Cənab İlham
Əliyevin növbəti prezidentliyi
dövründə ölkəmiz daha böyük uğurlar qazanacaq
Gələcək
uğurların əldə edilməsində cəmiyyət həyatının
hər bir sahəsində fəallığı
ilə seçilən Azərbaycan gənclərinin mühüm töhfələri olacaq
Gənclərin inkişafının əsas şərtlərindən biri onların ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında aktiv iştiraka cəlb edilməsidir. Fərəhli haldır ki, Azərbaycanda dövlət gənclər siyasəti məhz prinsiplər əsasında formalaşıb və müvafiq hüquqi sənədlərdə də öz əksini taparaq həyata keçirilir. Ayıq, yetkin dövlət təfəkkürlü, yüksək intellektli, milli dəyərlərə bağlı sağlam, mənəviyyatlı gəncliyin formalaşdırılması bu siyasətin əsas istiqamətini təşkil edir.
Hələ 2011-ci ilin aprelində Prezident İlham Əliyevin müxtəlif sahələrdə uğurlar qazanmış gənclərlə görüşü Azərbaycan gəncliyinə dövlət tərəfindən diqqətin bariz təcəssümü idi. Gənclərin təhsili, məşğulluğunun artırılması, bir sözlə, gənclərin mənafeyi baxımından aktual məsələlərin müzakirə edildiyi bu görüş dünyada az rast gəlinəcək gözəl bir nümunə idi. Məhz həmin görüş Azərbaycan gəncliyinin inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Həmin görüşdən sonra hazırlanaraq təsdiq olunan və iki ildir uğurla icra edilən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması, təhsil almaları üçün bərabər imkanların təmin edilməsi, məşğulluğunun artırılması, sosial müdafiələrinin gücləndirilməsi, gənc kadrların hazırlanması, dövlət qulluğunda və idarəetmədə peşəkar və bilikli gənclərin sayının artırılması, gənc ailə institutunun möhkəmləndirilməsi, gənclərdə müasir düşüncə tərzinin formalaşdırılması, onların idarəetmə və tədqiqat yönlü fəaliyyətə cəlb edilməsi kimi günümüzlə səsləşən aktual məsələləri əhatə edir.
Bu gün Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas vəzifələrdən biri hazırki sürətli inkişaf proseslərinə gəncləri də cəlb etmək, onların bilik və bacarığından yararlanmaqdır. Çünki istənilən ölkənin tərəqqisi və xoşbəxt gələcəyinə gedən yol gənclərin iştirakı olmadan mümkün deyildir. Təbii ki, bu proseslərdə gənclərin iştirakını təmin etmək üçün ilk növbədə onların yüksək təhsilinə, peşəkar kadr kimi formalaşmalarına diqqət yetirmək lazımdır. Axı gənc nəslin təhsilinə qoyulan sərmayə ölkəmizin inkişafı şəklində geri dönür. Bütün mütərəqqi cəmiyyətlərdə məhz insan kapitalına qoyulan sərmayə gələcəyə yönəlmiş ən effektli yatırım sayılır. Bu mənada Azərbaycan Prezidentinin təsdiq etdiyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" dövlətimizin gənclərə göstərdiyi maraq, onun daimi inkişafı və potensialının düzgün sahələrdə istifadə olunmasına verdiyi əhəmiyyətin bariz göstəricisidir. Hazırda bu proqram çərçivəsində Azərbaycan gəncləri dünyanın inkişaf etmiş ölkələrinin ən yaxşı universitetlərində dövlət hesabına təhsil almaqdadırlar. Hər il yüzlərlə gənc bu imkanı əldə edir. Azərbaycan gəncləri bu proqramın verdiyi imkanlardan bəhrələnərək, dünyanın inkişaf etmiş texnologiyalarına yiyələnir, qabaqcıl elm adamlarından və universitetlərdən dərs alırlar. Dünyanın müxtəlif yerlərində təhsil alan azərbaycanlı gənclər həm də xaricdəki Azərbaycan diasporunun fəal üzvləri kimi ölkəmizin haqq səsinin beynəlxalq aləmə çatdırılmasında fəal iştirak edirlər.
Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclər Forumunda (ASAİF) birləşən gənclərin həyata keçirdikləri fəaliyyət də təsdiq edir ki, azərbaycanlı gənclər dövlətin onlara göstərdiyi etimadı layiqincə doğruldur, istər təhsil aldıqları ölkələrdə, istərsə də çalışdıqları sahələrdə öz əməlləri ilə bunu təsdiq edirlər.
