Saatlı rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində
Saatlı rayonunda bir
sıra mühüm infrastruktur
layihələri həyata keçirilmişdir.
Ən müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksi, Gənclər
Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Şahmat
məktəbi inşa edilmiş,
Mərkəzi rayon Xəstəxanası əsaslı
təmir olunmuş, təhsil və digər
sosial yönümlü
obyektlər istifadəyə verilmiş, yeni sənaye müəssisələri
yaradılmış, 28 kənddə sutəmizləyici qurğular quraşdırılmış, 29
yaşayış məntəqəsini birləşdirən
4 avtomobil yolu layihəsi
həyata keçirilmiş, körpülər
salınmış, genişmiqyaslı abadlıq-quruculuq
işləri görülmüşdür.
Saatlı
şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nda rayon üzrə müəyyən
olunmuş tədbirlərin həyata
keçirilməsinin sürətləndirilməsi məqsədi
ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin
32-ci bəndini rəhbər tutaraq qərara
alıram:
1. Saatlı rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsi məqsədi
ilə Saatlı Rayon İcra
Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə
tutulan məbləğdə maliyyələşməni
müəyyən olunmuş qaydada təmin etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 31 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 1 sentyabr.- S. 1.