi işləmişdir. Lakin o dövrün sərt qayda-qanunu sərbəst fikirli bu gəncin qarşısına sədlər çəkirdi. O isə əmək fəaliyyətinin bütün dövrlərində seçdiyi müəllimlik peşəsinə sadiq qaldı, bu peşə onun həyat məramına çevrildi. Odur ki böyükdən kiçiyə hamı onu hörmət və məhəbbətlə İmamverdi müəllim kimi tanıdı, sevdi.

1988-ci ildə Moskvada keçirilən Ümumittifaq təhsil işçilərinin qurultayında, 1989-cu ildə isə pedaqoji cəmiyyətlərin təsis qurultayında (Moskva) nümayəndə olmuşdur. Publisistik əsərlərindən bəzi nümunələr orta məktəblərdə tədris olunan "Ailə" dərsliyinə daxil edilmişdir. 1985-ci ildə SSRİ maarif əlaçısı, 1990-cı ildə isə Krupskaya adına Ümumittifaq pedaqoji mükafatına layiq görülmüşdür.

Yaradıcılığa XX əsrin 40-cı illərindən başlayan İ.Əbilovun ilk şeiri 1944-cü ildə "Bolşevik" qəzetində çap edilmişdir. Bu şeirə xüsusi qiymət verən S.Vurğun o vaxt "Bax, səndən ədəbiyyat qoxusu gəlir", - deyərək ədəbi aləmin, "uzun yolun ilk pilləsində dayanan" gənc yazara öz xeyir-duasını vermişdir. Lakin İ.Əbilov poeziyanı nə qədər sevsə də, sonralar nəsrə daha çox meyil göstərir, mətbuatda müntəzəm olaraq elmi-ədəbi məqalələri ilə çıxış edir. Nəzəriyyələri, tənqidi yanaşmaları ilə ədəbiyyatşünaslıq elmində yeni fikirlərini, düşüncələrini bildirir, öz sözünü deməyə çalışır və buna müvəffəqiyyətlə nail olur.

İ.Əbilovun yaradıcılığının çiçəklənən dövrü ötən əsrin 60-cı illərinə təsadüf edir. 1960-cı ildə o, unudulmaz şair Rəsul Rzaya həsr etdiyi ilk kitabını - "Rəsul Rza" monoqrafiyasını çap etdirir. Onun R.Rzanın lirikası, novator fikirləri, əzəmətli yaradıcılığı haqqındakı orijinal qənaətləri ədəbiyyatşünaslar tərəfindən yüksək qiymətləndirilir.

Ədəbiyyatımızı dərindən sevən, duyan, hər bir nəşri daim izləyən İmamverdi müəllim XX əsrin ortalarından müntəzəm olaraq dövri mətbuatda öz tənqidi məqalələri ilə çıxış etməyə başlayır. 1960-cı ildə eyni zamanda o, qabaqcıl maarif xadimi fəxri adına layiq görülür. Böyük həvəs, yeni nəfəslə ədəbi mühitə gələn gənc ədəbiyyatşünas alimin bundan sonra bir-birinin ardınca ənənə və novatorluq, şeirimizdə forma axtarışları, epik janrın imkanları, uşaq ədəbiyyatı, lirik əsərlərin növləri, ədəbiyyat və tərbiyə mövzusunda, Azərbaycan ədəbiyyatının bütün görkəmli nümayəndələrinin yaradıcılığı haqqında yazdığı sanballı əsərləri, dəyərli elmi məqalələri geniş oxucu kütləsinin marağına səbəb olur. O, 1970-ci ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyası müdafiə edir.

SSRİ Yazıçılar İttifaqının üzvü olmuş İ.Əbilov Azərbaycan yazıçılarının I qurultayı istisna olmaqla, sonrakı bütün qurultaylarda iştirak etmiş, VIII qurultayda təftiş komissiyasının, XI qurultayda isə idarə heyətinin üzvü seçilmişdir.

