Xalqın qətiyyətli seçimi
Azərbaycan öz tarixinin daha bir taleyüklü sınağından uğurla çıxdı: ölkə Konstitusiyasının tələblərinə uyğun olaraq, oktyabrın 9-da Azərbaycan cəmiyyəti növbəti beş illik müddət üçün xalqın adından və xalqın naminə qərarlar qəbul etmək səlahiyyətinə malik ali məqam sahibini - dövlət başçısını seçdi. Son dərəcə ağır, məsuliyyətli və tarixi bir missiyanı - ölkə Prezidenti vəzifəsini öhdəsinə götürmək niyyətinə düşən namizədlərin sayının çox olmasına baxmayaraq, Azərbaycan xalqının mütləq əksəriyyəti yenidən özünün müdrik rəhbərinə - Prezident İlham Əliyevə yekdilliklə səs verməklə bir daha qətiyyət nümayiş etdirdi.
Seçici auditoriyasının qətiyyət və əzmkarlığı nədən qaynaqlanırdı? Əvvəlki iki seçkidə olduğu kimi, budəfəki seçkilərdə də möhtərəm İlham Əliyevin alternativsizliyini təmin edən amillər hansılardı?
Bu suallar ətrafında mülahizə yürüdərək geniş təhlil vermək, Azərbaycanın dövlət başçısı kürsüsündə cənab İlham Əliyevin son on ildəki çoxşaxəli, titanik fəaliyyətinin bütün məqamlarına işıq salmaq bir qəzet yazısı çərçivəsində yerinə yetirilməsi mümkün olan iş deyildir; ona görə də biz yalnız bir məsələdən - müstəqil Azərbaycan Respublikasının iqtisadi inkişaf konsepsiyasının formalaşdırılması və reallaşdırılması istiqamətində möhtərəm Prezidentin gördüyü genişmiqyaslı tədbirlərdən bəziləri, onların əməli nəticələri barədə qısaca bəhs edəcəyik. Bu, həm də son 10 ildəki inkişaf prosesinin hansı özgün xüsusiyyətlərə malik olduğunu bilmək və dəyərləndirmək baxımından çox vacibdir.
Dövlət başçısı seçilmiş cənab İlham Əliyev hələ 2003-cü il oktyabrın 31-də keçirilmiş andiçmə mərasimində ulu öndər Heydər Əliyevə müraciətlə demişdi: "Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik". Sonrakı illərdə cənab İlham Əliyevin iqtisadi strategiyasının əsas istiqamətlərini ulu öndərin demokratik dövlət quruculuğuna, Azərbaycanın iqtisadi inkişafına və ölkəmizin qüdrətinin möhkəmləndirilməsinə yönəlmiş ideyalarının reallaşdırılması təşkil etdiyinə görə əminliklə söyləmək olar ki, möhtərəm Prezident on il əvvəl verdiyi sözə yüzdəyüz sadiq qalmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişaf siyasəti artıq on ildir ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bu siyasət Azərbaycanın bölgədə iqtisadi cəhətdən lider dövlətə çevrilməsi və dünya iqtisadi sisteminə uğurla inteqrasiya etməsi, ölkədə sosial problemlərin həlli və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun sürətlə azaldılması, işsizlik problemlərinin həlli və infrastrukturun yenidən qurulması istiqamətində mühüm dövlət proqramlarının ardıcıl həyata keçirilməsi üçün möhkəm təməl yaratmışdır. Uzunmüddətli dövr üçün nəzərdə tutulan iqtisadi siyasət konsepsiyası, aparılan radikal islahatlar ölkənin qüdrətini və vətəndaşlarımızın rifah halının yüksəlişini təmin etmişdir. Möhtərəm İlham Əliyev bu məqamı nəzərdə tutaraq demişdir: "1993-2003-cü illər sabitlik və inkişaf illəri kimi tarixdə qalır. Bu illər ərzində görülmüş işlər bu gün ölkəmizin uğurlu inkişafına xidmət göstərir. O illərdə başlanmış layihələr bu gün uğurla davam etdirilir. Əlbəttə, Azərbaycanın bugünkü reallıqlarını təsəvvür etmək üçün... biz o illərə qayıtmalıyıq...
Son on il ərzində Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilmişdir. 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək bəyan etmişdim ki, əgər mənə etimad göstərilərsə, mən bu siyasətə sadiq qalacağam və bu siyasəti davam etdirəcəyəm".
Hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində cənab İlham Əliyev özünün sosial-iqtisadi platformasını açıqlayarkən ölkəmizin dinamik inkişafı, iqtisadiyyatımızın dünya iqtisadi sisteminə sıx inteqrasiyası üçün mühüm işlər həyata keçirəcəyini bəyan etmişdi. Yüksək dövləti vəzifəyə başladığı ilk dövrlərdən cənab İlham Əliyevin iqtisadi siyasətinin başlıca istiqamətləri "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 noyabr tarixli fərmanında öz ifadəsini tapmışdır. Fərmanın ruhuna uyğun olaraq qəbul edilmiş sərəncam və dövlət proqramlarında respublikanın sosial-iqtisadi inkişafının əsas parametrləri müəyyənləşdirilmiş, iqtisadi islahatların və struktur islahatlarının sürətləndirilməsi, qeyri-neft sektoru sahələrinin, regionların və sahibkarlığın inkişaf etdirilməsi, kiçik və orta sahibkarlığa dövlət yardımının artırılması, strateji baxımdan mühüm obyektlərin və infrastrukturun inşası, biznes mühitinin yaxşılaşdırılması, daxili bazarın haqsız rəqabətdən qorunması, ölkədə məşğulluğun səviyyəsinin yüksəldilməsi və yoxsulluğun azaldılması, Azərbaycan əhalisinin maddi rifahının yüksəldilməsi, habelə Azərbaycanın qlobal iqtisadi sistemə inteqrasiyası yolu ilə iqtisadiyyatın sürətli inkişafının təmin edilməsi kimi çox mühüm vəzifələr irəli sürülmüş və uğurla həyata keçirilmişdir.
Çoxsaylı rəqəmlər ümmanına hələlik baş vurmadan son on ildə Azərbaycan cəmiyyətinin sosial-siyasi və iqtisadi həyatında baş vermiş bütün müsbət dəyişikliklərə bu da cənab Prezidentin özünün qiymətləndirmələri:
"...Bu
gün Azərbaycan uğurla, inamla inkişaf edir. Ölkə qarşısında duran bütün əsas
vəzifələr müvəffəqiyyətlə icra edilir.
Azərbaycan bu gün dünya miqyasında etibarlı tərəfdaş
və dost ölkə kimi tanınır";
"Azərbaycan son on il ərzində iqtisadi sahədə
misli görünməmiş nailiyyətlərə çata
bilmişdir. Dünyada iqtisadi inkişaf templərinə görə
bizim göstəricilərimiz rekord göstəricilərdir.
İqtisadiyyatımız üç dəfədən
çox artmışdır və digər göstəricilər
də yüksək səviyyədədir. İşsizlik
aradan götürülür, yoxsulluq 50 faizdən 6 faizə
düşmüşdür. Yəni bu onu
göstərir ki, bəyan etdiyimiz siyasət reallaşır.
Siyasətimizin mərkəzində Azərbaycan
vətəndaşı dayanır. Gəlirlərin ədalətli
şəkildə bölünməsi də əsas prioritet
kimi elan edilmişdir və bu gün biz bunun nəticələrini
əyani şəkildə görürük...";
"Çox şadam ki, son on il ərzində Azərbaycan
xalqı və dövləti sözün əsl mənasında
sürətli inkişaf dövrünü
yaşamışdır. Bu on ildə problemlərin böyük
hissəsi öz həllini tapmışdır. İstənilən istiqamət üzrə konkret
proqramlar icra edilir. Onların bir çoxu
artıq başa çatmışdır. Azərbaycanda
proseslər müsbət istiqamətdə gedir. Daxili vəziyyət çox sabitdir. Xarici əlaqələrimiz genişlənir. Azərbaycan dünyada etibarlı tərəfdaş
kimi tanınır. Azərbaycan ilə
dostluq etmək istəyən ölkələrin sayı
artır. Biz də ikitərəfli münasibətlərə
eyni mövqedən yanaşırıq: nə qədər
çox dostlarımız olsa, mövqeyimiz də dünyada o qədər
möhkəm olacaqdır.
Xarici siyasətlə
bağlı bütün vəzifələr icra edilmişdir.
İkitərəfli formatda çox gözəl
əlaqələr yaradılmışdır. Bölgədə Azərbaycanın rolu böyük
dərəcədə möhkəmləndirilmişdir. Hazırda bölgədə gedən bütün
proseslərdə Azərbaycanın fəal rolu, öz
mövqeyi vardır. Azərbaycan tərəfindən
irəli sürülmüş təşəbbüslər
regional əməkdaşlıq üçün böyük əhəmiyyət
daşıyır. Azərbaycanın
iştirakı olmadan heç bir layihə, heç bir təşəbbüs
uğurla nəticələnə bilməz".
"Azərbaycan bir sabitlik adasıdır. Azərbaycanda
daxili sabitlik, xalqla iqtidar arasında birlik, vəhdət
vardır. Azərbaycanda iqtisadi siyasət
möhkəm sosial siyasətlə tamamlanır. Bizim xarici siyasətimiz də birmənalıdır,
açıqdır, aydındır və müstəqildir.
Bizim müstəqilliyimizin, müstəqil siyasətimizin
təməlində də iqtisadi müstəqillikdir. Əgər iqtisadi müstəqillik olmasaydı, əgər
biz xarici kreditlərdən asılı olsaydıq, müstəqil
siyasət apara bilməzdik. Müstəqillik
ən böyük dəyərdir, ən böyük sərvətdir.
