Davamlı inkişafa hesablanmış dəyişməz
seçim
Milyonların inam və etimad
ünvanı
Dövlət idarəçiliyində siyasi varisliyin təminatı sabahına biganə olmayan hər bir dövlət və xalq üçün xüsusi aktuallıq kəsb edir. Söhbət, ilk növbədə, dinamik inkişaf xəttinin - siyasi, iqtisadi, hüquqi və mənəvi varisliyin təkamül yolu ilə davam etdirilməsi zərurətindən gedir. Müstəqil Azərbaycanın tarixinə əlamətdar hadisə kimi daxil olaraq ictimai həyatın bütün sahələrində inkişafa yeni təkan verən 2013-cü ilin 9 oktyabr seçkiləri nəticə etibarilə cəmiyyətin bütün təbəqələrinin mənafelərini özündə ehtiva edən Heydər Əliyev siyasi kursunun davamlılığını şərtləndirən amillərin sosial sifarişə əsaslandığını tam sübuta yetirmişdir.
Siyasətdə varisliyin uğurlu formulu
Bu seçkilərdə xalqın böyük etimadını qazanaraq növbəti beş il müddətində dövlət başçısı seçilmiş cənab İlham Əliyevin son 10 illik fəaliyyəti Azərbaycanı davamlı uğurlara aparan mövcud siyasi strategiyanın varisliyinin təmin olunmasında yeni mərhələnin başlanğıcı kimi də dəyərləndirilə bilər. 9 oktyabr seçkilərində ölkə vətəndaşları növbəti dəfə Heydər Əliyev siyasi kursunun təntənəsinə, bu kursun son 10 ildə Azərbaycana gətirdiyi böyük uğurlara səs vermişlər. Cəmiyyətdəki mütləq çoxluğun siyasi iradəsinə əsaslanan bu seçim, eyni zamanda, Azərbaycanda davamlı inkişaf və tərəqqiyə, mənəvi-intellektual yüksəlişə zəmin yaratmış siyasi kursun alternativsizliyinin əyani təzahürünə çevrilmişdir.
Prezident seçkilərinin nəticələri bir tərəfdən ölkəmizdə gedən ictimai-siyasi, iqtisadi proseslərin məntiqi, digər tərəfdən Heydər Əliyev siyasi kursunun varisliyinin təmini zərurətini birmənalı qəbul edən cəmiyyətin sosial sifarişini, istəyini əks etdirmişdir. Cənab İlham Əliyev bu seçkilərdə vətəndaşlarımız qarşısına Heydər Əliyevin idarəçilik sistemində formalaşan, ona rəhbərlik missiyasını məharətlə davam etdirməyə qadir olan alternativsiz lider, eyni zamanda, dövlətin tərəqqisinə böyük töhfələr vermiş nüfuzlu siyasi lider kimi çıxmışdı. Cənab İlham Əliyevin şəxsində Azərbaycan xalqı bir daha sülhə, sabitliyə, tərəqqiyə səs vermiş, ulu öndərin əsasını qoyduğu milli dövlətçilik ənənələrinə sadiqliyini nümayiş etdirmişdir.
Xalqın son seçiminə YAP-ın prezidentliyə namizədinin şəxsi liderlik keyfiyyətləri də mühüm təsir göstərmişdir. Cənab İlham Əliyevin mövcud siyasi kursa dair baxışlar sisteminin institutlaşmış xarakter daşıması, bu baxışların taktiki, strateji və perspektiv rakursunda Heydər Əliyev siyasətinin ehtiva etdiyi prioritetlərin dayanması, ən əsası, ulu öndərin siyasət məktəbində yetişmiş peşəkar diplomat kimi şəffaf keçmişə, müasir lider imicinə malik olması onun ictimai rəydə önə çıxmasını şərtləndirən başlıca məqamlar sırasında xüsusi vurğulana bilər. Moskva Beynəlxalq Münasibətlər İnstitutu kimi bütün dünyada məşhur olan ali təhsil müəssisəsində diplomatiya elminin incəliklərinə dərindən yiyələnmiş, bu sahədəki nəzəri biliklərini Heydər Əliyevin siyasət və idarəçilik məktəbində qazandığı təcrübi vərdişlərlə ümumiləşdirərək təcrübəli, peşəkar dövlət adamı kimi formalaşmış İlham Əliyevin yüksək intellekti, istedadı, şəxsiyyəti, dövlətçilik məharəti ümumi vəhdət təşkil edir.
