«Türkün üzü çevrilməyəcək səmti-əməldən»

 

Türkiyə Cümhuriyyəti-90

 

...Səltənət üsuli-idarəsinin ləğv olunması və Lozanna müqaviləsindən sonra gündəmə gələn "Ölkənin idarə şəkli necə olacaq" sualına cavabı Atatürk və İsmət İnönü 29 oktyabr 1923-cü ildə Türkiyə Böyük Millət Məclisində hazırladıqları qanun layihəsi ilə cavab verdilər: "Hakimiyyət qeyd-şərtsiz millətindir, idarə üsulu xalqın öz gələcəyini birbaşa və bilavasitə müəyyən etməsi əsasına söykənir. Türkiyə dövlətinin hökumət şəkli Cümhuriyyətdir. Şimalda Qara dəniz, Cənubda Adriatik dənizi, Qərbdə Mərmərə və Egey dənizlərinin sahili olan Anadolu yarımadasında yerləşən Türkiyə Cümhuriyyətinin paytaxtı Ankaradır". Türkiyə Böyük Millət Məclisinin qərarı ilə Osmanlı sultanlığı ləğv edildi, yeni türk dövləti yarandı.

Birinci Dünya müharibəsindən sonra qalib dövlətlərin öz aralarında bölüşdürmək istədikləri Osmanlı torpaqlarında aparılan savaşlar onların planlarını alt-üst etdi. Məqsəd savaşdan məğlub çıxan Osmanlı dövlətinin siyasi varlığını tamamilə yer üzündən silmək, ordunu tərksilah etmək, kiçik bir bölgə daxilində, Anadolunun ucqarlarında məskunlaşdırmaq idi. Altı yüz ildən çox üç qitəyə sahiblənən Osmanlı dövləti tarixin ən çətin sınağı qarşısında idi. Çətin məqamda Mustafa Kamal paşa milli hakimiyyətə əsaslanan yeni bir türk dövlətinin qurulmasından başqa nicat yolunun olmadığını görürdü. Lakin bunun üçün savaşmalı və qurbanlar verilməli idi. Anadoluda hərəkata başlamaq üçün 9-cu ordu müffətişi kimi gənc Mustafa Kamal paşa 16 may 1919-cu ildə "Bandırma" gəmisi ilə İstanbuldan yola çıxaraq 3 gün sonra Samsuna yetişdi. Bu o vaxt idi ki, Yunanıstan imperialist dövlətlərin yardımı ilə İzmiri işğal edərək İstanbula doğru hərəkət edirdi. Qısa zaman içində komandanın liderliyi altında şərqi və mərkəzi Anadoluda Azadlıq Hərəkatı savaşlara başladı. 1922-ci ilin payızına qədər ölkənin hər yerində qanlı savaşlar davam edir, düşmən qarşısında ətdən divar çəkilmişdi. Dənizlərdən və qurudan aramsız hücum edən imperialist ölkələrin orduları qəhrəman Türk Ordusu ilə savaşa tab gətirmir, məhv olur, sağ qalanlar isə başlarını götürüb qaçırdılar. Atatürkün strategiyası və məqsədi Türkiyə torpaqlarını son addımına qədər yadellilərdən təmizləyib yeni bir dövlət qurmaq, türkün şanlı tarixinə qızıl səhifələr yazmaq idi. 1923-cü ilin əvvəllərində Mustafa Kamal paşanın komandanlığı altında düşmən üzərində tam və qəti qələbə çalındı, işğal olunmuş ərazilər düşməndən təmizləndi. Qara dənizdə, Mərmərə və Egeydə ay-ulduzlu qırmızı bayraqların dalğalandığı gəmilər üzməyə başladı.

