Humanitar aspektli müzakirələr üçün uğurlu siyasi platforma

 

Son illər bir çox iqtisadi, siyasi və humanitaryönümlü beynəlxalq tədbirlərin keçirilməsi məkanı kimi Bakı şəhərinə üstünlük verilməsi respublikamızın beynəlxalq nüfuzunu daha da yüksəldir, dünya ictimaiyyəti ölkədə həyata keçirilən islahatlar kursunun mahiyyəti ilə bağlı dolğun, hərtərəfli, obyektiv informasiya almaq imkanı qazanır. Aşkar görünür ki, Azərbaycan sülh və əməkdaşlıq mərkəzi kimi tanınmağa başlayır və belə bir müsbət imicin formalaşmasında təbii ki, dövlətin praqmatik xarici siyasəti az rol oynamır. Bu gün Azərbaycanda müşahidə olunan dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi islahatların dönmədən davam etdirilməsi və bu iki təmayülün ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən keçirilməsi ölkəni qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevirir.

Respublikamız belə işgüzar beynəlxalq forumların keçirilməsində fəal iştirak etməklə, ilk növbədə, sosial-iqtisadi tərəqqi və demokratikləşmə xəttinə, liberal dəyərlərə sadiqliyini, tolerantlıq və multikulturalizm mərkəzi olduğunu sübuta yetirir. Belə tədbirlər Azərbaycanın dünyada tanıdılmasına, investisiya cəlbediciliyinin artırılmasına, mədəniyyətinin, incəsənətinin təbliğinə geniş imkanlar açmaqla yanaşı, həm də respublikanın xaricdə diaspor və lobbi quruculuğu işinin mühüm tərkib hissəsi olduğunu göstərir. Şübhəsiz, respublikamız dünyada nə qədər çox tanınırsa, bir o qədər də öz həqiqətlərini bəyan etmək, maraq və mənafelərini layiqincə qorumaq imkanı qazanır. Prezident İlham Əliyev isə praqmatik və realist siyasətçi olaraq bu mərama xidmət edən bütün tədbirlərin Azərbaycanda yüksək səviyyədə təşkilinin təşəbbüskarıdır.

Oktyabrın 19-da keçirilmiş andiçmə mərasimində dövlətimizin rəhbəri hücum üzərində qurulan xarici siyasət kursunun bundan sonra da davam etdiriləcəyini xüsusi vurğulamışdır: "Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlər, forumlar, konfranslar Azərbaycanı dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi təqdim etmişdir. Bu, bizim həyat tərzimizdir, eyni zamanda, bizim siyasətimizdir. Azərbaycanın artıq bu sahədəki təcrübəsi öyrənilir. Bu gün Azərbaycan dünya miqyasında bu istiqamətdə aparılan siyasətlə seçilən, fərqlənən ölkələrdən biridir. Bir sözlə, demokratiya, insan hüquqları, hüquqi dövlət quruculuğu ilə bağlı bütün addımlar ölkəmizi daha da gücləndirmiş və dinamik inkişafa imkan vermişdir. Son on il ərzində bizim beynəlxalq əlaqələrimiz böyük dərəcədə güclənmişdir, genişləndirilmişdir. Azərbaycan son on il ərzində 39 ölkədə səfirlik açmışdır və hazırda səfirliklərin sayı 57-yə çatmışdır. On ildə 28 ölkə Azərbaycanda öz səfirliyini açmış və beləliklə, Azərbaycanda xarici ölkələrin səfirliklərinin sayı 53-ə çatmışdır".

2012-ci ildə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, Dünya Bankının Azərbaycan üzrə II İqtisadi Siyasət Forumunun, "Milli iqtisadiyyatın inkişafı və səmərəliliyinin yüksəldilməsi" mövzusunda beynəlxalq elmi-praktik konfransın, "Rusiya-Azərbaycan dialoqu-2012" üçüncü Rusiya-Azərbaycan Regionlararası Forumunun, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının, din və dövlət mövzusunda Beynəlxalq Konfransın, Qəbələdə IV Beynəlxalq Musiqi Festivalının və s. onlarca digər adlarını çəkmədiyimiz tədbirlərin keçirilməsi təsdiq edir ki, Azərbaycan Cənubi Qafqazda bütün sahələr üzrə müasir dövrün aktual məsələlərinin müzakirə olunduğu geosiyasi mərkəz statusunu qazanmışdır.

