Azərbaycana təzyiq və təsir etmək mümkün deyil

 

Deputatlar bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı qərəzli mövqeyini pislədilər

 

 

Oktyabrın 29-da Milli Məclisin növbəti plenar iclası keçirildi. Deputatlar gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən əvvəl bir sıra məsələlərə, o cümlədən bəzi təşkilatların ölkəmizə qarşı qərəzli mövqeyinə münasibət bildirdilər.

İlk söz alan deputat Zahid Oruc bildirdi ki, Azərbaycan xalqının iradəsini nə hansısa beynəlxalq təşkilatın qərarı, nə də kiminsə verdiyi siyasi bəyanat dəyişə bilər. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti ilə xalq arasındakı birlik pozulmazdır: "Bəzi beynəlxalq təşkilatların Azərbaycana təzyiq edərək öz istədiklərini almaq niyyəti aşkar görünür. Azərbaycan bundan sonra da öz ənənəvi xəttini davam etdirəcək".

Deputat Fərəc Quliyev isə diqqətə çatdırdı ki, hansısa qurumun daxilində olan bir neçə nəfərin fikri ümumən beynəlxalq təşkilatlar adından qəbul edilməməlidir: "Azərbaycan terrorizmə qarşı mübarizədə öz töhfələrini verir, enerji sahəsində Qərblə geniş əməkdaşlığa malikdir. Azərbaycan bir neçə şəxsin qərəzli mövqeyinə görə Avropa ölkələri ilə əməkdaşlığını pozmayacaq və Qərbə inteqrasiyanı davam etdirəcək".

Deputat Siyavuş Novruzov çıxışında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları BürosununAvropa Parlamentinin daim ölkəmizə qarşı qərəzli mövqebunun Azərbaycan cəmiyyəti tərəfindən mənfi qarşılandığını qeyd etdi: "ATƏT DTİHB nə ABŞ-da, nə Rusiyada keçirilən seçkilərə buraxılıb. Azərbaycan həmişə bu qurumla əməkdaşlıq edib. Amma bunlar heç vaxt qərəzli mövqelərindən əl çəkməyiblər". Siyavuş Novruzov "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tətbiqinə yenidən baxılmasını da təklif edib. Bu qanunun tələblərinin ciddi şəkildə pozulduğunu deyən Siyavuş Novruzovun sözlərinə görə, hər kəs azad şəkildə toplaşa bilər, lakin onların bu istəyi qanunun tələblərinə hörmət etmək şərti ilə baş tuta bilər.

Deputat Aydın Mirzəzadə bildirdi ki, prezident seçkiləri ölkəmizin siyasi həyatında mühüm hadisə idi. Bu seçkinin nəticəsində cənab İlham Əliyevin Prezident seçilməsi Azərbaycan hakimiyyətinin apardığı siyasətin cəmiyyət tərəfindən dəstəkləndiyini göstərdi: "Beynəlxalq müşahidəçilər seçkilərin azad, ədalətli və demokratik keçirildiyini bəyan etdilər. Bu gün də cənab Prezidentə təbriklər gəlir. Bu mənada ATƏT DTİHB-nin seçki ilə bağlı mövqeyi təəccüb doğurur. Buna görə sual olunur, nədən demokratik Azərbaycan bəzi dairələrin maraqlarına cavab vermir?" Aydın Mirzəzadə əlavə etdi ki, Azərbaycan öz milli maraqlarını 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müəyyən edib və bəzi təşkilatlar da bunu nəzərə almalıdır.

Deputat Asim Mollazadənin sözlərinə görə, ölkəmizə qarşı təzyiqlərin arxasında Azərbaycanın strateji inkişaf xəttinin qarşısını almaq niyyətləri dayanır: "Lakin onlar bu istəklərinə nail ola bilməyəcəklər. Azərbaycan 20 ildir ATƏT-in üzvü olsa da, DTİHB-də təmsil olunmur. Ermənistanın isə bu qurumda 4 təmsilçisi işləyir ki, bu da müvafiq suallar doğurur".

"9 oktyabr seçkiləri tarixdə qaldı, xalq öz seçimini etdi. Beynəlxalq təşkilatların artıq nəsə deməsi heç bir əhəmiyyət kəsb etmir". Bu fikirləri  deputat, YAP icra katibinin müavini Mübariz Qurbanlı bildirdi. Qeyd etdi ki, Avropa Parlamenti seçkilərlə bağlı deklorativ bəyanat qəbul edib. Avropa Parlamenti onlarla belə bəyanat qəbul edir, ona görə bunun ətrafında ajiotaj yaratmağa ehtiyac yoxdur. Mübariz Qurbanlı daha sonra dedi: "Biz Avronest PA-nın üzvüyük və "Şərq Tərəfdaşlığı"nda yaxından iştirak edirik. Biz bütün beynəlxalq tribunalardan istifadə etməliyik. Avropa Parlamentində hansısa qrupun təzyiqi ilə nəsə qəbul edilirsə, biz Avronest PA-da fəaliyyətimizi dayandırmamalıyıq".