Savaşmağı mənasız bilərək məğlub olduqlarını etiraf edən imperialist dövlətlər bu dəfə Türkiyə Böyük Millət Məclisi ilə barış və əməkdaşlıq sazişləri imzalamağa məcbur olur. Onların təkliflərini hörmətlə qarşılayan böyük öndər Ankaradan dünyaya yurdda sülh, cahanda sülh, barış, qardaşlıq mesajı verir. Türkiyə ilə razılaşan Qərb dövlətləri dostluq müqaviləsi bağlamaq üçün Ankaraya gəlirlər. Yeni yaranmaqda olan Türkiyə Cümhuriyyəti 1923-cü il oktyabrın 13-də Cənubi Qafqaz respublikaları ilə Qars müqaviləsi bağlayır, oktyabrın 20-də isə Fransa Ankara sazişi imzalanır. Bu anlaşma Fransanın xəyallarındakı Anadolu macərasına əbədiyyən son qoyur.

Beləliklə, Mustafa Kamal paşanın və türk xalqının qəhrəmanlığı ilə yazılan tarixi gün yetişdi. 1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyəti dünyaya elan edildi. Böyük qurbanlar hesabına siyasi müstəqilliyini əldə etməsi Türkiyənin çoxəsrlik tarixində dönüş nöqtəsi oldu. Bu qələbə başqa türk xalqlarında da özünəinamı, güvənci artırdı, müstəmləkə altında yaşayan türk-müsəlman xalqları, Şərq ölkələri bu qələbədən sonra milli-azadlıq hərəkatına başladılar, türkçülük ideyaları gücləndi. Qafqazda, Şərqi Avropada, Balkanlarda, Orta AsiyadaRusiyada yaşayan türkdilli xalqlar arasında Türkiyəyə maraqsevgi artdı.

Osmanlı üsul-idarəsindən, qayda-qanunlarından imtina edən yeni Türkiyə müasir, sivil qanunlarla idarə olunmaq üçün bir sıra islahatlar keçirməyə başladı. Bu dirçəliş üçün sanki tarix Türkiyəyə əlverişli şərait yaratmış, şanslar vermişdi. İnkişaf etmiş, qabaqcıl ölkələr sırasına çıxmaq, siyasi, iqtisadi və mədəni həyatında mövcud olan orta əsr geriliyini ləğv etmək üçün qəhrəman Türk xalqı bu dəfə silahı-savaşı yerə qoyaraq əl-ələ, çiyin-çiyinə, diş və dırnaqları ilə yeni Türkiyə qurmağa başladılar və çox keçmədən uğurla hədəflərinə çatdılar. Aparılan islahatlar nəticəsində ölkədə turizm, sənaye, istehsal, idxal-ixrac və özəlləşdirmə sektoru sürətlə inkişaf etməyə başladı. Türkiyə Balkan, Qafqaz, Orta Asiya, Ukrayna, RusiyaOrta Doğu üzrə bütün regional layihələrdə ən fəal şəkildə iştirak edir və Qərbin müttəfiqi olmaqla regionun ən güclü dövlətlərindən biridir. Dünyadakı nüfuzu durmadan artır, bir sıra Yaxın Şərq ölkələri Türkiyənin siyasi sistemini örnək götürür. Yeni dünya düzəninin yaranmasında Türkiyənin iştirakı danılmazdır. NATO-da siyasi gücünüfuzu durmadan artır. İstanbul dünyadaregionda siyasi sabitliyin mərkəzinə çevrilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir deyə vurğulamışdır: "...Türkiyə nəinki bölgədə, dünya miqyasında güc mərkəzinə çevrilmişdir. O mərkəz ki, özünə dostları cəlb edir, öz təşəbbüslərini əməkdaşlıq, dostluq əsasında irəli sürür. Beləlilkə də, həm bölgədə, həm dünyada Türkiyə ilə dost olmaq istəyən ölkələrin sayı artır. Həm iqtisadi sahədə, həm siyasi müstəvidə Türkiyənin son 10 il ərzindəki uğurları tarixi xarakter daşıyır. Bizbu uğurlara sevinir, haqlı olaraq qürur duyuruq. Tam əminliklə deyə bilərəm ki, Türkiyə və Azərbaycan türkdilli dövlətlərin əməkdaşlığı üçün əvəzolunmaz töhfələr verirlər. Bütün türk dünyasının birləşməsi üçün bizim səylərimiz nəticə verir..."

