Naxçıvanda Türkiyənin Cümhuriyyət bayramı

 münasibətilə rəsmi qəbul təşkil edilmişdir

 

Türkiyə Cümhuriyyətinin yaradılmasının 90-cı ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı baş konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak etmişdir.

Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilmişdir.

Tədbirdə çıxış edən Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Əli Rza Akıncı XX əsrin əvvəllərində türk xalqının istiqlal uğrunda apardığı mübarizədən danışmışdır. Qeyd olunmuşdur ki, Osmanlı dövlətinin süqutundan sonra Mustafa Kamal Atatürkün rəhbərliyi və türk xalqının iradəsi ilə aparılan azadlıq mübarizəsi öz bəhrəsini vermiş, müstəqil, demokratik, hüquqi və dünyəvi Türkiyə Cümhuriyyəti yaradılmışdır.

Əli Rza Akıncı Türkiyə-Azərbaycan əlaqələrinin qarşılıqlı inametibar, strateji müttəfiqlik zəminində uğurla inkişaf etdiyini bildirərək demişdir ki, hazırda ikitərəfli münasibətlərimiz dünya birliyində nümunə kimi qəbul olunur. Öz kökünü xalqlarımızın qədim tarixindən, ortaq soykökdən və milli mənəvi dəyərlərdən alan bu münasibətlərin inkişafına Naxçıvan da layiqli töhfəsini verir. Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasındakı qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Baş konsul bu əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının milli bayramını - qardaş ölkədə respublika elan olunmasının 90 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, qardaş Türkiyə xalqına və dövlətinə inkişaf və tərəqqi arzulayaraq demişdir: Hər bir ölkənin ən böyük milli sərvəti onun dövlət müstəqilliyidir. 90 il bundan əvvəl müstəqillik və cümhuriyyət yolunu tutan Türkiyə Respublikası bu gün regiondadünyada söz sahibi olan inkişaf etmiş dövlətə çevrilmişdir. Qardaş Türkiyənin inkişaf yolunu müəyyənləşdirən böyük Mustafa Kamal Atatürkün tarixdə ən böyük xidmətlərindən biri də Türkiyə-Azərbaycan dostluğunun əsasını qoymasıdır. XX əsrin əvvəllərində əsası qoyulan bu münasibətlər həmin əsrin sonunda ümummilli lider Heydər Əliyev tərəfindən "Bir millətin iki dövləti" səviyyəsinə qaldırılmışdır.

Ali Məclisin Sədri demişdir: "Xalqlarımızın milli liderləri - Atatürk və Heydər Əliyev Türkiyə-Azərbaycan birliyini inkişafın və siyasi mövcudluğun mühüm şərti kimi müəyyənləşdirmişlər. Bu gün bu yola, bu siyasətə sadiq olan xalqlarımız və dövlət rəhbərlərimiz Azərbaycan-Türkiyə strateji birliyinin nəyə qadir olduğunu nümayiş etdirirlər".

"Türkiyə və Azərbaycan xalqlarının tarixi birliyi və sarsılmaz dostluğu bizim ən böyük sərvətimizdir. Belə bir möhkəm təməl üzərində qurulmuş münasibətlərimiz nümunə gücündədir. Bu əlaqələr bundan sonra da nümunə gücündə olacaqdaha da inkişaf edəcəkdir. Ona görə ki, bizim işıqlı gələcəyimiz xalqlarımızın müştərək milli maraqlarından keçir", - deyən Ali Məclisin Sədri çıxışını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirləri ilə tamamlamışdır: "Ölkələrimiz arasında bütün sahələrdə uğurlu əməkdaşlıq, işbirliyi mövcuddur. Siyasi, iqtisadi, hərbi, mədəni - bütün sahələrdə münasibətlərimiz inkişaf edirbu, bizi çox sevindirir. Bizim gücümüz bizim birliyimizdədir. Türkiyə harada, Azərbaycan orada, Azərbaycan harada, Türkiyə orada olmalıdır".

 

 

 

Elxan MƏMMƏDOV,

Azərbaycan.-2013.- 30 oktyabr.- S.4.