İqtisadiyyat və sənaye
naziri Cəlilabadda vətəndaşları
qəbul etmişdir
Oktyabrın 25-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Cəlilabad Olimpiya İdman Kompleksində Masallı, Yardımlı, Biləsuvar və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul etmişdir.
60-a yaxın vətəndaşın iştirak etdiyi qəbulda sakinlərin müraciətləri əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, kiçik istehsal və emal sahələrinin yaradılması, abadlıq işlərinin genişləndirilməsi, kənd məktəbinin təmiri, sosial və sair məsələlərlə bağlı olmuşdur.
Vətəndaşların müraciətləri və təklifləri diqqətlə dinlənilmiş, qaldırılan məsələlər nazirliyin aidiyyəti struktur bölmələri rəhbərlərinin iştirakı ilə operativ şəkildə araşdırılmış və bir sıra məsələlər yerindəcə həllini tapmışdır.
İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması, müvafiq tədbirlərin görülməsi və aidiyyəti qurumlara çatdırılması məqsədi ilə qeydiyyata alınmışdır.
Qəbula gəlmiş sahibkarlarla regionun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi barədə müzakirələr aparılmış, onların təklifləri dinlənilmiş, heyvandarlıq, quşçuluq, üzümçülük, meyvəçilik, kənd təsərrüfatı məhsullarının emalı, mebel istehsalı üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilmişdir.
Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilmişdir. Hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılmış, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür.
Cəlilabadda vətəndaşların qəbulu ilə bağlı ictimaiyyət əvvəlcədən məlumatlandırılmışdır. Qəbula dair kütləvi informasiya vasitələrində müvafiq elanlar verilmiş və qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilmişdir. Nazirliyin saytında və "Facebook" səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi vasitəsilə də vətəndaşların qəbula dair müraciətləri qeydiyyata alınmışdır.
Qəbula
gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti
orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə
vətəndaşların qəbulunun təşkilindən
razılıqlarını ifadə edərək yaradılan
şəraitə görə dövlət
başçısına minnətdarlıqlarını
bildirmişlər.
AzərTAc
Azərbaycan.-2013.- 26 oktyabr.- S. 7.