Ən doğru seçim
Azərbaycan
xalqı Prezident İlham
Əliyevin ətrafında sıx
birləşməklə
inkişafa, quruculuğa və etibarlı gələcəyə
səs verdi
Azərbaycan dövləti və xalqı demokratiya yolu ilə inamla irəlilədiyini bu günlərdə başa çatan mühüm siyasi hadisə - prezident seçkiləri ilə bir daha bütün dünyaya nümayiş etdirdi. Bu seçki bütün parametrləri ilə Azərbaycanın siyasi tarixinə ən demokratik, şəffaf, ədalətli və azad seçkilər kimi düşdü. Azərbaycan xalqı özünün tarixi və ən doğru seçimini edərək cənab İlham Əliyevlə davama səs verdi.
Bu mənada prezident seçkiləri Azərbaycan xalqının Heydər Əliyev yoluna sədaqətini, bu xəttin layiqli davamçısı İlham Əliyevə dərin etimadını bir daha təsdiq etdi. Xalq cənab İlham Əliyevin simasında ən layiqli namizədi dəstəkləməklə ulu öndər Heydər Əliyevin ideyalarının davam etdirilməsinə səs verdi, gələcəyini daha etibarlı əllərə əmanət etdi.
Prezident İlham Əliyev verdiyi bütün vədlərə sadiq qalaraq həm birinci, həm də ikinci prezidentliyi dövründə Azərbaycanı bütün sahələrdə inkişaf etdirdi və ötən 10 il tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olundu. Ötən 10 ilin sosial-iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, bu müddətdə ölkə iqtisadiyyatı 3,4 dəfə artıb, 150 milyard dollar investisiya qoyulub. Dövlət büdcəsinin həcmi 20 dəfəyədək artıb, strateji valyuta ehtiyatlarının həcmi 30 dəfə çoxalaraq 50 milyard dollara çatıb. Cənubi Qafqazda iqtisadiyyatın 80 faizi, strateji valyuta ehtiyatlarının isə 91 faizi respublikamızın payına düşür. Bunlardan başqa MDB məkanında iqtisadiyyatda keçid dövrünü başa vuran ilk dövlət olan Azərbaycan həm də milli iqtisadiyyatın rəqabət qabiliyyəti göstəricilərinə görə ölkəmiz 144 dövlət sırasında 39-cu yerdədir. Ötən 10 ildə sahibkarlıq subyektlərinin sayı 2,9 dəfə çoxalıb, 3592 istehsal və xidmət müəssisəsi yaradılıb, 1 milyon 200 mindən artıq iş yeri açılıb, işsizlik 5 faizə düşüb. Bu dövrdə əhalinin sosial müdafiəsinə və təminatına yönəldilən dövlət vəsaitinin həcmi 9 dəfə, pensiyalar 10 dəfə, maaşlar isə 6 dəfə artıb, yoxsulluq 10 dəfə azalaraq 6 faizdən də aşağı enib. Ölkəmizin müdafiə xərcləri 20 dəfə yüksəlib və Azərbaycanda indi 750 adda hərbi təyinatlı məhsul istehsal olunur.
Ötən 10 ildə Azərbaycanda sosial-iqtisadi infrastruktur da tamamilə yenilənib. Ölkədə 2708 məktəb, 500-ə yaxın tibb ocağı tikilib və əsaslı təmir olunub. 35 olimpiya idman kompleksi istifadəyə verilib, idman qurğularının sayı 10 minə çatdırılıb. 5 beynəlxalq hava limanı, 4 avtovağzal kompleksi, 4 metropoliten stansiyası tikilib, 10 min km-ə yaxın avtomobil yolu və 207 yeni körpü istifadəyə verilib və s. Bütün bunlar çoxsaylı statistik göstəricilərin bir hissəsidir. Odur ki, bu gün cənab İlham Əliyevin timsalında hər bir Azərbaycan vətəndaşı, hər bir seçici ölkənin tərəqqisinin simvolunu görür, bu böyük şəxsiyyəti inkişafın, müasirləşmənin təminatçısı kimi dəstəkləyir.
Sürətli inkişaf dövrünü yaşayan, BMT Təhlükəsizlik Şurasının üzvü olan və bu ilin fevralından kosmik klubun üzvünə çevrilən Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrilməsi və bu statusu uğurla daşıması bütün dünyanın, xüsusən bu regionu özünün iqtisadi mənafeyi baxımından vacib tərəfdaşı kimi görən Avropanın qəbul etdiyi inkarolunmaz reallıqdır. Elə buna görə də təsadüfi deyil ki, Cənubi Qafqazı əhatə edən hər hansı beynəlxalq layihənin Azərbaycanın maraqlarını nəzərə almadan həyata keçirilməsi mümkün deyil. Azərbaycanla hesablaşır, məsləhətləşirlər və hər bir əməkdaşlıq məsələsində əsas tərəfdaş kimi qəbul edirlər.
