Bakıda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi

 üzrə VII Beynəlxalq konfrans öz işini davam etdirir

 

Bakıda informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi üzrə VII Beynəlxalq konfrans (AICT-2013) öz işini davam etdirir. AzərTAc xəbər verir ki, oktyabrın 24-də konfransın M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında keçirilən sessiyasında iştirakçılar "Ən son yeniliklərin informasiya-kommunikasiya texnologiyaları sahəsinə tətbiqi" məsələlərini müzakirə etmişlər.

Tədbirdə təqdimatla çıxış edən "TES2A" Avropa İnnovasiya Konsaltinq Şirkətinin əməliyyatlar şöbəsinin müdiri xanım İvona Maçiyejska konfransın əhəmiyyətini vurğulamış, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın oynadığı mühüm rolu xüsusilə qeyd etmişdir.

Azərbaycanın elektron idarəçilik sahəsində dünyanın və Avropanın qabaqcıl ölkələrində həyata keçirdiyi layihələrdən danışan İ.Maçiyejska bu cür əməkdaşlığın artıq bir çox beynəlxalq tərəfdaşlar tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırmışdır. 

İ.Maçiyejska Polşanın İKT sektorunun inkişafı istiqamətində görülən işlərdən bəhs etmiş, artıq Mərkəzi Asiya ölkələrinin bir çox ərazilərinin 3G texnologiyaları ilə təmin edildiyini, buna baxmayaraq hələ də problemlərin mövcud olduğunubu məsələlərin həllində beynəlxalq əməkdaşlıq, o cümlədən Azərbaycan ilə xüsusən elektron idarəçilik, elektron həllər sahəsində təcrübə mübadiləsinin mühümlüyünü vurğulamışdır.

Daha sonra Koreya ElektronikaTelekommunikasiya Araşdırmalar İnstitutunun (ETRI) xüsusi eksperti Çanq Von Ahn çıxış edərək konfransın idarəetmə, təhlükəsizlik, səhiyyə sistemi, kommunikasiya və rabitə sahələrində tədqiqatlar aparan elm adamlarını bir araya gətirdiyini qeyd edərək belə tədbirlərin adıçəkilən sahələrdə çalışan və ya təhsil alan insanlara öz elmi işlərini geniş auditoriyada tətbiq etmək imkanını yaratdığını söyləmişdir.

Tədbirdə digər çıxış edənlər Azərbaycanın müasir informasiya texnologiyalarının tətbiqi sahəsində nailiyyətlərindən danışmış, İKT-nin elmin inkişafındakı rolunu qeyd etmişlər.

"AICT-2013" Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları, Təhsil nazirlikləri, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti (BDU), M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Texniki Universiteti ilə birgə təşkil olunmuşdur.

Oktyabrın 25-dək davam edəcək konfransda "Böyük vergilərin idarəsi və tətbiqi", "Verilənlərin emalı və verilənlər mühəndisliyi", "Kibertəhlükəsizlik problemləri", "Kommunikasiya, şəbəkə və avadanlıq", "Biznes, idarəetmə və iqtisadiyyatda İKT", "Dövlət xidmətlərində İKT", "Tibb və səhiyyədə İKT" və digər mövzular müzakirə olunacaqdır.

Beynəlxalq tədbirdə ümumilikdə 26 ölkədən dəvət edilmiş nümayəndənin 105 məruzəsi, o cümlədən Azərbaycanın müvafiq elm və təhsil müəssisələrinin təmsilçiləri tərəfindən təqdim edilmiş məruzələr dinləniləcəkdir.

 

Azərbaycan.-2013.- 25 oktyabr.- S.7.