Moskvada «Azərbaycan nağılı»
Heydər Əliyev Fondu, Rusiya Mədəniyyət
Nazirliyi, Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyi və
digər qurumların təşkilatçılığı
ilə Moskvada Dövlət Şərq
Muzeyində Azərbaycan rəssamları Arif
və Orxan Hüseynovların "Azərbaycan
nağılı" adlı sərgisi keçirildi.
Xalq rəssamı Arif Hüseynov ölkəmizdə və onun hüdudlarından kənarda yaxşı tanınır. Rəssamın əsərləri Milli İncəsənət Muzeyində, Şərq Xalqlarının Dövlət İncəsənət Muzeyində, şəxsi kolleksiyalarda saxlanılır. Onun oğlu Orxan Hüseynov atasının sənətini uğurla davam etdirir. Gənc rəssamın müxtəlif janrlarda yaratdığı əsərlər Bakı, Moskva, London və Parisdə nümayiş etdirilib. Hər iki rəssamın rəngkarlıq və qrafika əsərlərində xalqımızın adət-ənənəsi, müəyyən vərdişləri Azərbaycan nağılları və folkloru prizmasından parlaq və məzəli şəkildə yumor hissi, eləcə də fantaziya ilə təsvir olunur.
Hər
iki rəssamın bu mövzuda yaratdığı əsərlər
moskvalı sənətsevərlərə Azərbaycan
haqqında maraqlı bir nağıl danışdı. Bu nağılın sözü
rəng və cizgilərdən ibarət idi.
Sərgiyə gələnlər azərbaycanlı rəssamların
əsərlərinə maraqla tamaşa edir, xoş təəssüratlarını rəğbətlə
dilə gətirirdilər.
Azərbaycan.-2013.- 29 oktyabr.- S.11.