Zəngilan rayonunun erməni hərbi birləşmələri tərəfindən işğalının

 20 illiyi ilə bağlı anma mərasimi keçirilmişdir

 

Oktyabrın 29-da Zəngilan rayonunun erməni hərbi birləşmələri tərəfindən işğalının 20 illiyi ilə bağlı anma mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında təşkil edilmiş tədbirdə dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların təmsilçiləri, Milli Məclisin deputatları, Zəngilan rayonu ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Əvvəlcə tədbir iştirakçıları foyedə Zəngilan rayonunun zəngin təbiətini əks etdirən stendlərlə tanış olmuşlar.

Mərasimdə şəhidlərin əziz xatirəsi anılmış, Zəngilan rayonu, onun qəsbkar ermənilər tərəfindən işğalından bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov bildirmişdir ki, Azərbaycanın dilbər guşələrindən olan bu rayon ermənilər tərəfindən 1993-cü il oktyabrın 29-da işğal olunmuşdur. İşğaldan əvvəl rayon düşmən tərəfindən bir neçə gün mühasirədə saxlanılmışdır. Həmin çətin məqamlarda ulu öndər Heydər Əliyev İran İslam Respublikası ilə danışıqlar aparmış, bu danışıqların nəticəsi olaraq əldə edilən razılaşmaya əsasən Araz çayının suyunun azaldılması təmin edilmiş və zəngilanlıların İrana keçməklə düşmən  mühasirəsindən xilası mümkün olmuşdur. Bu gün doğma Vətən, torpaq həsrəti ilə yaşayan zəngilanlılar respublikamızın ayrı-ayrı şəhər və rayonlarında məskunlaşmışlar.

Zəngilanın, onun qəsəbə və kəndlərinin, çoxlu sayda səhiyyə, təhsil müəssisələrinin, digər sosial obyektlərin düşmən tərəfindən zəbt edilərək talan olunduğunu bildirən R. Həsənov, eyni zamanda, mənəvi itkilərin daha çox, daha dəhşətli olduğunu xatırlatmışdır.  

 Bildirilmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Zəngilan 233 şəhid vermişdir. Digər bölgələrdən  olan onlarla Vətən övladı da rayonda gedən döyüşlərdə doğma torpaq yolunda canından keçmişdir.     

Dahi rəhbər Heydər Əliyevin daim zəngilanlılara böyük diqqət və qayğı göstərdiyini vurğulayan R. Həsənov, bu gün ulu öndərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini diqqətə çatdırmışdır.

Qaçqın və məcburi köçkünlərə göstərilən xüsusi dövlət qayğısından danışan rayon icra hakimiyyətinin başçısı ermənilər tərəfindən zəbt olunmuş şəhər və rayonlarımızın, o cümlədən Zəngilanın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində tezliklə işğaldan azad ediləcəyinə inamını bildirmişdir. Tədbirdə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edərək məkrli ermənilər tərəfindən işğal edilmiş Zəngilanın qədim tarixə, zəngin təbiətə, yeraltı və yerüstü sərvətlərə malik olduğunu diqqətə çatdırmışdır.

Qeyd olunmuşdur ki, respublikamızın dilbər guşəsi olan Zəngilan Azərbaycana çox böyük töhfələr vermişdir. Rayondan çox dəyərli elm, mədəniyyət, incəsənət xadimləri, görkəmli şəxsiyyətlər çıxmışdır. 

Ölkənin ictimai-siyasi həyatında xüsusi fəallıq göstərən zəngilanlılar daim dövlətimizə və dövlətçiliyimizə öz inam və sədaqətlərini nümayiş etdirmişlər. Bu il oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərində də rayon əhalisi ədalətə, xoşbəxt gələcəyə səs vermiş, dahi rəhbər Heydər Əliyev ideyalarını qətiyyətlə həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevi bir daha dəstəkləmişdir.

Vurğulanmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev müdrik rəhbər Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə göstərdiyi qayğını uğurla davam etdirir. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün əhəmiyyətli tədbirlər reallaşdırılır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən, müharibənin ölkəmizə vurduğu hədsiz ziyandan bəhs edən Ə. Həsənov qəsbkar düşmənin işğalçılıq, terrorizm siyasətindən əl çəkmədiyini söyləmişdir.   

Bildirilmişdir ki, BMT-nin ali orqanlarının münaqişə ilə bağlı qərarlarına, o cümlədən zəbt olunmuş ərazilərdən erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşmanı təsdiqləyən ATƏT missiyasının tövsiyələrinə baxmayaraq Ermənistan bu günədək həmin sənədlərə heç bir əhəmiyyət verməmişdir.

Baş nazirin müavini bu gün digər ölkələrdə də Zəngilanın erməni hərbi birləşmələri tərəfindən işğalının 20 illiyinə həsr edilmiş tədbirlərin təşkil olunduğunu söyləmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev ilə xalq arasında çox sıx birliyin olduğunu xatırladan Ə. Həsənov Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi istiqamətində dövlət başçısının həyata keçirdiyi məqsədyönlü tədbirlərdən danışmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev siyasətinin əhəmiyyətini vurğulayan Ə. Həsənov respublikamızın dinamik inkişaf etdiyini, dünyanın öndə gedən ölkələrindən biri olduğunu söyləmişdir.

Baş nazirin müavini düşmən tərəfindən zəbt edilmiş bütün torpaqlarımızın dövlət başçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində tezliklə azad ediləcəyinə əminliyini bildirmişdir. Diqqətə çatdırmışdır ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək və doğma yurd-yuvasından didərgin düşmüş qaçqınlar və məcburi köçkünlər öz torpaqlarına dönəcək, ədalət qalib gələcəkdir.

Sonra "Zəngilansız keçən 20 il" mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

 

Azərbaycan.-2013.- 30 oktyabr.- S.3.