Nağdsız ödənişlər iqtisadi inkişafa və şəffaflığa xidmət edir

 

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya Azərbaycan iqtisadiyyatının dinamik inkişafını bu gün də uğurla irəli aparmaqdadır. Bu strategiyanın təməlində ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik irsi, bu irsi uğurlu islahatların leytmotivinə çevirərək onu daha da dərinləşdirən Prezident İlham Əliyevin düşünülmüş və əsaslandırılmış iqtisadi mexanizmlər vasitəsilə həyata keçirdiyi yeni sosial-iqtisadi siyasət durur.

Müasir mərhələdə ölkədə pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri iqtisadi artımın və inkişafın başlıca şərti olan makroiqtisadi sabitliyin qorunmasına, bank sektorunda stabilliyin təmin olunmasına və maliyyə vasitəçiliyinin dərinləşməsinə yönəldilmişdir. Bu hədəflərə nail olmaq üçün pul siyasətinin və bank nəzarətinin strateji çərçivəsinin davamlı təkmilləşdirilməsi həyata keçirilir, habelə makroiqtisadi siyasətin koordinasiyasının daha da təkmilləşməsinə zəruri dəstək verilir və ən əsası nağdsız pul kütləsinin dövriyyəsinin artırılmasına istiqamətlənmiş kompleks tədbirlər görülür.

Son dövrlərdə milli iqtisadiyyatımızın qloballaşması, informasiya texnologiyalarının inkişafı nəticəsində daxili və beynəlxalq maliyyə transaksiyalarında müxtəlif tipli plastik kartlar, internet və digər elektron ödəmə sistemləri vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi xeyli artmışdır.

Aparılmış geniş islahatlara, əldə olunmuş nailiyyətlərə baxmayaraq, yaradılmış potensialdan və infrastruktur imkanlarından tam və səmərəli istifadə olunması, əlaqədar qurumların elektron ödəniş sistemlərinə texnoloji inteqrasiyası, habelə regionlarda elektron maliyyə xidmətlərinə çıxış imkanlarının formalaşdırılması istiqamətində hələ də bir sıra problemlər qalmaqdadır.

Ölkəmizdə dövriyyədə olan pul kütləsinin təhlili göstərir ki, nağd şəkildə aparılan əməliyyatların miqdarı nağdsız əməliyyatlara nisbətən xeyli çoxdur. Qeyri-nağd pul kütləsinin geniş pul kütləsindəki payının artırılması məsələsinin aktuallığı, bir tərəfdən iqtisadiyyatın idarə edilməsi və onun monitorinqinin aparılmasının əhəmiyyəti, digər tərəfdən isə vergitutma bazasının genişlənməsinin və iqtisadi münasibətlərdə şəffaflığın artırılmasının zəruriliyi ilə şərtlənir.

Məhz ona görə də bu məsələnin aktuallığını daim Prezident İlham Əliyev  vurğulamış, bu sahədə təxirəsalınmaz tədbirlərin görülməsi, ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və elektron ödəniş xidmətlərindən istifadənin əhatə dairəsinin genişləndirilməsi üçün müvafiq tapşırıqlar vermişdir.

Prezident İlham Əliyevin dediyi kimi: "Elə etməliyik ki, ticarət, məişət, iaşə obyektlərində nağd şəkildə ödəmələr minimuma endirilsin. ...Belə olan halda, əlbəttə ki, vergilər bazası heç səy göstərilmədən, avtomatik olaraq genişlənəcəkdir".

 

 

Nağdsız hesablaşmaların üstünlükləri

 

 

Müasir dövrün tələblərindən irəli gələrək maliyyə bazarının daha da inkişafı, iqtisadiyyata investisiya qoyuluşu imkanlarının genişləndirilməsi, vahid elektron ödəniş məkanının formalaşdırılması və ölkədə nağd pul dövriyyəsinin məhdudlaşdırılması ilə əlaqədar müasir elektron ödəniş xidmətlərinin daha da təkmilləşdirilməsi, nağdsız ödənişlərin stimullaşdırılması tədbirlərinin ardıcıl olaraq davam etdirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlər təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsi, korporativ sektorda şəffaflığın artırılması, o cümlədən vergidən yayınma hallarının aradan qaldırılmasına xidmət edir.

Nağdsız ödənişlərin genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin əsas məqsədi ölkədə iqtisadiyyatın inkişafının keyfiyyətcə yeni mərhələyə keçməsindən, iqtisadi sistemin subyektləri arasında şəffaflığa nail olunmasından, müşahidə oluna bilməyən iqtisadiyyatın (gizli iqtisadiyyat) həcminin azaldılmasından, vergilərdən yayınma hallarının minimuma endirilməsindən ibarətdir. Hazırda nəzarətdən kənar qalan iqtisadi əməliyyatlar bir tərəfdən dövlət büdcəsinə daxil olan vergi daxilolmalarının azalmasına, digər tərəfdən isə iqtisadi mexanizmlər vasitəsilə dövlət tərəfindən iqtisadi tənzimləmə üsullarının effektivliyinin aşağı düşməsinə səbəb olur.

