Azərbaycan ilə Fransa arasında kənd təsərrüfatı sahəsində

 əməkdaşlığın perspektivləri müzakirə edildi

 

Oktyabrın 30-da Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilyenin başçılıq etdiyi nümayəndə heyəti Kənd Təsərrüfatı Nazirliyində olmuşdur.

Görüşdə Azərbaycan ilə Fransa arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

Kənd təsərrüfatı naziri Heydər Əsədov görüşün iki ölkənin aqrar sahədə əməkdaşlığının genişləndirilməsinə töhfə verəcəyini bildirmişdir. Azərbaycan ilə Fransa arasında əlaqələrin uğurla davam etdirildiyini deyən nazir kənd təsərrüfatı sahəsində də əməkdaşlığın inkişaf etdiyini vurğulamışdır.

Nazir Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin inkişafı barədə qonaqlara məlumat vermişdir. Bildirilmişdir ki, ölkəmizdə üzümün yetişdirilməsi və onun emalı qədim və ənənəvi sahələrdən biridir. Ötən əsrin 70-80-ci illərində Azərbaycanda üzümçülük və şərabçılıq ən yüksək inkişaf dövrünü yaşamışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində üzümçülüyün yüksək templə inkişafına nail olunmuş, emal müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, güclü kadr potensialı yaradılmışdır. Fransanın üzümçülük və şərabçılıq sahəsindəki tarixi təcrübəsindən istifadə edərək əməkdaşlığı genişləndirmək, Fransız mütəxəssisləri ilə fikir mübadiləsi aparmaq zəruridir. Azərbaycanda fəaliyyət göstərən şərab zavodları ilə Avropa ölkələrinin şərabçılıq müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulması, yeni müştərək müəssisələrin yaradılması ölkəmizdə üzümçülük və şərabçılığın inkişafına güclü təkan verə biləcək amillərdən biridir.

Azərbaycanda Prezident İlham Əliyev tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğıdan, əldə olunan nailiyyətlərdən danışan nazir bildirmişdir ki, kənd təsərrüfatı istehsalının artırılması üçün böyük potensial vardır.

Heydər Əsədovu gələn ilin mart ayında Fransada keçiriləcək kənd təsərrüfatı sərgisinə dəvət edən Andre Vilye iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirmiş, bu sahənin inkişafına dəstək verəcəklərini söyləmişdir.

Beynəlxalq Üzüm və Şərab Təşkilatının Baş katibi Federiko Kasteluççi Azərbaycanın bu təşkilata üzv olduğunu və ölkənin süfrə və texniki üzüm sortları baxımından böyük potensiala malik olduğunu bildirmişdir. O, fransalı ekspertlərin Azərbaycana göndərilməsini, hər iki ölkə arasında kadr hazırlığı üzrə proqramların həyata keçirilməsini məqsədəuyğun hesab etmişdir.

Yekunda nazir Heydər Əsədov bu görüşlərin mütəmadi olacağını və gələcək əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə töhfə verəcəyini bildirmişdir.

 

Azərbaycan.-2013.- 31 oktyabr.- S.4.