Lakin Türkiyənin dünyanın 20 ən güclü dövləti sırasında olması bir çox supergücləri narahat edir. Bir yandan coğrafi mövqeyi, müsəlman və Türk Dünyası faktoru, Ankaranın siyasi-iqtisadi iradəsinin artaraq dünyada yeni güc mərkəzlərindən birinə çevrilməsi fövqəlgüc mərkəzlərində qısqanclıq yaradır. Bu üzdən aramsız olaraq dövriyyəyə münaqişələr daxil edilir. Təbii ki, Türkiyə bunları böyük uzaqgörənliklə anlayır və öhdəsindən gəlir.     

Qloballaşan dünyada bəşəriyyətin xilas yolu regional əməkdaşlıqda, mehriban qonşuluqda, yeni siyasi-iqtisadi və mədəni münasibətlərin qurulmasındadır. Dil, dinmilli köklərə bağlı Azərbaycan üçün Türkiyə ən təbii, möhkəm və güclü müttəfiqdir, can-qan qardaşıdır. Damarımızda eyni qanı daşımağımızdan qaynaqlanan genetikruh birliyi bu yaxınlaşmanı sürətləndirdi. Hətta dəfələrlə xaricdən və daxildən edilən təxribatlar da bu genetik birliyi poza bilmədi. Necə deyərlər, ruh birliyimiz, mənəvi bütöblüyümüz bizi qorudu. Azərbaycan da, Türkiyə də coğrafi ərazi baxımından dünyanın ən həssas bölgələrində yerləşdiyindən qayğıları, problemləri də yaxın və oxşardır. Ona görə də bu problemləri bərabərcə, birlik halında çözməyin də zamanı idi. Azərbaycan parlamenti ilk olaraq Türkiyə Böyük Millət Məclisi ilə geniş əməkdaşlığın əsaslarını qoydu. İstər regional, istərsə də beynəlxalq toplantılarda hər iki ölkənin təmsilçiləri dost, qardaş, bir atanın, babanın övladları kimi görüşür, məsələləri bərabər çözüb birlikdə qərar verirlər. Bunlar dünyada tayı-bərabəri olmayan örnəklərdir. Region üçün, dünya üçün böyük əhəmiyyət kəsb edən layihələri birgə icra edirlər. Azərbaycanla Türkiyə arasında tarixietnik köklərin vahidliyinə bağlı olan təbii yaxınlaşma, ümumi maraqlar ətrafında birləşməyə, möhkəm təməllər üzərində formalaşmağa başladı. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə baxmayaraq dünya birliyi, beynəlxalq aləm  məsələyə ikili standart mövqeyindən yanaşır, sanki problemin tez bir zamanda çözülməsinə maraq göstərmirlər. Türkiyə hökuməti dünyanın ikili baxışlarına cavab olaraq birmənalı şəkildə Azərbaycanı müdafiə edərək 1993-cü ildən Ermənistanı siyasiiqtisadi blokadada saxlayır. İşğal olunmuş Azərbaycan torpaqları azad edilməyincə, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına dönməyincə vəziyyət bu şəkildə davam edəcək. Rəsmi Ankara dəfələrlə Cənubi Qafqazda sülhün bərpa olunması və Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün beynəlxalq və zirvə toplantılarında sözünü deyib, dünyanı ədalətli mövqe tutmağa çağırıb.   

Azərbaycan müstəqilliyini qazandığı ilk gündən Türkiyə onu dəstəkləmiş, hər zaman yanında olmuşdur. Hər il fevralın 25-26-ı günləri İstanbulun Taksim meydanında əl-ələ, çiyin-çiyinə Azərbaycan və türk insanları bərabər şəkildə Xocalı faciəsini dünyaya çatdırırlar. Uğurlarımızın əsas mənbəyi ruh birliyimiz, qan birliyimizdədir. Bu birlik münasibətlərimizin hələ dövlətlərarası hüquqa söykənmədiyi vaxtlardan mövcuddur. 1918-ci ildə İstanbulda nəşr olunan "Tefsiri-efkar"qəzetinin 6 iyun tarixli sayında yazırdı: "Türkiyənin yeganə arzusu öz qardaşları-Qafqaz türkləri ilə birləşmək və onları uzun əsrlik əsarətdən xilas etməkdir".

