Xaricdə təhsil almaq
sahəsində yeni dövr
başlayıb
Bu, birmənalı olaraq
Prezident İlham
Əliyevin fəaliyyətinin nəticəsidir
Fikir sahibi olmaq üçün məlumat sahibi olmaq lazımdır.Yaxşı bildiyin zaman yaxşı edir, yaxşı işləyirsən. Mahatma Qandi deyib ki, sabah öləcəyin kimi yaşa, həmişəlik yaşayacağın kimi öyrən. Bu, insanı öyrənməyə, bilikli və savadlı olmağa, intellektuallığa səsləyir. Bütün təbəqələri elmli olmağa dəvət edir. Çünki heç də hər sosial sinfi təmsil edən kəslər təhsil almaq imkanına malik deyillər və ya bu resursların episentrindən kənardırlar.
Heç də hər gənc öz xəyalının arxasınca gedib öz istəklərini realizə etmə imkanı qazanmır. Bəlkə də o gəncin minlərlə, milyonlarla gənci həvəsləndirəcək uğur hekayəsi ola bilər, lakin vəsaitlər buna imkan vermir.
Bu kimi hallara bizim cəmiyyətimizdə illər öncə daha çox rast gələ bilərdik, lakin bugün artıq başqa bir reallıq var. Bu reallıq dövlətin ən yüksək səviyyədə Azərbaycan gəncinə olan etimadı və gəncliyin inkişafı üçün qəbul etdiyi proqramlardır.
Məsələn,
xaricdə təhsil bugünkü gəncliyin ən çox
müzakirə etdiyi mövzulardan biridir, gənclər
üçün dünyanın ən yaxşı universitetlərində
təhsil almaq artıq prioritetə çevrilib. Bəlkə
də gənclərdən öncə bu
barədə artıq valideynlər düşünür
və onlar "Övladlarım nə
bahasına olur-olsun xaricdə təhsilli olsun" deyirlər.
Xaricdə təhsilli olmaq gözəldir, lakin bunun məqsədi və amalı olmalıdır. Martin Lüter Kinq deyirdi ki, intellekt üstəgəl xarakter - budur əsl təhsilin məqsədi. İndi bu görünüş və bu baxışa sahib olan dövlət var. Cənab Prezidentin sözləri ilə desək, Azərbaycanın dövlət siyasətinin əsas predmeti Azərbaycan vətəndaşıdır. Azərbaycan gənclər siyasətinin də mərkəzində Azərbaycan gənci durur. Vətənini sevən, torpağa bağlı olan, bacarıqlı və intellektual gəncliyin yetişməsi və Azərbaycana xidmət etməsi bugünkü gənclər siyasətinin prioritetidir.
Cənab Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamla qüvvəyə minən "Azərbaycanlı gənclərin 2007-2015-ci illərdə xaricdə təhsili üzrə Dövlət Proqramı" bu amala layiqincə xidmət edir və azərbaycanlı gənclərin qızıl fondunun yaranmasında ən böyük töhfəni verir. Dövlət proqramı çərçivəsində təhsil almaq üçün təsdiqlənmiş siyahılara əsasən bu il 22 may-16 avqust tarixləri arasında 34 ölkə, 519 ali məktəb və 16 prioritet ixtisas istiqaməti üzrə ərizə qeydiyyatı aparıldı və ilk dəfə olaraq proses elektron şəkildə həyata keçirildi.
Sənədlərin qəbulu isə 23 avqust tarixinədək həyata keçirildi. Son illərdən fərqli olaraq, bu il ilk dəfə idi ki, qeyri-prioritet ixtisaslarında təhsil almaq üçün elektron qeydiyyat zamanı "digər" bölmə işə başladı və bunun sayəsində kifayət qədər gənc bu sahələr üzrə xaricdə təhsil almaq şansı əldə etdi.
İndiyədək dövlət proqramı ilə 1825 nəfər təhsil almışdır. Bu il rekord səviyyədə -1200-dən artıq ərizə qəbul olundu və nəticədə ilk dəfə olaraq ərizə verənlərin təxminən 65 faizi, 783 nəfər olmaqla proqramın qalibləri oldular və bununla da adıçəkilən proqramla xaricdə təhsil alan azərbaycanlı gənclərin sayı 2600-ü keçdi.
2012-ci ildə bu göstərici 607, 2011-ci ildə 435, 2010-cu ildə isə 275 nəfərdən ibarət idi. Sadəcə keçən ilin göstəriciləri ilə müqayisə etsək görərik ki, 176 nəfər çox gənc 2013-cü ildə proqram iştirakçısı olmuşdur.
Əlavə olaraq 2012-2013-cü tədris ilinə qədər dövlət proqramı çərçivəsində təhsil almaq hüququ qazanan ən çox tələbə Böyük Britaniya (419 nəfər), Almaniya (367 nəfər), Türkiyə (364 nəfər), Kanada (141 nəfər) və Fransa (98 nəfər) üzrə olmuşdur. Onlar əsasən iqtisadiyyat və idarəetmə, mühəndislik, tibb, informasiya texnologiyaları, turizm, fundamental elmlər və digər prioritet ixtisaslar üzrə təhsil almaq hüququ qazanmışlar.