Peşəkar siyasətçi kimi İlham Əliyevin siyasi portretinin əsas cizgilərini təşkil edən komponentlər onun Azərbaycan və dünya siyasi arenası üçün uğurlu siyasi lider olduğunu birmənalı şəkildə sübuta yetirir. O, öz simasında Qərb standartlarının - kübar rəftarın, rasional düşüncə tərzinin, sarsılmaz vətənpərvərliyin, praqmatizmin milli mentalitetimizlə uğurlu sintezini yaratmış, bu keyfiyyətləri ilə Azərbaycan siyasətinə yeni nəfəs gətirmişdir. Bir sıra politoloqlar haqlı olaraq qeyd edirlər ki, onun siyasətçi kimi formalaşmasına təsir göstərən amillər sırasında siyasi romantizm, populizm və psevdovətənpərvərlik kimi amillər yoxdur. Əksinə, reallığı düzgün qiymətləndirmək bacarığı, praqmatikliyi, işgüzarlığı, alicənablığı, qətiyyətliliyi, məqsədə doğru inamla irəliləməsi cənab İlham Əliyevə xalqın rəğbət hissini daha da artıran ən mühüm mənəvi keyfiyyətlərdir.
Ümummilli liderin dövlətçilik kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev ötən 10 ildə özü də yeni bir idarəçilik məktəbinin banisinə çevrilmişdir. Ölkə başçısının fəaliyyəti onun Heydər Əliyev ideyalarının, sadəcə, davamçısı deyil, eyni zamanda, bu ideyaları yeni dövrün nəbzinə, zamanın ruhuna uyğun davam etdirən, təkmilləşdirən qətiyyətli siyasi lider olduğunu təsdiqləyir. Ölkə rəhbərinin məqsədyönlü fəaliyyəti nəticəsində, ilk növbədə, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm amil olan ictimai-siyasi sabitlik, vətəndaş sülhü və həmrəyliyi qorunub saxlanılmışdır. Ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə müəyyənləşdirilən balanslaşdırılmış xarici siyasət kursunun davamlılığının təmin olunması nəticəsində ölkəmizin sivil dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətləri yeni müstəvidə inkişaf etdirilmişdir.
Prezident İlham Əliyevin ötən 10 ildə yürütdüyü siyasət deməyə əsas verir ki, respublikamız öz inkişafının Qərb modelini müəyyənləşdirərək davamlı iqtisadi inkişafa və demokratiyaya doğru kor-koranə deyil, təkamül yolu ilə irəliləməyə üstünlük vermişdir. Dövlət başçısının bəyan etdiyi kimi, ölkəmizin sabit və tarazlı iqtisadi inkişafı yalnız demokratik yeniliklərin geniş tətbiqindən keçir. Dövlət başçısı bu iki təmayülü bir-birindən ayırmadan Azərbaycanın milli strateji inkişaf yolu kimi müəyyənləşdirmiş, iqtisadi tərəqqi və demokratikləşmə prosesinin üzvi vəhdətinə nail olmağın vacibliyini dəfələrlə önə çəkmişdir.
Dövlət başçısı 2013-cü il oktyabrın 19-da keçirilmiş andiçmə mərasimində prezident seçkilərinin Azərbaycanın demokratik inkişafına yeni təkan verəcəyini vurğulamışdır: "Prezident seçkiləri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirmişdir. Seçkilər şəffaf, ədalətli, azad şəkildə keçirilmişdir və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir. Beləliklə, Azərbaycan xalqı son on il ərzində görülmüş işlərə öz yüksək qiymətini vermişdir.
