Nyu Yorkda Azərbaycanın
təşəbbüsü ilə «BMT və İslam
Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq
əlaqələrinin gücləndirilməsi» mövzusunda
yüksək səviyyəli iclas keçirilmişdir
BMT-nin Təhlükəsizlik Şurasında sədrlik vəzifəsini həyata keçirən Azərbaycanın təşəbbüsü ilə oktyabrın 28-də qurumun "Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclası keçirilmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Təhlükəsizlik Şurasında ilk dəfə bu mövzu üzrə təşkil edilən iclasın məqsədi BMT və üzvlərin sayına görə dünyada ikinci ən böyük hökumətlərarası təşkilat olan İqtisadi Əməkdaşlıq Təşkilatı arasında beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əməkdaşlığın hazırkı vəziyyətinin nəzərdən keçirilməsi, tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə dair mümkün tədbirlərin reallaşdırılması ilə bağlı müzakirələrin aparılması olmuşdur.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sədrlik etdiyi iclasda BMT-nin baş katibi Pan Gi Mun və İƏT-in baş katibi Ekmələddin İhsanoğlu, habelə Təhlükəsizlik Şurasının yüksək səviyyəli nümayəndələri iştirak etmişlər.
Hər iki təşkilatın baş katibləri Yaxın Şərq problemi və Suriyadakı böhran da daxil olmaqla beynəlxalq gündəlikdə duran bir sıra problemlər üzrə qlobal və regional proseslərdən danışmış, bu problemlərin həlli yollarının tapılmasında BMT-nin müvafiq hökumətlərarası təşkilatlarla sıx əməkdaşlığının vacibliyini qeyd etmişlər.
İƏT-in baş katibi çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer ayırmış, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsindən narahatlığını bildirmişdir. O, münaqişənin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməsinin vacibliyini vurğulamışdır.
Nazir
Elmar Məmmədyarov ötən illərdə İƏT-in
beynəlxalq sülh və təhlükəsizliyin təmin
olunması və qlobal səviyyədə sülh mədəniyyətinin
yayılmasında BMT-nin mühüm tərəfdaşı
kimi çıxış etdiyini bildirmişdir. O demişdir ki, Təhlükəsizlik
Şurasının gündəliyində duran
bir çox məsələlərin
islam dünyası ilə bilavasitə əlaqəsi
vardır və İƏT, təbii olaraq,
həmin problemlərin həlli ilə yaxından məşğuldur.
Məhz bu fakt Təhlükəsizlik
Şurası və İƏT arasında sıx əməkdaşlıq
və əlaqələndirmənin təmin olunmasını tələb
edir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan nazir qeyd etmişdir ki, hələ problemin başlandığı ilk vaxtlarda İƏT BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını təcavüz kimi qiymətləndirmişdir. E.Məmmədyarov demişdir ki, qətnamələrin yerinə yetirilməsinin təmin edilməsi məqsədi ilə İƏT-in qəbul etdiyi silsilə qərarlar beynəlxalq ictimaiyyət tərəfindən, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası və Baş Məclisi çərçivəsində Azərbaycan ərazilərinin işğalı məsələsinin nəzərdən keçirilməsində həlledici rol oynamışdır.
Nazir vurğulamışdır ki, Ermənistan işğalçı siyasətinə son qoymalıdır. Münaqişənin həll edilməsi və iki dövlət arasında normal münasibətlərin bərqərar olunması üçün yeganə vasitə Azərbaycan ərazilərinin işğalına son qoyulması, ölkənin suverenliyi və ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıtmaq hüququnun dərhal təmin edilməsidir.
Azərbaycan xarici siyasət idarəsinin rəhbəri islam mədəniyyətinin bəşəriyyətə, elmə və təhsilə verdiyi töhfələrə toxunaraq islamın başqa dinlərə və inanclara hörmət edən sülh dini olduğunu bildirmişdir. İslam dininə qarşı təhqir və hücum halları ilə mübarizə aparmaq üçün birgə səylərə və dialoqa ehtiyac duyulduğunu bildirən nazir qlobal səviyyədə dini və mədəni müxtəlifliyə hörmət etməyin vacibliyini vurğulamışdır.
İclasın
yekun sənədi kimi qəbul edilmiş Təhlükəsizlik
Şurası sədrinin bəyanatında BMT və İƏT
arasında əməkdaşlığın hazırkı vəziyyəti
alqışlanmış və bu əməkdaşlığın
gücləndirilməsinin vacibliyi qeyd edilmişdir. Bəyanatda
həmçinin münaqişələrin BMT Nizamnaməsi və
Təhlükəsizlik Şurasının qərarları əsasında
həll edilməsinə dair hər iki təşkilatın eyni
mövqedən çıxış etdiyi
bildirilmişdir.
Azərbaycan.-2013.- 29 oktyabr.- S. 2.