Ölkədə nağd pul dövriyyəsinin miqyasının böyük olması (2012-ci ildə - 67 faiz) iqtisadiyyatı iri həcmdə investisiya-kredit resurslarından məhrum edir, bank sisteminin maliyyə vasitəçiliyini məhdudlaşdırır. Eyni zamanda, nağd pul dövriyyəsinin üstünlük təşkil etməsi bir sıra struktur problemlərin, o cümlədən maliyyə intizamının pozulması, şəffaflığın aşağı olması, qeyri-mütəşəkkil pərakəndə ticarətin üstünlük təşkil etməsi və s. kimi problemlərin yaranmasına gətirib çıxarır. Bu problemlərin həllində elektron ödəniş sistemlərindən geniş istifadə olunması, dövriyyədə olan pul kütləsində qeyri-nağd pul kütləsinin xüsusi çəkisinin (2012-ci ildə - 33 faiz) artmasına və bank sisteminin resurs mənbələrinin əhəmiyyətli dərəcədə genişlənməsinə şərait yarada bilər.

 

 

 

Nağdsız ödənişlərin

 

genişləndirilməsi

 

aspektləri - Nəzəri və praktik yanaşma

 

 

 

Müasir dövrdə Azərbaycanda nağdsız ödənişlər müxtəlif formalarda (banklar, POS-terminallar, bankomatlar, internet vasitəsilə və digər) həyata keçirilir. Hazırda Azərbaycanda qeyri-nağd pul kütləsinin ÜDM-dəki payı 8,4 faiz təşkil edir. Rusiyada bu göstərici 32, Baltikyanı ölkələrdə 40-45 faizdir.

Nağd pul dövriyyəsinin iqtisadiyyata bir sıra mənfi təsirlərini nəzərə alaraq nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində qeyri-nağd pul kütləsinin həcmi illər üzrə xeyli artmışdır. Ölkəmizdə 2005-ci illə müqayisədə bu göstərici 2012-ci ildə 18,3 dəfə artaraq 249,3 milyon manatdan 4549,8 milyon manata çatmışdır. Lakin bu dövr ərzində eyni zamanda pul kütləsi də 17,3 dəfə artaraq 796,7 milyon manata qarşı 13806,4 milyon manat olmuşdur ki, bu da müvafiq olaraq nağd ödənişlərin də 16,9 dəfə artımı deməkdir. Yəni, müqayisə edilən illər ərzində nağd pul kütləsinin həcmi 547,4 milyon manatdan artaraq 9256,6 milyon manata bərabər olmuşdur.

Burada müsbət tendensiya ondan ibarətdir ki, əvvəla, ümumi pul dövriyyəsi iqtisadiyyatın real dinamik inkişafına əsaslanmış, ikincisi isə qeyri-nağd pul kütləsinin artım dinamikası nağd pul kütləsinin artım dinamikasını üstələmişdir. Lakin bu müsbət məqamlarla yanaşı, mənfi hal ondan ibarətdir ki, nağdsız ödənişlərin iqtisadiyyatda xüsusi çəkisi kifayət qədər ləng templə artaraq inkişaf etmiş ölkələrlə müqayisədə xeyli geri qalır. Daha dəqiq desək, 2005-ci ildə nağd pulun xüsusi çəkisi 69 və qeyri-nağd pul kütləsi 31 faiz təşkil etmişdirsə, 2012-ci ildə bu göstəricilər müvafiq olaraq 67 və 33 faizə bərabər olmuşdur.

Qeyd etmək lazımdır ki, beynəlxalq təcrübədə ölkələr üzrə nağdsız ödənişlərin ümumi pul dövriyyəsindəki xüsusi çəkisinin təhlili pul aqreqatlarının seçimindən asılı olaraq bir-birindən fərqlidir.

Təhlillər göstərir ki, ölkəmizdə nağdlaşmanın iqtisadi miqyası digər ölkələrlə müqayisədə yüksəkdir. Bu göstərici 2012-ci ildə Gürcüstanda 19,6, Polşada 15,5, Qazaxıstanda 13,2, Türkiyədə 7 faiz olduğu halda, Azərbaycanda 55,2 faiz olmuşdur.