Azərbaycanın dinamik inkişafına görə ölkə vətəndaşları son prezident seçkilərində də cənab İlham Əliyevin adı üzərində dayanaraq seçimlərini etdilər. Bu mənada ötən 10 ildə ölkəmizin nail olduğu uğurlar, keçdiyi böyük inkişaf yolu cənab İlham Əliyevin növbəti prezident seçkilərində də qələbə qazanması ilə sonuclandı. Başqa cür ifadə etsək Azərbaycanda həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi layihələrin dövlətimizə və xalqımıza verdiyi dividendlərin, Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinin və digər nailiyyətlərin məntiqi yekunu cənab İlham Əliyevin prezident seçkilərində qazandığı qələbə idi. Bu belə də olmalı idi.
Təvazökarlığı, xalqa bağlılığı, qətiyyətliyi ilə Azərbaycan xalqının könlünə yol tapan, onun alternativsiz liderinə çevrilən cənab İlham Əliyev andiçmə mərasimini də təmtəraqlı şəkildə qeyd etmədi. Çünki Prezident dövlət səviyyəsində olan tədbirlərin və digər mərasimlərin həmişə işgüzar şəraitdə, təvazökar qaydada keçirilməsinin tərəfdarı olub. Öz çıxış və bəyanatlarında dəfələrlə dövlət məmurlarının qarşısında müxtəlif tədbirlərin, o cümlədən ad günlərinin, yubileylərin və digər mərasimlərin təmtəraqdan, dəbdəbədən uzaq, sadə şəkildə keçirilməsi tələbini qoyub. Dövlət başçısının daim sadə insanlarla təmasları, bölgələrə səfərləri zamanı sadə vətəndaşların qayğı və problemləri ilə yerindəcə tanış olması və digər faktlar İlham Əliyevin şəxsi timsalında sadəlik və təvazökarlıq nümunəsidir.
Son prezident seçkiləri bir sıra xüsusiyyətləri ilə diqqəti cəlb edir. Bu seçki seçicilərin fəallığı ilə əlamətdar oldu. Azərbaycan seçicilərinin səsvermədə fəal iştirakı vətəndaşların ölkənin siyasi taleyində əhəmiyyətli rol oynayan prezident seçkilərinə yüksək diqqət və maraq nümayiş etdirmələrini göstərdi. Müxtəlif siyasi partiyaları təmsil edən namizədlərin seçkiyə qatılması da seçki prosesinin fəal keçirilməsində mühüm rol oynayan amillərdən idi. Bütün namizədlərə seçki kampaniyasının hər mərhələsində eyni şərait yaradılmışdı. Namizədlərin səsvermə prosesindən sonra verdikləri açıqlamalar da bunu təsdiqləyir. Bütün məntəqələrdə seçkilər Seçki Məcəlləsinin tələblərinə uyğun, seçkinin nəticələrinə təsir edə biləcək heç bir nöqsana yol verilmədən keçirildi. Həm demokratik seçki qanunvericiliyinin olması, həm seçkilərin sivil normalara uyğun keçirilməsi üçün bütün tədbirlərin görülməsi, həm də Azərbaycan vətəndaşlarının prezident seçkilərinə marağının olması kampaniyanın xalqın iradəsini ifadə edəcək formada keçirilməsinə təminat verən cəhətlər idi.
Bu seçki həm də Azərbaycanda mükəmməl bir seçki sisteminin formalaşdığını bütün dünyaya nümayiş etdirdi. Müşahidəçi kimi seçkilərdə iştirak etdiyimdən bunun şəxsən şahidi oldum. Azərbaycanın seçki tarixində 2008-ci ildən başlayaraq tətbiq olunan və seçki məntəqələrindən kənarda internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu seçkilərdə də davam etdirildi. Seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün bütün digər vasitələrlə yanaşı, respublikadakı əvvəlki seçkilərdə veb-kamera quraşdırılmış məntəqələrin sayı 2 dəfə artırılaraq 500-dən 1000-ə çatdırıldı. Beləliklə, respublikanın işğal olunmuş əraziləri istisna olmaqla bütün coğrafiyasını əhatə edən 20 faizədək seçki məntəqələrində quraşdırılmış veb-kameralar vasitəsilə səsvermə günü seçkiləri "online" izləmə imkanları təmin olundu.
