İstanbulda «Marmaray»
layihəsinin açılış mərasimi olmuşdur
Azərbaycan
nümayəndə heyəti mərasimdə iştirak
etmişdir
İstanbuldakı
Üsküdar meydanında Türkiyə Prezidenti Abdullah
Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan,
Yaponiyanın Baş naziri Şinzo Abe, Somali Prezidenti Həsən
Şeyx Mahmud və dünyanın bir çox ölkəsindən
gəlmiş nümayəndə heyətlərinin
iştirakı ilə Mərmərə dənizinin 1400 metr dərinliyindən
13.6 kilometr uzunluğunda çəkilmiş "Marmaray" dəmir
yolu layihəsinin açılış mərasimi olmuşdur.
Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti mərasimdə iştirak etmişdir.
Prezident Abdullah
Gül və Baş nazir Rəcəb Tayyib
Ərdoğan mərasimdə çıxış etmişlər.
Bildirilmişdir ki, dənizaltı
bu xətt tunel vasitəsilə
Avropa və Asiya qitələrini
bir-birinə bağlayaraq, saatda
75 min, gündəlik isə 1 milyona yaxın sərnişin
daşınmasına imkan verir.
Hələ 150 il əvvəl Osmanlı
sultanı Əbdülhəmidin arzusu olan bu dənizaltı dəmir
yolu xəttinin tikintisi
o zamanın texnikasının yetərsiz olduğu səbəbindən həyata
keçməmişdi. Atatürkün qurduğu cümhuriyyətin 90-cı
ildönümündə bu əfsanə həqiqətə
çevrildi.
Açılış mərasimində iştirak edən Türkiyə Dövlət Dəmir Yolu İdarəsinin baş direktoru Süleyman Karaman AzərTAc-a bildirmişdir ki, "müasir İpək yolu" kimi qiymətləndirilən və Londonla Pekini birləşdirəcək nəhəng kommunikasiya xəttinin iki mühüm vəsiləsi var: bunlardan biri "Marmaray", digəri isə tikintisi uğurla davam edən Bakı-Tbilisi-Qars layihələridir. Nazir demişdir ki, Qars vilayətində logistik mərkəzin yaradılması üçün 330 hektar torpaq sahəsi ayrılmışdır. Burada ildə 35 milyon ton yük işlənilməsi üçün nəhəng kompleks yaradılıb.
Açılış mərasimində çıxışlardan sonra Diyanət İşləri başkanı Məhmət Görməz dualar oxudu. Dövlət və hökumət başçıları rəmzi açılışı bildirən lenti kəsdilər və qatarla "Marmaray" tunelində səyahət etdilər.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
İstanbul
Azərbaycan.-2013.- 30 oktyabr.- S.4.