On il bundan əvvəl birinci dəfə prezident vəzifəsinə seçiləndə söz vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam. Şadam ki, on il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edildi. Hesab edirəm ki, prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini bu siyasətə verməsi bir daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər icra edildi. Azərbaycan xalqı görülmüş işlərə öz qiymətini, öz səsini verdi. Eyni zamanda, bu səsvermədə gələcəklə bağlı öz fikirlərini, arzularını ifadə etdi".
İnkişaf xəttinin davamçısı
Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn investisiyaların qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, sahibkarlıq fəaliyyəti üçün münbit şəraitin yaradılması, vətəndaşların sosial müdafiəsi cənab İlham Əliyevin iqtisadi siyasətinin əsasını təşkil edir.
Ölkə başçısının fəaliyyətində diqqəti çəkən mühüm amillərdən biri də qarşıya qoyulan hər bir hədəfin gerçəkləşdirilməsi üçün reallığa adekvat konkret fəaliyyət proqramlarının işlənib hazırlanmasıdır. Bu baxımdan Azərbaycan Prezidentinin hələ dövlətə rəhbərliyinin ilk aylarına təsadüf edən 24 noyabr 2003-cü il tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanının əhəmiyyətini xüsusi qiymətləndirmək lazımdır. Çünki keçid dövrünə xas bir sıra köklü problemlərin həlli prosesinə məhz bu fərmanla start verilmiş, konseptual əhəmiyyətli bu sənəd sonrakı mərhələlərdə imzalanmış dövlət proqramları üçün baza rolunu oynamış, qısa zaman ərzində ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyillərinə təkan vermişdir. Bu çərçivədə atılan ardıcıl addımlar Azərbaycanda işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, sahibkarlığın inkişafı yeni iş yerlərinin açılması istiqamətində konkret nəticələrlə müşayiət olunmuşdur.
Prezident İlham Əliyev Milli Məclisdə
keçirilmiş andiçmə mərasimindəki
çıxışında bununla bağlı demişdir:
"İqtisadi inkişaf templərinə görə son 10 il ərzində
Azərbaycan qədər inkişaf edən ikinci ölkə
olmamışdır. Əminəm ki, son on il ərzində əldə
edilmiş nailiyyətlərimiz beynəlxalq ekspertlər
tərəfindən ciddi şəkildə təhlil ediləcəkdir.
On ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə
artmışdır. Əgər ilk illərdə bu artım
daha çox neft amili sayəsində olmuşdusa, hazırda
qeyri-neft sektorunun inkişafı bu artımı təmin edir və
gələcəkdə də təmin edəcəkdir. Son on il ərzində
Azərbaycanda 1 milyon 200 min yeni iş yeri
açılmışdır ki, onlardan 900 mini daimi iş
yeridir. İşsizlik kimi ciddi problemin
böyük hissəsi, demək olar ki, həllini
tapmışdır. İşsizliyin səviyyəsi
təxminən 5 faiz civarındadır. Ancaq
elə etməliyik ki, biz növbəti illərdə
işsizliyi tamamilə aradan götürək. İki regional beşillik proqram icra edilmişdir.
Bölgələr abadlaşdı, canlandı.
Bölgələrdə infrastruktur
yaradıldı və regional proqramların icrası nəticəsində
bölgələrlə paytaxt arasında fərq
azaldı".
Prezident İlham Əliyev ötən illərdə
ölkədə özəl sektorun dinamik inkişafına təkcə
sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm də
demokratikləşmə prosesinin
ardıcıllığını, vətəndaş hüquq
və azadlıqlarının etibarlı şəkildə
qorunmasını təmin edən başlıca vasitələrdən
biri kimi yanaşmışdır. Çünki özəl
sektorun inkişafı, halal yolla maddi imkanlarını
genişləndirən vətəndaşların
sayının artması dünyanın bütün demokratik
ölkələrində olduğu kimi, Azərbaycan cəmiyyətində
də sabitlik və tərəqqinin, demokratikləşmə
prosesinin hərəkətverici qüvvəsi sayılan milli
burjuaziyanın, orta təbəqənin formalaşmasını
şərtləndirir.
Mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin,
respublikanın ən müxtəlif bölgələrində
modul tipli elektrik stansiyaların qurulmasının, əyalətlərin
mavi yanacaqla təchizatının özü də dövlətin
özəl sektora dəstəyinin tərkib hissəsidir. Sahibkarlığa Kömək
Milli Fonduna dövlət büdcəsindən ayrılan vəsaitlərin
həcminin ildən-ilə daha böyük rəqəmlərlə
ifadə olunması, fermerlərin zəruri texnika ilə təchizatı
üçün "Aqrolizinq" Səhmdar Cəmiyyətinin
yaradılması və bu quruma böyük həcmdə maliyyə
vəsaitinin ayrılması da hökumətin sahibkarlara
münasibətinin əsas göstəricilərindən
sayıla bilər. Son illər iş adamlarına güzəştli
kreditlərin verilməsi sahəsində mövcud olan problemlər
də əsaslı şəkildə aradan
qaldırılmışdır.
2007-ci il
28 iyul tarixli "Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya" çərçivəsində
normativ hüquqi bazanın, institusional mexanizmlərin təkmilləşdirilməsi,
dövlət və yerli özünüidarə orqanlarının
fəaliyyətinin açıq hökumət prinsiplərinə
uyğunlaşdırılması, qərarların qəbulu
prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi,
şəffaflığın artırılması, beynəlxalq
öhdəliklərin icrasının təmin edilməsi məqsədilə
ölkə başçısı 2012-ci il 5 sentyabr tarixdə
"Açıq Hökumətin təşviqinə dair
2012-2015-ci illər üçün Milli Fəaliyyət
Planı"nın və "Korrupsiyaya qarşı
mübarizəyə dair 2012-2015-ci illər üçün
Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi
haqqında" sərəncam imzalamışdır.
Fəaliyyət
Planında, həmçinin cinayət yolu ilə əldə
edilmiş gəlirlərin leqallaşdırılmasının
qarşısının alınması, dövlət
qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi,
maraqlar toqquşmasının qarşısının
alınması, maliyyə xarakterli məlumatlar haqqında bəyannamələrin
təqdim edilməsi, sahibkarlıq fəaliyyəti üçün daha da əlverişli
mühitin yaradılması, audit, vergi, gömrük, dövlət
satınalmaları, sosial müdafiə və digər sahələrdə
fəaliyyətin müasirləşdirilməsi tədbirlərinə
geniş yer ayrılmışdır.
Prezident
İlham Əliyevin 13 iyul 2012-ci il tarixli Fərmanı
ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi yaradılmışdır. Agentlik
"ASAN xidmət" mərkəzlərini yaratmaqla
onların vahid şəkildə idarə edilməsini, xidmət
mərkəzlərində fəaliyyət göstərən
dövlət orqanlarının əməkdaşlarının
fəaliyyətinin əlaqələndirilməsini, informasiya
bazalarının qarşılıqlı inteqrasiyasını,
bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini
təmin edən dövlət orqanı kimi fəaliyyət
göstərir. "ASAN xidmət", ilk
növbədə, dövlət qulluqçularının fəaliyyətində
əhaliyə münasibətdə vətəndaş məmnunluğunun
təmin edilməsinə xidmət edən yeni yanaşmanın
formalaşdırılmasıdır. Bu
ideyanın maraqlı cəhətlərindən biri də odur
ki, həmin xidmətlər şərti müəyyən
edilmiş "bir qapı" prinsipi üzrə təqdim
edilir. Belə ki, vətəndaş
yalnız bir qapıdan daxil olmaqla bir mərkəzdən (bir
inzibati binadan) ayrı-ayrı dövlət qurumlarının
müxtəlif xidmətlərindən eyni məkanda və eyni
vaxtda yararlana bilir.
