Ermənistan Azərbaycana qarşı həm
də ekoloji terror həyata
keçirməkdədir
Erməni faşizminin çirkin işğalçılıq siyasətindən əzab çəkən təkcə tarixi ata-baba torpaqlarından didərgin salınmış 1 milyon 200 min günahsız qaçqın və məcburi köçgünlərimiz deyil, həm də 23 ildən bəri ekoloji terrora məruz qalmış torpaqlarımızdır. Bu gün əkinə yararlı torpaqlarımızın 1milyon 700 min hektarı, yerüstü su ehtiyatlarımızın 70 faizi, keçilməz meşələrimizin yarıdan çoxu işğal zonasındadır.
Ermənilərin doğma yurd-yuvalarından didərgin saldıqları məcburi köçkünlərə vurulmuş mənəvi ekoloji ziyanı və talan edilmiş təbii sərvətlərimizi qiymətləndirmədə təxminən 60 milyard dolları ötür. Bəzi beynəlxalq təşkilatların laqeydlik və biganəliyi ikili standartlar siyəsəti üzündən namərd qonşularımızın Azərbaycana qarşı ekoloji terroru ilbəil genişlənir. Mütəxəssislərin verdiyi məlumata görə, onlar təkcə 2006-cı ildə 63 min 500 hektar ərazini yandırıb külə döndəriblər. Yanğınların törədildiyi dağətəyi ərazilər Azərbaycanın ən münbit torpaqlarıdır. Hansı ki, o torpaqlardan ildə iki dəfə məhsul götürmək mümkündür. Mütəxəssislər bildirirlər ki, yanğın zamanı torpağın münbit hissəsi sayılan üst qatı tamamilə sıradan çıxdığından onun əvvəlki vəziyyətinə qayıtması üçün azı on illərlə vaxt lazımdır. Yanğınlar zamanı həmin ərazilərin fauna və florası kütləvi surətdə məhv olur, bitki növləri yanıb sıradan çıxır, həmin ərazilərdə məskunlaşmış müxtəlif növ heyvanlar və quşlar isə öz yurd-yuvalarından didərgin düşmək məcburiyyətində qalırlar. İşğal zonasından qaçırılan gəmiricilər, ziyanvericilər və zəhərli ilanlar zəmilərə, bağ və bostanlara, mülki əhalinin şəxsi təsərrüfatlarına soxularaq bütün əkin sahələrinı kütləvi surətdə məhv edir, insanların sağlamlığı üçün ciddi təhlükə yaradırlar. Bu cinayətkar aksiyanın ətraf mühitə vurduğu ziyansa ölçüyəgəlməzdir. Təkcə Tərtər rayonunun işğal atında olan Talış, Çaylı, Həsənqaya, Şixar, Qızıloba kəndləri ərazisində 450 hektar torpaq, 10 hektar meşə sahəsi tamamilə yandırılıb və son nəticədə 5 kənddə torpağın üst münbit qatına, otlaq və meşə sahələrinə, həmin ərazilərin faunasına və atmosferə külli miqdarda ziyan dəymişdir. Erməni Silahlı Qüvvələri Ağdam rayonunun işğal altında olan Qaraqaşlı, Sarıcalı, Baş Qərvənd, Şıxlar kəndlərinin ərazilərində də üç istiqamətdən yanğınlar törədiblər. Təmas xəttini keçən yanğın ətraf kəndlərin sakinlərinə məxsus taxıl zəmilərinə də (xüsusilə keçmiş Gülçülük sovxozu ərazisində) ciddi ziyan vurmuşdur. Azərbaycanın işğal altında olan Füzuli, Cəbrayıl və Xocavənd rayonlarında da on min hektarlarla meşə sahəsi, otlaq və biçənəklər düşmənin törətdiyi yanğınlara məruz qalmış, torpağın üst qatı tamamilə yararsız vəziyyətə düşmüşdür. Yanğınlar zamanı Azərbaycanın "Qırmızı kitab"a düşmüş 37 növ canlısı da məhv edilmişdir.
Yeri gəlmişkən qeyd edək ki, işğaldan qabaq Azərbaycanın 79 min hektar əkin sahəsi 1976-cı ildə Tərtərçay üzərində inşa edilmiş, ümumi su tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarı vasitəsilə suvarılırdı. Hazırda həmin su anbarı işğal zonasında yerləşdiyindən və texniki qurğuları nəzarətsizlik üzündən qəzalı vəziyyətə düşdüyündən anbardan aşağıdakı ərazilərdə məskunlaşmış yarım milyona yaxın vətəndaşımız qorxu içərisində yaşayır. Həmçinin vaxtilə Sərsəng su anbarından istifadə edən 7 rayonumuzun əkin sahələri də bu gün susuzluqdan əzab çəkməkdədir.
