III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edəcək Fransa

nümayəndə heyəti Qusar və Quba rayonlarında olmuşdur

 

Oktyabrın 31-də Azərbaycan paytaxtında işə başlayacaq III Bakı Beynəlxalq Humanitar Forumunda, eləcə də noyabrın 2-də Gəncə şəhərində açılacaq  ikinci Gəncə Beynəlxalq üzüm və şərab festivalında iştirak edəcək Fransa nümayəndə heyəti QusarQuba rayonlarında olmuşdur.

AzərTAc xəbər verir ki, Fransanın Nior şəhərinin meri, Fransa - Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü xanım Jenevie Qayanın rəhbərlik etdiyi nümayəndə heyəti Qusara səfəri çərçivəsində Bayraq meydanında, Heydər Əliyev Mərkəzində, rayon rəsm qalereyasında olmuş, "Qanlı dərə"də döyüşmüş QusarQuba qəhrəmanlarının şərəfinə ucaldılmış abidəni ziyarət etmişlər. Bundan sonra rayon  mədəniyyət sarayında Fransa nümayəndə heyətinə yerli folklor nümunələri təqdim olunmuşdur.

Şəhərlə tanışlıqdan sonra Qusar Rayon İcra Hakimiyyətində fransalı qonaqlarla görüş keçirilmişdir. Görüş çərçivəsində Qusar və Fransanın Mejev şəhərləri arasında  dağ-xizək, qış turizmi, eləcə də mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığa dair ilkin razılaşma əldə olunmuşdur. Bildirilmişdir ki, Fransanın Mejev şəhəri təbii şəraitinə görə Qusara çox bənzəyir və orada da "Şahdağ" Qış-Yay Turizm Kompleksinə bənzər kompleks fəaliyyət göstərir.

Daha sonra Fransa nümayəndə heyəti "Şahdağ" Qış-Yay Turizm Kompleksində yaradılmış şəraitlə yaxından tanış olmuşlar.

Qusardan sonra Fransa nümayəndə heyəti Qubaya gəlmişdir. Rayon icra hakimiyyətində keçirilən görüşdə qonaqlara Qubanın tarixi, mədəniyyəti, müasir inkişafı barədə ətraflı məlumat verilmişdir. Fransalı qonaqlar bu günlərdə Qubada keçirilən Alma bayramı ilə maraqlandıqlarını, Fransanın Nior şəhərində də alma festivalına hazırlıq işləri görüldüyünü bildirmişlər.  Görüşdə Azərbaycanın ayrı-ayrı şəhərləri ilə Fransa şəhərləri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsindən söz açılmışdır.

Sonda Quba və Fransanın Nior şəhərlərinin qardaşlaşmış şəhərlər olması barədə saziş imzalanmışdır.

Səfər çərçivəsində Fransa nümayəndə heyəti  Quba Soyqırımı Memorial Kompleksində olmuş, həmçinin şəhərin görməli yerlərini gəzmişdir.

 

Azərbaycan.-2013.- 31 oktyabr.- S.5.