Bakı Dövlət Universitetində Nobel mükafatı
laureatlarının iştirakı ilə tədbir
keçirilmişdir
Oktyabrın 30-da Bakı Dövlət Universitetində (BDU) fizika üzrə Nobel mükafatı laureatları Laflin Robert Betts, David Qross, kimya üzrə Nobel mükafatı laureatı Markus Rudolf Arturun iştirakı ilə "dəyirmi masa" keçirilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndələrinin, ali məktəblərin rektorlarının iştirak etdikləri tədbirdə "Nanotexnologiyaların perspektivləri mövzusunda qabaqcıl tədqiqatlar" mövzusu ətrafında geniş müzakirələr aparılmışdır.
Tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Bakıda keçiriləcək III Beynəlxalq Humanitar Forumun əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Forumda dünyanın bir çox tanınmış ictimai-siyasi xadimləri, sabiq dövlət başçıları, məşhur siyasətçilər, o cümlədən 15 Nobel mükafatçısı iştirak edəcəkdir. BDU-nun dəvəti ilə Bakıya gəlmiş beş Nobel mükafatçısı iki gün ərzində universitetdə mühazirələr oxumuşdur. Onların tələbələr və müəllimlər qarşısında çıxışları noyabrın 2-də davam edəcəkdir.
Sonra A.Məhərrəmov məşhur alimləri tədbir iştirakçılarına təqdim etmişdir.
"Dəyirmi masa"da professorlar - BDU-nun nanoaraşdırmalar laboratoriyasının müdiri Məhəmmədəli Ramazanovun "Bakı Dövlət Universitetində nanotexnologiyalar sahəsində elmi-tədqiqat işləri və onların inkişaf perspektivləri", Eldar Şahbazovun "Neft sənayesində nanotexnologiyalar" (BDU və ARDNŞ-in birgə işi) və Eden Mamutun "Nanomayelər sahəsində elmi tədqiqatların hazırkı vəziyyəti - gələcək tədqiqatlar üçün xüsusiyyətlər, modellər və perspektivlər" (Qara Dəniz Universitetləri Şəbəkəsi) mövzularında məruzələri dinlənilmişdir.
Nobel mükafatçıları BDU-da bakalavr və magistr pillələrində təhsilin təşkili prosesini, nanotexnologiyalar sahəsində aparılan tədqiqatları yüksək qiymətləndirmişlər. Universitetin alimlərinin bu istiqamətdə dünya alimləri ilə bərabər səviyyədə iş apardıqları, həmçinin bu sahədə təhsilin yüksək səviyyədə təşkil olunduğu qeyd edilmişdir. Məşhur alimlər gələcəkdə dünya təhsil sisteminə inteqrasiya ilə bağlı tövsiyələrini vermişlər.
"Dəyirmi
masa" mövzularla bağlı sualların
cavablandırılması ilə yekunlaşmışdır.
Azərbaycan.-2013.- 31 oktyabr.- S.7.