Yeni dərsliklərin yaradılması üzrə respublika komissiyasının üzvü olan İ.Əbilovun respublikakeçmiş ittifaqın bir sıra mətbuat orqanlarında elmi, ədəbi, nəzəri, pedaqoji məsələlərdən bəhs edən 700-dən çox məqaləsi, habelə resenziyası dərc olunmuşdur. Müxtəlif illərdə "Rəsul Rza", "Azərbaycan ədəbiyyatında Lenin surəti", "Rəsul Rzanın yaradıcılıq yolu", ("Tvorçeskiy put Rasul Rzı"), "Könül dünyamıza səyahət", "Xatirələr işığında", "Uzaq keçmişimizdən uzaq gələcəyə", "Şəhidlər mehrabı, rəhmət duası", "Ömrün anları", "Əsrlər... Nəsillər... Əməllər", "Ağsaqqal ləyaqəti", "Ömrün dan qızartısından qürub şəfəqlərinədək...", "Zamanla vaxt arasında", "Xalqa xidmət - el məhəbbətinə körpüdür", "Təbiətin və təfəkkürün möcüzəsi", "Ağsaqqal ömrü" kitabları çap edilmişdir.

Ədəbi aləmdə boyük nüfuz qazanmış, yarım əsrə yaxın yaradıcılıq həyatı yaşamışdır bu boyük istedad sahibi. O, yurduna bağlı olan, elini sevən, hər zaman onun xoşbəxt olması üçün çalışan, dərdinə şərik olan, xalqının azadlığı yolunda əlindən gələni əsirgəməyən, el içində böyük hörmətə malik el ağsaqqalı, gözəl ziyalı, əsl vətəndaşdır.

İmamverdi müəllimin yaradıcılığının əsas istiqamətini ədəbiyyatımızın nadir qolu olan epistolyar üslubmemuar ədəbiyyatı təşkil edir. Çağdaş Azərbaycan ədəbiyyatında bu janrların davaminkişaf etdirilməsində onun böyük rolu vardır. Ədəbiyyatşünas alimin şəxsi arxivində müxtəlif vaxtlarda dostluq etdiyi, yaradıcılıq ünsiyyətində olduğu məşhur elm, sənət, ədəbiyyat xadimlərinin məktubları, səs yazıları, müxtəlif hədiyyələri, nadir fotoşəkilləri qorunub saxlanılır. Onların hər biri alimin şəxsiyyətinə, yaradıcılığına yüksək qiymət vermişdir.

Səməd Vurğun, Süleyman Rəhimov, Anar, Elçin, Bəkir Nəbiyev, Yaşar Qarayev, İsmayıl Şıxlı, Firudin Köçərli, Əzizə Cəfərzadə, Qulu Xəlilov, Nodar Dumbadze, Ziya Bünyadov, Əbdüllətif Bəndəroğlu, Məsud Əlioğlu, Osman Sarıvəlli, Əliağa Kürçaylı, Xəlil Rza, Xudu Məmmədov və onlarla digər elm, ədəbiyyat, incəsənət xadimi İ.Əbilovun yaradıcılığını, parlaq zəkasını, humanist ideyalarını yüksək qiymətləndirmişlər.

İmamverdi müəllimin ürək dostu, can sirdaşı olan xalq şairi Bəxtiyar Vahabzadə (B.Vahabzadə məktublarında belə yazırdı) İmamverdi müəllimə ithaf etdiyi "Əbədi gənclik" şeirində belə demişdir:

 

Müəllim,

Ədəbi gəncliyinik biz.

Sənindir ən gözəl əməllərimiz.

Sənin şagirdlərin dəstəbədəstə,

Həmişə bahardır, həmişə səhər.

İldə bir yaş gəlir yaşının üstə,

Daim bir yaşdadır önündəkilər.

Qürubda qızaran günəşsən...

Nə qəm.

Solmaz ürəkdəki böyük duyğular.

Sən dağsan,

Qarşından  axır dəmadəm

Həmişə dəyişən, çağlayan sular.

 

 

Şairlərdən Xəlil Rza Ulutürk, Qabil, Zəlimxan Yaqub, Məmməd Araz, İlyas Tapdıq və başqaları da İmamverdi müəllimə şeirlər həsr etmişlər. Akademik B.Nəbiyevin "El ağsaqqalı, elm fədaisi İmamverdi Əbilov", G.Hüseynoğlunun "İmamverdi Əbilov tənhalığı" kitabları İ.Əbilov yaradıcılığını izləyən oxucular tərəfindən maraqla qarşılanmışdır. Göründüyü kimi, müəllimliklə tənqidçilik İmamverdi müəllimin həyat və yaradıcılığının qoşa qanadıdır və onlar bir-biri ilə vəhdətdədir, ayrılmazdır.

