Sifarişli qərarlar, qərəzli hesabatlar

 

Avropa Parlamentinin ölkəmizdəki seçkilərlə

bağlı qərarı yalnız öz nüfuzuna mənfi təsir edəcək

 

 

Avropa Parlamentinin Azərbaycanda keçirilmiş prezident seçkilərinə ikili münasibəti ölkəmizdə kəskin etiraza səbəb olub. Çünki bu qurumun Azərbaycana göndərdiyi müşahidə missiyası seçkidən sonra açıqlama verərək tam demokratik, şəffaf seçkilərin keçirildiyini bəyan etmişdi. Ancaq nədənsə Avropa Parlamenti öz missiyasının hesabatını kənara ataraq tamam başqa sənəd qəbul edib.

Odur ki, təşkilatın bu addımı Azərbaycanda birmənalı qarşılana bilməzdi və artıq politoloqlar, siyasətçilər Avropa Parlamentinə ciddi etirazlarını bildiriblər.  

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova mətbuata açıqlamasında qeyd edib ki, 9 oktyabr prezident seçkilərinin ədalətli, azad keçirildiyini, bu prosesdə demokratik prinsiplərin qorunduğunu Azərbaycanda olan müşahidəçilər, eləcə də beynəlxalq müşahidəçilər etiraf etdi. Bu qədər beynəlxalq təşkilatların etirafından sonra Avropa Parlamentinin belə qərəzli mövqeyi anlaşılmazdır. R.Aslanova hesab edir ki, belə bir mövqe həmin qurumun siyasi nüfuzunun xeyli aşağı düşməsinə səbəb olacaq.

Onun sözlərinə görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasının rəhbəri Tana de Zuluetanın qərəzli mövqeyinə əsaslanaraq Avropa Parlamentinin bu cür mövqe bildirməsi Azərbaycana münasibətdə ikili standartlardan xəbər verir: "Beynəlxalq təşkilatların mövqeyinə yanaşarkən bir şeyi dəqiq bilməliyik ki, onların heç də hər biri ən ali prinsipləri rəhbər tutanikili standartlardan uzaq olan təşkilat deyil. Bəzən belə bir qəribə təəssürat yaranır ki, əgər bu qurum doğrudan da beynəlxalq təşkilat statusuna malikdirsə, onun bütün fəaliyyəti, bütün ölkələrə münasibəti olduqca şəffaf, obyektiv olmalıdır. Lakin bu heç də belə deyil. Çünki orada toplaşan həmin üzv-dövlətlər və nümayəndələrinin siyasi maraqları onların fəaliyyətini istiqamətləndirən şərtlərdir". Komitə sədrinin fikrincə, bu səbəbdən onların Azərbaycana münasibətdə belə bir mövqe tutmaları yolverilməzdir.

Avropa Parlamentinin üzvlərinin seçki ilə əlaqədar mövqeyinə qəti etirazını  bildirən R.Aslanova vurğulayıb ki, bu həmin qurumun Azərbaycana qarşı ilk qeyri-obyektiv mövqeyi deyil. Belə mövqelər dəfələrlə olub. Azərbaycan tərəfi isə öz mövqeyini bildirib: "Biz Avropa İttifaqının üzvü deyilik. Lakin bu, o demək deyil ki, başqa bir dövlətin işinə bu cür müdaxilələr edilsin, bu dövlətdə olan uğurların təhrif olunmasına yol verilsin".