Bu gün iki qardaş xalq arasında əlaqələr hərtərəfli genişlənir, möhkəmlənir.  

Azərbaycan təbii sərvətlərini dünya bazarına çıxarmaq üçün ilk gündən Türkiyə ilə məsləhətləşmələr apardı, müqavilələr bağladı. İki qardaş dövlətin bərabər işbirliyi tək iki dövlət üçün deyil, dünya üçün əhəmiyyətli oldu. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərini, Trans Anadolu qaz layihəsini misal göstərmək olar. Vaxtilə BTC-ni əngəlləmək istəyən, reallığına qarşı çıxan qüvvələr bu gün Avrasiya bölgəsinin əsas layihəsi olan Bakı-Tbilisi-Ceyhan xəttinin reallığını qəbul etmək məcburiyyətində qaldılar. Bu qüvvələr eyni zamanda Türkiyə-Azərbaycan birliyini pozmaq təşəbbüslərinin bir işə yaramayacağını da anladılar. Çünki BTC iki qardaş ölkəni bir-birinə daha sıx bağladı.

Dünyanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu bu əlaqələri daha da sıxlaşdıracaq. Bu dəmir yolu ilə Çin və Mərkəzi Asiya dövlətləri məhsullarını Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən AvropayaBöyük Britaniyaya çatdıracaq. İki ölkə arasında imzalanan enerji əməkdaşlığının son örnəyi Trans Anadolu (TANAP) qaz kəməri layihəsidir. İllərdir müzakirə olunanheç bir nəticə hasil olunmayan NABUCCO-nu Azərbaycan və Türkiyə TANAP-la tamamladı. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla ötən il bir araya gələrək TANAP-a yaşıl işıq yandırdılar. 7 milyard dollar dəyəri olan layihə 5 ilə tamamlanacaq. Boru xəttindən ilkin olaraq 16 milyard kubmetr, sonrakı illərdə isə 50 milyard kubmetr qaz ötürüləcək. Trans Anadolu qaz kəməri ilə nəql ediləcək qazın 6 milyard kubmetri Türkiyənin daxili ehtiyacları, 10 milyard kubmetri isə Avropaya satış üçün nəzərdə tutulur. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. 

2010-cu ildə dövlətlərimiz arasında "Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi" təsdiqləndi. Dövlətlərarası əməkdaşlığın yüksək səviyyəyə çatdırılmasını nəzərdə tutan bu sazişdə hərbi məsələlər, müdafiə sənayesi prioritet istiqamət təşkil edir. Olduqca əhəmiyyətli razılaşma hesab olunan bu müqavilə siyasi, iqtisadi, ticarət, mədəni və elmi sahələrdə də əlaqələrin gücləndirilməsini nəzərdə tutur.

İki qardaş dövlət arasında mədəniyyət və turizm əlaqələri də durmadan genişlənir. Yer üzünün cənnəti hesab edilən Türkiyəyə hər il minlərlə azərbaycanlı da turist səfərinə gedir, bu da bağlılığın, doğmalığın bir ifadəsidir. İki qardaş ölkə arasında mədəni əlaqələr TÜRKSOY çərçivəsində və müxtəlif formalarda ən yüksək şəkildə gerçəkləşir. Bir dönüb tarixə baxsaq dərin köklərə bağlı olan xalqlarımız bir arada, bir ortamda yaşamaq üçün tarix boyu ağır sınaqlardan çıxıb. Birliyimiz, bərabərliyimiz və yumruq kimi möhkəm olmağımız üçün atalarımızın, babalarımızın uğrunda apardığı savaşlar bəhrəsini verdi. Ümid edirik ki, aramızda qurulan körpüləri heç bir güc dağıda bilməyəcək, bu körpülər sonsuzadək bizi bir-birimizə govuşduracaq.

 

 

 

Rəsmiyyə RZALI,

Azərbaycan.-2013.-  29 oktyabr.- S.9.