Ermənilər uzun illərdir ki, Azərbaycanın şirin su hövzələrini, xüsusilə Araz çayını kimya zavodlarının və mis mədənlərinin zəhərli tullantıları ilə çirkləndirir, əhalini gələcək ağır faciələrə tuş etmək üçün boş qalmış əkin sahələrimizi minalayıb istifadəsiz hala gətirir, həmçinin qışın qarlı, şaxtalı günlərində Qarqarçay və Tərtərçay su hövzələrində il boyu yığılan suları Azərbaycanın aran rayonları boyu açıb buraxır və əkin sahələrimizi suyun axarı ilə göndərdikləri partlayıcı maddələrlə doldururlar. Ermənistanın təbiəti mühafizə naziri V.Ayvazyan hələ 2003-ci ilin martında kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə bildirirdi ki, təkcə 2002-ci ildə Ermənistanda 327,8 min ton zərərli tullantılar yığılıb ki, onların da 1200 tondan çoxu tərkibində civə, qurğuşun, nikel, xrom, ftor, kükürd dioksidi, azot və karbon oksidi və digər zəhərli maddələr olan, ekoloji cəhətdən çox təhlükəli tullantılardır. Ancaq ermənistanlı nazir həmin tullantıların daşınaraq Azərbaycanın işğal olunmuş ərazilərində basdırılması və onların gələcəkdə ətraf mühitə, insanların sağlamlığına vuracağı ziyan və onun törədəcəyi sağalmaz xəstəliklər üzərindən sükutla keçib. Çünki onların mənəviyyatı da həmin tullantılar kimi zəhərlidir. Radioaktiv və digər zəhərli tullantıların işğal altında olan Füzuli və Cəbrayıl rayonları ərazisində basdırılması və Oxçuçay vasitəsilə Araza axıdılması barədə də kifayət qədər tutarlı faktlar var və bununla bağlı sənədlər hələ bir neçə il bundan əvvəl AŞ PA-ya təqdim olunub. Ancaq təəssüf ki, həmin radioaktiv tullantıların basdırıldığı yerləri dəqiq aşkar etmək üçün Azərbaycan ekoloqlarının işğal zonasında monitorinq keçirmək imkanı olmadığından AŞ PA-da həmin sənədlərə hələ də baxılmayıb. Yeganə ümid beynəlxalq təşkilatların, xüsusilə radioaktiv və digər təhlükəli tullantılara nəzarəti həyata keçirən Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) bu məsələyə müdaxiləsinə qalıb.
Son məlumatlara görə erməni işğalçıları təkcə Dağlıq Qarabağda 269 min hektar meşə sahəsini qəddarcasına qıraraq həmin ərazilərdəki bitki və heyvanlar aləminin ömrünə son qoyublar. İşğala məruz qalmış ərazilərimizdə, xüsusilə Laçın və Qubadlı rayonlarında ermənilər 4 min hektardan çox sahəni əhatə edən qırmızı palıd meşələrini elə vəhşicəsinə qırıblar ki, heç izi-tozu da qalmayıb. Onlar meşələrimizin zinəti olan həmin ağacları qiymətli mebel və konyak spirti saxlamaq üçün çəllək hazırlamaqdan ötrü xarici ölkəyə ixrac edirlər. Buradakı qoz ağacları isə kütləvi surətdə qırılaraq qonşu İranın mebel istehsal edən şirkətlərinə satılır. İşğalçılar Kəlbəcər və Ağdərə ərazilərində də zəngin meşə ehtiyatlarını kütləvi şəkildə talamaqdadırlar. Kəlbəcər rayonunda "Qırmızı kitab"a daxil edilmiş, 968 hektar ərazini əhatə edən ayıfındığı ağaclarınin da kökünə gecə-gündüz balta çalınmaqda və xarici ölkələrə ixrac edilməkdədir. Rayon ərazisində dünyanın heç bir yerində rast gəlinməyən 4 minə yaxın bitki növü var ki, onların da 200-dən çoxu müxtəlif xəstəliklərin müalicəsində istifadə edilən dərman bitkiləridir. Onlar da ermənilər tərəfindən talan edilib xarici şirkətlərə