Prezident İlham Əliyevin apardığı siyasət

 gələcəyin daha güclü Azərbaycanına hədəflənib

 

Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin yayında, Milli Qurtuluş Günündə Azərbaycanda yenidən hakimiyyətə qayıdışı dağılmaqda olan ölkəmizi xaos və hərc-mərclikdən, mənfi təsirlərdən xilas etdi, yeni bir Azərbaycanın yaranmasına vəsilə oldu. Müasir Azərbaycanın möhkəm dayaqlar üzərində qurulan və inkişafı hədəfləyən irəliləyişi ölkəmizin özünəməxsus milli inkişaf modelini yaratdı. 2003-cü ilin 15 oktyabr seçkilərində xalqın böyük inam və etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyev ötən 10 ildə xalqımızın göstərdiyi etimadı tam doğruldaraq ölkəmizi davamlı yüksəliş yoluna çıxartdı.

Heydər Əliyev siyasi məktəbini keçmiş, yüksək, müasir intellekti və qabiliyyəti ilə Azərbaycan dövlətinə uğurdan uğur qazandıran Prezident İlham Əliyevin elmi təmələ əsaslanan iqtisadi siyasəti respublikanın inkişaf prosesində dinamizmi və məqsədyönümlülüyü təmin etdi, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin yerinə yetirilməsinə real imkanlar açdı, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına möhkəm və etibarlı zəmin formalaşdırdı. Məhz Prezident İlham Əliyevin xüsusi səyi və qətiyyəti nəticəsində milli iqtisadiyyatımızın liberallaşdırılması, ölkəmizin beynəlxalq aləmdə geosiyasigeoiqtisadi çəkisinin artması, sosial, iqtisadi inkişafın və siyasi sabitliyin təmin edilməsi, vətəndaş-dövlət birliyinə nail olunması və digər amillər müstəqil Azərbaycanın yüksələn xətlə irəliləməsinə səbəb oldu.

Bazar iqtisadiyyatı münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulmasının, Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq son 10 ildə milli iqtisadiyyatımız yeni keyfiyyət parametrləri ilə möhkəm təməl üzərində sürətlə inkişaf edir. 2004-2013-cü illəri əhatə edən dövr üzrə Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş (2004-2008-ci illər və 2009-2013-cü illər) regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları ölkəmizin uğurlu inkişafı üçün ən vacib düstura çevrildi.

Bu gün Azərbaycanda təbii-iqtisadi imkanlardan istifadə etməklə çox güclü və dayanıqlı bir iqtisadiyyat formalaşıb. Ölkənin makroiqtisadi göstəriciləri hər il artımla müşahidə olunur. Belə ki, ümumdaxili məhsul istehsalı - 2010-cu ildə 52,9 milyard ABŞ dolları, 2011-ci ildə 64,8 milyard ABŞ dolları və 2012-ci ildə 69,0 milyard ABŞ dollarına çatıb. Ümumdaxili məhsulun 50,0 faizdən çoxu sənaye sahələrində, 5,2 faizi kənd təsərrüfatı, 9,2 faizi tikinti kompleksində, 8,4 faizi ticarət və pullu xidmət sahələrində, 5,5 faizi nəqliyyatda, 1,7 faizi rabitədə, 13,8 faizi digər xidmətlər və sosial sahələrdə yaradılmışdır. 2010-cu ildə əhalinin sayına görə hər nəfərə 5900 ABŞ dolları, 2011-ci ildə 7112,2 ABŞ dolları, 2012-ci ildə 7490,5 ABŞ dolları əlavə dəyər (ÜDM) istehsal olunmuşdur. Son 3 ildə əhalinin orta aylıq əmək haqqı artaraq 2010-cu ildə 422 ABŞ dolları 2011-ci ildə 465 ABŞ dolları olmaqla, 2012-ci ildə iqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı daha yüksək olmuş və sənayedə 760 ABŞ dolları, informasiya və rabitə sahəsində 790 ABŞ dolları təşkil etmişdir.