Müstəqillik o deməkdir ki, xalqımız
azaddır, taleyimiz öz əlimizdədir. Azərbaycan xalqı, nəhayət ki, öz taleyinin
sahibidir. Əsrlər boyu xalqımız müstəqillik
eşqi ilə yaşamışdır... Bu
gün biz müstəqilik. Bizim nəinki
atributlarımız, sözün əsl mənasında,
müstəqil, qüdrətli dövlətimiz vardır.
Biz fəxr edirik ki, müstəqil Azərbaycanın
vətəndaşlarıyıq".
Bəs konkret rəqəmlər nə deyir? Əsas
iqtisadi göstəricilərə yenə dövlət
başçısının "ekspress-şərh"ləri
ilə diqqət yetirək.
On il ərzində
Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox, adambaşına
düşən ümumi daxili məhsulun həcmi 7 dəfə
artmış və pul ifadəsində 5800 dollara
çatmışdır. Bu, keçid
dövrünü yaşayan ölkələr
üçün çox böyük göstəricidir.
Bütövlükdə dünyada o qədər
də çox ölkə yoxdur ki, adambaşına düşən
ümumi daxili məhsul təxminən 6 min dollara
çatsın.
Azərbaycanda son beş il ərzində
sənaye istehsalı 2,7 dəfə
artıbdır. Bu onu göstərir ki, bizim ümumi daxili məhsulun
artımının əsas hissəsi sənaye ilə
bağlıdır. Bizim siyasətimiz, Azərbaycanda çox böyük sənaye
potensialının yaradılması, sənayeləşdirmə
layihələrinin icra olunması artıq bunun əyani sübutudur.
2003-cü ildən bəri qeyri-neft
sektorunda ümumi daxili məhsul 2,4 dəfə
artmışdır. Bu, daha çox regional
inkişaf üzrə 2004-cü və 2009-cu illərdə qəbul
edilmiş iki dövlət proqramının uğurla yerinə
yetirilməsinin nəticəsidir. Bu proqramlarda
qarşıya qoyulmuş vəzifələrə uyğun
olaraq təkcə keçən il 117 min
yeni iş yeri açılmışdır ki, bunlardan da 93
mini daimi iş yeridir.
Təkcə bu ilin dörd ayında
qeyri-neft sektorumuz 11 faiz artmışdır. Yəni
bu o deməkdir ki, şaxələndirmə siyasətimiz
öz bəhrəsini verir. Bu gün ölkəmiz
üçün ənənəvi olmayan sahələr, məsələn, informasiya-kommunikasiya
texnologiyaları sahəsi
inkişaf edir, neft amilindən asılılıq
azalır. Ümumi daxili məhsulumuzda neft
seqmenti artıq azlıq təşkil edir. Bu
da çox müsbət göstəricidir. Ümumi daxili məhsulun əsas hissəsi qeyri-neft
sektorunda formalaşır. Gələcək illərdə
bu proses davam etdiriləcəkdir. 2014-cü ilin əvvəlində
regional inkişaf üzrə üçüncü Dövlət
Proqramı qəbul olunacaqdır.
Kənd təsərrüfatı
istehsalı 3,3 dəfə
artmışdır. Bununla bərabər, ərzaq təhlükəsizliyi
ilə bağlı məsələlər daim diqqət mərkəzindədir, bu barədə kifayət qədər
çoxlu qərarlar qəbul edilmişdir.
Ümumiyyətlə, regional
inkişafla bağlı proqramların əvvəlindən bəri
respublikada 1 milyon 200 min yeni iş yeri
açılmışdır ki, bu da, öz növbəsində,
işsizliyin əhəmiyyətli dərəcədə
azaldılmasına xidmət etmişdir. İşsizliyin səviyyəsi
2012-ci ildə bir qədər də aşağı
düşmüş və indi 5,2 faiz səviyyəsindədir.
İşsizliklə bilavasitə bağlı
olan yoxsulluğun səviyyəsi də 6 faizə
düşmüşdür. Bu, hətta inkişaf etmiş ölkələr
üçün çox gözəl göstəricidir.
Xarici dövlət
borcu ümumi daxili məhsulun cəmi 7 faizini təşkil
edir.
Bütün beynəlxalq reytinq agentlikləri Azərbaycanın
kredit reytinqlərini artırır. Ölkəmiz artıq rəqabətqabiliyyətliyinə
görə dünya miqyasında ilk 50-liyə daxildir, yəni
46-cı yerdədir, MDB məkanında isə biz neçə
ildir ki, 1-ci yerdəyik.
Büdcə gəlirləri on il ərzində 16 dəfə
artmışdır. Dövlət büdcəsinin
xərcləri 2003-cü ildə 1 milyard 200 milyon dollar idi.
2012-ci ildə isə Azərbaycanın icmal büdcəsinin gəlirləri
22 milyard 338,4 milyon manat, xərcləri 20 milyard 72,7 milyon manat
olmuşdur.
