Tarixi seçim
"Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir. Xalq bu siyasətə öz səsini vermişdir. Xalqın inamı və mənə on ildən sonra yenidən böyük etimad göstərməsi əlbəttə ki, məni həm ruhlandırır, həm məsuliyyətimi artırır, həm də yeni təşəbbüslərin irəli sürülməsi üçün mənə bir siqnal verir". Bu fikirləri Prezident İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimində bildirib.
Azərbaycan xalqı 9 oktyabr prezident seçkilərində daxili inamına söykənərək İlham Əliyevi növbəti beş il müddətinə ölkə başçısı seçməklə siyasi taleyinə sahib olmaq haqqını qətiyyətlə ifadə etdi. Bu tarixi seçim həm də belə bir həqiqətin cəmiyyətdə dərkidir ki, Azərbaycanın dövlət müstəqilliyinin ən bariz təcəssümü Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasətdir. Ölkə vətəndaşlarının 9 oktyabr tarixli seçimi obyektiv reallıqla şərtlənmiş, Azərbaycan xalqı onu uğurlu sabaha, təminatlı gələcəyə aparan, hər bir fərdin maraq və mənafeyini özündə ehtiva edən çoxşaxəli siyasətə səs vermişdir. Seçicilərin yüksək mütəşəkilliyi ilə müşayiət olunan seçkilər, eyni zamanda ölkənin demokratik inkişafında keyfiyyətcə yeni mərhələ açmış, siyasi münasibətlər sisteminin xarakterində pozitiv dəyişikliklərə imkan yaratmış bir sözlə, Azərbaycanın beynəlxalq imicinin yüksəlməsində mühüm rol oynamışdır.
Prezident andı
Vətənə və xalqa sədaqət andı içən dövlət başçısı İlham Əliyev növbəti beş il müddətinə respublikamızın iqtisadi inkişaf təmayüllərini bir daha müəyyənləşdirməklə davamlı tərəqqinin təmin ediləcəyini, sosialyönümlü inkişaf strategiyasının bundan sonra da davam etdiriləcəyini bəyan etdi: "Bu gün Azərbaycan birmənalı, cəsarətli, xalqın iradəsinə əsaslanmış, milli maraqlar üzərində qurulmuş siyasət həyata keçirir. Bu bizə imkan verir ki, ölkəmizin gələcəyi ilə bağlı sözümüzü böyük nikbinliklə deyək. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünya miqyasında özünə layiqli yerini tuta bilibdir. Azərbaycan daha da güclü ölkə olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir. Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Mən bundan sonra da ölkəmizin hərtərəfli inkişafı, xalqımızın rifahı üçün əlimdən gələni əsirgəməyəcəyəm, doğma xalqımıza bundan sonra da sədaqətlə xidmət edəcəyəm" - deyən dövlət başçısı növbəti beş il müddətinə inkişaf prioritetlərini açıqladı.
Ötən 10 il ərzindəki fəaliyyəti dövlət başçısının verdiyi bütün vədlərin əməli fəaliyyətə və praqmatizmə söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını tamamilə təsdiqləmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaratmış, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olmuşdur. Dövlət başçısı qısa zaman kəsiyində cəmiyyətin alternativsiz seçiminə çevrilmiş Heydər Əliyev siyasi kursunu qətiyyətlə davam etdirəcəyinə xalqda qəti əminlik yaratmış, əsası ümummilli lider tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının ardıcıl şəkildə və yüksək dinamizmlə həyata keçirilməsinə nail olmuşdur. Cənab Prezident andiçmə mərasimində bu məqamlara da toxunub: "On il əvvəl birinci dəfə prezident vəzifəsinə seçiləndə söz vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam. Şadam ki, on il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edildi. Hesab edirəm ki, prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini bu siyasətə verməsi bir daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər icra edildi. Azərbaycan xalqı görülmüş işlərə öz qiymətini, öz səsini verdi. Eyni zamanda bu səsvermədə gələcəklə bağlı öz fikirlərini, arzularını ifadə etdi".
