O.Kuznetsov: «Rus-erməni birliyi» təşkilatı Rusiya ərazisində

 artıq 20 ildir qanunsuz fəaliyyət göstərir»

 

Moskvada, "Arqumentı i faktı" həftəliyinin mətbuat mərkəzində Rusiya tarixçisi, tarix elmləri namizədi Oleq Kuznetsovun "Qarabağ münaqişəsinin "mifləri" haqqında həqiqətlər" kitabının təqdimatı olmuşdur.

Moskvanın "Minuvşeye" nəşriyyatının buraxdığı ktabda Stanislav Tarasovun "Qarabağ münaqişəsinin mifləri" kitabına daxil olan məqalələr tənqidi baxımdan araşdırılır. O.Kuznetsovun fikrincə, S.Tarasov kitaba daxil etdiyi esselərdə ötən əsrin əvvəllərində Cənubi Qafqazda sovet hakimiyyətinin qurulduğu illərdən indiki dövrədək məlum olan bir çox tarixi hadisələri və faktları saxtalaşdırmışdır. O.Kuznetsov demişdir: "İki il əvvəl Rusiyanın "Regnum" xəbər agentliyinin saytında S.Tarasovun böyük əks-səda doğuran silsilə məqalələri dərc edilmişdi. Ötən ilin yayında, tanınmamış "Dağlıq Qarabağ Respublikası"nda prezident seçkiləri ərəfəsində həmin məqalələr toplum halında dərc edilmişdir. Bu kitabda toplanan materiallar Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyətindən daha çox Rusiya tarix elmində yaranmış heçxoş olmayan vəziyyəti əks etdirir. Belə ki, ayrı-ayrı tarixçilər tarixi sənədlərin məzmununu saxtalaşdırmaqdan çəkinmirlər. Mən kitabımda bunları arqumentlər və faktlarla sübuta yetirmişəm. Kitab həm də Rusiya tarix elminin siyasi konyukturaya, maddi mükafatlandırmaya uyaraq, ilk növbədə, Rusiya xarici siyasətini gözdən salan bəzi nümayəndələrinin mənəvi düşgünlüyü haqqındadır".

O.Kuznetsov xüsusi vurğulamışdır ki, o, təqdim olunan kitabda  təkcə tarixçi deyil, həm də hüquqşünas kimi çıxış edir. S.Tarasovun kitabının təqdimatını təşkil etmiş "Rus-erməni birliyi" təşkilatı və Beynəlxalq Ən Yeni Dövlətlər İnstitutu əslində, ermənilərin "Daşnaksütyun" partiyasının, "Ay Data" və digər transmilli erməni  təşkilatlarının nümayəndəlikləridir. Rusiya qanunvericiliyinə əsasən, ölkədə xarici ölkələrin partiyalarının fəaliyyəti qadağandır. Müəllif demişdir: "Rus-erməni birliyi" təşkilatı Rusiya ərazisində artıq 20 ildir qanunsuz fəaliyyət göstərir. Rusiya Baş Prokurorluğu bu məlumatları diqqətlə öyrənməlidir. Çünki Rusiya ərazisində bu cür təşkilatların fəaliyyəti qadağan olunmuşdur".

Təqdimat mərasimində iştirakçılara Rusiya Dövlət Arxivindən sənədlərin surətləri paylanmışdır. O.Kuznetsov qeyd etmişdir ki, həmin sənədlərdən göründüyü kimi, S.Tarasov arxiv sənədlərindən bütöv abzasları çıxarmaqla onları saxtalaşdırmışdır.

Tarix elmləri namizədi Eldar Abbasov çıxışında bildirmişdir ki, S.Tarasov öz kitabında Y.Barseqovun redaktəsi altında çıxmış "Erməni soyqrımı:Türkiyənin məsuliyyəti və dünya birliyinin öhdəlikləri" kitabdakı sənədlərdən istifadə etmişdir. Belə ki, Y.Barseqovun kitabında yol verilmiş səhvlər eyni ilə Tarasovun yazılarında da təkrar edilir. Bu da Tarasovun şəxsən arxiv materialları ilə işləməsi iddiasınının yalan olduğunu göstərir.

Təqdimat mərasimində keçmiş diplomat, Azərbaycanın BMT-dəki keçmiş nümayəndəsi Eldar Quliyev, tarix elmləri namizədi Konstantin Feofanov  və başqaları çıxış edərək tarixi faktlrın və sənədlərin saxtalaşdırılmasının yolverilməz olduğunu diqqətə çatdırmışlar.

 

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2013.- 30 oktyabr.- S.3.