Avropa Parlamentinin
Azərbaycanda keçirilmiş prezident seçkilərini müşahidə
missiyasının rəhbəri: «DTİHB-nin
tərkibinə siyasi məsuliyyəti olmayan ekspertləri yığırlar»
Avropa Parlamentinin Azərbaycanda
keçirilmiş prezident
seçkilərində müşahidə aparan
missiyasının rəhbəri Pino Arlakkinin APA-ya müsahibəsi
- Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair Avropa Parlamentində aparılan müzakirələrdə iştirak etmisinizmi və bir sıra deputatların tənqidi mövqelərini, qəbul olunan qətnaməni necə qiymətləndirirsiniz?
- Əvvəla, mən Avropa Qonşuluq Siyasəti barədə qətnaməyə edilmiş və Azərbaycandakı prezident seçkilərinin tənqid olunduğu əlavələrə elə də böyük əhəmiyyət verməzdim. Ona görə ki, bu məsələdə məhz bizim müşahidə missiyamızın nəticələri nəzərə alınır, biz isə bəyan etmişik ki, seçki azad və ədalətli keçirilib. İkincisi, çox pisdir ki, Avropa Parlamentindəki bəzi qruplar, məsələn, bu əlavələrin təşəbbüskarı olan "Yaşıllar" bu cür neqativ kökləniblər və bütün parlamentə münasibətdə belə qərəzlidirlər. Məlum qətnamə bu prosesə çox da əhəmiyyət verməyən auditoriyanın dəstəyi ilə qəbul olunub. Parlamentdə çoxluq təşkil edən Sosialistlər qrupu bitərəf qalıb. Ona görə mən demək istəməzdim ki, bu qətnamə bizim bəyan etdiklərimizə ziddir. Qətnamədə bizim qiymətləndirməmizin yanlış olduğu deyilmir, sadəcə, qeyd edilir ki, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatı etibarlıdır.
- Söylədiyinizə görə, tənqidi mövqe tutanlar müəyyən qrup parlamentarlar olub. Sizcə, onların niyyəti nədir?
- Parlamentdə və ondan kənarda bir çox insan gözləyirdi ki, biz Azərbaycanı sıfır səviyyədə demokratiyanın olduğu və qanunlara hörmət göstərilməyən avtoritar ölkə obrazında təsvir etmək ideyasına dəstək verəcəyik. Bizim qiymətləndirməmiz bu obrazla tam ziddiyyət təşkil etdiyi üçün bu qruplar məyus oldular və bizə zərbə vurmağa çalışdılar. Çünki biz həqiqəti dedik və Azərbaycan haqqında yanlış təsəvvürləri dəstəkləməkdən imtina etdik.
- Bəs Siz Avropa Parlamenti, AŞ PA və ATƏT DTİHB-nin müşahidə missiyalarının qiymətləndirmələrinin bu qədər fərqlənməsini necə izah edə bilərsiniz?
- Çox sadə. Seçkilərdə 3 fərqli assambleya - Avropa Şurası, ATƏT və Avropa Parlamentindən 66 parlamentar müşahidə apardı. Biz hamımız sərbəst müşahidə apardıq və bizdə seçkilər barədə müsbət fikir formalaşdı. DTİHB-nin tərkibinə isə siyasi məsuliyyəti olmayan, seçilməmiş, belə deyək, ekspertləri yığırlar. Onları manipulə etmək asandır. Bizim qiymətimiz məsuliyyət hissi ilə verilib. Biz parlamentar olaraq seçkiləri daha yaxşı bilirik, nəinki növbəti dəfə iş almaq barədə düşünən ekspertlər.
- Müşahidə barədə Bakıda ilkin rəyinizi təqdim edərkən bildirdiniz ki, missiyanın yekun hesabatı da olacaq. Bu hesabat nə vaxt açıqlanacaq?
- Biz
artıq qısa hesabat hazırlamışıq və bir
müddət sonra ətraflı hesabat
açıqlayacağıq. Sənəd Xarici
işlər üzrə komitədə müzakirədən sonra hazır olacaq.
Düşünürəm ki, bu, yaxın iki həftə
ərzində baş verəcək. Biz artıq ilkin müzakirə
aparmışıq və mən missiyanın
apardığı müşahidənin nəticələrini
təqdim etmişəm. Komitə daxilində hansısa xüsusi etirazlar
olmadı. Xarici işlər komitəsinin
üzvlərinin əksəriyyəti seçkiləri izləmiş
təcrübəli siyasətçilərdən ibarətdir və
onlar öz həmkarlarının
işinə hörmətlə yanaşır.
Azərbaycan.-2013.- 26 oktyabr.- S. 4.