Dövriyyədə olan nağd pul kütləsinin azaldılması ölkə iqtisadiyyatının monetləşmə səviyyəsini optimal həddə saxlamağa hər şeydən əvvəl daxili monetləşmə mənbələri hesabına formalaşdırmaqla iqtisadiyyatın prioritetləri ilə ciddi şəkildə uzlaşdırmağa, aşağı monetləşmə səviyyəsində monetar xarakterli inflyasiya risklərini məhdudlaşdırmağa imkan yaradar. Bu göstərici Azərbaycanda 2012-ci ildə 26 faiz təşkil etdiyi halda, Rusiyada 44, ABŞ-da 66, Almaniyada 84, Çində 188 faiz olmuşdur. Qeyd edək ki, monetləşmə səviyyəsi 2005-ci ildə 6 faiz təşkil etməklə ötən 7 il ərzində 4 dəfədən çox artmışdır. Hazırda iqtisadi təhlildə ölkəyə daxil olan pul köçürmələrinin təyinatı üzrə xərclənməsi haqqında konkret tədqiqat aparılmasa da, ekspert qiymətləndirilməsinə əsasən demək olar ki, bu vəsaitlərin təxminən 60 faizi istehlaka, 40 faizi isə investisiyaya sərf olunur.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, nağdsız ödənişlərin və bank xidmətlərinin, kredit sistemlərinin genişlənməsi əhalinin istehlak davranışında yeni münasibətlər yaratmışdır. Bu problemlərdən biri - əhalinin banklara olan borclarının artması hətta bir çox ölkələrdə böyük qalmaqala səbəb olmuşdur.

 

 

 

Əməliyyatlar üzrə xidmət tarifləri

 

 

Milli ödəniş sisteminin inkişafı yeni xidmət sahəsinin formalaşmasına səbəb olmuşdur. Belə ki, POS-terminalların tətbiqi bu sahəyə xidmət göstərən bank qurumlarının əlavə gəlir mənbələridir. Banklar POS-terminaldan istifadəyə görə və POS-terminal vasitəsilə həyata keçirilən əməliyyatlara görə təsərrüfat subyektlərindən müvafiq xidmət haqları alırlar. Beynəlxalq sferada bu xidmət ekvayrinq xidməti adlanır. Belə ki, POS-terminal vasitəsilə həyata keçirilən əməliyyatların aylıq həcmi orta hesabla 1000 manatadək olan təsərrüfat subyektləri üçün aylıq sabit xidmət haqqı alınır. Bu aylıq xidmət haqqı 50 manata qədərdir. 1000 manatdan artıq olan təsərrüfat subyektləri üçün isə aylıq xidmət haqqı həmin əməliyyatın 1-3 faizi həddində müəyyən edilmişdir. POS-terminalların alınması və quraşdırılması, həmçinin həmin avadanlıq üçün rabitə xidmətlərinin ödənişi bankın xidmət haqqına daxildir.

Qeyd etmək lazımdır ki, tariflərin yüksək olması birbaşa POS-terminallardan istifadə səviyyəsinin aşağı düşməsinə, satıcıların istehlakçılar tərəfindən plastik kartlarla ödəniş aparmalarına bir o qədər də meyilli olmamaları və son nəticədə nağd vəsaitlərin qəbuluna üstünlük verilməsinə səbəb olur. Burada xidmət tariflərinin yüksək olmasını nağdsız ödənişlərin genişləndirilməsinə maneə törədən əsas amillərdən biri kimi qiymətləndirmək olar.

Müqayisə üçün qeyd edək ki, Ukraynada banka məxsus kartlar vasitəsilə POS-terminal üzrə aparılan ödəniş məbləğinə görə təsərrüfat subyektindən 1-2 faiz həcmində, digər banka məxsus kartlar vasitəsilə aparılan ödəniş məbləğinə görə 2-2,8 faizi həcmində ekvayrinq (xidmət tarifləri) tələb edilir.

Rusiyada isə bir qayda olaraq banka məxsus kartlar vasitəsilə POS-terminal üzrə aparılan ödəniş məbləğinə görə təsərrüfat subyektindən 1-1,5 faiz həcmində, digər banka məxsus kartlar vasitəsilə aparılan ödəniş məbləğinə görə 2 faizi həcmində ekvayrinq tələb olunur. Qazaxıstanda banka məxsus kart vasitəsilə ödəniş aparıldıqda 0,5-2 faiz, digər banklara məxsus kartlarla ödəmə aparıldıqda isə 1,5-3 faiz xidmət haqqı tutulur. Moldovada POS-terminallar vasitəsilə əməliyyatlar yerli banklar tərəfindən təqdim olunan kartlarla aparıldıqda 1,8 faiz, xarici banklar tərəfindən verilən kartlarla aparıldıqda isə 2,8 faiz həcmində komisyon haqqı tutulur.

