SİQARET - sağlamlığın qəddar düşməni

 

Hesablamalara görə, Yer kürəsinin hər üçüncü yaşlı sakini siqaret çəkir. Dünyada siqaret çəkənlərin ümumi sayı isə 1,3 milyard nəfərə çatıb. Bunu daha çox yayılan epidemiya da adlandırmaq olar. Bir də deyirlər ki, siqaret cəlbedici görünən ən qəddar düşməndir. Bunu Dünya Səhiyyə Təşkilatının açıqlamalarında da bəyan ediblər. Amma bir fakt da ciddi maraq doğurur. Bir qayda olaraq siqaret istehsalçısı olan dövlətlər bu məhsulun satışını daxili bazarda xeyli məhdudlaşdırır, az inkişaf etmiş ölkələrdə böyük ticarət şəbəkəsi yaradırlar. Elə buna görə də dünyada siqaret çəkən adamların sayına görə inkişaf etmiş Avropa dövlətlərinin heç biri ilk onluğa daxil deyil. Yenə də birincilik Monqolustandadır, bunun kimi digər dövlətlər də öncül yerləri bölüşürlər.

Daha bir açıqlama da təəccüb və təəssüf doğurur. Mütəxəssis hesablamalarına görə, Azərbaycanda adamlar siqaretə sağlamlıqlarından çox pul xərcləyirlər. Ona görə də hər il ölkəmizdə tütünün yaratdığı fəsadlarla  ürək-damar xəstəliyindən, xərçəngdən əziyyət çəkən insanların sayı artır. Tibbi ekspertlərin qənaəti belədir ki, çox yayılan 25-dən artıq xəstəliyin kütləviləşməsində və genişlənməsində siqaretin zəhəri əsas bəladır. Dünya Səhiyyə Təşkilatının həyəcan təbili kimi səsləndirdiyi daha bir rəqəmi də açıqlayaq: hər il dünyada 5 milyona yaxın insan tütünün zəhərli təsirindən dünyasını dəyişir. Siqaretin yaratdığı fəsadlar barədə çox deyilsə də, dünyada hər il siqaret çəkənlərin sayı artır, istehsalın həcmi çoxalır. Doğrudur, bu epidemiyaya qarşı bəşəri mübarizə bir an dayanmır, siqaretin təhlükə dərəcəsi də təkidlə xatırlanır. Amma bütün bunlar da tütünnikotin istifadəçiləri üçün yetərli xəbərdarlıq olmur. Hətta dünyanın çox yerində küçə və meydanlarda, ictimai yerlərdə siqaret çəkməyin cəriməsi də xeyli böyükdür. Məsələn, Avstraliyada küçədə siqaret çəkmək qanunla qadağan olunub. Belçikada siqaret aludəçilərini daha böyük həcmli cərimələr gözləyir. Əlbəttə, cərimələrlə qadağalar o qədər də sınanmış əlac olmasa da, hər halda sağlamlığımızı tütünün təsirindən qorumaq üçün bir vasitədir. Bunu hər kəs öz düşüncəsinin süzgəcindən keçirməli, anlamalıdır ki, siqaret çəkməklə gələcəkdə səhhətini ağır və sağalmaz zədələrin təhlükəsi ilə üz-üzə qoyur.

Bəzən insanları sağlamlığını qorumağa cəlb etmək üçün müxtəlif yollar arayır, hətta təbliğat kampaniyası keçiririk. Siqaretin, nikotinin təhlükə dərəcəsi ciddi fəsadlara yol açanda, daxili orqanlar zədələnəndə əlacsız qalıb xəstəxana qapılarını döyürük. Gecikmiş müayinə və müalicə itirdiyimiz sağlamlığımızın, gümrahlığımızın əvəzini qaytarmır. Ona görə də bu təhlükəli epidemiyaya qarşı mübarizədə ən kiçik güzəşt də sağlamlığımıza yönəldilən qəsddən başqa bir şey deyil.

