Orta əsr Ağsu şəhəri dünyəvi tədqiqat məkanına çevrilib

 

Şəhəri tamamilə öyrənmək üçün təxminən 120 il vaxt lazımdır

 

 

Bu gün dünyada maraq doğuran turizm yerləri əsasən arxeoloji qazıntılar zamanı aşkarlanan mədəniyyət abidələridir. Ona görə ki, qədim tarix həmişə cəlbedici olub, indi də belədir. İstər böyük şəhərlərə, istərsə də kiçik şəhər və qəsəbələrə yolu düşən turistlərin gözü yer altından aşkar olunan tapıntıları axtarır. Muzeylərdə nümayiş olunan arxeoloji materiallar da bu baxımdan çox əhəmiyyətlidir.

Son dövrlər Azərbaycan ərazilərində aparılan arxeoloji qazıntılar nəticəsində aşkarlanan abidələr və maddi-mədəniyyət nümunələri göstərir ki, ölkəmizin bütün dövrlərdə özünəxas şəhər mədəniyyəti olub. Tədqiqinə 2010-cu ilin mart ayından başlanılan Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi də hazırda özünəməxsusluğu ilə turizm məkanına çevrilib. "Miras" Mədəni İrsin öyrənilməsinə kömək İctimai Birliyinin təşəbbüsü və ağsulu ziyalıların yaxından iştirakı ilə "Orta əsr Ağsu şəhəri" Arxeoloji Turizm Kompleksi layihəsinin həyata keçirilməsi bu günuğurla davam etdirilir. Məqsəd Azərbaycanın turizm marşrutlarından kənarda qalmış Ağsu rayonunun tarixi abidələrini tədqiq etmək və nümayişə hazır vəziyyətə gətirməklə turistlərin diqqətini bu bölgəyə çəkməkdir.

XVIII əsrdə əhalisinin sayına görə Ağsu Azərbaycanın ən böyük şəhəri olub. 1735-ci ilin mayında Nadir şah tərəfindən Ağsu kəndi yaxınlığında tikdirilən qala uzun müddət bu bölgədə çox əhəmiyyətli iqamətgah olmuşdur. Nadir şahın bölgəyə təyin etdiyi hakimlər, Şirvan xanları bu qalada otururdular. XVIII əsrin məşhur səyyahları Samuel Qmelin, Biberşteyn, Bronevski və başqaları bu qala haqqında yazmışlar.

 

 

Ağsu Arxeoloji Turizm Kompleksi ilklərdən biridir

 

 

Orta əsr Ağsu şəhərinin ərazisi plan etibarilə düzbucaqlı formada olmaqla təqribən 40 hektar sahəni əhatə edir. Ətrafı dərin xəndək və val şəklində olan müdafiə sistemi ilə möhkəmləndirilib. Cənub divarlarının uzunluğu 632,6, şimal divarlarının uzunluğu 629,5, şərq divarlarının uzunluğu 637,3, qərb divarlarının uzunluğu isə 630 metrdir.

"Orta əsr Ağsu şəhəri" Arxeoloji Turizm Kompleksi layihəsi çərçivəsində AMEA ArxeologiyaEtnoqrafiya İnstitutuMilli Azərbaycan Tarixi Muzeyinin birgə Ağsu arxeoloji ekspedisiyası burada tədqiqata başlamışdır. Əvvəlcə yalnız 8 kv/m. sahədə kəşfiyyat səviyyəsində öyrənilmiş şəhər yerinin nisbətən təpə və çuxurların az olduğu hissəsində qazıntı işlərinə start verilib. Tədqiqat nəticəsində məlum olub ki, qazıntı sahəsinin mərkəzindən daş döşəməli şəhər küçələrindən biri keçirmiş. Küçənin 5 metr cənubunda şəhər meydanlarından biri üzə çıxmış, meydanın qərb hissəsində iri bina qalığı aşkar olunmuşdur.

Meydanın cənubunda boyaq dükanı və ya anbarından 5 ədəd iri boyaq küpü və 1 ədəd su küpü üzə çıxıb. Boyaq küplərinin divarında və ətrafında qırmızı boyaq izləri aşkarlanıb. Həmin boyaq nümunələri toplanılıb, Türkiyədə Türk Kültür Vakfı Təbii Boyaq Laboratoriyasında təhlil olunmaq üçün göndərilib. Maraqlıdır ki, Ağsu şəhər əhalisindən toplanan verginin yarısından çoxunu elə boyaqdan alınan vergilər təşkil edib. Boyaq dükanından çox maraqlı şirlişirsiz saxsı məmulatı, şüşə qablar da aşkar edilib. Şüşə qablardan biri Londonda istehsal olunmuş içki şüşəsidir. Qeyd edək ki, rus hərbçilərin məktublarında Şirvan xanlığında kəndlilərin belə imkanlı olduqları onların evlərində ingilis istehsalı olan məişət əşyalarının üstünlük təşkil etməsi ilə əlaqələndirilirmiş.

