Parisdə Azərbaycanın mədəniyyət
və turizm nazirinin sədrliyi
ilə UNESCO-nun Qeyri-maddi
mədəni irsin qorunması üzrə
Hökumətlərarası Komitəsinin büro
iclası keçirilir
Xəbər verdiyimiz kimi, bu il dekabrın 2-dən 8-dək Bakıda UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası keçiriləcəkdir. Sessiya müddətində, həmçinin "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiyanın 10 illik yubileyi qeyd olunacaqdır.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bununla əlaqədar oktyabrın 28-də UNESCO-nun Paris şəhərində yerləşən baş mənzil-qərargahında bu qurumun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin büro iclası başlamışdır.
Azərbaycanın UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə sədrliyi ilə əlaqədar iclasa ölkəmizin nümayəndə heyətinin rəhbəri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sədrlik edir.
Büro iclasında UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının ilkin gündəliyi və praktik məsələlər müzakirə edilir. İclas zamanı Azərbaycan haqqında filmin nümayişi nəzərdə tutulur.
Tədbirdən
sonra isə UNESCO-nun baş direktoru İrina Bokova və mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə
"Qeyri-maddi mədəni irsin qorunması haqqında"
Konvensiyanın 10 illik yubileyinə həsr edilmiş sərginin
açılış mərasimi təşkil olunacaqdır.
Azərbaycan.-2013.- 29 oktyabr.- S. 4.