İdeyanın digər bir maraqlı elementi ondan ibarətdir
ki, bu mərkəzlərdə xidmətlər
yaşayış yeri üzrə qeydiyyatından asılı
olmayaraq, bütün vətəndaşlar üçün həyata
keçirilir və təqvimin bütün günlərində
açıq olur. "ASAN xidmət" mərkəzlərində
çalışan vergi, ədliyyə, gömrük, əmlak,
sosial müdafiə, daxili işlər, miqrasiya və s.
dövlət orqanlarının əməkdaşları vətəndaşlara
müasir və keyfiyyətli xidmətlər göstərirlər.
Adından göründüyü kimi, yeni mərkəzlər
insanların, eləcə də sahibkarların işini
asanlaşdırır, onların neqativ hallarla üzləşməsinin
qarşısını alır.
Gələcəyin
yeni hədəfləri
Son illərdə dövlət
başçısının imzaladığı fərmanlarda,
təsdiq etdiyi dövlət proqramlarında Azərbaycanın
inkişaf etmiş ölkəyə çevrilməsi
üçün bir sıra hədəflər müəyyənləşdirilmişdir. "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasının hazırlanmasında məqsəd də
respublika iqtisadiyyatındakı pozitiv meylləri daha da sürətləndirmək
və mövcud potensialı davamlı inkişaf naminə tam səfərbər
etməkdir. Əlbəttə, gələcəyə
dair baxışlar, strategiyalar nə qədər mükəmməl
olsa da, onların taleyi, həyata keçirilməsi gözlənilməz
hadisələrdən, ssenarilərdən deyil, bütün
hallarda liderlik missiyasından - qərarların qəbulu məharətindən
asılı olur. Azərbaycan öz
inkişafının dönüş mərhələsində
yaşayır və bunu mümkün edən isə düzgün
hədəflər və onların davamlı
reallaşdırılmasından irəli gələn nəticələrdir.
Bu siyasətin gedişində yalnız konkret
ölkə miqyasında deyil, bütövlükdə regionda və
dünyada proseslərin axarını yeni məcraya yönəldə
biləcək tarixi qərarlar verilir. Hazırda icrasına
start verilmiş "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyası da rəqabətqabiliyyətli,
ixracyönümlü, çoxşaxəli, innovativ
iqtisadiyyatın formalaşdırılmasını, sənayeləşmə
siyasətinin sürətləndirilməsini, mütərəqqi
təcrübəyə əsaslanan sənaye zonalarının
yaradılmasını, müəssisələrin texnoloji cəhətdən
yeniləşdirilməsini, intensiv metodların tətbiqinin
daha da genişləndirilməsini və digər tədbirləri
nəzərdə tutur.
Konsepsiyada
nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində
2020-ci ilədək
ölkədə adambaşına düşən
ÜDM-in həcminin iki dəfədən çox artaraq 13000
ABŞ dollarına çatdırılacağı gözlənilir.
Həmin dövrədək Azərbaycanın Dünya
Bankının adambaşına düşən Ümumi Milli Gəlir
təsnifatına görə "yuxarı orta gəlirli
ölkələr" arasında və BMT İnkişaf Proqramının
İnsan İnkişafı ilə bağlı təsnifatına
əsasən "yüksək insan inkişafı" ölkələri
qrupunda üst sıralara yüksəlməsi hədəflənir.
Prezident
İlham Əliyev andiçmə mərasimindəki
çıxışında gələcək hədəflərə
də toxunmuşdur: "İqtisadi sahədə şaxələndirmə
siyasəti aparılır, aparılacaqdır.
Çalışmalıyıq ki, növbəti on il ərzində qeyri-neft iqtisadiyyatımız
iki dəfə artsın. Bu hədəf artıq bir il bundan əvvəl qarşıya
qoyulmuşdur. Hesab edirəm ki, buna nail olmaq
üçün kifayət qədər imkanlar vardır.
Bu ilin göstəriciləri bunu deməyə əsas
verir. Bu il qeyri-neft sektorumuz on faizdən
çox artmışdır. Əgər biz hər
il qeyri-neft sektorumuzu on faizdən çox artıra bilsək, o
hədəfə çatacağıq".