2003-cü ildə Azərbaycanın
valyuta ehtiyatları 1 milyard 600 milyon dollar təşkil edirdi,
hazırda isə 48 milyard dollardan çoxdur: bu, 30 dəfədən
çox artım deməkdir. Dövlət
başçısının təbirincə deyilsə, yəni
bu, çox böyük nailiyyətdir, çox böyük
göstəricidir. Bu bizə əlavə
güc verir, əlavə arxayınlıq verir. Bizim valyuta ehtiyatlarımız dünya miqyasında
artıq ən ciddi rəqəmlərlə
ölçülür və növbəti illərdə bu məbləğ
daha da artacaqdır. Çünki bizim
enerji layihələrindən əldə edilmiş və gələcəkdə
gözlənilən gəlirlər daha da çox olacaq və
Azərbaycan valyuta ehtiyatları baxımından dünya miqyasında
ən qabaqcıl ölkələrdən birinə çevriləcəkdir.
Bunlarla bərabər,
Azərbaycan manatı dünyanın ən dəyərli beş valyutasından birinə
çevrilmiş, inflyasiya isə birrəqəmli olmuşdur.
Son on ildə
maaşların orta həcmi 5 dəfə, pensiyaların orta həcmi
isə 8 dəfə artmışdır. Başqa
sözlə, bu gün Azərbaycanda orta əməkhaqqı
520 dollar, orta pensiya 200 dollar səviyyəsindədir. Sosial rifah, insanların maddi vəziyyətinin
yaxşılaşdırılması, müxtəlif sosial
proqramlar dövlət siyasətinin əsas istiqamətidir.
Sovet dövründən banklarda qalmış əmanətlərin
qaytarılması, həm də MDB məkanında ən
yüksək faizlə qaytarılması bu siyasətin təzahürüdür.
Nəhayət, Azərbaycan o nadir
ölkələrdəndir ki, artıq kosmik sənayesi vardır...
Budur Azərbaycanın
sosial-iqtisadi sahədə əldə etdiyi cahanşümul
uğurların yığcam mənzərəsi! Möhtərəm İlham Əliyevin qanuni iftixar
hissi ilə qeyd etdiyi kimi, bu reallıqları biz
özümüz yaratmışıq, Azərbaycan
xalqının istedadı, zəhməti, Heydər Əliyev
siyasəti hesabına yaratmışıq. Biz bu siyasətə
bundan sonra da sadiq olacağıq və sadiq olmalıyıq!..
Sosial-iqtisadi inkişafın unikal Azərbaycan modelinin
reallaşması sayəsində Azərbaycan iqtisadiyyatı
öz inkişaf tempinə görə dünya liderlərindən
birinə çevrilmişdir. Azərbaycan dünyada çox
etibarlı ölkə
və etibarlı tərəfdaş kimi
tanınmış, onun dünya iqtisadi sisteminə inteqrasiyası güclənmişdir.
Azərbaycan Respublikasının sürətlə
inkişaf edərək özünün keyfiyyətcə yeni
inkişaf mərhələsinə gəlib çatması və
MDB məkanında ilk olaraq bazar iqtisadiyyatına keçid
prosesinin başa çatmasını bəyan etməsi də
məhz bu inkişaf modelinə əsaslanır.
Mübaliğəsiz
demək olar ki, əldə edilən uğurlar ulu öndərimizin
iqtisadi strategiyasını uğurla davam etdirən və təlatümlü
dünya iqtisadi məkanında Azərbaycanın milli
maraqlarının qorunmasına, ölkəmizin təbii sərvətlərindən
xalqın rifahı naminə səmərəli istifadə edilməsinə,
regionların tərəqqisinə rəvac verən möhtərəm
Prezident İlham Əliyevin cəsarətli və uzaqgörən
siyasətinin nəticəsidir!
Ölkənin iqtisadi inkişafının davamlı
olması İlham Əliyevin iqtisadi siyasətinin təməl
prinsipidir. Həm
iqtisadi, həm də sosial istiqamətləri nəzərə
alan Prezident strategiyası bu istiqamətlərin
hər biri üzrə sinxron və əlaqələndirilmiş
proqram həyata keçirməyi nəzərdə tutur. İnflyasiya tempinin məqbul səviyyədə
saxlanması, valyuta
bazarında sabit və
proqnozlaşdırıla bilən vəziyyətin təmin
edilməsi, valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artırılması, dövlət
idarəetmə sistemində struktur islahatlarının həyata
keçirilməsi ölkəmizdə iqtisadi islahatların
mühüm tərkib hissəsini təşkil edir. Prezidentin
müdrik siyasəti sayəsində sürətlə artan neft və qaz gəlirlərindən
həddən artıq asılılıq nəticəsində
yarana biləcək iqtisadi
qeyri-sabitlik təhdidinin qarşısının
alınması məqsədilə iqtisadi siyasət iqtisadi
çoxşaxəliliyin təşviqinə yönəldilmişdir.
Məhz
bunların nəticəsində sahibkarlıq fəaliyyətində
mühüm inkişaf müşahidə olunmuş,
iqtisadiyyatın liberallaşmasının dərinləşdirilməsi
istiqamətində nailiyyətlər əldə edilmişdir.