Türkiyədə isə vəziyyət nisbətən fərqlidir. Bu ölkədə aparılan ödənişlərə görə təsərrüfat subyektlərinə tətbiq olunan tariflər nisbətən aşağı müəyyən olunub. Belə ki, əməliyyat POS-terminalı quraşdıran bankın kartı ilə aparıldıqda 1,25-1,4 faiz, digər yerli bank kartı ilə aparıldıqda 1,7-1,85 faiz, xarici bank kartı ilə aparıldıqda isə 1-1,7 faiz komissyon haqqı tutulur. Bolqarıstanda fiziki şəxslərə (vətəndaşlara) məxsus debit kartlarla POS-terminallar vasitəsilə aparılan ödənişlərə görə 0,7 faiz komisyon haqqı tutulur. Hüquqi şəxslərə məxsus kartlarla aparılan əməliyyatlara nisbətən yüksək tarif (1,7 faiz) tətbiq olunur.

Göründüyü kimi, MDB-yə üzv dövlətlərə nisbətən müqayisə olunan digər ölkələrdə (Türkiyə, Bolqarıstan) POS-terminallarla aparılan ödənişlərə tətbiq olunan xidmət tarifləri aşağı səviyyədə müəyyən edilib ki, bu da təsərrüfat subyektlərinin bank xərclərinin azalmasına və onların maliyyə imkanlarının yüksəlməsinə imkan verir.

Psixoloji amillər. Dünya iqtisadi fikir tarixi sübut edir ki, bilavasitə insan psixologiyasına əsaslanan iqtisadi nəzəriyyələr daha uzunömürlü olmuş və konkret nəticələrə gətirib çıxarmışdır. İnsan iqtisadiyyatda istehsalçı olmaqla yanaşı, eyni zamanda, istehlakçıdır. Məhz bu dualizm, ikili münasibət son zamanlar geniş şəkildə tətbiq edilən insan inkişafı konsepsiyasının əsas paradiqmasını təşkil edir.

Prezident İlham Əliyev demişdir: "Birinci növbədə bu, psixoloji bir məsələdir. Buna bir növ öyrəşmək lazım idi. ...Bütövlükdə ölkə üzrə bu məsələnin - nağdsız ödəmələrin həlli bizim bütün maliyyə sistemimizə çox müsbət təsir göstərəcəkdir".

Nağd və nağdsız dövriyyələr arasında qarşılıqlı əlaqədə və bu münasibətdə nağdsız əməliyyatların həcminin getdikcə artmasında psixoloji amillərin rolu bir çox hallarda mühüm əhəmiyyət kəsb edir. Müşahidələr və təhlillər göstərir ki, mentalitet və psixoloji amillərin təsiri altında nağd əməliyyatların məhdudlaşması və nağdsız əməliyyatların həcminin artırılması digər vasitələrlə (inzibati cərimələr, sərt məhdudiyyətlər və s.) müqayisədə daha effektlidir.

İnsanların gəlirlərinin artım templəri ilə xərclərinin artım templəri bir-birindən fərqlidir. Ev təsərrüfatları gəlirlərin artımı ilə öz istehlaklarını yüksəldirlər, lakin gəlirlərin artımına adekvat miqyasda deyil, əmanətlərin artırılması meylinə imkan verən həcmdə yüksəldirlər.

Cəmiyyətdə belə iqtisadi-psixoloji vəziyyət əmələ gəlir ki, gəlirlərin yüksəlməsi ilə onlar öz istehlaklarını artırırlar, lakin bu artımın ölçüsü fərqlənir. Gəlirlər nə qədər sürətlə yüksəlirsə, insanlar şəxsi istehlaka yönəltdikləri hissəni azaldırlar, lakin aşkar və qeyri-aşkar əmanətlərə gedən hissəsini yüksəldirlər. Eyni zamanda qeyd etmək lazımdır ki, iqtisadi artım və onun nəticəsində əhalinin gəlirlərinin artması və əsas baza rolunu oynayan tələbinin (ərzaq və qeyri-ərzaq) ödənilməsi bəzi psixoloji stereotipləri yaratmışdır. Ailələr öz gəlirlərini digər (daha yüksəkgəlirli) ailələrlə müqayisə etməyə meyillidirlər.

Əsas psixoloji qanun ondan ibarətdir ki, insanlar yığıma meyillidirlər.

Lakin əhalinin əlində olan nağd pul kütləsinin miqdarı qismən yaxşı halda nağd ödəniş dövriyyəsinə daxil olur, pis halda isə ehtiyat yastığı kimi dövriyyədən çıxarılır.