"Azərbaycanın inkişafı, artan nüfuzu, heç bir bloka qoşulmaması, Prezident İlham Əliyevin yeritdiyi müstəqil siyasət bəzi xarici dairələri qane etmir. Buna görə Azərbaycana təzyiq etmək istəyirlər". Bunu isə deputat Çingiz Qənizadə dedi. Onun sözlərinə görə, Azərbaycana təzyiq etmək istəyən təşkilatlar nədənsə, ABŞ tərəfindən başqa ölkələrin dövlət və hökumət rəhbərlərinin telefon danışıqlarının dinlənilməsinə münasibət bildirə bilmirlər.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirdi ki, Azərbaycan nə qədər inkişaf edirsə, güclənirsə, bir o qədər ölkəmizə qarşı qısqanclıq və təzyiq cəhdləri artır: "Bunların mənbəyi erməni lobbisidir. Onlar ölkəmizə müxtəlif vasitələrlə təzyiq etmək istəyirlər. K.Ştrasser buna nümunədir". Səməd Seyidov əlavə etdi ki, bu gün Azərbaycana olan təzyiqlər çox keçməyəcək elə Avropanın özü tərəfindən inkar olunacaq.

Bu məsələlərə Milli Məclisin Sədri Oqtay Əsədov da münasibət bildirdi. "Artıq seçkilər bitdi. Azərbaycan xalqı öz rəyini və mövqeyini bildirdibu Azərbaycan xalqının təntənəsi oldu" - deyən Oqtay Əsədov bildirdi ki, Avropa Parlamentinin müşahidəçiləri Azərbaycanı tanıyan adamlar idi: "Onlar öz mövqelərini bildirdilər və müşahidələrdə də bunu göstərdilər. Amma çox təəssüflər olsun ki, AP öz qeyri-obyektivliyini göstərdi, özünün  müşahidə missiyasının üzvlərinin deyil, kənar təşkilatın verdiyi rəyi qəbul etdi. Bu, Azərbaycana təzyiq etmək və təsir  altına salmaq cəhdlərindən başqa bir şey deyil".

Avronest PA barədə danışan Oqtay Əsədov qeyd etdi ki, Azərbaycan bu təşkilatın yaranmasında təşəbbüskarlardan və iştirakçılardan biri olub. Azərbaycan bu təşkilata qoşularkən həmin təşkilatı əlaqələndirici bir qurum kimi görüb. Lakin indiyə qədər AP-də Avronest PA tərəfindən məsələ qaldırlmadığını deyən Oqtay Əsədovun sözlərinə görə, belə çıxır ki, Avronest PA öz əsas məramını yerinə yetirmir:  "Bizim səyimiz ondan ibarət olmalıdır ki, bu məqsədlərin yerinə yetirilməsinə çalışaq. Avronest PA-ya girib-çıxmaq heç kimin istəyi ilə deyil. Avronest PA-ya Azərbaycan parlamentinin qərarı ilə girilibbu məsələ Azərbaycan parlamentinin qərarı ilə həll oluna bilər. Biz bütün təşkilatlarda öz fəaliyyətimizi daha da aktivləşdirməliyik".

Oqtay Əsədov onu da bildirdi ki, ATƏT DTİHB  siyasi alət və təzyiq mexanizmidir. Əksər ölkələrdə bu təşkilatı seçkilərə dəvət etmirlər: "Gələcəkdə  fikirləşməliyik ki, Azərbaycana bu təşkilatın dəvət olunması lazımdır, yoxsa yox?"

Daha sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. Milli Məclisin sədr müavini Valeh Ələsgərov "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsini müzakirəyə təqdim etdi. Dəyişikliyə əsasən Məcəllənin 247-ci maddəsinin yeni redaksiyada verilməsi təklif olunur. Qeyd edək ki, bu maddə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının təqdim edilmə qaydalarının pozulmasına görə cəriməni müəyyən edir. Qısa müzakirədən sonra qanun layihəsi təsdiq olundu.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin təqdimatından sonra deputatlar "Əhalinin sağlamlığının qorunması haqqında" və "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının qanunlarına təklif olunan dəyişikliklərə müsbət münasibət bildirdilər.

Daha sonra Azərbaycan Respublikasının Mülki Prosessual, İnzibati Xətalar, Cinayət, Mülki məcəllələrində, həmçinin "Dövlət rüsumu haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında",  "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Uşaq hüquqları haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında", "Sığorta fəaliyyəti haqqında" qanunlara dəyişikliklər təsdiq olundu.

İclasda Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında" Əsasnamədə, Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluqkeçmə haqqında Əsasnamə"də və Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə qanun layihələri də təsdiq olundu.

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2013.- 30 oktyabr.- S.2.