Eyni zamanda, iqtisadi artım əhalinin rifah səviyyəsinin
artması üçün görülən konkret tədbirlər,
struktur-texnoloji müasirləşmənin həyata
keçirilməsi və ölkənin rəqabət üstünlükləri sayəsində
təmin edilmişdir. Sosial-iqtisadi inkişafda yeni nailiyyətlərin
əldə edilməsi həm də islahatların düşünülmüş
şəkildə aparılması, şəffaflığın
təmin edilməsi, iqtisadiyyatın müasirləşməsi,
sosial dəyişikliklərin keçirilməsinə kompleks
yanaşma zəminində
baş vermişdir.
Azərbaycan
xalqı 2003-cü ildə keçirilmiş prezident
seçkilərində bu siyasi kursa və onun alternativsiz
davamçısı olan cənab İlham Əliyevə etimad
göstərməklə davamlı inkişafa və tərəqqiyə dəstək
verdiyini göstərmişdi. Cənab İlham Əliyev isə
hər bir azərbaycanlının Prezidenti olduğunu real
işi ilə sübuta yetirərək, son on il ərzində
apardığı kompleks islahatlarla xalqın yüksək rəğbət
və məhəbbətini qazanmışdır.
Prezidentin
dediyi kimi: "Azərbaycanda
icra edilən infrastruktur layihələri tamamilə yeni bir
şəraitin yaradılmasına gətirib
çıxarmışdır. Biz son illər ərzində
xüsusilə qeyri-neft sektorunun inkişafı ilə məşğuluq.
Bu sahənin inkişafı nəticəsində
cari ilin birinci rübündə qeyri-neft sektorumuz 11 faizdən
çox artmışdır. Nə iqtisadi,
nə maliyyə böhranı bizə təsir etməmişdir.
Biz öz iqtisadi siyasətimizi
ardıcıllıqla, düşünülmüş şəkildə,
qəbul edilmiş proqramlar üzrə aparırıq. Bizim istər xarici, istər daxili, istərsə də
apardığımız iqtisadi siyasət düzgün siyasətdir.
Həyat bunu təsdiqləyir. Dünyada müxtəlif yerlərdə proseslər
çox təhlükəli məcrada inkişaf edir. Qarşıdurmalar, toqquşmalar yaşanır.
Vətəndaş müharibələri bir tərəfdən,
digər tərəfdən müxtəlif bölgələrdə
maliyyə və iqtisadi böhran hələ ki bitmir. Onun yeni dalğası başlanır. Biz görürük küçələrə on
minlərlə, yüz minlərlə insan axışır ki,
öz etirazını bu və ya digər formada ifadə
etsin".
Cənab
İlham Əliyevin cəsarətli, düzgün, milli mənafelərimizin
qorunmasına və ölkəmizin müstəqilliyinin gücləndirilməsinə
təminat verən uzaqgörən
siyasəti imkan vermişdir ki, hətta bizim ərazimizin hüdudlarının
yaxınlığında yaşanan
böhranlı vəziyyət bizə təsir etməsin.
Düşünülmüş siyasətlə
və yaradılan güclü iqtisadiyyatla Azərbaycan bu
böhranlı vəziyyətdən qorundu. Nə Azərbaycan
dövləti, nə
Azərbaycan iqtisadiyyatı, nə də Azərbaycan vətəndaşı
bu böhranı hiss etdi. Bu barədə
ölkə Prezidenti özü belə demişdir: "Bu, böyük nailiyyətdir
və bir daha onu göstərir
ki, bizim düşünülmüş iqtisadi siyasətimiz, risklərə
çox ehtiyatlı yanaşmağımız ən
düzgün siyasətdir".
Bəli, hələ də dünya iqtisadiyyatında
maliyyə böhranı və tənəzzül davam etməkdədir. Dünyanın
aparıcı dövlətləri qlobal maliyyə
böhranından ciddi əziyyət çəkdiyi halda, Azərbaycan
Respublikasının iqtisadi göstəricilərində bu, demək
olar ki, hiss olunmamışdır. Bütövlükdə
Azərbaycan Respublikası qlobal böhranı kifayət qədər
hazırlıqlı qarşılamış,
yaradılmış irihəcmli valyuta ehtiyatları
iqtisadiyyatın yüksək maliyyə
dayanıqlığını təmin etmişdir. Çevik pul və məzənnə siyasəti
makroiqtisadi sabitliyin və dayanıqlığın
qorunmasını, antiböhran tədbirlərinin səmərəsini
şərtləndirmişdir. Möhtərəm
Prezidentimizin də qeyd etdiyi kimi, Azərbaycanın seçdiyi
antiböhran siyasəti inkişaf etmiş iri dövlətlərin,
dünya iqtisadi təsisatlarının həyata keçirdiyi
çoxsaylı tədbirlərdən qat-qat təsirli,
uğurlu və düzgündür, bu siyasət gələcəkdə
də Azərbaycana böyük nailiyyətlər bəxş
edəcəkdir.