satılmaqdadır. İşğal zonalarındakı torpaqlarımızda vaxtilə 460 növdən çox yabanı ağac və kol bitkiləri var idi. Onların 70-i dünyanın heç bir yerində təbii halda bitməyən endemik növ bitkilərdir: qaracöhrə, Araz palıdı, yalangöz, şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşəd, eldar şamı, adi xurma, söyüdyarpaq armud və sairə. Artıq həmin yabanı ağac və kol bitkiləri də ermənilər tərəfindən məhv edilərək dünya florası xəritəsindən silinmək üzrədir. Ermənilər 1988-ci ildə Şuşa və Əskəran ərazisində təşkil edilmiş, 450 hektar ərazini əhatə edən Daşaltı yasaqlığındakı nadir təbiət komplekslərini də tamamilə məhv ediblər. Ermənilərin "Reqnum" agentliyinin verdiyi xəbərə görə, artıq Dağlıq Qarabağın meşə massivlərində nümunə üçün bir dənə belə təbii qoruq qalmayıb. Bu, açıqdan-açığa təbiətə qarşı ekoloji terrordur. Artıq ermənilər özləri də bu vəhşiliyə qarşı öz kəskin etirazlarını bildirirlər. Onların Dağlıq Qarabağda meşələrin qırılması, həmçinin qızıl və mis yataqlarının vəhşicəsinə talanması ilə bağlı bu yaxınlarda Yerevanda Prezident iqamətgahı qarşısında keçirdikləri kütləvi etiraz aksiyası dediklərimizin əyani sübutudur. Erməni ekoloq Yedia Nersisiyan mətbuata verdiyi açıqlamasında bildirib ki, "Dağlıq Qarabağ tanınmayan respublika olduğu üçün beynəlxalq ekologiya təşkilatlarının heç biri orada ətraf mühitin korlanmasını araşdıra bilmir. Oradakı özbaşınalığa səbəb də elə budur. Onlar Qarabağı talan edirlər. Əgər belə davam etsə, onlar yaxın vaxtlarda Qarabağı tamam itirəcəklər. Biz miqrasiyaya görə Ermənistanı itirdiyimiz kimi. Bu, vandalizmdir".
Ən böyük faciə odur ki, Azərbaycanın 155 müxtəlif növ ən zəngin faydalı qazıntı yataqları da işğal zonasındadır. Hazırda orada 132,6 ton qızıl, 37,3 min ton qurğuşun, 189 milyon üzlük daşı, 58 milyon ton tikinti daşı, 1898,4 ton civə, soda istehsalı üçün 130 milyon kubmetrə yaxın əhəngdaşı, 147 milyon tondan çox sement xammalı və iqtisadiyyatın inkişafında mühüm rol oynayan digər faydalı qazıntılar movcuddur ki, ermənilər həmin qiymətli məhsulları vəhşicəsinə talan edirlər. Təkcə bir faktı qeyd edək ki, o işğalçı dövlət Kəlbəcərdə yerləşən və kimyəvi tərkibinə görə Çexoslovakiyanın "Karlovı Varı" mineral suyunun eyni olan "İstisu"yu da "Cermuk" adı ilə dünyanın əksər ölkələrinə satmaqdadırlar. İşğal zonalarında 10 mineral su yataqları mövcuddur. Ermənistan rəhbərliyi işğal zonalarında törədilən ekoloji cinayətləri nə qədər ört-basdır etməyə çalışsalar da, bəzən bu dolayı yolla olsa da etiraf edilməkdədir. Qarabağ separatçılarından biri - qondarma Dağlıq Qarabağ Respublikasının xarici işlər naziri Masis Mamlyan mətbuata verdiyi müsahibədə işğal etdikləri ərazilərdə narkotik bitkilər əkilib-becərildiyini təkzib etsə də, son beş ildə orada narkotiklərin yetişdirilməsi və satışı ılə bağlı 156 cinayət hadisəsinin qeydə alındığını təsdiq etmişdir. Buna görə də beynəlxalq hüquq müdafiəçiləri işğal olunmuş Azərbaycan ərazilərində ekoloji monitorinqlər keçirməli və erməni separatçılarının törətdikləri ekoloji cinayətləri dünya ictimaiyyətinə tam çatdırmalıdırlar.
Zeynal VƏFA,
Azərbaycan.-2013.- 29 oktyabr.- S.10.