2013/2014-cü tədris ilində, yəni 783 qalib arasında yenə ən çox tələbə Böyük Britaniyaya üz tutur. Ondan sonra siyahıda Almaniya, Türkiyə və Kanada liderlik edirlər. Bugünədək proqramın ən çox məzunu olan ölkələr isə Birləşmiş Krallıq (169 nəfər), Rusiya (56 nəfər), Fransa (55 nəfər), Almaniya (54 nəfər) və Türkiyədir (49 nəfər).
Bu il yeni təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi və təyin etdiyi yeni heyəti ilə görülən işlər həqiqətən təqdirəlayiq və ümidvericidir. Xüsusilə qəbullar zamanı tətbiq olunan yeniliklər, gənclərin bu prosesdə aktivliyi onlara inam və etimadın artması, gələcək vizyondan xəbər verirdi.
İlk
dəfə olaraq ərizə verən bütün
iştirakçıların fərdi şəkildə
müsahibə prosesinə cəlb olunması və komissiya
üzvlərinin nazirlik əməkdaşları ilə
yanaşı digər dövlət qurumlarını, ali məktəblərin
və ASAIF-in əməkdaşlarından ibarət olması
iştirakçıların gənc mütəxəssislərlə
müsahibə prosesində özlərini rahat hiss etmələrinə
və kompleksdən kənar çıxış etmələrinə,
daha səmimi olmalarına gətirib çıxardı.
Bizləri təəssüfləndirən hallardan əlavə şənləndirən və üzlərdə təbəssüm yaradan halların da zənginliyi prosesin necə maraqlı və rəngarəng olmasından xəbər verirdi. Müsahibə zamanı iştirakçıların fikirlərinə, xüsusilə sahib olduqları gələcəyə aid baxış və vizyonları, niyə xaricdə təhsil almaq istəmələri kimi düşüncələri böyük önəm kəsb edirdi.
Əsas yeniliklərdən biri isə iştirakçılara tamamilə azad şəkildə təhsil sistemində nələri dəyişmək istədikləri və nələri tətbiq etmək istədikləri ilə bağlı fikirlərinin öyrənilməsi oldu ki, bunun da nəticəsində bəzi gənclər var ki, doğrudan da gözəl və effektiv təkliflər verirdilər.
Dövlət proqramının ən sevindirici tərəflərindən biri hər kəsə bərabər şəraitin yaradılmasıdır, hər kəsə eyni imkanın təqdim olunmasıdır. Builki seçimlərin xüsusilə şəffaflığı və obyektivliyi stimulverici idi.
Bunun nəticəsində Bakı şəhəri ilə yanaşı çoxlu sayda region gənclərinin, uzaq kəndlərdən sadəcə müsahibə üçün Bakıya gələn və sonda qalib olan gənclərin dövlət proqramı ilə dünyanın ən yaxşı universitetlərində təhsil almalarına göstərilən yardım və dövlət qayğısı qürurvericidir.
İlk dəfə olaraq qalib olan gənclərlə təhsil nazirinin şəxsən görüşməsi, onları formallıqdan uzaq təbrik etməsi, uğurlar diləməsi, təhsillə yanaşı ASAIF-in sıralarına qoşularaq həm xaricdə diaspor və lobbiçilik işində sosial-ictimai fəal olmağa, həm də məzunluqdan sonra cəmiyyətə inteqrasiya olunması prosesində fəallığa səsləməsi, daha sonra ilk dəfə olaraq nazirlik əməkdaşlarının və xüsusilə ASAIF-çilərin valideynlərlə görüşlərdə onları məlumatlandırması və tələbələrlə görüşdə onların psixoloji hazırlığı, getdikləri zaman nələri etmələri, hansı proseslərdən keçəcəkləri ilə bağlı ilkin təlimlər almaları dövlət proqramının builki uğurları sırasındadır.
Fikrimcə, builki prosesin canlı şahidi olmaq məni o qənaətə gətirdi ki, dövlət proqramı ilə Azərbaycanda gənclər siyasəti yeni bir mərhələyə qədəm qoydu, cəmiyyətdə hər kəsin təhsil sahəsində aparılan konstruktiv islahatlara inamı artdı və cənab Prezidentin "2020 vizyonu"nun reallaşmasına töhfə verdi. Azərbaycan gəncinin necə istedadlı və qabiliyyətli olmasının şahidliyi məni bir daha qürurlandırdı.
Cənab
Prezident İlham Əliyev də intellektual gənclik
üçün qəbul olunan dövlət proqramının
strateji olaraq düzgün siyasətlə
aparıldığına əmindir və dövlətçilik
yoluna sadiq olan Azərbaycan gəncləri ilə fəxr edir!
Ramin HƏKİMOV,
Xaricdə Təhsil
Alan və Məzun Olmuş
Azərbaycanlı
Gənclərin
Beynəlxalq Forumunun (ASAIF) sədri
Azərbaycan.-2013.- 25 oktyabr.- S.3.