Son illər Azərbaycanın iqtisadi həyatında
mühüm hadisələrlə yaddaqalan olmuş, ölkədə
irimiqyaslı infrastruktur layihələrinin həyata
keçirilməsi, əhalinin sosial təminatının
yaxşılaşdırılması istiqamətində
atılan addımlar ölkənin iqtisadi qüdrətinin
artdığını nümayiş etdirmişdir.
Bu, iqtisadi sferada fəaliyyət göstərən
beynəlxalq təşkilat və qurumların diqqətindən
yayınmamış, onların illik hesabatlarında Azərbaycan
iqtisadi cəhətdən inkişaf etmiş ölkələrlə
bir sırada müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikasının uzunmüddətli
dövrdə dayanıqlı və tarazlı
inkişafının təmin edilməsində sərmayələrin
cəlb edilməsi xüsusi rol oynamışdır. Özəl sərmayələrin
dəstəyinə nail olmaq əlverişli sərmayə
mühitinin yaxşılaşdırılması, şəxsi
mülkiyyətin qorunması və
korporativ idarəetmənin
təkmilləşdirilməsi, mülkiyyət
formasından asılı olmayaraq bütün sərmayədarlar
üçün daha əlverişli rəqabət mühitinin
yaradılması, sərmayə fəaliyyətinin normativ
hüquqi bazasının daha da təkmilləşdirilməsi,
sərmayə axınının qeyri-neft sektorunun və
regionların inkişafına yönəldilməsi ölkə
Prezidentinin iqtisadi siyasətində
xüsusi yer tutur.
2003-2012-ci illərdə Azərbaycan iqtisadiyyatına yönəldilən
128,3 milyard dollar investisiyadan 65,7 milyard
dollarını daxili investisiyalar təşkil etmiş və
xarici ticarət dövriyyəsi 6,4 dəfə
artmışdır. Təkcə bu ilin birinci yarısında
ölkə iqtisadiyyatına 12,6 milyard
dollar sərmayə qoyulması məhz bu siyasətin nəticəsidir.
Azərbaycan
Respublikasının tranzit ölkə kimi
potensialının gücləndirilməsinə, müasir
texnologiyaların ölkəmizə gətirilməsinə və
informasiya-telekommunikasiya sistemlərinin inkişafına
xüsusi önəm verilir. Azərbaycanda daxili təhlükəsizliyin
təmin olunması, dövlətin beynəlxalq risk və təhdidlərə
cavab vermə qabiliyyətinin gücləndirilməsi, cinayətkarlıq
və korrupsiyaya qarşı mübarizə, hüquq-mühafizə
orqanlarının fəaliyyətinin səmərəliliyinin
artırılması, milli təhlükəsizlik amilləri nəzərə
alınmaqla qanunvericilik və institusional islahatların
reallaşdırılmasına xüsusi önəm
verilmişdir. Məhz belə bir yanaşmanın nəticəsidir ki, sürətlə
artan neft və qaz gəlirlərindən
həddən artıq asılılıq baş verməmiş,
makroiqtisadi tarazlıq daha da
möhkəmlənmiş və beləliklə, ölkənin
potensial qlobal və regional
iqtisadi böhranların təsirinə qarşı etibarlı
müdafiəsi təmin olunmuşdur. Bütün bunlar idarəetmənin
gücləndirilməsi, sistemli risklərin iqtisadi həyata mənfi
təsirinin azaldığı bir əsasda mümkün olmuşdur.
Bu gün ölkəmizdə əldə edilən
bütün iqtisadi uğurların başlanğıcında
ulu öndər Heydər Əliyevin işləyib
hazırladığı Azərbaycanın yeni neft
strategiyasının dayanması şəksizdir.
Bu strategiyanın uğurlarının nəticəsi
olaraq ölkəmiz regionun lider dövləti, eləcə də
qlobal iqtisadi layihələrin aparıcı
iştirakçılarından biri kimi
tanınmışdır. Neftimiz xalqın milli
maraqlarına xidmət edir: Azərbaycanın yeni neft
strategiyası çox düşünülmüş siyasətlə
qeyri-neft sektorunun inkişafına yönəldilib, neft
kapitalı insan kapitalına çevrilir.
Karbohidrogenlərə
dünya qiymətlərinin uğurlu konyunkturu sayəsində və müstəqil ixrac
marşrutlarının yaradılması yolu ilə gedərək
innovasiya
sıçrayışı şansı əldə edən
Azərbaycanın dövlət başçısı ölkəyə
axıb gələn neft kapitalını, sadəcə olaraq,
yığmaq və dövlət büdcəsinə birləşdirmək yolunu
tutmamışdır, - bunu neft hasil edən ölkələrin bir çoxunun
liderləri də bacarır, - əksinə, neft
kapitalını ölkənin
inkişafına, ümumi sayı
1 milyon 200 min nəfər olan qaçqın və məcburi
köçkünlərin sosial inkişaf və
məişət problemlərinin həllinə yönəltmiş
və bu zaman xarici aləmdəki qeyri-sabitlik şəraitində
də yüksək inkişaf
sürətinə nail olmuşdur. Eyni zamanda, Azərbaycanın
uğurlu enerji siyasəti çoxdan ölkə
hüdudlarından kənara çıxmış və Azərbaycanı
dünyanın ən etibarlı tərəfdaş ölkəsinə
çevirmişdir. Ölkəmizdə
"Əsrin müqaviləsi" çərçivəsində
hasil olunan neftin dünya bazarlarına
çıxarılması üçün son dərəcə
etibarlı və geniş imkanlara malik ixrac sistemi mövcuddur.
