Vətəninə yaxşı oğul ola bilmişdi
"Dünya bir pəncərədir, hər gələn baxar gedər", - deyiblər. Baxmağına hamı baxır... Amma heç də hamı özündən sonra gələn nəsillərin baxması üçün bir iz, görüb-götürməsi üçün pak əməllər, yaxşı nümunə qoyub gedə bilmir. Bunları özündən sonra nişanə qoyub getmək üçün bəlkə də heç dahi olmaq, tarix kitablarında qalmaq da lazım deyil. Sadəcə sənə verilən ömür payını, keçdiyin həyat yollarının qısa, yaxud uzun olmasına baxmayaraq, vicdanla və şərəflə yaşamaq kifayətdir.
Vicdan və şərəflə yaşamaq isə böyük, çox böyük bir işdir! Çətin missiyadır! Məsuliyyətli bir vəzifədir! Sözügedən keyfiyyətləri, yəni vicdanı və şərəfi qanından-genindən, əsil-nəcabətindən gələnlər, daxili dünyası xeyirxahlıqla, mənəvi sərvətlə, geniş mənada sevgi ilə dolu olanlar üçün bu, eyni zamanda, asan bir işdir. Çünki bütün bunlar bir cəm halında onları şərəflə və vicdanla yaşamağa sövq edir.
Ramiz Mirzəyevin keçdiyi həyat yoluna nəzər salarkən, ömür kitabını vərəqləyərkən məhz belə düşünürsən. 53 yaşdan cəmi 3 gün çox yaşayan, bu qısa ömründə seçdiyi fəaliyyət sahəsində və elmdə, cəmiyyət və xalq gözündə, ən başlıcası, insanlıqda, insanpərvərlikdə ucalığa, yüksəkliyə çatan Ramiz Mirzəyevi tanıyanların hamısı məhz bu cür fikirləşir, bu cür xatirələrə dalırlar.
2007-ci il oktyabrın 30-da dünyasını dəyişəndə Ramiz Mirzəyev Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, partiyanın Xətai rayon təşkilatının sədri və texnika elmləri doktoru idi... O, həm də tanınmış ictimai xadim sayılırdı.
Bəlkə də heç vaxt belə adlı-sanlı, şöhrətli olmağı qarşısına məqsəd qoymamışdı. Tovuzda sayılıb-seçilən, hamının hörmət bəslədiyi ziyalı ailəsində dünyaya göz açsa da, ata-anasından irsən təvazökarlıq, sadəlik əxz etmiş, insanları sevmək, onlara gərəkli olmaq nümunəsi götürmüşdü. Tovuzda orta məktəbdə oxumuş, Bakıda Azərbaycan Politexnik İnstitutunu bitirmiş, radiotexnika və radiorabitə üzrə mühəndis ixtisası qazanmışdı. Lakin qəlbinin, qabiliyyətinin və daha çox iş görmək, daha çox bəhrə vermək istəyinin böyüklüyü onu bir sahədə qapanıb qalmağa, yerində saymağa qoymurdu. O, istehsalatda müxtəlif vəzifələrdə çalışa-çalışa daha iki ali təhsil almış, namizədlik və doktorluq dissertasiyaları müdafiə etmişdi. Əmək fəaliyyətinə gənc mühəndis kimi başlayan Ramiz Mirzəyev bir sıra müəssisələrdə və vəzifələrdə çalışmışdı. Hamısında da ona tapşırılan etimadı doğrultmuş, mühəndis də, şöbə müdiri də, rəis və direktor da, nazir müavini də olanda çalışdığı kollektivi sevmiş və onun sevimlisi olmuşdu.
Ümumən götürəndə, istehsalatdakı fəaliyyəti əsasən neft-qaz sahəsi ilə bağlı idi. "Azqaztəmirtikinti" Trestinin İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsində baş mühəndis və rəis vəzifələrində çalışmışdı. Daha sonra 10 ilə yaxın "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətində rəis müavini, rəis və direktor olmuşdu. Altı il isə ARDNŞ-nin "Azərneftyağ" İstehsalat Birliyinin baş direktoru, "Azərneftyağ" Neft Emalı Zavodunun direktoru vəzifələrində işləmişdi. 2006-cı ildə yanacaq və energetika nazirinin müavini vəzifəsinə irəli çəkilmişdi.