Bu gün Azərbaycan istər ATƏT-də, istər Avropa Şurasında güclü söz sahibidir.  Bu, dövlət başçısının apardığı siyasət nəticəsində əldə olunub. R.Aslanova inanır ki, Avropa İttifaqı da Azərbaycan adlı güclü, böyük gələcəyə malik dövlətin uğurlarını etiraf etməli olacaq. Çünki Azərbaycanın həm sürətli iqtisadi inkişafı, həyata keçirilən islahatlar göstərir ki, ölkəmiz demokratiya yolunda addımlamaqla universal dəyərlərə sadiqdirbu, göz qabağındadır. İstəsələr də, istəməsələr də, öz maraqlarına uyğun çıxış edərək səhv mövqe tutsalar da, gec-tez anlayacaqlar ki, bu dövlətlə hesablaşmalıdırlar, bu dövlətin hüquqlarına hörmət etməlidirlər və qərəzli mövqelərindən əl çəkməlidirlər: "Möhtərəm Prezident andiçmə mərasimində çox gözəl söz söylədi: "Azərbaycan heç kimin qarşısında əyilməyib, Azərbaycanı tanıyırlar, etiraf edirlər, bundan sonra da etiraf edəcəklər. Azərbaycan bu gün heç olmadığı qədər güclüdür". Bunu etiraf etməlidirlər. Güclü dövlətlə hesablaşmağın vaxtı çatıb və hesablaşacaqlar da".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Çingiz Qənizadə isə bildirib ki, əksər beynəlxalq təşkilatların Azərbaycana göndərdikləri müşahidə missiyaları seçkilərin tam demokratik və ədalətli keçirilməsi ilə bağlı hesabatlar hazırlayıblar. Görünür, Avropa Parlamentinin rəhbərliyi və qurumun üzvləri 10 oktyabrda ATƏT-in sədri Leonid Kojaranın, AŞ PA və ATƏT PA-nın, eləcə də digər beynəlxalq müşahidə missiyalarının müsbət qiymətləndirməsini unudub: "Hesab edirəm ki, Avropa Parlamentinin son açıqlaması təkcə Azərbaycanda deyil, digər ölkələrdə də təəccüb doğurub. Çünki bir təşkilat seçki keçirilən ölkəyə müşahidə missiyası göndərir və həmin missiya seçkilərlə bağlı müsbət rəy verir. Ancaq seçkidən bir qədər keçmiş həmin təşkilat tamam başqa məlumat yayaraq fikir yayındırmağa çalışır. Belə hallar heç bir dövlət tərəfindən ciddiyə alına bilməz. Bütün bunlar onu göstərir ki, onlar bütövlükdə seçki prosesini ya ciddi müşahidə etməyiblər, ya da müşahidə edərkən subyektiv rəyləri ön plana çəkiblər".

Deputat hesab edir ki, Avropa Parlamenti bu addımı ilə öz nüfuzuna xələl gətirib. Eyni zamanda, Avropa Parlamentinin bu addımı Azərbaycanda daxili sabitliyi pozmağa  yönəlib. Hələ seçkilərdən öncə ATƏT DTİHB Azərbaycandakı ictimai-siyasi vəziyyətlə, seçkiöncəsi durumla bağlı iki dəfə aralıq hesabat verərək öz qərəzliliyini sübuta yetirmişdi: "Azərbaycanda seçkiyə hazırlıq prosesini izləyən, müşahidə aparan bir şəxs kimi deyə bilərəm ki, seçkiyə qədər bir məntəqədən belə MSK-ya şikayət daxil olmayıb. Ancaq həmin qurumun birinciikinci aralıq hesabatında tamam fərqli məlumatlar öz əksini tapmışdı. Ona görə də bəlli idi ki, seçkilərdən sonra ATƏT-in bu qurumu hansısa qüvvələrdən aldığı tapşırığa əsasən bəyanat verəcək. Avropa Parlamentinin rəhbərliyi də, çox güman ki, bu qərəzli qurumun hesabatını əsas götürərək öz nüfuzuna xələl gətirəcək addım atıb".    

Ç.Qənizadənin sözlərinə görə, Azərbaycanda daxili sabitliyi pozmağa çalışan qüvvələr heç vaxt niyyətlərinə çatmayıblar. Çünki xalq 9 oktyabrda bir daha həmin məkrli qüvvələrə göstərdi ki, Azərbaycanın xoşbəxt gələcəyi, qüdrətli dövlətə çevrilməsi yalnız Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində gerçəkləşə bilər.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2013.- 27 oktyabr.- S.5.