Bu da Azərbaycanın dünya arenasında etibarlı tərəfdaş
kimi mövqeyinin ilbəil möhkəmlənməsinə səbəb
olur, Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin yaxından
iştirak etməsinə imkan yaradır: elə təkcə bir ildən az müddət ərzində
(2012-ci ilin iyun ayından 2013-cü ilin fevral ayınadək) Azərbaycanın
Transanadolu qaz kəməri (TANAP) və Transadriatik qaz kəməri
(TAP) layihələrində iştiraka imza atması dediklərimizə
ciddi sübutdur.
Memarı
ulu öndər
Heydər Əliyev olan və ölkəmizdə uğurla həyata keçirilən
dövlət quruculuğu və iqtisadi islahatlar nəticəsində
Azərbaycan son illərdə yüksək iqtisadi inkişaf
tempinə nail olmuş, bu mühüm göstəriciyə
görə dünyada birincilər sırasına çıxmışdır. Eyni
zamanda, ölkə iqtisadiyyatında sahə və ərazi
quruluşları üzrə tarazlığın əldə
olunması, yoxsulluğun azaldılması, korrupsiyaya
qarşı mübarizə, əhalinin bütün təbəqələrinin
həyat şəraitinin yaxşılaşdırılması
üzrə sanballı dövlət proqramları
hazırlanmış və uğurla icra edilməkdədir.
Azərbaycanda
iqtisadi inkişafı səciyyələndirən xüsusiyyətlərdən
biri də dövlət başçısı cənab İlham Əliyevin gündəlik diqqət və qayğısı
sayəsində idarəetmə sistemində ardıcıl struktur
islahatlarının aparılması və makroiqtisadi sabitliyin əldə
olunmasıdır.
Səmərəli
sahibkarlıq fəaliyyəti üçün hüquqi-normativ təminatın
verilməsi iqtisadiyyatda dözümlülüyün və
sabitliyin möhkəmləndirilməsi yolu ilə iqtisadi təhlükəsizliyə mühüm zəmin yaradır. Məhz
buna görə də son illərdə Azərbaycanda
sahibkarlığın inkişafı
istiqamətində həyata
keçirilən məqsədyönlü tədbirləri
özündə ehtiva edən
müvafiq dövlət proqramının, silsilə qanun, fərman
və sərəncamların qəbul edilməsi və
onların icrası ölkəmizdə
özəl bölmənin vüsətli tərəqqisinə
yol açmış, ÜDM-də onun payının 81%-ə
qədər yüksəlməsinə səbəb olmuşdur.
İqtisadi
təhlükəsizliyin inkişaf və tərəqqi
yönümünün gücləndirilməsi yolları, o
cümlədən istehsalın müntəzəm olaraq modernləşdirilməsi, səmərəli investisiya və innovasiya siyasətinin aparılması, intellektual mülkiyyətin inkişafı və ölkənin əmək potensialından səmərəli
istifadə edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin
daim diqqət mərkəzində saxladığı məsələlərdəndir: "...Həm siyasi, həm də
iqtisadi islahatlar keçirilməsi baxımından deməyə
sözümüz var. Uğurların rəhni məhz bu
islahatların paralel şəkildə aparılmasındadır. Möhkəm
iqtisadi təməl olmadan demokratik dövlət qurmaq
mümkün deyildir. İnkişaf etmiş
demokratiyalar deyilən ölkələrin təcrübəsi də
məhz bunu sübut edir. Yoxsul ölkədə
demokratik dövlət qurmaq çox çətindir və əksinə,
möhkəm siyasi sistem və siyasi təsisatlar olmasa, istənilən
iqtisadi uğurlar müvəqqəti olacaqdır. Biz Azərbaycanda
ölkə daxilində siyasi və iqtisadi təşəbbüsləri sinxronlaşdırmağa və
maksimum uğur qazanmağa
çalışırıq. Bu gün biz deyə bilərik
ki, son illərdə
Azərbaycan öz mövqelərini nəzərəçarpacaq
dərəcədə möhkəmlətmişdir, həm
regionda ölkənin əhəmiyyəti artmışdır,
həm də ölkə daxilində ictimai konsensus mövcuddur".
Aradan illər keçəndən sonra birmənalı
demək olar ki, düzgün müəyyən edilmiş
iqtisadi siyasət prioritetləri dinamik inkişafı təmin
etməklə, Azərbaycanı dünyanın qabaqcıl
ölkələri sırasına, regionun lider ölkəsi
mövqeyinə çıxarmışdır. İqtisadi inkişafın
sürətləndirilməsinə hesablanan müxtəlif
dövlət proqramlarının qəbul edilməsi və ardıcıllıqla
həyata keçirilməsi ötən müddət
ərzində iqtisadiyyatımızın bütün sahələrində
nəzərəçarpacaq tərəqqinin əldə edilməsi
naminə həyata keçirilən siyasi kursun
düzgünlüyünü sübuta yetirmişdir.