Ümumiyyətlə, yeni mərhələnin əsas hədəfi
milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə
və dünya təsərrüfat sisteminə səmərəli
inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə
ölkədə dinamik sosial-iqtisadi inkişafın
davamlılığını təmin etməkdən ibarətdir. Prezident
İlham Əliyevin ötən illərdə
imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət
proqramlarında bu hədəflərin
reallaşdırılması üçün yerinə yetirilməsi
zəruri olan vəzifələr dəqiqliklə müəyyənləşdirilmişdir.
Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi
və bu potensialın kompleks şəkildə səmərəli
reallaşdırılması; qeyri-neft sektorunun inkişaf
etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan
iqtisadiyyatının formalaşdırılması); hər bir
regionun malik olduğu potensialdan tam və səmərəli
istifadə olunması, onların inkişafının
tarazlaşdırılması; çoxlu sayda yeni iş yerlərinin
açılmasına şərait yaradılması;
sahibkarlığın inkişaf etdirilməsi; sosial xidmətlərin
həcminin, keyfiyyətinin və
ünvanlılığının əhəmiyyətli dərəcədə
artırılması; yoxsulluğun azaldılması və s.
mühüm vəzifələri aid etmək olar.
2013-cü
ilin 9 ayında Avropanın bir sıra ölkələrində
maliyyə böhranının doğurduğu çətinliklər
özünü qabarıq göstərmiş, büdcə xərcləri
azaldılmış, vergilər artırılmış,
dövlət və özəl sektorda iş yerlərinin
ixtisara salınması geniş vüsət almış,
ümumi daxili məhsulun kəskin azalması müşahidə
edilmişdir. Bəzi ölkələrdə
büdcə kəsiri ümumi daxili məhsulun 10 faizi, dövlət
borcu isə onun 100 faizindən yuxarıdır. Azərbaycan iqtisadiyyatı isə mənfi təzahürləri
hələ də qabarıq sezilən qlobal böhrana yüksək
dayanıqlıq nümayiş etdirərək müvazinətini
itirməmiş, artım dinamikasını və əldə
olunmuş sosial inkişaf səviyyəsini qoruya bilmişdir.
Uğurla həyata keçirilən
qabaqlayıcı tədbirlər nəticəsində ölkədə
güclü sabitlik potensialının yaradılması şəraitində
gerçəkləşdirilən antiböhran siyasəti
maliyyə sabitliyinin qorunmasına da etibarlı zəmin
yaratmışdır. Bu ilin 9 ayında ümumi daxili məhsulun
5,4, qeyri-neft sektorunun 10,4 faiz artması,
qeyri-neft sektoru üzrə vergi daxilolmalarının 11 faizdən
çox artması dinamik inkişafın göstəricisidir. Bu fakt Azərbaycanın iqtisadiyyatının, sadəcə,
neft amili üzərində qurulmadığını, əldə
olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun
da mühüm paya malik olduğunu bir daha təsdiqləyir.
Qeyri-neft sektorunun inkişafının mühüm
göstəricilərindən biri də 2013-cü ilin 9
ayında investisiya qoyuluşlarının həcminin və
keyfiyyətinin yüksəlməsidir. Bu dövrdə
ümumilikdə ölkə iqtisadiyyatına 17 milyard dollar sərmayə
qoyulmuşdur və bu prosesdə artıq yerli sərmayədarların
üstünlüyü daha qabarıq duyulur. Sərmayələrin təqribən 70 faizinin daxili
investisiyalar olması isə, ilk növbədə, dövlətin
investisiya siyasətinin uğurlu olduğunu göstərir.
Tam
müstəqil siyasət yürüdən ölkə
Azərbaycan
bu gün Şərqlə Qərbi birləşdirən
bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin,
habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli
tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm
də uzaq Şərq üçün strateji əhəmiyyət
kəsb edir. Azərbaycan Qərbdə yalnız
zəngin neft və qaz ehtiyatları ilə deyil, həm də
demokratiyaya, liberal dəyərlərə, insan və vətəndaş
hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini
bir sıra konkret addımları ilə tam sübuta
yetirmişdir. Avropa Şurasının tamhüquqlu
üzvü olan respublikamızın avrostrukturlara inteqrasiya
prosesində ATƏT, Avropa Birliyi, NATO kimi təşkilatlarla
sıx əməkdaşlığı hüquqi dövlət
və vətəndaş cəmiyyəti quruculuğu prosesinin
dönməzliyinə etibarlı təminat kimi qiymətləndirilir.
