Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Hörmətli cənab Prezident!
Telefon danışığımızdan sonra istərdim ki, prezident seçkilərində parlaq qələbəniz münasibətilə bir daha Sizi səmimi-qəlbdən təbrik edim.
Böyük məmnuniyyətlə qeyd edirəm ki, qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan ikitərəfli əlaqələrimiz Sizin prezidentliyiniz dövründə yeni mərhələyə qədəm qoymuşdur. Bu ilin əvvəlində Azərbaycana səfərim zamanı xüsusilə enerji və investisiya qoyuluşu sahələrində çoxtərəfli əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı ümumi siyasi iradəmizin ifadə edilməsi imkanımız oldu. Bu kontekstdə mən bir daha təkrar edirəm ki, "Şahdəniz" konsorsiumunun Trans-Adriatik (TAP) qaz kəməri layihəsinin seçimi ilə bağlı bu yaxınlarda verdiyi qərar ölkələrimiz arasında strateji tərəfdaşlığın qurulması istiqamətində çox vacib addımdır.
Sizi əmin edirəm ki, Yunanıstan həm ikitərəfli qaydada, həm də Avropa İttifaqının üzvü kimi ölkələrimizin və xalqlarımızın mənafeyi naminə əlaqələrimizin dərinləşdirilməsi istiqamətində işi davam etdirəcəkdir.
Fürsətdən istifadə edərək dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.
Zati-aliləri, ən dərin ehtiramımı qəbul edin.
Hörmətlə,
Antonis SAMARAS,
Yunanıstan
Respublikasının Baş naziri
Azərbaycan.-2013.- 25 oktyabr.- S. 1.