Bu gün Bakıda daha bir mötəbər tədbir - III Bakı Beynəlxalq Forumu öz işinə başlayır. Bununla üçüncü dəfədir ki, respublikamızın paytaxtında keçirilən bu forum yeni dünya nizamının aktual çağırışlarının və bəşəri səciyyə daşıyan qlobal problemlərinin müzakirəsi və faydalı qərarların qəbulu baxımından uğurla platforma rolunu oynayır. Dünyanın nüfuzlu dövlət və hökumət başçıları, politoloqları, iqtisadçıları, transmilli şirkətlərin rəhbərləri, habelə elm xadimləri bir araya gələrək humanitar aspektli müxtəlif məsələlər ətrafında diskussiyalar aparır, ortaq mədəni dəyərləri bölüşürlər.

Xatırladaq ki, hələ 2010-cu ilin yanvarında Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının sabiq prezidenti - hazırkı Baş nazir Dmitri Medvedev Bakı Beynəlxalq Humanitar Forumun keçirilməsi təşəbbüsü ilə çıxış etmişlər. Ölkə başçısının 2011-ci il 24 oktyabr tarixli Fərmanına əsasən, Bakı Beynəlxalq Humanitar Forumunun müvəffəqiyyətlə keçirilməsi və beynəlxalq miqyasda qaldırdığı problemlərin aktuallığı nəzərə alınaraq onun ənənəvi şəkildə təşkil edilməsi zəruri sayılmışdır.

İlk dəfə 2011-ci il oktyabrın 10-11-də keçirilmiş Birinci Bakı Beynəlxalq Humanitar Forumu mühüm nəticələrlə yadda qalmış, respublikamızın sivilizasiyalararası dialoq məkanına çevrildiyini nümayiş etdirmişdir. Ümumilikdə, humanitar əməkdaşlıqla bağlı qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün nüfuzlu platforma kimi nəzərdə tutulmuş humanitar forumların məqsədi XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavablar axtarmaq, növbəti onilliklər üçün strategiyanı müəyyən etməkdir. Siyasətçilər, sabiq dövlət və hökumət başçıları, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, dünyanın hər yerindən gəlmiş adlı-sanlı alimlər, aparıcı KİV-lərin rəhbərləri məhz bu tədbirlərdə öz fikirlərini bölüşmək imkanı qazanırlar. Humanitar Forum təşkilatçılarının və iştirakçılarının, sosial və humanitar elmlər, o cümlədən dünya mədəni elitası nümayəndələri qarşısında müəyyənləşdirdikləri ən mühüm vəzifə gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədilə yeni humanitar gündəmin formalaşmasıdır. Foruma həmçinin dünyanın ən nüfuzlu iş adamları dəvət olunur - onların əksəriyyəti transmilli korporasiyaların təsisçiləridir.

Forumların keçirilməsində əsas məqsədlərdən biri də insan fəaliyyətinin bütün sahələrində çalışan mütəxəssisləri bir araya gətirərək bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarını tapmaqdır. Forumun qloballaşma dövründə humanitar problemlərə aid olan və bəşəriyyətin ürək ağrısını özündə əks etdirən mövqeləri isə Bakı Bəyannaməsində işıqlandırılır. 2011-ci ildə keçirilən tədbirdə 38 ölkədən, o cümlədən Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Ukrayna, Gürcüstan, Misir, İran, Pakistan və başqa ölkələrdən, 6 beynəlxalq təşkilatdan 263 nümayəndə iştirak etmişdir. Onların arasında 6 nəfər Nobel mükafatı laureatı, 6 nəfər sabiq prezident, Avropa Parlamenti, UNESCO, İSESCO, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumların numayəndələri də var idi. Azərbaycan tərəfindən forumun plenar iclasında 316 alim, siyasi və ictimai xadim iştirak etmişdir.

"Dəyirmi masa"lar vasitəsilə dialoqların qurulması - ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün platforma formalaşdırılması deməyə əsas verir ki, Bakı şəhəri həm də intellektual müzakirələr məkanına çevrilir. Forum ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Bakıda keçirilən humanitar forumlarla hər ilin yanvar ayında İsveçrənin Davos şəhərində təşkil olunan ənənəvi illik iqtisadi forumlar arasında analogiya aparanlar, bu mənada, haqlı görünürlər. Davosda iqtisadi, Bakıda humanitaryönümlü müzakirələr, konfranslar debatlar keçirilir.

Ötən ilin oktyabrında keçirilmiş İkinci Bakı Beynəlxalq Humanitar Forumu da bu mötəbər tədbirin əhəmiyyətini bir daha təsdiqləmiş, onun nüfuzunu yüksəltmişdir. Ümumiyyətlə, son illərdə Bakıda keçirilən beynəlxalq humanitar forumlar istər formasına, istərsə də müzakirə olunan məsələlərin əhəmiyyətinə görə xüsusilə fərqlənmişdir. Bu forumlarda, əsasən, multikulturalizmin nailiyyətləri və problemləri, dünyanı dəyişdirən müasir texnologiyalar, elmlərin konvergensiyası, biotexnologiyalar və etikanın problemləri, inkişafın iqtisadi modellərinin humanitar aspektləri, sosial jurnalistika və yüksək texnologiyalar, postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemləri kimi aktual mövzular müzakirə olunmuşdur.