Bu gün paytaxt Bakıdan başlayaraq Azərbaycanın
bütün bölgələrində geniş tikinti-quruculuq
işləri aparılır; elə bir şəhər, rayon və
qəsəbə yoxdur ki, ümumi inkişafdan kənarda
qalsın.
Prezident İlham Əliyevin bölgələrə
vaxtaşırı səfərləri, proqram və layihələrin
icra vəziyyəti ilə yerlərdə birbaşa
tanış olması, ayrı-ayrı sahələrin
inkişafını sürətləndirmək
üçün sərəncamlar imzalaması, ən nəhayət,
bölgələrdə yaşayan insanlarla görüşləri,
onların arzu və təkliflərini üzbəüz dinləməsi,
mövcud çətinliklərin aradan
qaldırılmasının daha optimal yolları barədə
icra strukturlarına yerindəcə tapşırıq və
tövsiyələrini verməsi böyük əhəmiyyət
kəsb edir.
İnformasiya
texnologiyaları sferasının neft sənayesindən sonra
ikinci prioritet kimi dəyərləndirilməsi, ölkəmizdə
vətəndaş cəmiyyətinin inkişafına, ordu
quruculuğunun möhkəmləndirilməsinə yönəlmiş ardıcıl tədbirlər,
o cümlədən ölkəmizin artan maliyyə
imkanlarından bəhrələnərək hərbi büdcəmizin
nəzərəçarpacaq dərəcədə
artırılması, Azərbaycanın bütün
regionlarında təbiətin qorunması və ekoloji təhlükəsizliyin
təmin olunması, Bakı və Abşeron yarımadasının
üzləşdiyi ekoloji problemlərin həllinə yönəlmiş
dövlət
proqramlarının və bu tipli digər mühüm tədbirlərin
işlənib hazırlanması və həyata keçirilməsi,
intellektual mülkiyyətin qorunması və insan amilinə hərtərəfli diqqət
yetirilməsi Prezident İlham Əliyevin ardıcıllıqla
həyata keçirdiyi daxili
siyasətin uğurlu təzahürləridir.
Bunun da nəticəsində
Azərbaycanın iqtisadi və sosial həyatında son illər
müşahidə olunan sürətli inkişaf tempi, Prezident İlham
Əliyevin həyata keçirdiyi məqsədyönlü və
uğurlu siyasət inamla davam etdirilərək həm iqtisadi,
həm də sosial sahələrdə yeni nailiyyətlərin
qazanılması ilə əlamətdar olur.
Azərbaycanın son on ildəki misilsiz nailiyyətləri fonunda ulu öndərin ali ideyalarına tapınan Heydər Əliyev Fondu və onun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan xalqının milli mədəniyyətinin, mənəvi dəyərlər sisteminin qorunmasında və təbliğində, cəmiyyətə sağlam ideyaların aşılanmasında müstəsna xidmətlərini qeyd etməmək mümkün deyildir. Cəmiyyət həyatının ən müxtəlif sahələrində yüksəliş və tərəqqiyə, mənəvi kamilləşməyə xidmət edən çoxşaxəli fəaliyyətinin əsasında bir başlıca amal durur: insanlara təmənnasız yaxşılıq. Cəmiyyətdə könüllü sosial müdafiə, xeyriyyəçilik, sosial tərəfdaşlıq, korporativ sosial məsuliyyət və s. prinsiplərin qorunmasına çalışan Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun fəaliyyət göstərdiyi son 9 il ərzində bu məqsədlərə xidmət edən strateji əhəmiyyətli saysız-hesabsız layihələri inamla həyata keçirmişdir.
Qazanılan bütün uğurlarda dövlətlə xalqın birliyini cənab İlham Əliyev xüsusi dəyərləndirir: "...Biz çalışmalıyıq ki, gələcək illərdə də bu yüksək dinamikanı saxlayaq, iqtisadi artım sürətinə görə dünya miqyasında lider dövlət kimi Azərbaycanın mövqelərini saxlayaq. Elə edək ki, Azərbaycan vətəndaşları, Azərbaycan xalqı ildən-ilə, aydan-aya daha da yaxşı yaşasın. Bunu etməyə bizim imkanlarımız var, siyasi iradə var, xalqla iqtidar arasında birlik var. Bizim bütün proqramlarımız xalq tərəfindən dəstəklənir. Əks təqdirdə onların heç biri həyata keçirilə bilməzdi. Əgər bu dəstək olmasaydı, əgər həmrəylik olmasaydı, bizim təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bunların heç birini edə bilməzdik".
Vahid NOVRUZOV,
Azərbaycan Respublikası Auditorlar
Palatasının sədri,
iqtisad elmləri doktoru, professor
Azərbaycan.-2013.- 31 oktyabr.- S.3.