Boyaq dükanının qərb tərəfində tikiş dükanının olduğu buradan aşkar edilmiş geyim hissələri, yumaqlar, düymələr, qayçı, oymaqlar, möhür, metal tikmələrdən aydın olur. Döymə üsulu ilə çox incə hazırlanmış ürək formalı və insan təsvirli metal lövhə bəzək elementi kimi geyim üzərinə tikilirdi. Həmin bəzək əşyası hazırda Ağsu arxeoloji ekspedisiyasının loqosu kimi qəbul edilib.

Təqdirəlayiq haldır ki, "Miras" Mədəni İrsin öyrənilməsinə kömək İctimai Birliyi və AMEA ArxeologiyaEtnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyası müxtəlif turizm təşkilatlarının təmsilçiləri və KİV nümayəndələrinin iştirakı ilə hər il ənənəvi olaraq Orta əsr Ağsu şəhərinə infotur təşkil edir. "Heritage" Travel Turizm Şirkətinin də təşkilatçılıq etdiyi növbəti infotur isə oktyabrın 19-da baş tutub. Məqsəd Orta əsr Ağsu şəhərində aparılmış konservasiya və bərpa işlərinin son durumu, arxeoloji turizmin inkişaf perspektivləri, Bəyimli kəndi ərazisindəki Torpaqqala-Mehrəvan abidəsində aparılan arxeoloji kəşfiyyat işlərinin nəticələri barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Bizim də iştirak etdiyimiz infotura Azərbaycanda fəaliyyət göstərən xəbər saytlarının, qəzetlərin, televiziyaların, eləcə də turizm şirkətləri və hotel sektorunun 40 nəfərdən artıq təmsilçisi qatılmışdılar. İştirakçılar əvvəlcə Orta əsr Ağsu şəhəri barədə ətraflı məlumatlandırılıblar. AMEA ArxeologiyaEtnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyasının rəhbəri, professor Qafar Cəbiyev bildirdi ki, indi təkcə elmi nəticələrə hesablanmış qazıntılarla qənaətlənmək olmaz. Qazıntılar həm də konservasiya yönümlü işlərlə tamamlanmalıdır. Yəni, tapılan hər bir tarixi abidə mütləq şəkildə konservasiya olunmalıdır. "Ağsu arxeoloji turizm kompleksi layihəsi bu işdə ilklərdən biridir. Biz burada təkcə tədqiqat aparmamışıq. Tədqiqat aparılmış ərazilərdə həm də konservasiya edib turistlərə təqdim edirik. Artıq bizim tədqiqat işimiz orta əsrlərə dair bitib. Qazılmış bütün ərazilər konservasiya olunub", - deyə Q.Cəbiyev əlavə edib.

 

 

 

Dünya alimlərinin diqqət mərkəzində

 

 

"Miras" Mədəni İrsin öyrənilməsinə kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli isə bildirir ki, vaxtaşırı hərbi əməliyyatlar meydanına çevrilən və dağıntılara məruz qalan Ağsu şəhəri sonuncu dəfə 1806-cı ildə Abbas Mirzənin komandanlıq etdiyi Qacar ordusunun hücumu ərəfəsində düşmən əlinə keçməsin deyə, Şirvan xanı Mustafa xan tərəfindən dağıdılıb. Bununla da burada şəhər həyatına son qoyulub: "Azərbaycanda indiyə kimi son orta əsr mədəniyyəti öyrənilməyib. Ümumiyyətlə, biz xanlıqlar dövrünün şəhərlərini arxeoloji baxımdan bilmirik. Çünki arxeoloqlar düşünürlər ki, bu, çox yaxın tarixdir, öyrənməyə ehtiyac yoxdur, etnoqraflar isə nə qədər öyrənməyə çalışsalar da, XIX əsrdən o tərəfə gedə bilməyiblər. Bu tilsimi ilk dəfə olaraq sındırmağa çalışdıq. Bu gün Azərbaycanda son orta əsr şəhər mədəniyyətini öyrənmək üçün ən yaxşı kompleks yaratmışıq. 2012-ci ildə dörd min ziyarətçimiz olub. Bu, bir çox qoruqların və muzeylərin ümumi  göstəricisindən də artıq rəqəmdir. Bu il isə bu rəqəmin ikiqat artmasını gözləyirik. İnsanlar bu məkana gəlib rahat şəkildə həm istirahət, həm də arxeoloji tapıntıları izləyə bilərlər. Bu şəhər üzü qiblə istiqamətində tikilmiş müsəlman şəhəridir. Artıq beynəlxalq səviyyədə fəaliyyət göstərən alimlərin bu kompleksə marağı artıb".