2013-cü il iyul ayının 1-nə əhalinin banklardakı əmanətlərinin qalığı 5922,2 milyon manat təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35,4 faiz artmışdır. Əmanətlərin 3583,8 milyon manatı və ya 60,5 faizi milli, 2338,4 milyon manatı isə xarici valyuta şəklində qoyulmuş, əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 44,5 və 23,6 faiz artmışdır. Əhalinin əmanətlərinin belə sürətlə artması bir tərəfdən həyat səviyyəsinin yüksəlməsi ilə, digər tərəfdən isə həmin vəsaitlərin digər investisiya məqsədli layihələrə yönəldilməsinə risk etməmələri ilə əlaqədardır. Bunun əsas səbəbi qiymətli kağızlar bazarının maliyyə bazarının tələblərindən geri qalması və depozitlərin faiz dərəcələrinin kifayət qədər yüksək olması ilə bağlıdır.

 

 

Nağdsız ödəmə avadanlıqlarının tətbiqi

 

 

Nağdsız dövriyyənin artırılmasının əsas şərtlərindən biri nağdsız ödəmə avadanlıqlarının tətbiqinin genişləndirilməsidir. Son illərdə ölkəmizdə bank sisteminin geniş inkişafı müşahidə olunur. Belə ki, Mərkəzi Bankın məlumatlarına əsasən 2013-cü il 1 iyul tarixinədək ölkəmizdə 43 yerli bank fəaliyyət göstərmişdir ki, bunlardan 42-si özəl banklardır. İki bank isə xarici bankların filialı kimi fəaliyyət göstərir. Yerli özəl bankların regionlarda və Bakı şəhərinin müxtəlif rayonlarında 640 filialı fəaliyyət göstərir. Eyni zamanda, hazırda nağdsız hesablaşmaların həcmi, bankomat və POS-terminalların sayı durmadan artmaqdadır. Qeyd olunan dövrdə ölkəmizdəki bankomatların sayı 2351 ədəd olmuşdur. Bunlardan 1324 ədədi Bakıda, 1027 ədədi isə regionlardadır.

Digər ölkələrlə aparılan müqayisələrin nəticəsi bu sahədə hələ də qənaətbəxş səviyyəyə nail olunmadığını göstərir. Belə ki, 2012-ci il üzrə hər milyon nəfərə düşən bankomatların sayı Qazaxıstanda 490, Latviyada 624, Estoniyada 618 olduğu halda, bu göstərici Azərbaycanda 239 təşkil etmişdir. Sözsüz ki, bankomatlar təkcə nağd vəsaitlərin çıxarılması üçün deyil, digər əməliyyatların (kommunal xidmətlərtin ödənişi, kartlara transfer və s.) aparılması üçün əlverişli vasitə olduğundan ölkəmizdə bankomatların sayının və funksiyalarının artırılması məsələsi aktuallığını hələ də saxlamaqdadır.

Hazırda POS-terminalların sayı da artırılaraq 2010-cu ildə 7872, 2011-ci ildə 13220, 2012-ci ildə 36860, 2013-cü ilin ilk 6 ayında isə 37166-ya çatdırılmışdır. Onların 33284-ü Bakıda, 3882-si regionlardadır. Cari ilin ilk 6 ayı ərzində POS-terminallar vasitəsilə aparılan əməliyyatların sayı 4293 min, həcmi 432 milyon manat təşkil etmişdir.

2012-ci ilə olan məlumata əsasən, ölkəmiz (4130) hər milyon nəfərə düşən POS-terminaların sayına görə Qazaxıstanı (1708), qabaqlasa da, digər ölkələrlə Latviya - (12100) Estoniya (20273) ilə müqayisədə geridə qalır.

POS-terminalların mülkiyyət məsələsinin dəqiqləşdirilməsi də ölkələr üzrə fərqlidir. Belə ki, Ukraynada təsərrüfat subyektinin istəyindən asılı olaraq POS-terminal dəyəri ödənilməklə onun mülkiyyətinə keçirilə bilər, eyni zamanda, bank tərəfindən müəyyən edilən və razılaşdırılan məbləğlə bankdan icarəyə götürülə bilər. Rusiya Federasiyasında bütün POS-terminal aparatları bankın mülkiyyətinə aiddir. Rusiya, Türkiyə və Moldovada POS-terminalların quraşdırılması ödənişsiz həyata keçirilir.

Azərbaycanda plastik kartların sayı 2013-cü ilin iyununa olan məlumata əsasən, 5301 min ədədə çatmışdır. Bunlardan 4665 mini debet kartları, 636 mini isə kredit kartlarıdır.

 

Nağdsız ödənişlərin

 

genişləndirilməsi - Beynəlxalq təcrübə

 

 

İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə nağdsız ödənişlərin genişləndirilməsi əsasən üç istiqamətdə aparılmışdır. Bunlar stimullaşdırma, məhdudlaşdırma və cərimələrin tətbiqidir.

