Zəngilandan gələn səslər
Ağrılı-acılı günlərimizdən birini yaşamaqdayıq - bu gün Zəngilanın işğal günüdür. Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Zəngilanın mağaralar və tarixi abidələrlə zəngin olan ərazisi, xüsusilə Əsgülüm və Süsən dağları burada ta qədimdən ibtidai insanların yaşamasından xəbər verir. Şimaldan Qubadlı və Cəbrayıl, cənubdan və şərqdən İran İslam Respublikası, qərbdən Ermənistanla həmsərhəd olan, Kiçik Qafqaz dağlarının cənub tərəfində - Arazboyu hissədə yerləşən Zəngilan özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri ilə tanınırdı.
Qarabağın başqa bölgələri kimi onun da taleyi ağrılı-acılı hadisələrlə zəngindir. Çar Rusiyasının işğalına qədər - 1828-ci ildə onun ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibində idi. Çar Rusiya Cənubi Qafqazı tamamilə işğal etdikdən sonra yeni ərazi-inzibati bölgüsü aparıldı və 1868-ci ildə Yelizavetpol quberniyası yaradıldı. Şuşa, Cəbrayıl və Zəngəzur qəzaları onun tərkibinə verildi: həmin vaxt Zəngilanın ərazisi Zəngəzur qəzasına daxil edildi.
1925-ci il sənədlərində Zəngilan Cəbrayıl qəzasının tərkibində göstərilir. 1929-cu ildə ZSFSR-in qərarı ilə Zəngilanın Nüvədi, Toğud, Ernəzir kəndləri, 1946-cı ildə isə 4 min hektar meşə sahəsi Azərbaycandan alınaraq Ermənistana verilir. Beləliklə, öz torpaqlarımız və kəndlərimizin hesabına Naxçıvanla Zəngilanı bir-birindən ayıran Mehri rayonu yaradılır.
Zəngilan yalnız 1930-cu ilin avqustunda müstəqil rayon kimi formalaşıb və dəqiq müəyyən olunmuş əraziyə sahib olur. 1967-ci ildə rayon mərkəzinə - Zəngilana şəhər statusu verilir. Rayonun sahəsi 707 kv.km, əhalisi isə 35.351 nəfər olmaqla bir şəhər, bir şəhər tipli qəsəbə, bir qəsəbə, 81 kənddən ibarət idi.
20 il əvvəl bu qədim və zəngin torpaqlarımız erməni silahlı qüvvələri tərəfindən işğal olundu. Şəhərlərimiz, kəndlərimiz boşaldı. On minlərlə insan öz doğma yurdunda məcburi köçkünə çevrildi. Həmin vaxt ölkədə mövcud ictimai-siyasi vəziyyət, daxili çəkişmələr Qarabağdakı onsuz da gərgin vəziyyəti bir az da ağırlaşdırdı. Bunun nəticəsi olaraq Zəngilan digər rayonlarımız kimi işğal olundu... 1990-cı ildən başlayaraq Zəngilan da Qarabağ bölgəsinin bəzi rayonları kimi yaxınlaşan fəlakəti hiss edirdi. Ermənilər tez-tez dəmir yolunu bağlayır, adamları girov götürürdülər. 1992-ci ildən isə sərhəd kəndləri döyüş zonasına çevrildi. Yerli əhali ov tüfəngləri ilə öz torpaqlarını qorumağa başladı. Çünki özündən başqa güvənəsi, üz tutası ünvanı yox idi.
Ümumiyyətlə, 1992-ci ilin sonunda Zəngilanın 13 yaşayış məntəqəsi, bir çox strateji yüksəklikləri düşmənin əlinə keçir. 1993-cü ildən başlayaraq döyüşlər səngimək bilmir. Martın 2-də Aşağı Göyəli və Canbir kəndləri işğal olunur. Bütün çətinliklərə baxmayaraq yerli əhali təslim olmur, düşmən hücumları bir-birinin ardınca dəf edilir. Oktyabrın sonunda rayon tam mühasirə vəziyyətinə düşür. Oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəklikləri işğal olunur. Bununla da, Zəngilanın taleyi həll olur. Dədə-baba torpaqlarını qoyub çıxmaqdan başqa zəngilanlıların yolu qalmır. Qarşıda isə soyuq, bulanıq Araz vardı...
O vaxt təxminən 34 min əhali İran sərhədinə - Araz çayının kənarına toplaşaraq çayı keçmək yolları axtarırdı...
