Misirin nüfuzlu
«Əl-Aləm əl-yaum» qəzetində Azərbaycanda
keçirilmiş
president seçkiləri ilə bağlı məqalə dərc
olunmuşdur
Misirin nüfuzlu "Əl-Aləm əl-yaum" qəzetində səfir Şahin Abdullayevin Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı məqaləsi dərc edilmişdir.
Azərbaycanın Misirdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalədə ölkədəki seçkiqabağı vəziyyət, namizədlər üçün yaradılmış şərait haqqında ətraflı məlumat verilmişdir. Səfir seçkiləri çoxlu sayda beynəlxalq və yerli müşahidəçinin izlədiyini vurğulamış, prezidentliyə namizədlərin seçkiqabağı təşviqat üçün ödənişsiz efir vaxtından və digər mətbuat vasitələrindən istifadə etmək hüququna malik olduqlarını qeyd etmişdir. Diplomat 10 namizəd arasında İlham Əliyevin digər namizədləri böyük səs çoxluğu ilə üstələyərək yenidən Azərbaycan Respublikasının Prezidenti seçildiyini vurğulamışdır.
Məqalədə, həmçinin Azərbaycanın enerji təhlükəsizliyi sahəsində Avropanın regiondakı əsas tərəfdaşı olduğu, eyni zamanda, ölkənin xarici siyasətinin əsas prioritetlərindən birinin Ərəb-İslam dünyası ilə əməkdaşlığın təşkil etdiyi oxucuların diqqətinə çatdırılmışdır.
Səfir məqalədə son 10 ildə Azərbaycanın əldə etdiyi uğurlardan da bəhs etmiş, borc alan ölkədən borc verən ölkəyə çevrildiyini bildirmişdir.
Diplomat kifayət qədər mürəkkəb, eyni zamanda, strateji əhəmiyyətli bölgədə yerləşdiyinə görə Azərbaycanın xarici siyasət kursunu müəyyənləşdirərkən bir tərəfdən özünün milli maraqlarını qorumaq və bölgənin aparıcı dövləti statusunu saxlamaq, digər tərəfdən də bölgədə maraqları olan bütün dövlətlərlə, habelə qonşularla bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinə malik olmaq meyarlarından çıxış etdiyini bildirmişdir.
Müəllif Azərbaycan hökumətinin ötən 10 ildə həyata keçirdiyi islahatlardan, iqtisadi sahədə əldə etdiyi nailiyyətlərdən söz açmış, bütün bu nailiyyətlərin əsas səbəbi kimi ölkədəki daxili siyasi sabitliyin təmin olunmasını göstərmişdir. O, həmçinin əldə edilmiş uğurları dövlətin iqtisadi qüdrətinin artması və xarici asılılığın tamamilə aradan qalxması ilə əlaqələndirmişdir.
Azərbaycanın neft-qaz ölkəsi kimi tanınması ilə yanaşı, qeyri-neft sektorunun da inkişafını vurğulayan səfir artıq xarici valyuta ehtiyatlarının 48 milyard manatı keçdiyini, bununla da ötən illər ərzində ölkə iqtisadiyyatının çoxşaxəli inkişafına yönəlmiş islahatların nəticəsində qeyri-neft sektorunda 2,7 dəfə real artımın olduğunu bildirmişdir. 2003-2012-ci illərdə qeyri-neft sektorunda artımın dünyada ən yüksək göstəricilərdən birini təşkil edərək ildə orta hesabla 10 faiz olduğu, bundan əlavə, son 10 ildə ölkədə açılan 1 milyon 200 mindən artıq yeni iş yerinin 90 faizdən çoxunun qeyri-neft sektorunun payına düşdüyü qeyd edilmişdir.
Ş.Abdullayev
Azərbaycanda ötən 10 il ərzində turizm sektorunun
inkişafına yönəlmiş dövlət proqramları,
bu sahəyə yatırılan investisiyalar haqqında ətraflı
məlumat vermiş, 2012-ci ildə Azərbaycana gələn
xaricilərin sayının iki milyondan çox olduğunu
bildirmişdir.
Əhalinin
sosial rifahının və həyat şəraitinin yüksəldiyini
vurğulayan müəllif qeyd etmişdir ki, 2003-cü ildə
səhiyyəyə ayrılan xərclər cəmi 69 milyon
manat olduğu halda, 2013-cü ildə bu rəqəm 666,3 milyon
manata, təhsilə ayrılan xərclər isə 2003-cü
ildəki 243 milyon manatdan 1,5 milyard manata
çatdırılmışdır.
Azərbaycan.-2013.- 27 oktyabr.- S. 2.