Stimullaşdırıcı tədbirlər Nağdsız ödənişlərin ümumi pul dövriyyəsindəki payı kifayət qədər yüksək olan ölkələrin təcrübəsi və psixoloji amillərin təhlili gəstərir ki, əhalinin bu vərdişlərə adaptasiyası müəyyən zaman tələb edir. Uzun müddət istehlak bazarında alış-veriş əməliyyatlarının nağd şəkildə həyata keçirilməsi əhali qruplarının qısa müddətdə nağdsız əməliyyatlara keçməsi müəyyən çətinliklər və koqnitiv xərclərlə bağlıdır.

Nağdsız ödənişlərin stimullaşdırılması təcrübəsinə nümunə olaraq qeyd edək ki, Kolumbiyada debet və kredit kartları ilə ödəniş edən istehlakçılar üçün əlavə dəyər vergisi 2 faiz azaldılır. Macarıstanda isə POS-terminalların quraşdırılması üçün 3 il müddətinə subsidiyalar ayrılmışdır. İsveçdə il ərzində plastik kartlarla edilən ödənişlərin 2 faizi həcmində kart sahibinə əlavə bonus verilir.

Məhdudlaşdırıcı tədbirlər Beynəlxalq təcrübədə nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri müxtəlif istiqamətlərdə həyata keçirilir. Bu istiqamətlər əsasən nağd ödənişlərin maksimal həddinin müəyyən edilməsi və həmin həddən yuxarı məbləğlərin cərimələnməsi ilə bağlıdır. Ölkələr üzrə nağd şəkildə aparılmasına yol verilən ödənişlərin müəyyən edilən maksimal həddi ölkənin iqtisadi konyunkturasından, ölkədə elektron sistemlərin inkişaf səviyyəsindən asılı olaraq bir-birindən fərqlənir. Məsələn, Bolqarıstanda - bu halda 9500 ABŞ dolları (bir əqd üzrə), Rusiyada - 3400 dollar (bir əqd üzrə) təşkil edir. MDB ölkələrindən Qazaxıstanda 26 min, Belarusda 1,7 min dollardan artıq əməliyyatlar nağdsız qaydada aparılmalıdır. Nağdsız ödənişlərə qoyulan maksimal həddin aşılmasına görə Bolqarıstanda - maksimal həddən artıq olan məbləğin fiziki şəxslər üçün 25, hüquqi şəxslər üçün 50 faizi, Fransada maksimal həddən artıq olan məbləğin fiziki şəxslər üçün 20000 dollar, hüquqi şəxslər üçün 5 faizi həcmində cərimə tətbiq olunur.

Prezident İlham Əliyevin dediyi kimi: "Əlbəttə, Azərbaycan inkişafda olan dövlətdir və bizdə bu sahədə hələ ki vəziyyət inkişaf etmiş ölkələrdəki kimi deyildir. Amma biz buna çatmalıyıq. Çünki biz qarşıya hədəf qoymuşuq ki, bütün sahələrdə inkişaf etmiş ölkələrin səviyyəsində olmalıyıq və onların müsbət təcrübələrini Azərbaycanda tətbiq etməliyik".

Hazırda Azərbaycanda nağdsız ödənişlərin aparılması ilə bağlı texniki vasitələr və infrastruktur yaradılmışdır. Respublikamızda nağd əməliyyatların məhdudlaşdırılması və nağdsız ödənişlərin stimullaşdırma tədbirləri üç əsas istiqamət üzrə aparılır. Bunlar istehlakçıların maraqlarının nəzərə alınması, istehsalçıların və sahibkarlıq subyektlərinin maraqlarının nəzərə alınması, bank və kredit sektorunun maraqlarının nəzərə alınmasıdır.

Nağdsız əməliyyatları həyata keçirən istehlakçılara nağdsız apardıqları əməliyyatların həcminə uyğun bonuslar şəklində müəyyən məbləğlərin qaytarılması, vergi ödəyicilərinə isə bir sıra ölkələrdə tətbiq olunan nağdsız qaydada aparılan əməliyyatlara müəyyən vergi güzəştləri tətbiqi nəzərdə tutulur.