Bu yurdun qızılı, gümüşü və ondan da dəyərli insanları
Ümummilli lider Heydər Əliyev deyərdi: "Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr var. Azərbaycan xalqının həyatını əks etdirən tarixi hadisələr baş vermişdir. Zəngilanda keçmiş əsrlərdə də xalqımızın çox hörmətli, dəyərli insanları yaşayıblar, yaradıblar və beləliklə də, Zəngilan həm öz təbiətinə görə, həm o torpaq üzərində insanların qurduqlarına, yaratdıqlarına görə və bugünkü nəsillərə çatdırdıqları irsə görə Azərbaycanın qiymətli bir diyarıdır, hissəsidir".
Zəngilan rayonunda sənaye əhəmiyyətli ehtiyatları - 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli qızıl, ehtiyatları 6618 min kubmetr olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəng daşı və digər yataqlar məlumdur.
Zəngilanda 107 hektar sahəsi olan, Avropada yeganə Bəsitçay Dövlət Təbiət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlıq, 4 ədəd təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıdı meşəsi, 12864 hektar dövlət meşə fondu, 1200-dək təbii bulaqlar vardı.
Hazırda Zəngilanın təbiəti və abidələri böyük ekoloji terrora məruz qalmaqdadır. Ermənistan ərazisində yaranan çirkab sular mütəmadi olaraq təmizlənmədən Oxçuçay vasitəsilə birbaşa Araz çayına axıdılır. Rayonun erməni hərbi birləşmələrinin hücumundan müdafiəsi zamanı 188 nəfər şəhid olub, 44 nəfər itkin düşüb. Hazırda Zəngilanın 34 min nəfərlik əhalisi Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıb. Rayonda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, 1 texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub və 22 kinoqurğu işğal zamanı məhv edilib.
Azərbaycandakı çoxsaylı türk boylarından biri də qədim dövrlərdən sanqi adlanan zəngilərdir. Zəngibasar, eləcə də Zəngi çayı vaxtilə öz adını burda məskunlaşan zəngi boyundan götürüb. Zəngilər təkcə Ağrı vadisində deyil, həm də Zəngi - Zəngəzur bölgəsində yaşayıblar. Ümumiyyətlə, Azərbaycanın digər qədim tayfaları kimi, zəngi boyları da geniş ərazilərə yayılıblar. Belə ki, Quzey Azərbaycanda Zəngilan və Sanqaçal toponimlərində də izini qoymuş zəngilər bir zamanlar Türküstan çöllərinə qədər köç ediblər. Böyük qazax mütəfəkkiri Çokan Valixanov qırğız mifologiyasında ilxını qoruyan haminin Qəmbər-Ata, qaramal hamisinin isə Zəngi-Ata adlanmasını qeyd edir.
Səlcuq əmirlərindən Mosul hakimi İmad əd-din Zəngi ibn Sonkur ilə başlanan (1127) zəngi soyunun hökmranlığı Mosul bəyliyində Mahmudun ölümü (1222) ilə bitir. Lakin zəngi soyu təkcə Mosulda deyil, Hələb və Dəməşq bəyliklərində də uzun müddət hakimiyyətdə idi. Bu isə onu göstərir ki, Ak-Sonqurun oğlu Zənginin mənsub olduğu zəngi soyu əhali arasında geniş dayağı olan tirələrdən imiş.
1403-cü ildə Azərbaycan bölgələrindən keçən Klavixo Sanqa (Zəngi) şəhəri haqqında yazırdı: "Bu şəhər tamamilə boş idi, lakin deyirlər ki, o əvvəllər Persiyanın ən iri şəhəri imiş".
Bir sözlə, Azərbaycan xalqının formalaşmasında qaşqay, qamər, qızıl, polad, ərmən, ağ hun, kuman, kedar, gögər, qorus, dəli, qapan, azər və şad boyları ilə yanaşı zəngilərin də xüsusi rolu olub. Zəngilanlılar bu gün torpaqlarından uzaq düşsələr də babaların qəhrəmanlıq, mərdlik və qələbələrlə zəngin tarixini unutmur, doğma yurd-yuvalarına qayıdacaqlarına ürəkdən inanır, bu arzuyla da yaşayıb-yaradırlar. O gün isə uzaqda deyil. Çünki vaxt artıq Azərbaycanın xeyrinə işləyir.
Bəxtiyar QARACA,
Azərbaycan.-2013.- 29 oktyabr.- S.9.