Romada Azərbaycana həsr edilmiş təqdimat mərasimi olmuşdur
Oktyabrın 25-də Romada yerləşən İtaliya Silahlı Qüvvələrinin Ali Müdafiə Araşdırmaları Mərkəzində Azərbaycana həsr olunmuş təqdimat keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə mərkəzin rəhbər heyəti və yüksək rütbəli zabitlər iştirak etmişlər.
Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov ölkəmizin tarixi, xarici siyasətinin əsas istiqamətləri, ölkələrimiz arasındakı münasibətlər barədə ətraflı məlumat vermişdir. Azərbaycanda baş verən siyasi və iqtisadi proseslərdən danışan səfir bu sahədə əldə olunan uğurlardan da söz açmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir qeyd etmişdir ki, 20 ildən artıqdır ki, ermənilər tərəfindən ölkəmizə qarşı etnik təmizləmə siyasəti həyata keçirilir. Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun ərazisi işğal olunmuş, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Vaqif Sadıqov işğal edilmiş Azərbaycan torpaqlarından erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsi barədə də məlumat vermişdir. Bildirmişdir ki, Ermənistan uzun illərdir həyata keçirdiyi işğalçılıq siyasətinə son qoymasa, Azərbaycan Ordusu torpaqlarımızın azad olunması istiqamətində üzərinə düşən öhdəliyi yerinə yetirmək məcburiyyətində qalacaqdır.
Tədbirdə
təqdimatla çıxış edən ölkəmizin
İtaliyadakı hərbi attaşesi, polkovnik Ənvər
İbrahimov Azərbaycan Silahlı Qüvvələrinin yaranma
tarixi, müstəqillik dövründə hərbi sahədə
əldə olunan uğurlardan danışmışdır. Diqqətə
çatdırmışdır ki, Azərbaycan
hərbçiləri NATO-nun həyata keçirdiyi sülhməramlı əməliyyatlarda
fəal iştirak edirlər.
Ənvər
İbrahimov həmçinin tədbir
iştirakçılarına Azərbaycan və İtaliya
arasında hərbi əməkdaşlığın
hazırkı vəziyyəti və bu sahədə
görüləcək işlər barədə də məlumat
vermişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Maqsud DADAŞOV,
AzərTAc-ın xüsusi müxbiri
Roma
Azərbaycan.-2013.- 26 oktyabr.- S. 4.