Bu forumlar bəşəriyyətdə maraq doğuran qlobal məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan möhtəşəm tədbirdir. İkinci forumda 70 ölkəni və 7 mötəbər beynəlxalq təşkilatı təmsil edən 694 nəfər nümayəndə iştirak etmişdir. Onlardan 10 nəfəri sabiq dövlət başçısı, 11-i Nobel mükafatı laureatı, 5-i dünyanın nüfuzlu fəxri professoru (Emeritus professor), 10-u mötəbər beynəlxalq təşkilatları təmsil edən rəhbər vəzifəli şəxs, 55-i görkəmli ictimai və siyasi xadimlər olmuşlar.

İkinci Bakı Beynəlxalq Humanitar Forumu istər iştirakçıların sayı və nüfuzu, istərsə də müzakirə olunan mövzuların elmi-praktik əhəmiyyəti baxımından dünyanın diqqət mərkəzində olmuşdur. Forum çərçivəsində plenar iclaslardan başqa yeddi paneldə davam etdirilən müzakirələrdə müxtəlif fəlsəfi, humanitar mövzulara toxunulmuş, inkişafın müasir mərhələsində bəşəriyyət qarşısında duran suallara cavablar verilmişdir. Tədbirin gedişi, ilk növbədə, təsdiqləmişdir ki, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal məkandır. Forum iştirakçılarının qənaəti bundan ibarət olmuşdur ki, qloballaşan müasir dünyada dəyər sistemləri yenilənir, sosial və mədəni proseslər sürətlənir, həyatın bütün sahələrində fundamental dəyişikliklər yaradan siyasi və mənəvi irəliləyişlər baş verir, əvvəlki tarixi dövrlərdə cəmiyyətin şüurunda formalaşmış stereotiplər və sosial təsəvvürlər dəyişir. Bu şəraitdə elmin və təhsilin inkişafı, yeni texnologiyaların yaranması, informasiya cəmiyyətinin təşəkkülü vaxtilə sırf nəzəri təsir bağışlayan bir sıra problemləri aktuallaşdırır. Eyni zamanda, texnoloji inkişafın mədəni və tarixi ölçüləri yoxdur və o, cəmiyyət qarşısında yeni çağırışlar müəyyən edir. Müasir dünyada bu çağırışlara cavab vermək, dəyişikliklərə uyğunlaşmaq üçün xalqların bir-biri ilə daha yaxın və mehriban münasibətlər yaratması vacibdir.

Forumda iştirak edən dünyanın nüfuzlu ictimai-siyasi xadimləri bu tədbirin əhəmiyyəti ilə yanaşı, ölkəmizin dinamik inkişaf tempi, xalqımızın tolerantlıq mədəniyyəti barədə xoş fikir və rəylər bildirmişlər. Məsələn, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy demişdir ki, bu forum müasir sivilizasiyanın fundamental məsələlərinin müzakirə edilməsi üçün ən ciddi və maraqlı məkanlardan biridir: "Bu üç il ərzində Azərbaycan, Bakı bir daha sübut etdi ki, ölkə son dərəcə dinamik inkişaf edir, onun uğurları, nailiyyətləri göz qabağındadır. Mənim fikrimcə, bu inkişafın rəmzlərindən biri də bu gün bizim ikinci beynəlxalq forumu keçirdiyimiz bu gözəl mərkəz, gözəl zaldır. Forum iştirakçılarının tərkibi Azərbaycanın, onun rəhbərliyinin, Prezident İlham Əliyevin beynəlxalq nüfuzuna dəlalət edir".

UNESCO Baş Konfransının prezidenti, Macarıstanın UNESCO yanındakı daimi nümayəndəsi Katalin Boqyay bildirmişdir ki, humanitar əməkdaşlıq üzrə Bakı Forumu dünyada sülh və təhlükəsizliyə doğru addımların atılması üçün əla fürsətdir. Azərbaycanı UNESCO-nun çox dəyərli tərəfdaşı kimi səciyyələndirən K.Boqyay onu da demişdir ki, humanitar yardım azad cəmiyyətlərin irəliyə doğru getməsinin əsasıdır. Qlobal iqtisadiyyatın mövcud olduğu bir dövrdə dünya maliyyə böhranının gətirdiyi mənfi amillərin qarşısının alınmasının vacibliyinə diqqət çəkən UNESCO nümayəndəsi dünyada ekoloji problemlərin aradan qaldırılması, yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində mühüm addımların atılmasının zəruri olduğunu qeyd etmişdir.