Hər bir vətəndaşın və vergi ödəyicilərinin mənafeyinə xidmət edən stimullaşdırıcı tədbirlər nəticəsində son yarım ildə nağdsız ödənişlərin stimullaşdırılmasında Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları "Nağdsız ödənişlər üzrə lider bank", "Elektron bankçılıq xidmətlərində lider bank" nominasiyaları üzrə xeyli irəliləyiş nəzərə çarpır. 2013-cü ilin əvvəllərindən kommersiya bankları endirimli kredit kartları (bolkart, albalı kart, vorlkart) vasitəsilə müştərilərə ucuz qiymətə məhsul alıb, hissə-hissə ödəmək imkanı yaratmışlar. Bunun nəticəsində ölkədə nağdsız ödənişlərin həcmi nəzərəçarpacaq dərəcədə artmışdır. Eyni zamanda, banklar özləri nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə bir sıra kampaniyalar ("Nağdsız ödə, nağd qazan", "Kartla ödə, Apple qazan", "Kreditinizi ödəyin və qazanın") həyata keçirməkdədir. Bir sıra banklarda ticarət qurumları ilə intensiv elektron əməliyyatlar aparan, internet vasitəsilə ödənişləri həyata keçirən müştərilərə 5 faiz güzəşt tətbiq olunur.

Bunlarla yanaşı, nağdsız ödənişlərin genişləndirilməsinə əlverişli şəraitin yaradılması məqsədilə ölkə rəhbəri cənab İlham Əliyevin "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" Fərmanının icrası nəticəsində əldə edilən uğurlardan biri kimi 2012-ci ildə vergi və rüsumların internet vasitəsilə ödənilməsi üçün elektron ödəniş sisteminin tətbiqinə başlanılmasını göstərə bilərik. Ötən ildə 85,6 milyon manat vergi və rüsum məbləğlərinin ödənilməsi elektron ödəniş sistemi vasitəsilə həyata keçirilmişdir. Vergi və rüsumların elektron qaydada ödənilməsi həm Vergilər Nazirliyinin "İnternet Vergi İdarəsi" portalı (www.e-taxes.gov.az), həm də Mərkəzi Bankın "Kütləvi Ödənişlər üzrə Mərkəzi Ödənişlər Sistemi" (www.apus.az) üzərindən aparıla bilər.

Qeyd olunan tədbirlərlə yanaşı, nağdsız ödəmələrin səviyyəsini ölkə iqtisadiyyatının inkişaf səviyyəsinə qaldırmaq üçün "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunun tətbiqi ilə bağlı dövlət başçısı cənab İlham Əliyevin imzaladığı Fərmanla Vergilər Nazirliyinə ölkə iqtisadiyyatında şəffaflığın artırılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması ilə bağlı təkliflər paketinin hazırlanması barədə tapşırıq verilmişdir. Tapşırığın icrası məqsədilə qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşaraq  ölkə iqtisadiyyatındakı mövcud durum və iqtisadiyyatın spesifikasiyası nəzərə alınmaqla nağdsız hesablaşmalara üstünlük verilməsini, müasir dünyanın istifadə etdiyi ödəniş alətlərinin tətbiqinin genişləndirilməsini stimullaşdıran geniş təkliflər paketi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilmişdir. Təkliflər hazırlanan zaman psixoloji amillər, yerli mentalitet və digər xüsusiyyətlər də nəzərə alınmışdır ki, bu da nağdsız hesablaşmaların, ödəmələrin sayının artmasına imkan verəcəkdir.

Qeyd olunmalıdır ki, nağd əməliyyatların məhdudlaşdırılması və müəyyən olunmuş həddən artıq nağd qaydada ödəniş həyata keçirənlərə maliyyə sanksiyalarının tətbiq olunması ilə bağlı müddəalar beynəlxalq təcrübəyə əsaslanır. Belə ki, İspaniya, Bolqarıstan, İtaliya, Yunanıstan, Çex Respublikası, Argentina və Meksika kimi ölkələr iqtisadiyyatda şəffaflığın artırılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə analoji tədbirlər həyata keçirirlər.

Prezident İlham Əliyev bu mövzudan bəhs edərkən demişdir: "Hesab edirəm ki, biz nağdsız ödəmələrin səviyyəsini, həcmini artıra, eyni zamanda, vergilərin yığımında daha da böyük uğurlara nail ola, xoşagəlməz halların qarşısını daha da sürətlə ala bilərik".                                                                                                        

Göründüyü kimi, ölkə iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi, ödəniş kartları bazarının inkişaf etdirilməsi, alqı-satqı əməliyyatları üzrə hesablaşmalarda kartlardan istifadənin miqyasının genişləndirilməsi dövlətin daim diqqət mərkəzində olan məsələlərdəndir. Müasir qloballaşan dünyada Azərbaycanın rolunun artması, bir çox beynəlxalq reytinqlərə, o cümlədən qlobal rəqabətlilik indeksinə görə 148 ölkə arasında Azərbaycanın 39-cu pillədə qərar tutması beynəlxalq aləmdə imicini yüksəltmişdir. Nəzərə alınmalıdır ki, nağd ödənişlərin məhdudlaşdırılması və nağdsız əməliyyatların stimulaşdırılması tədbirləri Azərbaycanın bu sahədə daha da irəli getməsinə, beynəlxalq iqtisadi münasibətlərdə mövqeyinin möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edir.

