Professor Nərgiz PAŞAYEVA: Lord Freyzer Azərbaycan ilə
Britaniya arasında mədəni və humanitar təmasların genişlənməsi
işinə böyük töhfələr
vermişdir
Lord Freyzer Azərbaycan ilə Britaniya arasında mədəni və humanitar təmasların genişlənməsi işinə böyük töhfələr vermişdir.
Bu sözləri Londonda Lord Freyzerin xatirə gecəsində iştirak edən İngiltərə-Azərbaycan Cəmiyyətinin ölkəmiz tərəfindən həmsədri, professor Nərgiz Paşayeva AzərTAc-a müsahibəsində demişdir.
Professor bildirmişdir ki, mərhum həmsədr Lord Freyzerin həm cəmiyyətin fəaliyyətində, həm də hər iki ölkə arasındakı ikitərəfli münasibətlərin inkişaf etdirilməsində əhəmiyyətli rolu olmuşdur.
Lord Freyzerin Bakı səfəri haqqında məlumat verən N.Paşayeva onun səhhətinin yaxşı olmamasına baxmayaraq, ölkəmizin ictimai və sosial həyatı ilə yaxından maraqlandığını, ömrünün son günlərində belə uğurlu fəaliyyətlərindən qalmadığını diqqətə çatdırmışdır. Lord Freyzer kimi şəxsiyyətlərin təkcə bir xalq üçün deyil, dünya üçün əhəmiyyətli olduğunu deyən N.Paşayeva, onların bütün bəşəriyyəti və insanları sevdiyini vurğulamışdır. O, tarixdə bu cür şəxsiyyətlərin çoxalmasına ümid bəslədiyini diqqətə çatdırmışdır.
Həmsədrlik
etdiyi cəmiyyətin fəaliyyəti və gələcək
planları haqqında da məlumat verən N.Paşayeva
humanitar, mədəni, təhsil və başqa sahələrdə
layihələrin davam edəcəyini bildirmişdir. Ölkələrimiz arasındakı münasibətlərin
daha da inkişaf
etdirilməsinin cəmiyyətin ən böyük
məqsədlərindən olduğunu deyən
N.Paşayeva gələcəkdə də
uğurların daha da
artacağına ümidvar olduğunu
diqqətə çatdırmışdır. Qeyd
edilmişdir ki,
İngiltərə-Azərbaycan Cəmiyyəti hər iki ölkədə sevilir
və nüfuza malikdir.
Nüfuz qazanmağın asan
olmadığını bildirən professor,
bu etimadın cəmiyyət tərəfindən
gələcəkdə də doğruldulacağına əminliyini
ifadə etmişdir.
Azərbaycan.-2013.- 26 oktyabr.- S. 5.