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri forumdakı çıxışında vurğulamışdır ki, Bakı Beynəlxalq Humanitar Forumu siyasi, intellektual, elmi və akademik şəxsiyyətləri, müxtəlif mənşəli və müxtəlif ölkələrdən olan elit qrupları bir araya gətirir: "Beynəlxalq ictimaiyyətə təklif olunmuşdur ki, belə bir yanaşmaya əsaslanaraq, biz sülhə olan güclü inamımızı nümayiş etdirək. Bu cür mühüm bir hərəkət, əslində, göstərilən beynəlxalq səylərə böyük bir töhfədir və dünyada yeni, güclü quruluşun yaradılmasına yönəldilibdir. Əslində, bu, universal qaydada qəbul olunmuş tolerantlıq, dialoq, insanlar və xalqlararası qarşılıqlı yanaşma kimi dəyərlərə və beynəlxalq hüquqa da əsaslanır. Bu olan halda biz tarazlı, uyğun, təhlükəsiz dünyanı hamı üçün təmin edə bilərik".

Bu gün öz işinə başlayacaq III Bakı Beynəlxalq Humanitar Forumunun da  faydalı müzakirələrlə yadda qalacağı şübhəsizdir. Mötəbər tədbirdə dünyanın 100-dək ölkəsindən qonaqların iştirakı, 8 sahə üzrə "dəyirmi masa"ların təşkil ediləcəyi gözlənilir. Forumda "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları", "İqtisadi inkişafın humanitar aspektləri", "Elmi innovasiyalar və onların təhsil mühitinə transferi", "Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında", "Postmodern dövrdə milli özünüdərk", "Davamlı inkişaf və ekoloji sivilizasiya", "Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə", "Qloballaşan informasiya məkanında medianın aktual məsələləri" kimi mövzularda müzakirələrin aparılacağı nəzərdə tutulub. Ümumilikdə, böyük elmi-fəlsəfi, sosial məzmun kəsb edən bu mövzular Azərbaycanın dünyaya həm də kreativ bilik və elmi yanaşmalarla çıxmaq, qlobal problemlərin həllinə töhfə vermək niyyətinin əyani təzahürüdür.

Forumun Bakıda keçirilməsi həm də Azərbaycanın multikulturalizmin paytaxtı olması ilə səciyyələnir. Təsadüfi deyildir ki, ötənilki forumda Azərbaycanda multikulturalizm sahəsində əldə edilmiş təcrübənin zəngin olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə bu sahədə formalaşmış ideyaların dəyərli və qiymətli olduğunu vurğulamışdır: "Nisbətən yeni anlayış olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan anlayışdır. Əsrlər boyu müxtəlif dinlərin, millətlərin nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar. Azərbaycanda dini, yaxud da ki, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmamışdır və olmayacaqdır". Bütün bunlarla yanaşı, ölkə başçısı dünya ölkələrini multikulturalizm meyillərini gücləndirmək baxımından sıx əməkdaşlığa dəvət etmişdir.

Cənab İlham Əliyev qloballaşan dünyada xüsusilə gənc nəsil üçün milli-mənəvi dəyərlərin müstəsna əhəmiyyətini qeyd etmişdir: "...Onu da qeyd etməliyəm ki, başqa mədəniyyətə, dinə, tarixə olan hörmət öz mədəniyyətinə, tarixinə, öz dininə olan hörmətdən başlamalıdır. Eyni zamanda, Vətənə bağlı olmayan, vətənpərvərlik hisslərindən kənar olan insanlar başqa mədəniyyətlərin nümayəndələrini də lazımi səviyyədə qəbul edə bilməzlər. Onlar, eyni zamanda, bəzi hallarda başqa mədəniyyətlərə qarşı olan, hörmətsizliyi də, əslində, öz mədəniyyətinə olan hörmətsizlik əsasında qururlar. Ona görə də qloballaşan dünyada bu məsələlərə xüsusi diqqət göstərilməlidir".

Ümumiyyətlə, III Bakı Beynəlxalq Humanitar Forumu müasir biliklərin, humanitar elmin və bütövlükdə müasir elmin insan həyatı ilə sıx bağlı olmasına istiqamətlənmişdir. Belə bir mötəbər tədbirin Azərbaycanın paytaxtında keçirilməsi əlamətdar hadisə olmaqla yanaşı, dövlətimizin beynəlxalq nüfuzunu daha da  artıracaq, ölkəmizin diaspor və lobbi quruculuğu işinə yeni nəfəs verəcəkdir.

 

 

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2013.- 31 oktyabr.- S.5.