Ölkədə aparılan islahatlar nəticəsində dövlət və icmal büdcə vəsaitləri makroiqtisadi sabitliyin qorunub saxlanılması ilə yanaşı iqtisadi artımın əldə olunmasında mühüm rol oynayıb. Son 10 ildə ölkənin icmal büdcəsinin xərcləri 13 dəfə, adambaşına düşən xərci isə 11,6 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri 14,2 dəfə artaraq 1,2 mlrd. manatdan 2012-ci ildə 17,3 mlrd. manata çatıb. 2012-ci ildə dövlət büdcəsindən sosialyönümlü xərclərə ayrılan vəsaitin məbləği 2003-cü illə müqayisədə 7 dəfə artaraq 4,7 mlrd. manat olub. Ölkənin valyuta ehtiyatları on il ərzində 29,1 dəfə artaraq 46,5 mlrd. ABŞ dollarına çatıb. Əhalinin gəlirlərindən söz açıldığı bir məqamda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" imzaladığı tarixi Fərman xüsusi qeyd edilməlidir. Bu Fərman ölkədə reallaşdırılan ən əhəmiyyətli sosial layihələrdən biri kimi dövlətin sosialyönümlü və vətəndaşların maraqlarını özündə birləşdirən siyasətin həyata keçirildiyiniçoxminli əhali təbəqəsinin maddi və maliyyə durumuna, həmçinin ölkə iqtisadiyyatının daha da aktivləşməsinə birbaşa təsir göstərəcək siyasi iradəni ortaya qoydu. Nəticə olaraq ödənişə başladığı dövrdən cari ilin iyul ayının 1-nə kimi 1 milyon 619 min 938 əmanət hesabı üzrə 597 milyon manat fərdi birdəfəlik ödəmələr həyata keçirildi.

2003-2012-ci illər ərzində Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin əmək haqlarının artırılması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti tərəfindən 11 Fərman və Sərəncam, 2006-2012-ci illər ərzində əmək pensiyalarının baza hissəsinin artırılması və pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar 7 Sərəncam imzalanıb. Xüsusi qeyd etmək lazımdır ki, son 10 ildə hər il Prezidentin Sərəncamı ilə əmək haqları, pensiyalar, müavinətlər, təqaüdlər artırılır və davamlı şəkildə bu proses gedir. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti uğurla inkişaf edir, Azərbaycan Respublikasının daxili siyasəti ölkə vətəndaşının yaxşı yaşaması, sosial rifahı üçün yönlənmiş siyasətidir və milli gəlirlərin bütün vətəndaşlar arasında ədalətlə bölüşdürülməsinə xidmət edir. Bu isə Prezident İlham Əliyevin qətiyyəti sayəsində həyata keçirilən siyasi kursun əsas prioritetlərindəndir.

Bir daha qeyd etmək lazımdır ki, məhz Prezident İlham Əliyevin yürütdüyü müasir dünyanın tələblərinə uyğun, yüsək təminatlı və ən əsası vətəndaşlarımızın sosial rifahını özündə əks etdirən siyasi kurs yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan dövlətinin bütün sahələrdə yüksək göstəricilərə nail olmasında müstəsna rol oynayıb. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən məqsədlərə çatılması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin hüquqi dövlət quruculuğu yolunda atılan addımlar Azərbaycanın hər sahədə dinamik inkişafını təmin edən faktorlardır.

Makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın lideri və dünyanın ən sürətli inkişaf tempinə malik ölkələrindən biridir. Bütün bunları beynəlxalq qurumlar, agentliklər öz hesabatlarında daim qeyd etməkdədirlər. Bunun nəticəsidir ki, Dünya İqtisadi Forumunun 2013-2014-cü illər üzrə "Dünya Rəqabətlilik Hesabatı"nda da bu öz əksini tapıb. Beynəlxalq ictimaiyyətə təqdim edilən hesabatda Azərbaycan qlobal rəqabətqabiliyyətlilik indeksinə görə 7 pillə irəliləyib. Rəqabətlilik reytinqinə görə ölkəmiz 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb. Bu fakt son illərdə həyata keçirilən məqsədyönlü iqtisadi siyasətin Azərbaycanı dünya iqtisadi sistemində rəqabətədavamlı ölkələr sırasına çıxarmasını deməyə əsas verir. Eyni zamanda bu, ölkəmizə investisiya yatırılmasında müsbət rola malikdir.

Azərbaycanın qeyd olunan uğurları əldə etməsi şübhəsiz ki, dövlətin ölkədəki resursları düzgün istiqamətdə yönləndirmək bacarığındadır. Dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan artıq donor ölkəyə çevrilib. Neft gəlirlərini iqtisadiyyatın digər sferalarına yönəltmək, infrastruktur quruculuğunu sürətləndirmək, keçmiş istehsal sahələrini yeniləşdirmək və paralel şəkildə investisiyanı ölkəyə cəlb edərək onların qorunmasına zəmanət vermək həyata keçirilən mühüm addımlardır. Bu göstəricilər Azərbaycanda bütün sahələr üzrə aparılan məqsədyönlü işin nəticəsidir. Ölkədə iqtisadi sahədə islahatların aparılması, Avropaya inteqrasiya, bazar iqtisadiyyatının tənzimlənməsi bəhrəsini verir. Bir çox sahələrin inkişafı istiqamətində görülən işlər həm ölkə daxilində, həm xaricdə ciddi qiymətləndirilir. Son 10 il ərzində qazandığı uğurlara, həyata keçirdiyi böyük layihələrə ev sahibliyi etdiyi beynəlxalq toplantılara görə Azərbaycan Cənubi Qafqazda ən güclü dövlət olduğunu təsdiqləyib. Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihə həyata keçirilə bilməz. Bu gün ölkəmizdə işsizliyin səviyyəsi 5,2 faiz, yoxsulluğun səviyyəsi isə 6 faizdir. Dünyada ikinci bir ölkə tapılmaz ki, orada 10 il ərzində 1 milyon 180 min yeni yeri açılsın. Təkcə bu ilin altı ayında 55 min yeni yeri yaranıb və onlardan da 45 mini daimidir.

Təbii ki, Azərbaycan dövləti və Azərbpaycan Prezidenti qarşıdakı illərdə əldə olunan uğurların davamının gətiriləmsi istiqamətində yüksək qətiyyətlə səy göstərir. Vurğulamaq gərəkir ki, uğurlar yeni hədəflərin müəyyənləşdirilməsində açardır. Azərbaycan quruculuq meydançasına çevrilib. Dövlət başçısı İlham Əliyevin regional inkişaf proqramlarının icrası ilə yaxından tanış olmaq üçün mütəmadi bölgələrdə səfərdə olması, yeni obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak etməsi, insanların problemləri ilə yaxından tanış olması qarşıya qoyulan məqsədlərin yüksək səviyyədə həyata keçirilməsinə stimul olmaqla yanaşı, ictimaiyyətdə böyük ruh yüksəkliyi yaradır. Bu, eyni zamanda onun təsdiqidir ki, dövlətin siyasətində vətəndaş amili ön yerdə dayanır. Təkcə ötən il Prezident İlham Əliyev 30 dəfədən çox regionlarda səfərdə olub, 130-dan çox obyektin açılış və təməlqoyma mərasimlərində iştirak edib.

Qarşıdakı 10 il üçün hədəfləri müəyyənləşdirən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası Azərbaycanın gələcək inkişafının əsas ştrixləridir. "Bizim növbəti onilliklərlə bağlı planlarımız olduqca aydındır" söyləyən Prezident İlham Əliyev 2020-ci ilədək ümumi daxili məhsulun iki dəfə artırılmasını qarşıya mühüm vəzifə kimi qoyur: "Azərbaycan yüksək gəlirli ölkəyə çevriləcəkdir. Bu, bizim məqsədimizdir".