Qeyd edək ki, buradakı qazıntılar zamanı aşkarlanan əşyalar elə bir tapıntılardır ki, nəinki Azərbaycanın, həm Avropa, həm də Şərqin tarixi ilə bağlıdır. Belə ki, ötən il burada XVII əsrdə yaşayanların buzxana kimi istifadə etdikləri məkandan qızıl dəfinəsi aşkar edilib. Həmin qızıl dəfinəsi hazırda Milli Azərbaycan Tarixi Muzeyində qorunur. Burada həmçinin 37 ədəd Holland çervonu aşkarlanıb. Britaniya istehsalı olan və üzərində "London" yazılan şüşə butulkaların və s. aşkarlanmsı onun göstəricisidir ki, şəhər kasıb bir şəhər olmayıb. Bu kimi faktlar onu deməyə əsas verir ki, Orta əsr Ağsu şəhəri artıq dünyəvi bir tədqiqat məkanına çevrilib.

F.Xəlillinin sözlərinə görə, Orta əsr Ağsu şəhərini tam öyrənmək üçün hələ uzun ilə ehtiyac var: "Sizə təqdim etdiyimiz ərazi 1,5 hektardır. 3 il ərzində cəmi bu qədər ərazini aşkar edə bilmişik. İnanıram ki, gələcəkdə daha əhəmiyyətli tapıntılarımız olacaq".

 

 

Qafqazda son orta əsr şəhər həyatını öyrənmək mümkündür

 

 

Şəhər ərazisindəki III, IV və V qazıntı sahələrində konservasiya və bərpa işlərinin yekunları, habelə VII sahədə anbar-buzxanada aparılan konservasiya və bərpa işlərinin gedişi ilə tanış olduq. Hər bir qazıntı sahəsində aparılan tədqiqat işlərinin yüksək dəqiqlik və ehtiyatla aparıldığını muzeyə daxil olarkən görmək mümkündür. Burada o dövrün tikililərinin quruluşu ilə yanaşı, aşkarlanan alətləri və maddi-mədəniyyət nümunələrini də görmək olar. Bir cüt dəyirman daşı, misdən hazırlanmış müxtəlifölçülü qazan, vaz, dövrə və su qabları, qurğuşun güllə nümunələri, güllə istehsalı üçün istifadə olunan qəlib, misdən asma möhür, o dövrün gümüş və qızıl pulları, pasta, muncuqlar, müxtəlif təyinatlı digər məişət əşyaları, habelə xarici ölkələrdən gətirilmiş şüşə və çini qablara aid fraqmentlər ziyarətçidə xüsusi maraq doğurur.

Orta əsr Ağsu şəhərinin diqqətçəkən tikililərindən olan buzxana və "Cümə" məscidi də öz orijinallığına görə böyük əhəmiyyət kəsb edir. Məscidin memarlıq xüsusiyyətləri etibarilə, xüsusən də qiblə istiqamətində tikilməsi, rəngli kaşılarla bəzədilməsi, ətrafında hər birinin içərisində ocaq qalıqları qeydə alınan otaq-hücrələrinin mövcudluğu onun məscid olmasını tamamilə aydınlaşdırır.

İnfotur çərçivəsində XV-XVI əsrlərə aid Növcü Daş Qoç Qəbirləri Xatirə Abidəsinə də baş çəkdik. Orada "Miras" İctimai Birliyinin təşəbbüsü ilə görülmüş konservasiya və abadlıq işləri ilə tanış olduqdan sonra ilk orta əsrlərə aid Torpaqqala-Mehrəvan şəhər yerinə getdik, Ağsu arxeoloji ekspedisiyası tərəfindən aparılmış kəşfiyyat qazıntılarının nəticələri ilə tanış olduq.

AMEA-nın müxbir üzvü, təcrübəli arxeoloq Vəli Əliyev infotur iştirakçıları qarşısında çıxış edərək Ağsuda görülən işləri yüksək qiymətləndirdi. Daha sonra infotur iştirakçılarına sertifikatlar təqdim edildi və xatirə şəkli çəkildi.

Nəticə etibarilə Orta əsr Ağsu şəhəri barədə öyrəndiklərimiz və Arxeoloji Turizm Kompleksində şahidi olduqlarımız onu deməyə əsas verir ki, Orta əsr Ağsu şəhərinin qalıqları nəinki Azərbaycanda, bütövlükdə Qafqazda son orta əsr şəhər probleminin öyrənilməsi baxımından bir növ etalon ola biləcək abidədir.

 

 

 

Elgün MƏNSİMOV,

Azərbaycan.-2013.- 24 oktyabr.- S.7.