Siqaretə aludəlik bəzən yeniyetmə yaşlarından başlayan ömürlük vərdişə çevrilir. Məktəbin, ailənin təpkiləri və qadağaları nə qədər sərtləşsə də, bu məişət vərdişinə birdəfəlik son qoymaq bəzən çətin olur. Siqaret qutularının üzərində təhlükə dərəcəsini göstərən şəkillər də xəbərdarlıq göstəricisi kimi o qədər də təsirli olmur. İctimai yerlərdə qadağaları artırmaq üçün kəsərli üsul kimi cərimələrin miqdarını dəfələrlə artırırlar. Araşdırmalar göstərir ki, bəzən bir adam nəzərdə tutulmayan yerdə siqaret çəkdiyinə görə dəfələrlə cərimələnir. Amma uzun illərin ziyanlı vərdişindən ayrılmaq istəmir. Yenə də tibbi ekspertlərin bəzi qənaətlərini xatırlatmaq istərdik: siqaret tüstüsü daxili orqanları zədələməklə damarlarda tıxac və iflic yaradır.

Siqaret tüstüsünün ekoloji mühitə vurduğu ziyan da mütəxəssislərin diqqətindən yayınmayıb. Ehtiyatsızlıqdan siqaret kötüyünün yaratdığı meşə yanğınları da oksigen ehtiyatına ciddi zərbə vurur. Əgər bir hektar meşə sahəsi saatda 8 kiloqram karbon qazını udursa, bu da 250 nəfərin təmiz havaya olan ehtiyacını məhdudlaşdırır. Ona görə də ətraf mühitlə davranış mədəniyyəti hər kəsin qeyd-şərtsiz əməl edəcəyi əsas amillərdəndir. Təbiət alimləri belə qənaətə gəliblər ki, 20 ilə hər gün bir qutu siqaret çəkən adam 7200 ağacı kəsmiş olur. Di gəl ki, bəzən özləri də anlamadan təbiəti, ətraf mühiti gen-bol zəhərləyirlər. Daha bir hesablama: məlum olub ki, 20 ildə hər gün bir qutu siqaret çəkən adamın vücuduna 7 kiloqram qətran yığılır. Bu maddə xərçəng xəstəliyinin yaranmasında, sümüyün əriməsində sürətləndirici rol oynayır. Siqaretin yaratdığı fəsadlar uzun illərdən sonra bəlli olmur. Hətta hesablayıblar ki, dünyada hər 5 saniyədə siqaretin fəsadlarından bir nəfər həyatı ilə vidalaşır. Belə bir müşahidə də aparıblar: adi həyat tərzi keçirən adamlar siqaret çəkənlərə nisbətən ən azı 10-12 il çox yaşayırlar. Bu qədər fəsadlara, tütünün gətirdiyi bəlalara baxmayaraq, hələ də siqaretin açıq və gizli reklamı davam edir. Gün ərzində dünyada tütün məmulatlarının satışından ən azı 400 milyon dollar həcmində gəlir götürülür. Və bu bazarın təqribən 70 faizini Amerikanın ticarət şəbəkələri zəbt edib. Özübu məhsulları əsasən daxili bazarda yox, az inkişaf etmiş ölkələrin satış mərkəzlərində realizə edirlər. Deməli, ziyan özgəyə dəysə də, qazanc yenə də monopoliya mərkəzlərində cəmləşir. Belə olanda halal rəqabət öz-özünə sıradan çıxır, dünya bazarında hər bir məhsulun hegemon idxalçısı yaranır. O ki qaldı siqaret ticarətinə, belə ölüm gətirən məhsulların da bazarda kiçikböyük dəllalları var.

Hələ ki dünya meridianı ilə müqayisədə siqaret çəkənlərin sayına görə Azərbaycanın qərar tutduğu pillə o qədər də fəlakətli yer sayılmır - sırada 85-ci yerdəyik. Amma heç bu rəqəmlə də barışmaq olmaz. Halbuki əhalinin sayı artdıqca tənbəki də çoxalır, qəlyan çəkənlərin də sayı artır. Amma bir daha xatırlatmaq istəyirik ki, dünyanın dərdini qəlyana yükləməyin, heç vaxt, heç vədə qəddar düşməndən dost olmaz!

 

 

Bəşir ŞƏRİFLİ,

Azərbaycan.-2013.- 30 oktyabr.- S.7.