Konsepsiyanın əsas strateji yanaşması bunlardan ibarətdir: mövcud imkanlarresurs perspektivləri nəzərə alınmaqla ölkəmizdə sistemli inkişaf, davamlı iqtisadi artım, yüksək sosial rifahın təminatı, güclü və səmərəli dövlət idarəetmə aparatının işləməsi, hüququn aliliyinin təmini, vətəndaş cəmiyyətinin qorunması və daha da inkişaf etdirilməsi. Bunun da məqsədi 2020-ci ilə qədər Azərbaycanın iqtisadisiyasi cəhətdən inkişaf etmiş, bütün sahələrdə rəqabətə davamlı bir ölkəyə çevrilməsidir. Azərbaycanın ən ucqar kəndlərində belə vətəndaşların rahat gündəlik həyatı üçün lazımi bütün kommunikasiyalar (rabitə, internet, bank, kommunal xidmətlər, yollars.), səhiyyə və təhsil xidmətləri təmin ediləcəkdir. Azərbaycan əhalinin gəlirlərinin yüksək, işsizlik səviyyəsinin minimum həddə olduğu, inkişaf etmiş insan kapitalına, mühafizə edilmiş, sağlam ətraf mühitə və hər bir vətəndaşı üçün geniş imkanlara malik məkan olacaqdır.

Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində dövrün sonuna ölkədə adambaşına düşən ÜDM-in həcmi iki dəfədən çox artaraq 13000 ABŞ dollarına çatdırılacaq. 2020-ci ildə Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə "yuxarı orta gəlirli ölkələr" arasında və BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən "yüksək insan inkişafı" ölkələri qrupunda üst sıralara yüksəlməsi hədəflənir.

Azərbaycan Respublikasının iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabət qabiliyyətinə sahib iştirakçı statusuna yüksəldilməsi reallaşdırılacaqdır. Bu məqsədlə əlverişli coğrafi mövqeyi, geniş potensialı nəzərə alınaraq, ölkənin regionun ticarət mərkəzinə çevrilməsi, adambaşına düşən qeyri-neft sektoru üzrə ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması planlaşdırılır.

Göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən səmərəli dövlət tənzimlənməsi, enerjidən effektiv istifadə və yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata transformasiyasosial-iqtisadi inkişafa kompleks yanaşma prinsipləri rəhbər tutulacaqdır. Bu konsepsiyaya uyğun olaraq ölkə iqtisadiyyatının faktorların ümumi məhsuldarlığındakı artım sayəsində məhsuldarlığa əsaslanan iqtisadiyyata tranformasiyası hədəf götürülür.

Beləliklə, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması və tətbiqi dövlətimizin ən başlıca prioritet hədəflərindən biridir. Bu mənada Prezident İlham Əliyevin gələcək fəaliyyətinin də inkişaf etmiş Azərbaycanın daha da gücləndirilməsinə hədəflənəcəyi hər bir vətəndaşımıza bəllidir. Bu əminlik qətidir ki, 10 il əvvəllə müqayisədə inkişafımız necə hiss olunursa, 2020-ci ildə bu inkişaf daha parlaq görünərək hər bir azərbaycanlının sevincinə çevriləcək.

Azərbaycanın bugünkü dinamik sosial-iqtisadi inkişafı əminliklə deməyə əsas verir ki, ölkəmiz yaxın gələcəkdə bütün sahələrdə dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcəkdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu uğurlar onun layiqli davamçısı, alternativsiz liderimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcək illərdə də davam edəcəkdir.

 

 

Azər BADAMOV,

Milli Məclisin deputatı

Azərbaycan.-2013.-  29 oktyabr.- S.6.