Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

İndiyədək aparılan çoxsaylı tədqiqatlar və üzə çıxarılan müxtəlif maddi mədəniyyət nümunələri ilə sübuta yetirilmişdir ki, Azərbaycan olduqca zəngin və böyük tarixi keçmişə malik ölkədir. Ulu əcdadların ən qədim zamanlardan etibarən bu yerlərdə məskunlaşdıqlarını Salyan rayonunda Muğan arxeoloji mədəniyyətinin mərkəzi kimi tanınmış Babazanlı ərazisində son vaxtlar qazıntılar zamanı 2800 il bundan əvvəlki dövrə aid yaşayış məskəninin aşkarlanması bir daha təsdiq edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqmilli tarixin azərbaycançılıq məfkurəsi baxımından müstəsna əhəmiyyətini nəzərə alaraq, Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Salyan Rayon İcra Hakimiyyəti ilə birlikdə Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd olunmasına dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 oktyabr 2013-cü il

Azərbaycan.-2013.- 30 oktyabr.- S.1.