İtaliyanın nüfuzlu
«La Nazione» qəzetində
«Neft, qaz və
göydələnlər.
Azərbaycan dünyanı cəlb
edir» sərlövhəli məqalə dərc edilmişdir
İtaliyanın nüfuzlu "La Nazione" qəzetində "Neft, qaz və göydələnlər. Azərbaycan dünyanı cəlb edir" sərlövhəli məqalə dərc edilmişdir.
Məqalədə dövlət başçısı İlham Əliyevin prezident seçkilərində xalqın etimadını qazanaraq böyük səs çoxluğu ilə yenidən Prezident seçilməsi qeyd olunmuşdur.
Vurğulanmışdır ki, əksər beynəlxalq təşkilatların nümayəndələri ölkəmizdə keçirilən seçkilərin dinc şəraitdə reallaşdığını bildirmişlər.
Müəllif müasir və getdikcə gözəlləşən paytaxtımızdan da söz açmışdır. Diqqətə çatdırmışdır ki, Bakının özünəməxsus memarlıq üslubuna malik binaları hər kəsi heyran edir. Şəhərdə bu tarixi tikililərlə yanaşı, çoxlu sayda yeni restoranlar və mehmanxanalar da fəaliyyət göstərir.
Yazıda həmçinin Bakının strateji əhəmiyyətə malik önəmli bir şəhərə çevrildiyi də vurğulanmışdır. Bildirilmişdir ki, istər coğrafi, istərsə də geosiyasi əhəmiyyətinə görə paytaxtımızın önəmi sürətlə artır. Məqalədə Azərbaycan qazının İtaliya ərazisindən Avropaya nəqlini nəzərdə tutan layihənin tezliklə həyata keçirilməsi nəticəsində Avropanın enerji təhlükəsizliyi məsələsi xüsusi diqqətə çatdırılmışdır. Vurğulanmışdır ki, enerji sahəsindən əldə olunan gəlirlər ölkəmizdə qeyri-neft sektorunun inkişafına yönəldilir.
Azərbaycan iqtisadiyyatının sürətli inkişafından da söz açan müəllif qeyd etmişdir ki, son illər ölkəmizdə adambaşına düşən gəlir artmış və çoxlu sayda yeni iş yerləri açılmışdır.
Yazının
sonunda vurğulanmışdır ki, məqalədə qeyd
olunan məqamlara görə beynəlxalq aləmdə Azərbaycana
maraq getdikcə artır.
Maqsud DADAŞOV,
AzərTAc-ın xüsusi müxbiri
Roma
Azərbaycan.-2013.- 31 oktyabr.- S.2.