Qaçqın və məcburi köçkünlərə dövlət qayğısının uğurlu təcəssümü

 

Yeni salınan 82 müasir tipli qəsəbədə 40 min

 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb

 

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq  norma və prinsiplər əsasında həlli istiqamətində 20 ildən artıqdır sülh danışıqları aparılsa da, dövlət başçısının dəfələrlə beynəlxalq tədbirlərdə, görüş və müzakirələrdə qeyd etdiyi kimi, təcavüzkarın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində problem hələ də  həllini gözləyir. İldən-ilə iqtisadi, siyasi, hərbi və digər sahələrdə sürətli inkişafa nail olan Azərbaycanla təcavüzkar Ermənistanı bu gün müqayisə etmək, sadəcə, absurd olardı.

Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan iqtisadi sahədə Ermənistandan ən azı 10 dəfə güclüdür. Hərbi sahədə də üstünlüyü ələ alan Azərbaycan dövləti Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etmək istəyindədir. Bu da, təbii ki, geosiyasi vəziyyət və bölgədə gedən proseslərlə bağlıdır. Gedən proseslər  söyləməyə əsas verir ki, danışıqlar bir nəticə verməlidir: Ermənistan çox ciddi təhlil apararaq, real vəziyyəti dərk edərək ona aid olmayan torpaqlardan çəkiləcək və beləliklə, qan tökülmədən Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək.

Ermənistanın təcavüzkar siyasətinin qurbanlarına çevrilən 1 milyon 200 min qaçqın və məcburi köçkünün isə münaqişənin həllinə qədər yaşayış  şəraitinin yaxşılaşdırılmasi istiqamətində dövlət tərəfindən aparılan sosial-humanitar siyasət nəticəsində bütünlüklə çadır düşərgələri ləğv edilmiş, əvəzində yeni qəsəbələr və yaşayış binaları inşa olunmuşdur. Əsas və mühüm  məsələ ərazilərin işğalçılardan azad edilməsi və məcburi köçkünlərin doğma yurd yerlərinə qaytarılmasıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli labüddür və işğalçı tərəf bunu anlamalıdır. Dövlət başçısının dediyi kimi: "Beləliklə, münaqişənin həlli qaçılmazdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Dağlıq Qarabağda, Şuşada, Xankəndidə, işğal edilmiş digər torpaqlarda Azərbaycan bayrağı qaldırılacaqdır".

Hələlik isə doğma yurd-yuvalarından zorla qovulmuş soydaşlarımızın sosial müdafiəsi məqsədi ilə 2003-2013-cü illərdə ölkə Prezidenti tərəfindən 51 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 165 qərar və sərəncam, Milli Məclis isə 10 qanun qəbul etmişdir.

Məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan dövlət siyasəti beynəlxalq aləmdə də birmənalı şəkildə təqdir olunur və nümunəyə çevrilib. İndiyə kimi  bu sahədə həyata keçirilmiş tədbirlər Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamı ilə təcdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" və həmin proqrama edilmiş əlavələrə əsaslanır.

2003-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 37 min ailə və ya 166 min nəfərdən çox məcburi köçkün üçün 2,2 milyon kvadratmetr sahəsi olan 61 qəsəbə və fərdi evlər inşa edilib. Yeni salınmış qəsəbələrdə 139 təhsil ocağı, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi, 34 klub-icma mərkəzi, 28 rabitə evi tikilərək həmin yeni yaşayış sahələrində məskunlaşan məcburi köçkün soydaşlarımızın istifadəsinə verilib.

Salınmış yeni qəsəbələrdə 490,6 kilometr yol, 644 kilometrlik su, 1059 kilometrlik hava, 310 kilometrlik qaz, 75,5 kilometrlik kanalizasiya, 20 kilometrlik istilik xətlərinin çəkilməsi göstərir ki, məcburi köçkünlərin mənzil-məişət problemi kompleks şəkildə həllini tapmaqdadır.

Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir tipli qəsəbə salınıb ki, bununla da 40 min qaçqın və məcburi köçkün ailəsinin (180 min nəfərədək) mənzil-məişət şəraiti yaxşılaşdırılıb və proses davam etdirilməkdədir.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı", 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli və 2011-ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamları ilə həmin dövlət proqramına əlavələr təsdiq edilmişdir.

Ötən illərdə həyata keçirilən tədbirlər nəticəsində həmin dövlət proqramı və  əlavələr, eləcə də digər normativ aktlar uğurla icra olunmaqdadır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin miqdarı 3,6 dəfə artırılaraq, 2013-cü ilin avqustundan 18,1 manata çatdırılmışdır.

Yeri gəlmişkən, Qaradağ rayonunun Müşfiqabad, Abşeronun isə Masazır qəsəbələrində məcburi köçkünlər üçün salınmış yeni hündürmərtəbəli yaşayış binaları kompleksinə Bakı şəhəri ərazisində ağır şəraitdə yaşayan məcburi köçkünlərin köçürülmə prosesi başa çatsa da, hələ bu problem tamamilə öz həllini tapmayıb. Ona görə də Bakı və ətraf ərazilərdə məskunlaşan bütün məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Dövlətqaçqınkom tərəfindən müvafiq tədbirlər görülür. Belə ki, Abşeron rayonunun Qobu bələdiyyəsi ərazisində (ilkin mərhələdə 8000 ailənin məskunlaşdırılması üçün) 2014-cü ildə layihələndirmə işlərinə başlanılacaq. 2015-ci ildə isə yaşayış kompleksinin texniki infrastrukturunun qurulması və növbəti ildə mənzillərin tikintisinin başa çatdırılaraq məcburi köçkünlərin köçürülmə prosesinə başlanacağı nəzərdə tutulub.

Bir sözlə, yerləşdiyi geosiyasi məkanda əsaslı mövqeyə malik olan Azərbaycan artıq həm də beynəlxalq aləmdə söz sahibinə çevrilib. Bu isə Ermənistana çox ciddi siqnaldır, münaqişənin tezliklə həlli o cümlədən onların da xeyrinə olardı.

 

 

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2013.- 27 oktyabr.- S.4.