Bu seçkidə kameraların modeli və digər texniki avadanlıqlar da yenilənmişdi. Bu da seçki günü görüntülərin daha keyfiyyətli olmasına imkan verdi. Digər tərəfdən əvvəlki seçkilərdə seçicilər seçkinin gedişini veb-kamera ilə izləmək üçün kompyuterə xüsusi proqram yükləməli idilər. Bu da müəyyən problemlər yaradırdı. Çünki hər kəsin kompyuterdən istifadə etmək bacarığı eyni deyil. Lakin bu seçkidə heç bir xüsusi proqrama ehtiyac olmadı. İstifadəçi sadəcə bir düyməni vurmaqla seçkinin gedişatını canlı izləyə bildi. Beləliklə, veb-kameraların tətbiqi əvvəlki seçkilərdə olduğu kimi bu dəfə də seçkilərin şəffaflığının təmin olunması işinə dəyərli töhfə verdi.
Bu seçki Azərbaycanın demokratik dəyərlərə sadiqliyini bir daha bütün dünyaya nümayiş etdirdi, ölkəmizdə demokratik inkişafın göstəricisi kimi yadda qaldı. Azərbaycan hakimiyyəti seçkilərin demokratik, dünya standartlarına uyğun keçirilməsi üçün siyasi iradə və əzm nümayiş etdirdi. Beynəlxalq təşkilatların, dövlətlərin təmsilçiləri bunu yüksək qiymətləndirdilər. Artıq seçki gününün axşamı və sonrakı gün müşahidəci qismində ölkəmizə gələn beynəlxalq təşkilatların missiyaları, ayrı-ayrı ölkələrin deputatları seçkinin son dərəcə şəffaf keçirildiyini və ölkəmizin demokratiya yolu ilə inkişaf etməsinin şahidi olduqlarını birmənalı şəkildə bəyan etdilər. Beynəlxalq müşahidəçilərin bəyanat və rəylərində Azərbaycanın beynəlxalq təşkilatların qətnamələrini, habelə bu təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi yüksək dəyərləndirildi, Azərbaycanın dinc və sabit ölkə olduğunu sübut etdiyi diqqətə çatdırıldı.
Azərbaycanda seçki sisteminin bu cür demokratik və şəffaf meyarlar üzərində bərqərar olduğuna prezident seçkilərini müşahidə etməyə gələn hamı şahidlik etdi. AŞ PA, Avropa Parlamenti, Müstəqil Dövlətlər Birliyi, Türk PA, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, ABŞ Müstəqil Siyasi Monitorinq Mərkəzi, Türk Dövlətləri Əməkdaşlıq Şurası, Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi, Avropa Akademiyası, Beynəlxalq "İDEES" təşkilatı, Latin Amerikası və Karib dənizi ölkələri siyasi partiyalarının təşkilatı (COPPPAL), Qara Dəniz Ölkələri Vətəndaş Dialoqu, Rusiya İctimai Palatası, Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu, "Ədalətli Seçkilər Uğrunda" təşkilatı, Beynəlxalq Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı və digər qurumlar, həmçinin Fransa, İtaliya, Hindistan, Pakistan, Bolqarıstan və digər ölkələrdən olan müşahidəçi missiyaları Azərbaycanda seçkilərin demokratik, ədalətli, şəffaf və obyektiv keçirildiyini bəyan etdilər.
Yalnız ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının ilkin hesabatı bütün beynəlxalq təşkilatların, çoxsaylı müşahidəçilərin real müşahidələrinin və faktlara söykənən mövqelərinin əksinə oldu. Bunu da başa düşmək çətin deyil. Antiazərbaycançı şəbəkənin əlində alətə çevrilən bu təşkilat yenə də öz ənənəsinə sadiq qalaraq hesabatını qərəzli, qeyri-obyektiv məlumatlara istinad olunaraq hazırladı və Azərbaycanın seçki reallığını açıq-aşkar tam təhrif etdi. Bu həm də onu göstərdi ki, ATƏT DTİHB həqiqətin açıq şəkildə təhrif olunmasına xidmət edən aralıq hesabatdakı qərəzli xətti davam etdirir.
