Bakıda «Dünyanın dağlıq
regionlarında turizmin davamlı
inkişafı üçün dağ idman növlərinin
Qafqaz nümunəsində mühüm
rolu» mövzusunda beynəlxalq
konfrans keçirilir
Oktyabrın 24-də Bakıdakı "Central Park" mehmanxanasında "Dünyanın dağlıq regionlarında turizmin davamlı inkişafı üçün dağ idman növlərinin Qafqaz nümunəsində mühüm rolu" mövzusunda beynəlxalq konfrans işinə başlamışdır.
Konfrans Dağçılıq və Dırmanma üzrə Beynəlxalq Federasiyanın (UIAA) təşəbbüsü, IDEA Kampaniyası, Qərb Universiteti, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) birgə təşkilatçılığı ilə keçirilir.
UIAA-nın "Dağların mühafizəsi mükafatı" ("Mountain Protection Award") proqramı çərçivəsində təşkil olunan beynəlxalq konfrans oktyabrın 26-dək işini davam etdirəcəkdir. Üç sessiyada təşkil olunan konfransda nüfuzlu beynəlxalq mütəxəssislər, o cümlədən yerli dövlət qurumlarının, elmi-tədqiqat və ali təhsil müəssisələrinin, vətəndaş cəmiyyətinin nümayəndələri və alimlər "Davamlı dağ turizmi: tarix və nailiyyətlər", "Dağ turizminin inkişaf perspektivlərinə baxış", "Dağlıq ərazilərin bioloji müxtəlifliyi, mühafizə metodları və prinsipləri" mövzularında müzakirələr aparacaqlar. Bundan əlavə, dağ turizminin inkişaf etdirilməsi üçün səmərəli marketinq proqramlarının hazırlanması, dağ ərazilərinin davamlı inkişafının təmin olunmasında elmi dairələrin iştirakı, dağların mühafizəsi üzrə səmərəli təcrübənin və siyasətin nəzərdən keçirilməsi, həmçinin elmi proqramlar vasitəsilə dağçı turistlərin dağların mühafizəsi monitorinqində fəal iştirakının təmin edilməsi kimi məsələlər də müzakirə olunacaqdır.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov dünyanın dağlıq regionlarında turizmin davamlı inkişafının əsas prioritetlərindən biri olduğunu bildirmişdir. Diqqətə çatdırmışdır ki, ölkəmizdə bu məsələ uğurla həyata keçirilir, dövlət proqramları həyata keçirilir. Bunun nəticəsidir ki, son beş ildə Azərbaycanda 65 min hektardan artıq meşə salınmışdır.
Davamlı inkişaf sahəsində bilik və bacarıqların artırılmasının vacibliyini bildirən akademik konfransın bu baxımdan əhəmiyyətini vurğulamışdır.
FAIREX-in prezidenti Hüseynqulu Bağırov isə UIAA-nın "Dağların mühafizəsi mükafatı" proqramının ictimai maarifləndirmə, dağçılıq idman növlərinin təbliği, ekoturizmin inkişaf etdirilməsi və dağ ətraf mühitinin birgə mühafizəsində əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, Azərbaycan tərəfindən ilk olaraq bu beynəlxalq səviyyəli prosesə qoşulan Qərb Universiteti "Dağların mühafizəsi mükafatı" proqramına maliyyə dəstəyi göstərmişdir. Bu uğurlu əməkdaşlıq bu il oktyabrın 4-5-də İsveçrədə keçirilən UIAA-nın Baş Assambleyasının iclasında və illik hesabatında xüsusilə qeyd olunmuşdur.
Azərbaycanda uğurla həyata keçirilən ekoloji layihələrdən, dağçılıq idmanının turizmin davamlı inkişafına verdiyi töhfələrdən danışan H.Bağırov artıq son illərdə ölkəmizdə 8 milli parkın yaradıldığını, xüsusi mühafizə olunan ərazilərin 1 milyon hektara çatdırıldığını diqqətə çatdırmışdır.
Azərbaycanın 50 faiz ərazisinin dağlıq olduğunu deyən federasiya prezidenti bildirmişdir ki, ölkədə 4 min metrdən hündür olan 17 dağ zirvəsi vardır. Bu da ölkəmizdə dağçılıq idmanının inkişafı üçün geniş imkanlar yaradır. Lakin harada idmançı hüququnun bitdiyi və təbiətin hüququnun başladığı yerlə bağlı məsələdə balans yaradılmalıdır.
Çıxışında dağlıq regionlarda davamlı inkişafın əsas məqsədlərdən biri olduğunu qeyd edən UIAA-nın vitse-prezidenti Piter Farkaş demişdir ki, Azərbaycanda dağçılıq idmanına dövlət tərəfindən böyük dəstək göstərilir. UIAA-nın vitse-prezidenti bildirmişdir ki, Azərbaycanda gündən-günə inkişaf edən dağçılıq idmanı bir çox ölkələr üçün örnək ola bilər. O, konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfə minnətdarlığını bildirmişdir.
Konfrans
işini UIAA-nın Dağların Mühafizəsi
Komissiyasının prezidenti xanım Linda Makmillanın sədrliyi
ilə davam etdirmişdir.
Azərbaycan.-2013.- 25 oktyabr.- S.7.