2011-ci ildə respublikamızın sivil dünyanın
hüquqi-siyasi atmosferinin müəyyənləşməsində
mühüm rolu olan Birləşmiş Millətlər Təşkilatının
(BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilməsi bütövlükdə müasir
tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən
biri kimi yadda qalmışdır. Bu möhtəşəm hadisə,
ilk növbədə, rəsmi Bakının son dərəcə
sabit və uğurlu, eyni zamanda, sivil birgəyaşayış
normalarına əsaslanan tarazlı xarici siyasət
yürütdüyünü bir daha təsdiqləməklə
yanaşı, müstəqil Azərbaycanın beynəlxalq
miqyasda artan nüfuzunun parlaq təcəssümü kimi dəyərləndirilə
bilər. Eyni zamanda, mühüm uğurlardan biri də ötən
il Qəbələ RLS-in fəaliyyətinin
dayandırılması, Rusiyanın Azərbaycandakı hərbi
bazasının fəaliyyətinə son qoyulmasıdır.
Son illər bir sıra mühüm beynəlxalq tədbirlərin
keçirilməsi üçün Bakı şəhərinin
seçilməsi respublikamızın beynəlxalq nüfuzunu
daha da yüksəldir. Aşkar görünür ki, Azərbaycan
sülh və əməkdaşlıq paytaxtı kimi
tanınmağa başlayır və belə bir müsbət
imicin formalaşmasında son illər respublikada keçirilən
beynəlxalq toplantıların əhəmiyyətini xüsusi
vurğulamaq lazımdır. Respublikada
müşahidə olunan dinamik iqtisadi tərəqqi ilə
paralel şəkildə demokratik-hüquqi islahatların da
dönmədən davam etdirilməsi, bu iki təmayülün
ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən
keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli
tədbirlərin mərkəzinə çevirmişdir.
Bunun əsas səbəblərindən biri də
xalqımızın tolerantlıq düşüncəsinin
yüksək inkişaf səviyyəsidir. Xalqlararası
və mədəniyyətlərarası dialoqu müasir
qloballaşma dövründə daha da inkişaf etdirmək,
ona dəstək vermək, bütün insanların gələcəyi
naminə mədəniyyətlərin və dinlərin
qarşılıqlı dialoquna nail olmaq dövlət siyasətinin
mühüm tərkib hissəsi olaraq qalır. Dövlət başçısı İlham
Əliyevin tolerantlıq və milli münasibətlər
probleminə dair baxışları onun siyasi portretinin əsas
cizgilərini təcəssüm etdirir. Dövlət
başçısının 10 il müddətində
bununla bağlı irəli sürdüyü prinsiplər,
müəyyənləşdirdiyi strateji xətt,
atdığı konkret addımlar onun Azərbaycanı həm
də sivilizasiyalararası dialoq, mədəni-intellektual
konsolidasiya və əməkdaşlıq mərkəzinə
çevirmək məqsədindən irəli gəlir.
Respublikamızın Avropanın enerji təhlükəsizliyində
mühüm rol oynadığını da xüsusi
vurğulamaq lazımdır. Hələ 2012-ci ildə
Azərbaycanla Türkiyə arasında imzalanmış tarixi
razılaşma ilə 2025-ci ilədək Azərbaycandan nəql
olunan qazın əsas hissəsinin qardaş ölkənin ərazisi
ilə Avropa ölkələrinə ixracı nəzərdə
tutulmuşdur. 2012-ci il iyun
ayının 26-da İstanbulda Azərbaycan və Türkiyə
hökumətləri arasında Trans-Anadolu qaz kəməri
(TANAP) layihəsi ilə bağlı imzalanmış iki
saziş bu baxımdan xüsusi əhəmiyyətə
malikdir.