Hökumət vətəndaşların elektron ödəniş sistemlərinə çıxış imkanlarının yaxşılaşdırılması, elektron ödəniş sistemlərində yaradılmış potensialdan effektiv istifadənin təmin olunması, institusional bazanın genişləndirilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirir. Sosial-iqtisadi faktorlar nəzərə alınmaqla bu tədbirlərin səmərəliliyinin artırılması aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsi zərurətini yaradır. İlk növbədə, ölkə Prezidentinin müvafiq Fərmanının icrası məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması ilə bağlı təqdim olunan təkliflər paketi bu sahədə ciddi nəticələrin əldə olunmasına şərait yaradacaq. İkincisi, POS-terminallardan kartlarla ödəniş aparılmasına görə banklar tərəfindən təsərrüfat subyektlərinə tətbiq olunan xidmət tariflərinin aşağı salınması nağdsız əməliyyatların həcmini artıracaq. Nəhayət, nağdsız hesablaşmalarda əhalinin rolu mövzusunda məlumatlandırıcı və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi iqtisadiyyatda nağdsız dövriyyənin artırılması istiqamətində əhalinin, cəmiyyətin bu işdə fəallıq səviyyəsini yüksəldəcək.

Elektron kommersiyanın tətbiqinin genişləndirilməsi, iqtisadiyyatın yeni qeyri-ənənəvi sahəsi olan rəqəmsal iqtisadiyyatın yaranması, elektron məhsulların ümumi istehlak bazarında alış və satışının artırılması nağdsız ödənişlərin bazasını genişləndirəcək.

POS-terminalların və bankomatların əhatə miqyasının və tətbiqi dairəsinin genişləndirilməsi nağdsız hesablaşmaların aparılmasına əlverişli imkan yaratmaqla yanaşı, maliyyə resurslarının qənaət olunmasına və şəffaflığın artmasına səbəb olacaqdır.

Xidmət tariflərinin aşağı salınması bilavasitə nağdsız əməliyyatların həcminin artmasına, banklara əlavə maliyyə vəsaitlərinin daxil olmasına əlverişli şərait yaradacaqdır. Daxil olan əlavə maliyyə resursları hesabına banklar xidmət tariflərinin aşağı salınmasında itirdikləri vəsaitləri nəinki kompensasiya edəcək, hətta yaranan kredit resursları hesabına əlavə gəlirlər əldə edə biləcəklər. Qeyd olunan tədbirlər həyata keçirilən zaman milli mentalitet nəzərə alınmalı, bu sahədə mövcud olan psixoloji amillər araşdırılmalıdır. Bu tədbirlərə uyğun olaraq mütəmadi olaraq POS-terminallardan istifadə qaydası və əhəmiyyəti, plastik kartlarla nağdsız ödənişin aparılmasının yaratdığı geniş imkanlar, nağd puldan istifadə zamanı yarana biləcək neqativ hallar, nağdsız ödənişlərdə vətəndaşların rolu və digər məsələlər geniş ictimaiyyətə çatdırılmalıdır. Şübhəsiz ki, bu tədbirlər gələcəkdə nağdsız əməliyyatların həcmini yüksəltməklə bu sahədə keyfiyyətcə yeni nəticələrin əldə olunmasına zəmin yaradacaqdır.

Bütövlükdə nağdsız hesablaşmalar sahəsində mövcud vəziyyət ölkə iqtisadiyyatının inkişaf səviyyəsinə, aparılan irimiqyaslı islahatlara, dövlət başçısı tərəfindən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında qarşıya qoyulan məqsəd və hədəflərə uyğun gəlmir. Qloballaşan dünya iqtisadiyyatında maliyyə transaksiyalarının aparılmasında nağdsız iqtisadiyyatın hegemon bir mövqe tutduğu şəraitdə Azərbaycanda nağd əməliyyatların yüksək səviyyədə olması bu sahədə ciddi addımların atılmasının imperativ xarakter daşımasını sübut edir. Qısa müddətdə bu sahədə kompleks tədbirlərin görülməsi həm iqtisadi sistemdə şəffaflığın artırılmasına, həm kölgə iqtisadiyyatının minimum səviyyəyə endirilməsinə, eyni zamanda, maliyyə sisteminin də güclənməsinə imkan verəcəkdir.

 

 

 

Akif MUSAYEV,

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar

 baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü,

 iqtisad elmləri doktoru, professor

Azərbaycan.-2013.-  26 oktyabr.- S. 6.