Ditmir BUŞATİ: Albaniya
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələrini
dəstəkləyir və Ermənistanı silahlı qüvvələrini
Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal
çıxarmağa çağırır
Albaniya hökuməti Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini dəstəkləyir, Ermənistanı silahlı qüvvələrini Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağa çağırır.
Bu fikirləri xarici işlər naziri Ditmir Buşati Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Dağlıq Qarabağ münaqişəsinə dair Albaniya hökumətinin münasibətilə bağlı suallarına cavabında bildirmişdir.
AzərTAc Albaniyanın xarici işlər naziri D.Buşatinin suallara cavablarını təqdim edir.
- Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycanın Dağlıq Qarabağ regionunun və onun ətrafındakı yeddi rayonun işğal altında saxlanmasının davam etməsini pisləmiş və qəbul etdiyi bir neçə qətnaməsində Ermənistan qoşunlarının həmin ərazilərdən dərhal çıxarılmasını tələb etmişdir. Siz bu qətnamələri dəstəkləyirsinizmi?
- Albaniya Respublikası beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz hissəsi olması ilə bağlı mövqeyini dəstəkləyir. Biz beynəlxalq hüquqa əsaslanan bu mövqeyə tam tərəfdarıq.
- Artıq 20 ildən çoxdur ki, Azərbaycan ərazilərinin 20 faizi xarici qüvvələrin işğalı altındadır. Ermənistanın işğalçılıq siyasətinin nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkün doğma torpaqlarına qayıda bilmir. Bu da o deməkdir ki, Azərbaycan dünyada ən çox məcburi köçkünü olan ölkədir. Şərq qonşuluğunuzdakı tərəfdaşlarınızdan birinin ərazi bütövlüyü prinsipinə, eləcə də qaçqınların və məcburi köçkünlərin hüquqları və talelərinə münasibətinizi bilmək istərdik.
- BMT-nin Nizamnaməsində əks olunan prinsiplərdən biri kimi ərazi bütövlüyü məsələsi bu gün beynəlxalq hüquq qaydasının ən vacib hissələrindən biridir. Nizamnamənin ruhuna və mətninə əsaslanaraq Albaniya qəti şəkildə əmindir ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə davamlı həlli beynəlxalq hüquqa uyğun olaraq yalnız sülh yolu və danışıqlar vasitəsilə mümkündür. ATƏT-dəki və Avropa İttifaqındakı tərəfdaşlarımız və dostlarımızla birlikdə biz bu münaqişənin tez həlli istiqamətində işləməyə sadiqik. Biz, həmçinin onu da bilirik ki, münaqişənin həllinin uzanması qaçqınların və məcburi köçkünlərin həyatlarına mənfi təsir göstərəcəkdir. Bu, münaqişənin daha tez həllini zərurətə çevirir. Problemin sülh yolu ilə həlli istiqamətində tərəflərin səylərinə mane olacaq hər hansı addım isə məzəmmət edilməlidir.
- Rəsmi Bakının ölkənin ərazi bütövlüyünün bərpası ilə bağlı aldığı dəstəkdə Azərbaycanın Avropa, eləcə də Qərb ilə yaxın siyasi və iqtisadi tərəfdaşlığı geniş şəkildə əksini tapırmı?
- Albaniyanın regiona verdiyi xüsusi önəm daha çox Cənubi Qafqazın strateji əhəmiyyəti ilə bağlıdır. Bu regionun Avropanın enerji ehtiyaclarının ödənilməsində rolu getdikcə daha da artır. Trans-Adriatik qaz kəməri layihəsi sayəsində Albaniya Xəzər dənizinin təbii qazının gələcək istifadəçilərindən birinə çevriləcəkdir. Cənubi Qafqazın artan əhəmiyyəti, Avropanın enerji təchizatının şaxələndirilməsində vacib rolu digər regionların, xüsusilə Balkan regionunun da təhlükəsizliyinə və sabitliyinə müsbət təsir göstərir. Buna görə də hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun olaraq tez həll edilməsi regionla bağlı bütün tərəflərin marağındadır.
- ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlara baxmayaraq, münaqişənin həlli prosesi donmuş vəziyyətdə qalır. Avropa ölkələrinin prosesdə daha çox iştirakı vacibdir. Siz münaqişənin sülh yolu ilə və daha tez həlli prosesində intensiv rol oynamağa və Avropa maraqlarına uyğun olaraq yeni təşəbbüslər formalaşdırmağa hazırsınızmı?
-
Albaniya 20 ildən artıqdır ki, Avropaya inteqrasiya prosesində
uzun yol keçmişdir. Bu yol həm də bizi
beynəlxalq hüququn əhəmiyyətini
qiymətləndirməyə məcbur etmişdir.
İnanırıq ki, ölkələr
yalnız BMT formasında, yaxud digər əməkdaşlıq
formalarında beynəlxalq ictimaiyyətin tələblərini
ciddi şəkildə yerinə yetirməklə
uğur qazana bilərlər.
BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı bir neçə qətnamə
qəbul etmişdir və bu
qətnamələrdə xarici qüvvələrin
işğal edilmiş
ərazilərdən çıxarılması tələb olunur. Albaniya bu tələbi dəstəkləyir və Ermənistanı
öz silahlı qüvvələrini
Dağlıq Qarabağdan və digər yeddi rayondan dərhal
çıxarmağa çağırır.
Azərbaycan.-2013.- 25 oktyabr.- S.4.