Ramiz Mirzəyev bütün bu vəzifələrdə
etimadı doğrultmuşdu. Etimad onun üçün bir meyar kimi
çox dəyərli
idi. Özünəməxsus xarakterlə o, bu
inam və etibara ancaq şərəf
və ləyaqətlə
cavab verə bilərdi və məhz belə də olurdu. Üstəlik, neft və qazla bağlı olan sahədə işləmək, xüsusilə
rəhbər vəzifədə
işləmək çox
məsuliyyətlidir. Bu,
sözün birbaşa
mənasında odlu sahədir. Bir kibrit çöpündən,
bir siqaret kötüyündən nəhəng
bir müəssisə
alovlana bilər.
Qısası, bu sahə ilə bağlı istehsalatlarda çalışarkən
Ramiz Mirzəyevin nə gecəsi-gündüzü,
nə dincliyi-istirahəti
olmuşdu. Rəhbərlik etdiyi bütün müəssisələrdə işin
ahəngdarlığını və keyfiyyətini, istehsalatın düzgün
təşkilini təmin
edə bilmişdi.
Geridə qalan müəssisəni
qısa zamanda qabaqcıllar sırasına
çıxarmışdı.
Ramiz Mirzəyevin
dövlət və xalq qarşısında xidmətləri yalnız bunlarla bitmirdi. Onun fəaliyyəti
çoxşaxəli idi.
Keçən əsrin 80-ci illərinin
sonu, 90-cı illərinin
əvvəllərində baş
verən olaylar zamanı o, çox narahat idi. Cavan canına qıyaraq hadisələrin lap qaynar nöqtələrinə, bölgələrə
gedirdi, insanlarla görüşürdü. Bacardığı maddi və mənəvi köməyi
edirdi. Ən başlıcası isə, onlara düzgün yol göstərənlər sırasında
idi. Xalqın nicatının ulu
öndər Heydər
Əliyevin hakimiyyətə
qayıdışında olduğunu
izah edirdi. Ümummilli lider respublikaya ikinci dəfə rəhbərlik etdiyi və daha sonra
onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi zaman da öz əqidəsinə
sadiq qalaraq ölkədə gedən böyük quruculuq işlərində, iqtisadi
islahatlarda fəal iştirak edərək Azərbaycanın yüksəlişinə
öz töhfəsini
vermişdi.
2003-cü ildə Azərbaycan
Futbol Federasiyaları Assosiasiyasının prezidenti
seçilən Ramiz Mirzəyev ölkədə
futbolun inkişaf etdirilməsinə də xeyli əmək sərf etmişdi.
İstehsalat, elm, idman, ictimai
iş... Hərəsi bir insan ömrü tələb edən sahə. Bunların hər biri gündə
neçə olayla, neçə hadisə, tədbir, tapşırıq
və vəzifə ilə dolu sahələrdir.
Maraqlıdır ki, Ramiz Mirzəyev bütün bunlarla bahəm elmi yaradıcılıqla
məşğul olmağa
vaxt tapmışdı.
O, bir alim olaraq 50-dən çox elmi məqalə, monoqrafiya və dərsliyin müəllifidir.
Ramiz Mirzəyevi tanıyanların hamısı bütün bunları yaxşı bilir. Xalq və dövlət naminə çalışanların əməlləri onları qiyabi tanıyanlara da, onlardan sonra doğulan nəsillərə də yaxından məlum olur... Bu qeydlərin müəllifi isə həm də Ramiz Mirzəyevlə Tovuzda, bir məhəllədə böyüyən nəslin nümayəndəsi kimi onun həm də ata-anasına yaxşı oğul, yaxşı qardaş və ailə başçısı olduğunun da şahididir. Valideyninə yaxşı övlad olanlar vətəninə də yaxşı oğul olmağı bacarırlar. Ramiz Mirzəyev kimi...
Flora SADIQLI,
Azərbaycan.-2013.- 27 oktyabr.- S.5.