Azərbaycan Dillər Universitetində ümummilli
lider Heydər Əliyevin büstü
açılmışdır
Oktyabrın 28-də Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin büstünün və ADU-nun tələbəsi olmuş 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin muzeyinin açılış mərasimləri keçirilmişdir.
AzərTAc xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Universitetin foyesində qoyulan və müasir ornamentdə hazırlanmış büstün açılış mərasimində çıxış edən ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov ümummilli lider Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışmışdır.
S.Seyidov ulu öndərin Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyasına hər zaman böyük önəm verdiyini diqqətə çatdırmışdır. O, ümummilli liderin elm və təhsil sahəsində müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında və möhkəmlənməsində, daxili və xarici siyasət strategiyasının müəyyənləşdirilməsində misilsiz tarixi xidmətlərindən danışmışdır. O, həmçinin Azərbaycan Dillər Universitetinin ölkəmizin təhsil sistemində, ictimai-siyasi həyatında oynadığı mühüm roldan bəhs etmişdir.
Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ulu öndər Heydər Əliyevin Azərbaycanda elm və təhsilin, mədəniyyətin inkişafına, yüksək ixtisaslı milli kadrların hazırlanmasına göstərdiyi diqqət və qayğıdan söz açmış, ümummilli liderin parlaq ideyalarının daim yaşayacağını bildirmişdir.
Milli Məclisin deputatı Məlahət Həsənova bildirmişdir ki, dahi şəxsiyyət Heydər Əliyev bütün həyatını doğma xalqına, onun xoşbəxtliyinə, firavan gələcəyinə həsr etmişdir. O demişdir ki, Azərbaycanın müasir tarixinin böyük, həm də şərəfli bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin çoxşaxəli fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz, şərəfli bir hissəsini təşkil edir.
Sonra büstün üzərindən örtük götürülmüş, önünə əklil və gül dəstələri qoyulmuşdur.
Daha sonra universitetin foyesində 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin açıq muzeyinin açılışı olmuşdur.
Mərasimdə
çıxış edən Ülvi Bünyadzadənin
atası Yusif Bünyadzadə oğlunun uşaqlıqdan Vətənə
olan sevgisindən danışmışdır. Azərbaycanın
hər zaman qəhrəman oğullar
yetişdirdiyini deyən Y.Bünyadzadə
Ülvinin göstərdiyi igidliyə
görə fəxr etdiyini demişdir.
O, Azərbaycan xalqının hər zaman
şəhidlərə dərin ehtiram
göstərdiyini qeyd etmişdir.
Azərbaycan.-2013.- 29 oktyabr.- S. 3.