İ.Əbilovun ədəbi, elmi-pedaqoji fəaliyyəti dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, müxtəlif fəxri fərmanlar və medallarla təltif edilmiş, "S.Vurğun" xatirə diplomu, "Araz", "Akademik Mehdi Mehdizadə", "Milli-kulturoloji", "Rəsul Rza" və "Xudu Məmmədov" mükafatlarına, "Azərbaycanın tanınmış maarifçisi" diplomuna, "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür. Bunlardan əlavə, İ.Əbilovun həyat və yaradıcılığı haqqında Azərbaycan Teleradio Şirkəti Sənədli filmlər studiyası tərəfindən "İmamverdi Əbilov" və "Ömrün dan qızartısı" filmləri çəkilmişdir.

1998-ci ildə İran İslam Respublikasının rəsmi dairələri onu Tehranda və Təbrizdə keçirilən Ustad Şəhriyar simpoziumlarında məruzə etmək üçün dəvət etmiş və İ.Əbilovun məruzəsinin mətni kitab halında nəfis şəkildə nəşr olunmuşdur.

2006-cı ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının üzvü (akademiki) seçilmiş, 2007-ci ildə "Vektor" Beynəlxalq Elm Mərkəzi Şurası isə onu Azərbaycan-türk ədəbiyyatının inkişafındakı xidmətlərinə görə professor, fəxri doktor adına layiq görmüş, 2007-ci ildə o, Ümumdünya Sülh Federasiyası və Dinlərarası Beynəlxalq Federasiyasının sülh elçisi seçilmişdir. İ.Əbilov həmçinin Neftçala Rayon Ziyalılar Cəmiyyətinin, Ağsaqqalar Şurasının, Mədəniyyət Fondunun sədri, respublika Ağsaqqallar Şurasının üzvüdür.

El ağsaqqalı, həmişə dini, imanı üstün tutan, xalq arasında əsl Allah adamı hesab edilən İ.Əbilov 1998-ci ildə müqəddəs Həcc ziyarətində olmuşdur.

İmamverdi müəllim ədəbiyyatımızın canlı salnaməsidir. O, bağlı olduğu ədəbiyyatı bütün varlığına köçürmüşdür. Azərbaycan ədəbiyyatının elə nümayəndəsi yoxdur ki, alimin nəzərindən kənarda qalsın. Dediyimiz kimi, onun zəngin arxivi, kitabxanası var. Söhbət zamanı ayağa qalxıb kövrək addımlarla otaqdan çıxdı. Bir azdan vərəqləri saralmış illik qəzet toplusu gətirdi:

- "Ədəbiyyat" qəzetinin 1937-ci il 1 yanvar-31 dekabr nömrələridir, - dedi. Səhifələri bir-bir vərəqləyir, dövrün acı mənzərəsi haqqında aramla, ürək ağrısıyla danışmağı sanki özünə mənəvi borc sayırdı.

İmamverdi müəllimin ən böyük əsərlərindən biri isə onun oğlu - ata ocağının işığıını gurlandıran, müasir Azərbaycan ədəbiyyatının gənc nümayəndələrindən olan, H.Cavid ədəbi irsinin tədqiqatçısı, ədəbiyyat üzrə fəlsəfə doktoru Azər Turandır.

Bu yaxınlarda İmamverdi müəllimin həyatında daha bir sevindirici hadisə baş vermişdir. 2013-cü il avqust ayının 22-də Birləşmiş Millətlər Təşkilatı ədəbiyyat sahəsində böyük xidmətlərinə görə onu "Za veru i vernost" ("İmaninama görə") ordeni ilə təltif etmişdir.

Yüksək mükafat alması münasibətilə biz də İmamverdi müəllimi təbrik etdik, ona cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzuladıq.

 

 

 

Seyran CAVADOV,

Azərbaycan.-2013.- 24 oktyabr.- S.7.