Vergilər naziri İsmayıllıda vətəndaşları qəbul etmişdir

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.

Növbəti belə bir qəbul oktyabrın 25-də İsmayıllıda vergilər naziri Fazil Məmmədov tərəfindən aparılmışdır.

Nazirliyin müvafiq struktur rəhbərlərinin də  qatıldıqları qəbul Heydər Əliyev Mərkəzində təşkil olunmuşdur. Qəbulda İsmayıllı, Qəbələ və Oğuz rayonlarından olan vətəndaşlar iştirak etmişlər.

Qəbula gələnlər nazir F.Məmmədova vergi ödəyicilərinə göstərilən xidmətlər, vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri,  vergi inzibatçılığı sahəsində qarşılaşdıqları problemlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və onları narahat edən digər məsələlərlə  bağlı müraciət etmişlər.

Bütün müraciətlər diqqətlə dinlənilmiş, vətəndaşların qarşılaşdıqları çətinlik və problemlərin əksəriyyəti yerindəcə həll olunmuşdur. Bir sıra məsələlərin araşdırılması və lazımi tədbirlərin görülməsi üçün  müvafiq tapşırıqlar verilmişdir. Qəbul zamanı verilmiş müxtəlif təkliflər qeydə alınaraq nəzarətə götürülmüşdür.

Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış şəraitdən və əlverişli imkandan razılıqlarını bildirmişlər.

 

 

AzərTAc

Azərbaycan.-2013.-  26 oktyabr.- S. 7.