Türkiyə
Respublikasının Baş naziri zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
Hörmətli cənab Baş nazir!
Əziz qardaşım!
Qardaş Türkiyənin milli bayramı - Respublika gününün 90-cı ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün Türkiyə xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi yetirirəm.
Bu gün Türkiyə özünün iqtisadi yüksəlişi və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi ilə dünyada böyük nüfuz qazanmışdır. Biz Türkiyənin uğurlarına sevinir və bundan qürur hissi duyuruq.
Ortaq milli-mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı və tərəfdaşlığı dövlətlərarası münasibətlərimizin əsasını təşkil edir. Əminəm ki, tarixin bütün sınaqlarından çıxmış birliyimiz gələcək nəsillərə ən böyük ərməğan olacaqdır.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 oktyabr 2013-cü il
Azərbaycan.-2013.- 29 oktyabr.- S.1.