Azərbaycan təbii
qazının dünya bazarına Cənub
Qaz Dəhlizi
vasitəsilə
nəqli ilə əlaqədar tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
"Şahdəniz"
perspektiv strukturunda Azərbaycanın müasir neft tarixində
ilk dəfə olaraq zəngin qaz-kondensat yatağının kəşf
edilməsi və 1996-cı ildə Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin bu yataq üzrə
dünyanın tanınmış neft şirkətləri ilə
saziş imzalaması ölkə iqtisadiyyatına irihəcmli
xarici sərmayə cəlb edilməsinə imkan
yaratmışdır.
2006-cı ildə "Şahdəniz"
yatağının istismarının birinci
mərhələsinin başlanmasından sonra
təbii qazın Cənubi Qafqaz Qaz Boru Kəməri vasitəsilə
Gürcüstan və Türkiyə bazarlarına
çıxarılması Azərbaycanın enerji
sənayesi tarixində yeni səhifə açaraq ölkəmizi qaz
ixracatçısına çevirmişdir.
Hazırda
"Şahdəniz" yatağının istismarının
ikinci mərhələsinin həyata keçirilməsi həcmi
artmaqda olan qazın Türkiyə və Avropaya ixracını
təmin edəcək müvafiq infrastrukturun
yaradılmasını nəzərdə tutur.
2012-ci il iyunun 26-da "Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair" Saziş imzalanmış və hər iki dövlətin qanunverici orqanları həmin sazişi ratifikasiya etmişlər.
Trans-Anadolu Qaz Kəməri təkcə "Şahdəniz" layihəsi çərçivəsində hasil olunan qazı deyil, Azərbaycanın digər yataqlarından hasil edilən təbii qazı da dünya bazarına çatdırmaq potensialına malik olması ilə mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır.
Böyük sərmayə qoyuluşu tələb edən təbii qaz yataqlarının işlənilməsinə və hasil edilmiş qazın boru kəmərləri vasitəsilə nəqlinə dair layihələrin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təxirəsalınmaz təşkilati və digər tədbirlərin görülməsini tələb edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, göstərilən layihələrdə Azərbaycan Respublikasının mənafeyini qorumaq, Azərbaycan dövləti tərəfindən layihə iştirakçılarına hərtərəfli kömək göstərilməsini və əlverişli şərait yaradılmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə "Şahdəniz" qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:
Komissiyanın sədri
Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.
Komissiyanın üzvləri:
Əli Əsədov -
Azərbaycan Respublikası Prezidentinin
köməkçisi, Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini
Natiq Əliyev
- Azərbaycan
Respublikasının energetika
naziri
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri
Samir Şərifov - Azərbaycan
Respublikasının maliyyə
naziri
Hüseynqulu Bağırov - Azərbaycan
Respublikasının ekologiya
və təbii sərvətlər naziri
Rövnəq Abdullayev - Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin prezidenti
Şahmar
Mövsümov - Azərbaycan Respublikası
Dövlət Neft Fondunun icraçı direktoru.
2. Müəyyən edilsin ki, bu sərəncamın
1-ci hissəsi ilə yaradılmış Dövlət
Komissiyası:
2.1. aparılan işlərin
layihə iştirakçıları
ilə əlaqələndirilməsini,
ortaya çıxan məsələlərin komissiyanın
müəyyən etdiyi
aidiyyəti qurumlar tərəfindən operativ
həllini təmin edir;
2.2. Komissiya tərəfindən
müəyyən olunan
hallarda həyata keçirilən tədbirlərə
dair təkliflər hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim edir;
2.3. işlərin gedişi haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının
Prezidentinə məlumat
verir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 oktyabr
2013-cü il
Azərbaycan.-2013.-
30 oktyabr.- S.2.