Onu da qeyd etmək yerinə düşər ki, bu ilin qışında Ermənistanda keçirilən seçkilərdə seçki qanunvericiliyinin, insan hüquq və azadlıqlarının açıq-aşkar pozulmasına, eləcə də prezidentliyə namizədlərdən birinə edilən sui-qəsdə baxmayaraq, ATƏT DTİHB seçkilərə müsbət qiymət vermişdi. Bununla belə bir fikir tam olaraq qətiləşir ki, ATƏT DTİHB antiazərbaycançı şəbəkəyə xidmət edir, müşahidəsinin nəticələrinə dair hesabatı isə seçkiləri keçirən dövlətin siyasi kursundan asılı olaraq hazırlanır.
ATƏT DTİHB-nin əvvəlki aralıq və seçkiyə dair ilkin hesabatlarındakı qərəz göstərir ki, bu qurum Azərbaycandakı seçki prosesinin diskrediyasiyasını açıq-aşkar öz qarşısına məqsəd kimi qoyub. Bu baxımdan DTİHB tərəfindən Azərbaycandakı seçki prosesinə və seçkinin özünə verilən qiymət siyasi riyakarlıqdan başqa bir şey deyil. Ən əsası isə azad və demokratik şəraitdə cənab İlham Əliyevə səs verən Azərbaycan vətəndaşları üçün ATƏT DTİHB-nin hesabatı heç bir məna kəsb etmir.
Qeyd etdiyim kimi bu seçki yüksək seçici fəallığı şəaritində baş tutdu. Seçicilərin 71,63 faizi səsvermədə iştirak etdi. Bu çox yüksək göstərici olmaqla Azərbaycan seçicilərinin seçkilərə yüksək marağı və onların növbəti 5 ildə öz talelərinə olan çox dolğun münasibətinin göstəricisi idi. Ümumi səslərin 3 milyon 697 min 970-i etibarlı hesab edildi. Bu səslərin 84,54 faizini (üç milyon yüz iyirmi altı min yüz on üç səs) toplamış cənab İlham Əliyev növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçildi.
Deputat kimi təmsil etdiyim Bakının Sabunçu rayonunda da seçicilər fəal idilər. Ümumiyyətlə, Sabunçu rayonu da ölkə miqyaslı siyasi proseslərdə mütəşəkkil iştirakı ilə diqqəti cəlb edir. İstər prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri bu rayonda həmişə yüksək səviyyədə baş tutub və indiyədək heç bir seçkidə ciddi qanun pozuntusu qeydə alınmayıb. Seçkilərdə fəal iştirak edən rayon seçiciləri hər zaman layiqli namizədləri dəstəkləyiblər. Son prezident seçkilərində isə rayon üzrə seçicilərin 70 faizə yaxını səsvermədə iştirak etdi. Nəticələr göstərir ki, Sabunçu sakinlərinin mütləq əksəriyyəti öz səslərini cənab İlham Əliyevə veriblər.
Onu da xatırladım ki, son prezident seçkilərində rayon üzrə üç seçki dairəsinin 108 seçki məntəqəsi üzrə 146091 nəfər seçici qeydə alınmışdı. Seçkidən əvvəl rayondakı bütün seçki məntəqələrinə bir daha baxış keçirilmiş, onların şəraiti və texniki vəziyyəti araşdırılmış, darısqal və ya seçki keçirilməsi üçün uyğun binalarda yerləşməyən məntəqələrin yerlərinin dəyişdirilməsi istiqamətində müvafiq işlər görülmüşdü. Seçki kampaniyası başladıqdan sonra mənqətələrin hər biri seçkiyə aid olan zəruri əşyalarla - səsvermə kabinələri, qutular, seyf, parça, ultrabənövşəyi lampalarla təchiz olunmuşdu.
Ölkədə bütün sahələrdə gedən inkişaf proseslərinin davamlı olmasına öz seçimi ilə töhfə verən Azərbaycan xalqı bu seçkilərdə İlham Əliyevə dəstəyini növbəti dəfə nümayiş etdirdi. Bu seçim, eyni zamanda Azərbaycan cəmiyyətinin öz layiqli liderinə sarsılmaz inam və rəğbətinin əyani təcəssümü olmaqla, mütləq əksəriyyətin istək və arzusunu özündə təcəssüm etdirməklə yanaşı, islahatlar kursunun qarşıdakı beş ildə də uğurlu davamına etibarlı təminat yaratmaq istəyindən irəli gəlir. Beləliklə, 9 oktyabrda keçirilmiş prezident seçkilərinin nəticələri göstərdi ki, Azərbaycan cəmiyyəti hazırkı siyasi kursu sürətli inkişafın və gələcək uğurların mühüm şərti olaraq qəbul edir.
Eldar QULİYEV,
Milli Məclisin Aqrar siyasət komitəsinin
sədr müavini
Azərbaycan.-2013.- 29 oktyabr.- S.5.