Ötən 10 il ilk növbədə dünya siyasətinə təsir göstərən möhtəşəm layihələrin reallaşdırılması ilə səciyyəvidir. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, "Ümid", "Abşeron" kimi perspektivli yataqlar kəşf olunması, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə başlanılması, TANAP layihəsinin gerçəkləşməsi bu baxımdan xüsusi qeyd olunmalıdır.
Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızı bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin etmişdir. Bu gün Azərbaycan bütövlükdə MDB və Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biridir. Bununla yanaşı, respublikamız regional və beynəlxalq əhəmiyyətli layihələri də daxili imkanları hesabına maliyyələşdirmək gücündə olduğunu sübut etmişdir. Təkcə bir faktı demək kifayətdir ki, Azərbaycan Şərqlə Qərbi birləşdirəcək strateji əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin maliyyələşdirilməsi üçün Gürcüstana 25 il müddətinə 575 milyon dollar kredit vermişdir.
İqtisadi inkişafın uğur faktoru
Azərbaycanda yaxın 2020-ci ilədək ümumi daxili məhsulun iki dəfəyədək artımına, 2018-ci ilədək bütün sosial problemlərin həllinə nail olmaq, sistem islahatlarını başa çatdırmaq qarşıya məqsəd qoyulub. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası məhz bu və digər məqsədlərin reallaşdırılması baxımından sosial-iqtisadi, siyasi və hüquqi platform rolunu oynayır. Belə bir mükəmməl sənədin hazırlanması və təsdiqi deməyə əsas verir ki, İlham Əliyev xalqın gələcəyi ilə bağlı aydın baxışlara malikdir. On il ərzində Azərbaycanda yoxsulluq təxminən 10 dəfə - 49 faizdən 5,5 faizədək azalıb. Son 10 il ərzində orta maaş 5,6 dəfə, orta pensiya 9,2 dəfə artıb. Sosial infrastrukturun yaradılması üçün böyük vəsait səfərbər edilmişdir. Ötən müddətdə Azərbaycanda 2700 məktəb, 500-ə yaxın xəstəxana, 35 Olimpiya Mərkəzi tikilmişdir, tarixi abidələrimiz bərpa edilmişdir.
Azərbaycanın ildən-ilə əhəmiyyətli dərəcədə artan maliyyə imkanları onun həm də sərmayədar ölkəyə çevrilməsini, digər dövlətlərin iqtisadiyyatına kapital yatırmasını şərtləndirir. Türkiyə, Gürcüstan, Moldova, İsveçrə və Yunanıstan ərazisində inşa edilən nəhəng sənaye obyektləri respublikamızın həmin ölkələrin bu məhsullara olan təminatında həlledici rol oynaması ilə bərabər, sərmayədar dövlət kimi dünya bazarında rəqabət imkanlarını da artırır.
Balanslı xarici siyasət strategiyası
Ötən 10 ildə sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən balanslı xarici siyasət yeridən respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum faydalı şəkildə yararlanmağa, habelə beynəlxalq təşkilatlarda layiqli təmsilçiliyə çalışmışdır. Əlverişli nəqliyyat-kommunikasiya və tranzit imkanlarına, iqtisadi inkişaf dinamikasına, etnik-dini tolerantlığına görə Avrasiya qitəsinin ən cəlbedici məkanlarından birinə çevrilən Azərbaycan ayrı-ayrı dövlətlərin bölgədə toqquşan maraqlarının optimal balansına da uğurla nail olmuşdur.
Xarici siyasət məsələlərinə geniş yer ayıran, Azərbaycanın "hücum diplomatiyası"nı, qlobal təhdidlərə qarşı adekvat reaksiyasını təmin edən dövlət başçısı İlham Əliyev son 10 ildə respublikamızın diplomatik mövqeyini xeyli dərəcədə gücləndirmişdir. Xarici siyasətdə öhdəliklərə sabitlik, şəffaflıq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq kimi aparıcı istiqamətlər önə çəkilmiş, region dövlətləri ilə hərtərəfli əlaqələrin genişləndirilməsində mehriban qonşuluq prinsipləri təşviq edilmişdir. Cənab İlham Əliyevin prezidentliyi dövrü xarici siyasətdə fəallığın, intensivliyin və səmərəliliyin artması ilə yadda qalmış, Azərbaycan bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə kifayət qədər rasional və təmkinli münasibət göstərmişdir.
Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli mühüm yer tutur. Aparılan uğurlu diplomatiya nəticəsində artıq beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanı təcavüzkar dövlət kimi tanıyırlar. Nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrdə də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılması, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin tezliklə öz daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb olunur.
Prezident İlham Əliyev andiçmə mərasimində bu məqamlara da toxunub: "Xarici siyasətimizin prioriteti təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Əfsuslar olsun ki, bu illər ərzində münaqişə həllini tapmamışdır. Bunun başlıca səbəbi Ermənistanın riyakar siyasətidir, qeyri-konstruktiv mövqeyidir və əfsuslar olsun ki, beynəlxalq birliyin, bu məsələ ilə bilavasitə məşğul olan tərəflərin biganəliyidir. Beynəlxalq hüquq normaları 20 ildən artıqdır ki, kobudcasına pozulur. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilmir, işğalçı ölkəyə təzyiq göstərilmir. Belə olan halda əlbəttə ki, bizim birtərəfli qaydada aparılan diplomatik səylərimiz uğur gətirə bilməzdi.
Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Azərbaycanın mövqeyi birmənalıdır, ədalət, tarixi həqiqət üzərində qurulubdur. Bizim əzəli torpağımız olan Dağlıq Qarabağ bu gün siyasi və hüquqi cəhətdən də Azərbaycanın ayrılmaz hissəsidir. Ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz. Heç vaxt Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, icazə verməyəcəkdir. Bizim birmənalı mövqeyimiz bir daha demək istəyirəm ki, tarixi ədalətə və beynəlxalq hüquq normalarına söykənir".
Bölgədə gerçəkləşdirilən bütün qlobal layihələrdən kənarda qalan Ermənistan əhalisinin sosial durumu olduqca acınacaqlı vəziyyətdədir. Bu ağır vəziyyət işğalçı dövlətdə ciddi kataklizmlərin yaşandığından xəbər verir. Azərbaycanın artan iqtisadi, siyasi, hərbi gücü qarşısında işğalçı Ermənistan gündən-günə zəifləyərək səfillər ölkəsinə çevrilməkdədir. Ermənistan əhalisinin sürətlə ölkəni tərk etməsi bu ölkədə sosial durumun fəlakət həddinə çatdığını təsdiqləyir.
Ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz
Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq ictimaiyyətdə respublikamızda həyata keçirilən mütərəqqi ruhlu iqtisadi və demokratik islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər. Rəsmi Bakı daim Cənubi Qafqaz regionunun müxtəlif güc mərkəzləri arasında "bölüşdürülməsi" cəhdlərini yolverilməz saymış, bölgə dövlətlərinin ərazisində xarici qoşun və hərbi bazaların yerləşdirilməsinin, Qafqazın militaristləşdirilməsinin əleyhinə çıxış etmişdir. Dövlətlərin suveren bərabərliyi prinsipinə əsaslanan respublikamız beynəlxalq əlaqələr sisteminə cəlb olunan bütün ölkələrə münasibətdə - onların ərazi böyüklüyü, hərbi gücü və iqtisadi potensialından asılı olmayaraq - müstəqil xarici siyasət həyata keçirir.
Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, sülh danışıqlarına sadiqdir. Ancaq işğalçı Ermənistan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirməklə "status-kvo"nu qoruyub saxlamağa çalışır. Ölkə rəhbərliyi birmənalı şəkildə bildirib ki, sülh danışıqları nəticə verməzsə, digər vasitələrlə işğal edilmiş bütün torpaqlar azad olunacaq. Bu baxımdan da Azərbaycan ordu quruculuğu istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirir. Azərbaycan dövləti bu gün hərbi quruculuq prosesində müəyyən dövlətlərin və beynəlxalq təşkilatların mütərəqqi təcrübəsini mənimsəyir. Xüsusi vurğulamaq lazımdır ki, müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artması, eləcə də ölkədə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən sənaye müəssisələrinin yaradılması da ordu quruculuğu baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan müxtəlif xarici ölkələrdən müasir hərbi texnikalar alır, ordunun arsenalında olan bir sıra texnikaların modernləşdirilməsini həyata keçirir. Əvvəllər xaricdən alınan bəzi hərbi texnika və döyüş sursatları artıq Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsal edilir. Azərbaycanın yerli istehsal hesabına ordusunun müxtəlif hərbi ləvazimatlara və döyüş sursatlarına olan ehtiyacını ödəməsi ölkəmizin Ermənistan qarşısında üstünlüyünü daha da artırır. Ölkəmizdə hərbi sənayenin qurulması prosesi elə böyük zaman kəsiyini əhatə etməsə də, burada istehsal edilən məmulatlar həm çeşidinə, həm də keyfiyyətinə görə müasir standartlara cavab verir. Bu gün hər bir vətəndaş əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında üzərinə düşən məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlməyə, torpaqlarımızı düşmən işğalından azad etməyə tam qadirdir.
Yalnız bir neçə fakt Azərbaycan diplomatiyasının son 10 ildəki uğurları barədə dolğun mənzərə yaradır: Azərbaycan son iki ildə BMT Təhlükəsizlik Şurasına üzv seçilmiş, Rusiyanın Azərbaycandakı yeganə hərbi bazasının - Qəbələ Radiolokasiya Stansiyasının fəaliyyəti dayandırılmış, Azərbaycan zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiyası reallaşdırılmış, türk və islam dövlətləri ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Çevik və çoxtərəfli diplomatik fəaliyyətimizin, Azərbaycanın təşəbbüskarlığı və ev sahibliyi ilə Bakıda keçirilən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin nəticəsidir ki, Bakı artıq regionun "diplomatik paytaxtı"na çevrilmişdir.
Tolerantlıq məkanı
Müasir dövrdə sivilizasiyalar arasında dialoqun ən mühüm problemlərindən biri də multikulturalizmdir. Bu anlayışın mahiyyətində cəmiyyəti daha çox ədalət, mərhəmət kimi ümumbəşəri ideyalara təşviq etmək cəhdləri də var. Multikulturalizm elə bir siyasətdir ki, o mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirib: "Azərbaycanda son on il ərzində dinlərarası, millətlərarası münasibətlər artıq dünya üçün bir örnək olmuşdur. Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlər, forumlar, konfranslar Azərbaycanı dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi təqdim etmişdir. Bu, bizim həyat tərzimizdir, eyni zamanda bizim siyasətimizdir. Artıq Azərbaycanın bu sahədəki təcrübəsi öyrənilir. Bu gün Azərbaycan dünya miqyasında bu istiqamətdə aparılan siyasətlə seçilən, fərqlənən ölkələrdən biridir. Bir sözlə, demokratiya, insan hüquqları, hüquqi dövlət quruculuğu ilə bağlı bütün addımlar ölkəmizi daha da gücləndirmiş və dinamik inkişafa imkan vermişdir".
2011-ci və 2012-ci illərin oktyabrında paytaxtımızda keçirilən 1-ci və 2-ci Bakı Beynəlxalq Humanitar Forumları müxtəlif ölkələrin dövlət siyasətində multikulturalizmin mövqe və imkanlarının bir daha təhlilinə, etnik və mədəni özünüdərk arasında azad seçimin təmin olunmasına, azadlıq, bərabərlik və dözümlülük kimi təməl dəyərlərin cəmiyyətdə bərqərar olmasına yönələn qlobal miqyaslı tədbirlər olaraq dünyanın ən yeni tarixinə əhəmiyyətli hadisə kimi daxil olmuşdur.
Azərbaycan
Prezidentinin fəaliyyətinin təhlili göstərir ki,
ötən illərdə konturları hələ böyük
strateq Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş
bütün konsepsiyalar uğurla davam etdirilmiş, zəruri
hallarda məhz onun təşəbbüsü ilə
dövrün tələblərinə uyğun olaraq keyfiyyət
dəyişikliklərini özündə əks
etdirmişdir.
Elnur HACALIYEV,
Azərbaycan.-2013.- 29 oktyabr.- S.6.