Bir neçə ay öncə TANAP kəmərinin
seçilməsi ilə bağlı tarixi qərarın qəbulu
isə Azərbaycanın Avropa Birliyi ölkələri ilə
münasibətlərində keyfiyyətcə yeni mərhələ
açmışdır.
Nihilist
qüvvələrin növbəti uğursuzluğu
İnkişaf etmiş demokratik ölkələrdə
müxalifət hakimiyyət uğrunda sivil, konstitusion və
intellektual mübarizə aparmaqla hakimiyyətə alternativ
siyasətin daşıyıcısı kimi
çıxış edən qüvvə olduğu halda eyni
meyarı Azərbaycandakı müəyyən siyasi qüvvələrə
şamil etmək mümkün deyil. "Xalqa nə qədər
pisdirsə, bizə bir o qədər yaxşıdır"
prinsipinə üstünlük verməklə yalnız bu halda
siyasi maraqlarını gerçəkləşdirmək
imkanı qazanacağını düşünən bu radikal
qüvvələr ölkədə siyasi sabitliyin
pozulmasında maraqlı tərəf olduqlarını indiyədək
bir neçə dəfə sübuta yetirmişlər. 2003-cü ilin prezident, 2005-ci ilin parlament seçkilərindən
əvvəl və sonra baş verən proseslər bunu bir daha
təsdiqləyir.
2013-cü ilin 9 oktyabr seçkiləri isə bu qüvvələrin
xalqın dəstəyindən tamamilə məhrum olduğunu
bir daha təsdiqləmişdir. Bu seçkilərin
yekunları birmənalı deməyə əsas verir ki, Azərbaycan
cəmiyyətinin siyasi nöqteyi-nəzərdən kfayət
qədər yetkinləşməsi vətəndaşların
düşüncə tərzində də kardinal dəyişikliklərə
səbəb olmuş, seçki mübarizəsində irreal vədlərə
hansısa yer saxlamamışdır.
Təşviqat mərhələsində xalqın dəstəyindən tamamilə məhrum olmuş ifrat radikal müxalifətin ənənəvi dağıdıcı və inkarçı xislətdən azad olmadığı reallıq kimi üzə çıxdı. Gözləmək olardı ki, uzun illər davam edən "məğlubiyyətlər seriyası"ndan sonra həmin qüvvələr fəaliyyətlərində kardinal dəyişikliklər edəcək, yeniləşəcək, sivil mübarizə və təbliğat üsullarına üstünlük verəcəkdir. Lakin həmin qüvvələrin son 20 ildə ideoloji-siyasi cəhətdən yetişməməsi, milli maraqlar qarşısında məsuliyyət hissi daşımaması, xalqdan və onun problemlərindən uzaq düşməsi, ucuz populizmə, şablon və primitiv təbliğat metodlarına üstünlük verməsi kimi mənfi məziyyətlər bir daha özünü qabarıq göstərdi. Prezident seçkiləri ərəfəsində cərəyan edən proseslər bu qüvvələrin meydan eyforiyasından, ictimai rəydə ikrah hissi doğuran ənənəvi təbliğat metodlarından hələ də əl çəkə bilmədiklərini göstərdi.
Oktyabrın 19-da keçirilmiş andiçmə mərasimi təsdiqləyir ki, Prezident İlham Əliyev müstəqil dövlətçilik konsepsiyasını məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu strateji kurs üzərində formalaşdırır və bu kursu yeni dövrün tələblərinə uyğun zənginləşdirir. O, xalqı Heydər Əliyev ideyaları ətrafında toparlayır, özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Bu gün hər bir azərbaycanlı dərk edir ki, bizi qüdrətli və müasir Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında hələ bir sıra mühüm vəzifələr gözləyir. Əminik ki, bir çox dövlətlərin onilliklərlə keçdiyi yolu qısa müddətdə adlayan Azərbaycan öz rəhbərinin əzmkar fəaliyyəti sayəsində qarşıya qoyduğu bu hədəflərə çox qısa zamanda qovuşacaqdır.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Azərbaycan.-2013.- 30 oktyabr.- S.5.