ASAİF hər hansı bir ixtisas və ya dar maraqlar çərçivəsinə xidmət edən yox, bütün gənclərin maraqlarını öz maraqları kimi qəbul edən, onlara bu sahədə dəstək göstərən, dövlət strukturları ilə gənclər arasında körpü rolunu məharətlə yerinə yetirən, hər bir gəncin dilində danışa bilən və hər bir gənc azərbaycanlının özünü tapa biləcəyi təşkilatdır. Məqsədi xaricdə təhsil alan, məzun adını qazanmış gəncləri şəbəkələşdirmək və bunun vasitəsilə Azərbaycanı dünyada layiqincə təmsil etməkdir. Qlobal beynəlxalq forumlar təşkil edən ASAİF böyük bir beyin sərvəti olan minlərlə azərbaycanlı gənci bu gün öz çətiri altında birləşdirərək, onları dövlətimizin və xalqımızın maraqları naminə səfərbər edərək 40-dan çox ölkədə uğurla təmsil olunur. Bu insanların hər birini düşündürən əsas məsələ dünyanın ən qabaqcıl biliklərinə sahib olmaq və Azərbaycanın inkişafına töhfə verməkdir. Əminəm ki, tezliklə bu töhfələrin bəhrəsini lap yaxından görəcəyik.
Böyük qürur hissi ilə qeyd etmək istərdim ki, gənclər təşkilatları arasında ilk dəfə olaraq ASAİF bu ilin mart ayında İtaliyanın paytaxtı Roma şəhərində keçirilən forumunda qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan etdi. Dünyanın dörd bir yanından, ümumilikdə 45 ölkədən gələn 450-dən çox gəncin iştirak etdiyi forumda Prezident İlham Əliyevin vətənimiz naminə yürütdüyü məqsədyönlü siyasət alqışlanaraq bu siyasətin davam etdirilməsi üçün Azərbaycan gəncliyinin qarşısında duran vəzifələr müəyyənləşdirildi. Təşkilat bu niyyətini avqustun sonunda keçirilən XI Yay Forumunda bir daha bəyan etdi. Forum üçün "Bizim forum, bizim seçim, bizim Azərbaycan" devizinin müəyyən olunması bunu təsdiq etdi.
Uğurla başa çatan prezident seçkilərində ASAİF-in Türkiyə təmsilçiləri də fəal iştirak edərək Prezident İlham Əliyevin seçki platformasının təbliği, gənclərin seçki fəallığının artırılması, maarifləndirilməsi işində yaxından iştirak etdi. Həyata keçirdiyimiz əsas işlərdən biri bu ölkədə təhsil alan tələbələrin səsvermələrinə yardım etməkdən ibarət olub. Qeyd edim ki, Türkiyənin iki şəhərində İstanbulda və Ankarada müvəqqəti səsvermə məntəqələri yaradılmışdı. Türkiyədə təhsil alan yüzlərlə azərbaycanlı gənc oktyabrın 9-da bu məntəqələrə gələrək səs vermək hüquqlarından istifadə etdilər.
Seçkidən əvvəl və seçki günü bir ASAİF rəhbərliyi ilə mütəmadi təmasda olduq. Xaricdəki hər bir ASAİF üzvünün elektron ünvanına göndərilən maarifləndirici məlumatlarda prezident seçkilərində iştirak etmələrinin hüquqi tərəfləri izah olundu. Bu məqsədlə sosial şəbəkələrin - "Facebook", "Twitter" və "İnstagram"ın imkanlarından yararlanaraq müəyyən layihələr həyata keçirildi.
Hər birimizin iştirak etdiyi bu seçki Azərbaycan dövlətinin və xalqının demokratiya yolu ilə inamla irəlilədiyini bir daha bütün dünyaya nümayiş etdirdi. Bu seçki bütün parametrləri ilə Azərbaycanın siyasi tarixinə ən demokratik, ən şəffaf, ədalətli və azad seçkilər kimi düşdü. Azərbaycan xalqı özünün tarixi və ən doğru seçimini edərək cənab İlham Əliyevin ətrafında birləşdi, onun həyata keçirdiyi siyasətin davam etdirilməsinə səs verdi.
Sürətlə inkişaf edən Azərbaycanda yaradılan bünövrə bir neçə ildən sonra elmli, təhsilli, müasir dünyagörüşü ilə seçilən gənclər tərəfindən daha da möhkəmləndiriləcək. Prezident İlham Əliyevin "qara qızılı insan kapitalına çevirək" təşəbbüsü də məhz buna hesablanıb. Son 10 ildə bu istiqamətdə vacib addımlar atılmaqla mühüm uğurlar əldə edildiyi göz önündədir. Artıq bəlli olan gələcək ondan xəbər verir ki, cənab İlham Əliyevin növbəti prezidentliyi dövründə ölkəmiz daha böyük uğurlar qazanacaq. Gələcək uğurların əldə edilməsində isə cəmiyyət həyatının hər bir sahəsində fəallığı ilə seçilən bugünkü Azərbaycan gənclərinin mühüm töhfələri olacaq. Gənclərimiz seçkidə cənab İlham Əliyevi yekdilliklə dəstəkləməklə bu niyyətlərini ortaya qoydular.
Əli
ƏLİYEV,
Ankara Hacəttəpə Universitetinin İqtisadi və
idari
fakültəsinin II kurs tələbəsi,
ASAİF-in Ankara təmsilçisi
Azərbaycan.-2013.- 29 oktyabr.- S.5.